Hessen-Darmştadtlı Emil Maksimilyan Leopold (; ) — Böyük Hesse hersoqu I Lüdovikin oğlu, Napoleon müharibələrinin iştirakçısı.

3 iyun 1790-cı ildə Darmştadtda dünyaya gəldi. Atası Hessen-Darmştadt landqrafı I Lüdovik, anası isə onunla əmiqızı olan xanımı Hessen-Darmştadtlı Lüdovikadır. Hərbi karyera üzrə təlim-tərbiyə aldı. Qardaşlarından fərqli olaraq, digər alman dövlətlərinin deyil, məhz Hessen ordusunda xidmət etdi. 1809-cu ildən etibarən Napoleon müharibələri dövründə Hessen ordusunun tərkibində vuruşdu. Qısa zamanda Napoleon Bonapartın etimadını qazandı. nəhənd ordudakı Hessen birliklərinin komandanı təyin edildi.

1813-cü ildə baş tutan Leypsiq döyüşündə iştirak etdi və məğlubiyyətin ardından prussiyalılar tərəfindən əsir alındı. Ardından atasının tərəf dəyişərək müttəfiqlərin cəbhəsinə keçməsiylə, əsirlikdən azad olundu və əmrindəki birliklərlə 1814-1815-ci illərdə Fransadakı döyüşlərdə iştirak etdi.

Ardından hərbi karyerasını sonlandırdı və siyasətə yönləndi. 1820-1849-cu illərdə Hessen parlamentinin üzvü kimi fəaliyyət göstərdi. Atasının 1830-cu ildə vəfatından sonra böyük qardaşı II Lüdovik taxta çıxdı. Taxt dəyişikliyini fürsət bilən bəzi müxalif qüvvələrin çıxardığı üsyan 1830-cu ilin sentyabrında Şahzadə Emilin əmrindəki birliklərlə yatırıldı. 1832-ci ildə Hessen parlamentinin sədri seçildi.

1848-ci ildə qardaşının vəfatından sonra onun oğlu III Lüdovik taxta çıxdı və onun davam edən inqilab əsnasında suverenliyini qorumağına kömək etdi.

1856-cı ildə Baden-Badendə vəfat etdi. Rəsmi evliliyi və varisi yoxdur. Bununla yanaşı, Helena Luiza (1817-1853) adlı nigahdan kənar bir qızının olduğu, bu qızından doğulan Berta (1850-1928) adlı nəvəsi olduğu bilinir. Məşhur Avstriyalı yazıçı Volter von Molo məhz bu şəcərəyə mənsubdur.

Mənbə

Ədəbiyyat

İstinadlar