Bürhanəddin Duran (; ) — Türkiyə akademiki, Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri, Siyasət elmi və beynəlxalq münasibətlər kafedrasının professoru. Sakarya Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əziz Duranın qardaşı oğludur.

Erkən illəri Burhanəddin Duran 1971-ci ildə Sakaryanın Adapazarı rayonunda anadan olmuşdur. Orta təhsilini Adapazarı İmam Hatip Liseyində davam etdirərək 1989-cu ildə oradan məzun olmuşdur. 1991-ci ildə Atilla Arcan və Qadir Ardıc kimi digər məzunlarla birlikdə Sakarya İmam Hatip Liseyi Məzunları və Üzvləri Dərnəyini yaratmışdır.

Duran 1993-cü ildə Boğaziçi Universitetinin Siyasət elmi və beynəlxalq münasibətlər kafedrasını bitirmişdir. 1994-cü ildə Bilkənd Universitetində "Kənan Əvrən və Turqut Özalın sekulyar anlayışları: Müqayisəli perspektiv" başlıqlı dissertasiyasını müdafiə edərək magistr dərəcəsi almışdır. 2000-ci ildə həmin universitetdə "Türkiyədə islamçı siyasi təfəkkürün İmperiyadan Erkən Respublikaya transformasiyası (1908–1960): Nəcip Fazıl Qısakürəyin siyasi baxışları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Magistr təhsili aldığı illərdə Bilkənd Universitetində elmi işçi kimi çalışmışdır.

Sakarya Universiteti Duran 1993–2001-ci illərdə Sakarya Universitetinin İctimai idarəetmə kafedrasında elmi işçi kimi çalışmışdır. O, 2001–2009-cu illərdə həmin universitetin Beynəlxalq münasibətlər kafedrasının müəllimi olmuş, 2006-cı ildə dosent elmi adını almışdır. 2006–2009-cu illərdə Beynəlxalq münasibətlər kafedrasının müdiri vəzifəsini icra etmişdir.

2003-cü ildə Duran həmkarları ilə birlikdə Sakarya Universitetində təhsil və mədəniyyət fəaliyyətlərinə yönəlmiş "Bilgi evi" adlı qeyri-hökumət təşkilatı təsis etmişdir. 2006-cı ildə həmin təşkilatın adı dəyişdirilərək "Sakarya Bilik və Mədəniyyət Mərkəzi" adlandırılmışdır.

Karyera Duran 2009-cu ildə İstanbul Şəhər Universitetinə keçmişdir. Burada Siyasət elmi və beynəlxalq münasibətlər kafedrasının müdiri vəzifəsini icra etmişdir. 2010–2011-ci illərdə Corc Meyson Universitetində qonaq akademik kimi fəaliyyət göstərmişdir. 2013-cü ildə SETA-nın İstanbul filialının baş koordinatoru təyin edilmişdir. Duran SETA-nın İstanbul ofisinin ilk koordinatoru olmuş və daha sonra bu vəzifədə onu Fəxrəddin Altun əvəz etmişdir. Duran 2014-cü ildə Ankaraya köçmüş və SETA-nın baş koordinatoru olmuşdur. 16 may 2024-cü ildə Xarici İşlər nazirinin müavini təyin edilmişdir. 10 iyul 2025-ci ildə isə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri vəzifəsinə təyin olunmuşdur.

İstinadlar

Kateqoriya:Türkiyə professorları Kateqoriya:Türkiyə politoloqları Kateqoriya:Bilkent Universitetinin müəllimləri