Robert Ley () — alman nasist siyasətçisi və 1933-cü ildən 1945-ci ilə qədər, yəni bütün mövcudluğu boyunca Alman Əmək Cəbhəsinin rəhbəri. O, həmçinin Nasist Partiyasında bir çox digər yüksək vəzifələr, o cümlədən qaulayter, reyxslayter və reyxsorqanizasiyalayter vəzifələrini icra etmişdir.
Reyn vilayətindən bir fermerin oğlu olan Robert Birinci Dünya müharibəsinin həm şərq, həm də qərb cəbhələrində döyüşmüş və II dərəcəli "Dəmir xaç" ordeni ilə təltif olunmuşdur. Müharibədən sonra o, kimya üzrə təhsilini davam etdirmiş, doktorluq dərəcəsi almış və "IG Farben" şirkətində qida kimyaçısı kimi çalışmışdır. Fransanın Rur bölgəsini işğal etməsindən sonra radikallaşan Ley 1925-ci ildə Nasist Partiyasına daxil olmuş və sonradan Cənubi Reynlandın (sonralar Reynland) qaulayteri olmuşdur. Vəzifə pillələri üzrə tədricən yüksələn Robert 1930-cu ildə Reyxstaqa seçilmiş və 1932-ci ildə Qreqor Ştrasseri əvəz edərək reyxsorqanizasiyalayter vəzifəsinə gətirilmişdir.
1933-cü ildə Hitler həmkarlar ittifaqlarının ləğvindən sonra yeni yaradılmış Alman Əmək Cəbhəsinin rəhbəri vəzifəsinə Roberti təyin etdi. Almaniyanın yenidən silahlanmasına yardım göstərməklə yanaşı, Robert həm də bir sıra proqramların, o cümlədən "Sevinc vasitəsilə güc" təşkilatının və "Volkswagen" şirkətinin yaradılmasına rəhbərlik etmişdir. İkinci Dünya müharibəsi başlandıqdan sonra Robertin nüfuzu azaldı: alman işçi qüvvəsinin rəhbəri kimi rolunu Fritz Todt (sonralar isə Albert Şpeer) öz üzərinə götürdü, onun alkoqolizmi isə get-gedə daha çox diqqət mərkəzində olmağa başladı. Buna baxmayaraq, Robert Hitlerin etimadını qorumağa davam etmiş və müharibənin son aylarınadək onun yaxın çevrəsinin tərkibində qalmışdır.
Müharibənin sonunda Robert Avstriya sərhədinə yaxın ərazidə ABŞ-nin paraşütçü-desant bölmələri tərəfindən əsir götürülmüşdür. O, 1945-ci ilin oktyabrında insanlıq əleyhinə cinayətlərə və müharibə cinayətlərinə görə Nürnberqdə mühakimə olunmasını gözləyərkən intihar etmişdir.
Həyatı Robert Reyn vilayətinin Niderbreydenbax (indiki Nümbrextin bir hissəsi) kəndində fermer Fridrix Ley ilə həyat yoldaşı Emilinin (qızlıq soyadı Vald) 11 övladından yeddincisi olaraq dünyaya gəlmişdir. O, Yena, Bonn və Münster universitetlərində kimya sahəsində təhsil almışdır. O, 1914-cü ildə Birinci Dünya müharibəsi başlayanda könüllü olaraq orduya yazılmış, iki il 10-cu ağır artilleriya alayında xidmət etmiş və həm şərq, həm də qərb cəbhələrində döyüşmüşdür. 1916-cı ildə o, leytenant rütbəsinə yüksəldilmiş və 202 saylı artilleriya təyyarəçiləri dəstəsində hava artilleriya müşahidəçisi kimi hazırlıq keçmişdir. 1917-ci ilin iyulunda onun təyyarəsi Fransa üzərində vurulmuş və o, hərbi əsir götürülmüşdür. Onun qəzada travmatik beyin zədəsi aldığı ehtimal edilir; ömrünün sonuna qədər o, kəkələyərək danışmış və həddindən artıq içki içməsi ilə daha da güclənən qeyri-sabit davranış hallarından əziyyət çəkmişdir. O, II dərəcəli "Dəmir xaç" ordeni və gümüş "Yara" nişanı ilə təltif olunmuşdur.
Müharibədən sonra Robert 1920-ci ilin yanvarında əsirlikdən azad edilmiş, universitetə qayıtmış və həmin ilin sonlarında doktorluq dərəcəsi əldə etmişdir. O, nəhəng "IG Farben" şirkətinin Rur regionundakı Leverkuzen şəhərində yerləşən filialında qida kimyaçısı kimi işə götürülmüşdür. 1924-cü ildə Fransanın Rur bölgəsini işğal etməsindən qəzəblənən Robert ifrat millətçiyə çevrilmiş və Adolf Hitlerin Münxendəki "Pivə qiyamı" ilə əlaqədar keçirilən məhkəmə prosesində söylədiyi nitqi oxuduqdan qısa müddət sonra Nasist Partiyasına daxil olmuşdur. Robert Hitlerə sarsılmaz sədaqət nümayiş etdirdi və bu, Hitleri Robertin təkəbbürü, səriştəsizliyi və içkiyə meylliliyi barədə şikayətlərə məhəl qoymamağa vadar etdi.
Robertin yoxsul şəraitdə böyüməsi və əsasən fəhlə sinfindən ibarət olan Reynland partiya bölgəsinin rəhbəri kimi təcrübəsi onu partiyadakı ştrasserçi ünsürlərə rəğbət bəsləməyə yönəltmişdi, lakin partiyadaxili mübahisələrdə o, həmişə Hitlerin tərəfini tuturdu. Bu, ona partiyanın digər vəzifəli şəxslərinin, o cümlədən onu səriştəsiz sərxoş hesab edən partiya xəzinədarı Frans Ksaver Şvarsın düşmənçiliyindən qurtulmağa kömək etdi.
Nasist Partiyasında yüksəlişi Robert 1925-ci ilin martında partiyaya qoyulan qadağanın götürülməsindən az sonra yenidən təsis edilmiş Nasist Partiyasına yenidən daxil olmuşdur (üzvlük nömrəsi 18 441). Həmin ay o, Cənubi Reynlandın (sonralar Reynlandın) qaulayter müavini təyin edilmiş və iyulun 17-də qaulayter vəzifəsinə yüksəldilmişdir. 1925-ci ilin sentyabrında o, Qreqor Ştrasserin təşkil etdiyi və rəhbərlik etdiyi, Almaniyanın şimal və qərb qaulayterlərindən ibarət qısamüddətli qrup olan Nasional Sosialist Əmək Birliyinin üzvü oldu; bu qrup partiyanın daha çox fəhlə sinfinə yönəlməsini müdafiə edirdi və partiya proqramına düzəlişlər etməyə uğursuz cəhd göstərmişdi. Lakin 1926-cı il yanvarın 24-də keçirilən görüşdə Robert başqaları ilə birlikdə Ştrasserin təklif etdiyi yeni proqram layihəsinə etiraz etmiş və layihə təxirə salınmışdır. Bundan qısa müddət sonra Bamberq konfransının ardınca Əmək Birliyi buraxıldı. 1928-ci ilin martında Robert Kölndə nəşr olunan, kəskin antisemit xarakterli nasist qəzeti olan "Westdeutscher Beobachter" () qəzetinin redaktoru və naşiri oldu. 1928-ci il mayın 20-də o, Prussiya Landtaqına seçilmiş, həmçinin Reyn əyalət parlamentinə təyin edilmişdir. O, ilk olaraq 1930-cu ilin sentyabrında 20-ci seçki dairəsindən (Köln-Aaxen) Reyxstaqa seçilmiş və bu yeri 1945-ci ilin mayınadək tutmuşdur. O, 1 iyun 1931-ci ildə bölgəsinin (qau) iki hissəyə bölünərək yeni rəhbərlərin təyin edildiyi tarixə qədər Reynlandın qaulayteri vəzifəsində qaldı.
1931-ci il oktyabrın 21-də Robert o vaxt partiya təşkilatının rəhbəri olan Ştrasserin müavini kimi Münhendəki partiya qərargahına gətirildi. Robert reyxsorganizasionsinspektor () titulunu daşıyırdı və müxtəlif qaulara yoxlama səfərləri edirdi. 1932-ci il iyunun 10-da Ştrasser tərəfindən növbəti təşkilati yenidənqurma aparıldıqdan sonra Robert qaulardan təxminən yarısına nəzarət edən iki Reyx müfəttişindən () biri təyin edildi. Bundan əlavə, o, Bavariya üzrə landesinspektor () vəzifəsini müvəqqəti icra edən təyin edildi və altı Bavariya qausuna birbaşa cavabdehlik daşıyırdı. Bu, Ştrasserin qaulara nəzarəti mərkəzləşdirmək üçün irəli sürdüyü qısamüddətli təşəbbüs idi. Lakin bu tədbirlər qaulayterlər arasında populyar deyildi və Ştrasser hakimiyyətdən getdiyi zaman ləğv edildi. Ştrasser 1932-ci il dekabrın 8-də partiyanın gələcək istiqaməti məsələsində Hitlerlə fikir ayrılığında olduğundan istefa verdi. Hitlerin özü reyxsorganizasionslayter () vəzifəsini öz üzərinə götürdü və Roberti qərargah rəisi təyin etdi. Reyxsinspektor () və landesinspektor () vəzifələri ləğv edildi. Hitler 1933-cü ilin yanvarında Reyx kansleri olduqda, Robert də onunla birlikdə Berlinə yola düşdü. 1933-cü il iyunun 2-də Robert Nasist Partiyasında ikinci ən yüksək siyasi rütbə olan reyxslayter () rütbəsinə yüksəldilənlər arasında idi. Bunun ardınca 1933-cü il sentyabrın 14-də Prussiyanın nazir-prezidenti Herman Görinq onu yenidən təşkil olunmuş Prussiya Dövlət Şurasına təyin etdi. 1933-cü il oktyabrın 3-də Robert Hans Frankın Alman Hüququ Akademiyasına təyin edildi, 1934-cü il noyabrın 10-da isə Hitler nəhayət Roberti rəsmi olaraq reyxsorganizasionslayter () vəzifəsinə yüksəltdi. Robert bu vəzifələri nasist rejiminin süqutuna qədər icra etdi.
Əmək Cəbhəsinin rəhbəri 250px|thumb|right|Alman Əmək Cəbhəsinin bayrağı 1933-cü ilin aprelinə qədər Hitler Nasist Partiyasının həmkarlar ittifaqı hərəkatını ələ keçirməsi barədə qərar verdi. 1933-cü il mayın 10-da Hitler Roberti yeni yaradılmış Alman Əmək Cəbhəsinin () rəhbəri təyin etdi. Əmək Cəbhəsi mövcud nasist həmkarlar ittifaqı qurumunu, yəni Nasional-Sosialist Zavod Özəkləri Təşkilatını (, NSBO), eləcə də əsas həmkarlar ittifaqı federasiyasını öz nəzarətinə keçirdi. Lakin Robertin inzibatçılıq qabiliyyəti olmadığından NSBO-nun rəhbəri, Nasist Partiyasının ştrasserçi qanadının üzvü Reynhold Muxov tezliklə Əmək Cəbhəsində hakim şəxsə çevrildi və Roberti kölgədə qoydu. Muxov Əmək Cəbhəsinin administrasiyasında təmizləmə aparmağa başladı; keçmiş sosial-demokratları və keçmiş kommunistləri vəzifələrdən uzaqlaşdırıb onların yerinə öz militantlarını təyin etdi.
NSBO özəkləri zavodlarda əmək haqqı və iş şəraiti məsələləri ətrafında təbliğat aparmağa davam edir, bununla da işəgötürənləri narahat edirdilər. İşəgötürənlər tezliklə Hitlerə və digər nasist liderlərinə şikayət etdilər ki, Əmək Cəbhəsi kommunistlərin vaxtilə olduğu qədər təhlükəlidir.
Hitler NSBO-nun sindikalist meyllərinə heç bir rəğbət bəsləmirdi və 1934-cü ilin yanvarında qəbul edilən yeni "Nasional əməyin nizamlanması haqqında" Qanun müstəqil fəhlə fabrik təşkilatlarını, hətta nasist təşkilatlarını belə faktiki olaraq ləğv etdi, əmək haqqı və iş şəraiti ilə bağlı məsələləri isə işəgötürənlərin üstünlük təşkil etdiyi Əmək Qəyyumlarının () ixtiyarına verdi. Təxminən bu vaxtlarda Muxov pivə evində baş verən dava zamanı öldü və Robertin Əmək Cəbhəsi üzərindəki nəzarəti bərpa olundu. NSBO tamamilə ləğv edildi, Əmək Cəbhəsi isə rejimin ehtiyaclarına, xüsusilə də silah sənayesinin kütləvi şəkildə genişləndirilməsinə xidmət etmək üçün işçi qüvvəsinin daha səmərəli yerləşdirilməsi və intizama salınması məqsədilə dövlətin bir qoluna çevrildi. 250px|thumb|right|Vindzor hersoqu şahzadə Eduard Robert Leylə birlikdə SS qarovul dəstəsinin nəzərdən keçirərkən. 1937-ci il. Əmək Cəbhəsinin rəhbəri kimi Robert, VIII Eduardın Britaniya taxtından imtina etməsindən bir neçə ay sonra, 1937-ci ildə Vindzor hersoqu şahzadə Eduardı və Vindzor hersoginyası Uollisi Almaniyaya səfərə dəvət etdi. Robert onları ev sahibi kimi qarşıladı və şəxsi müşayiətçiləri kimi çıxış etdi. Səfər zamanı Robertin alkoqolizmi nəzərə çarpdı və o, bir dəfə Vindzorların avtomobilini darvazaya çırpdı.Brendon, P. (2016). Edward VIII (Penguin Monarchs): The Uncrowned King. London: Penguin. .Cadbury, D. (2015). Princes at War: The British Royal Family's Private Battle in the Second World War. London: Bloomsbury. .
Hakimiyyəti möhkəmləndikdən sonra Robert ondan sui-istifadə etməyə başladı və bu, hətta nasist rejiminin standartlarına görə də gözə çarpacaq dərəcədə idi. Əmək Cəbhəsinin rəhbəri, reyxsorqanizasiyalayter və Reyxstaq deputatı kimi aldığı yüksək maaşlara əlavə olaraq, o, "Westdeutscher Beobachter" qəzetinin böyük gəlirlərini də mənimsəyir və Əmək Cəbhəsinin vəsaitlərini şəxsi məqsədləri üçün sərbəst şəkildə öz xeyrinə götürürdü. 1938-ci ilə qədər onun Köln yaxınlığında lüks malikanəsi, digər şəhərlərdə bir sıra villaları, avtomobil parkı, şəxsi dəmir yolu vaqonu və böyük incəsənət kolleksiyası var idi. O, vaxtını getdikcə daha çox "qadınbazlığa və ağır içkiyə həsr edirdi; hər ikisi çox vaxt ictimai yerlərdə utancverici səhnələrə səbəb olurdu".
1942-ci il dekabrın 29-da ikinci həyat yoldaşı İnqa Ursula Şpilker (1916–1942) sərxoş vəziyyətdə olan Robertlə davadan sonra özünü güllələyib öldürdü. Robertin tabeliyində olanlar ondan nümunə götürürdülər; nəticədə Əmək Cəbhəsi korrupsiyanın bədnam mərkəzinə çevrildi, bütün bunların xərcini isə alman işçilərin ödədiyi məcburi üzvlük haqları qarşılayırdı. Bir tarixçi bununla bağlı demişdir ki, "Əmək Cəbhəsi çox keçmədən Üçüncü Reyxin bütün böyük qurumları arasında bəlkə də ən korrupsioner qurum kimi şöhrət qazanmağa başladı. Bunun səbəbkarı kimi günahın böyük hissəsini Robert öz üzərinə götürməli idi".
Sevinc vasitəsilə güc