İpək Xan () — XV əsrdə Osmanlı sultanı I Mehmed tərəfindən Yaşıl külliyə üçün gəlir əldə etmək məqsədilə inşa edilmiş Türkiyənin Bursa şəhərinin Xanlar bölgəsində yerləşən iki mərtəbəli mehmanxana.
Əvvəlcə ipək tacirləri və əyiricilər üçün nəzərdə tutulmuş bu bina Bursanın ən böyük karvansaralarından biridir. Bursa Ulu məscidi ilə Pirinç Xan arasında yerləşir. Bu gün tekstil tacirləri, gəlinlik və ziyafət geyimləri emalatxanaları tərəfindən istifadə olunur.
Bu tikili 2014-cü ildə UNESCO-nun Dünya İrsi siyahısına əlavə edilmiş "Bursa və Cumalıkızık: Osmanlı imperiyasının doğuşu" Dünya İrsi məkanının bir hissəsi olan Yaşıl külliyənin bir hissəsidir.
Tarixi İpək alıb-satan və onların bükülməsi işi ilə məşğul olan qazazlar bu karvansaranın hər iki tərəfində yerləşən dükanlarda işlədikləri üçün bura "Böyük Qazazxana" adlanıb. Karvansara həmçinin "Sultan Karvansarası", "Xan-ı Xərir", "Yeni İpək Karvansarası", "Qədim İpək Karvansarası", "Faytonçular Karvansarası" və "Arabaçılar Karvansarası" kimi adlarla da tanınıb. Bursa karvansaralarında adətən gecələmək üçün qalınmamasına baxmayaraq, İpək Karvansarası həm də qonaqlama məqsədilə də istifadə edilib.
Memarlıq xüsusiyyətləri Karvansaranın memarının dəqiq kim olduğu məlum olmasa da, Yaşıl külliyənin də memarı olan Hacı İvaz Paşa olduğu ehtimal edilir.
Yonma daş və kərpicdən inşa edilmiş bina həyət ətrafında iki mərtəbəli eyvandan və bu eyvanlara açılan otaqlardan ibarətdir. Alt mərtəbəsində 38, üst mərtəbəsində 38 olmaqla 76 otağı vardır. Bu gün bəzi məhəlləri də otaq halına gətirilmiş və otaq sayı 81 olub. Orijinal olan fasadın daxilində Yaşıl məsciddə də görünən çinilərdən az miqdarda pərakəndə şəkildə istifadə edilib. Xanın ortasında şadırvan, dörd otaq və bunların üstündə 10 ikibucaqlı məscidi vardır, lakin məscid dövrümüzə gəlib çatmayıb.
Bir çox illərdə; 1557, 1632, 1742, 1775-ci illərdə baş vermiş yanğın və zəlzələlər zamanı zərər görmüş binada müxtəlif təmir işləri görülmüş və nəticədə şərq tərəfdəki giriş fasadı Vali Əhməd Vəfik Paşanın dövründə Məcidiyyə küçəsinin açılması zamanı sökülmüşdür. 1958-ci ildəki Bursa Qapalıçarşı yanğınından sonra bu hissə yenidən tikilmişdir. Bina 1980-ci ildə yenidən təmir edilib.
İstinadlar
Kateqoriya:Bursa Kateqoriya:Osmanlı dövrünün abidələri Kateqoriya:Osmanlı imperiyası