Zəngəzurun tanınmış alimi --- Xansuvar Fərzəli oğlu Cəfərov Xansuvar Fərzəli oğlu Cəfərov 1936 – cı il yanvar ayının 8 –də Ermənistan SSR –in Gorus rayonunun Şamsız kəndində anadan olub. Xansuvar Cəfərov ibtidai sinfi Şamsız kəndində oxuduqdan sonra təhsilini Ağbulaq kənd məktəbində davam etdirib. Keçmiş İttifaq hökumətinin qərarı əsasında Şamsız kəndinin əhalisi öz doğma elindən deportasiyaya məruz qalaraq 1949 – cu ilin payız aylarında Azərbaycan Respublikasının Yevlax rayonunun Malbinəsi kəndində məskunlaşmışdır. Xansuvar Cəfərov Malbinəsi kənd orta məktəbində təhsilini davam etdirmiş və 1953 –cü ildə orta məktəbi bitirmişdir. O, 1953 – 1958 – ci illərdə Azərbaycan Politexnik İnstitunun Hidromeliorasiya fakultəsində oxumuş, Stalin təqaüdü almışdır. Tələbə ikən elmə həvəs göstərmiş, həmin illərdə tələbə elmi cəmiyyətində etdiyi 3 məruzənin annotasiyaları çap edilmiş, Tbilisi və İrəvanda keçirilmiş Zaqafqaziya konfranslarının iştirakçısı olmuşdur. 1958- ci ildə təhsilini fərqlənmə diplomu ilə başa çatdırmış və mühəndis hidrotexnik ixtisasına yiyələnmiş, təyinatla Azərbaycan Elmi – Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutuna işə göndərilmişdir. O, 1965 – ci ildə Rusiya Federasiyasının Novoçerkassk şəhərində namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Elmi dərəcə aldıqdan sonra Xansuvar Cəfərov institutda bölmə, laboratoriya və şöbə müdiri vəzifələrində işləmişdir. Xansuvar Cəfərov meliorasiyanın fundamental problemləri ilə yanaşı, meliorativ – torpaqşünaslıq meliorativ hidrogeologiya istiqamətində geniş həcmli tədqiqat işləri aparmışdır. O tədqiqatlara Ucar şəhəri yaxınlığında yerləşən stasionar tipli təcrübə drenaj sahəsində başlamış, kifayət qədər təcrübə topladıqdan sonra institutun aspiranturasına qəbul olmuşdur. Məhz Xansuvar Cəfərovun təşəbbüsü ilə Dağıstanda da meliorativ tədqiqatlara başlanmış, burada Mahaçqala şəhəri yaxınlığında 30 hektar sahədə yeni təcrübə - sınaq məntəqəsi yaradılmışdır. Xansuvar Cəfərov 1992 – ci ildə Özbəkistanın Daşkənd şəhərində doktorluq dissertasiyasını müdafiə etmişdir. Dissertasiya işini müdafiəyə təqdim etmək ərəfəsində Xansuvar Cəfərov Kuba Respublikasında elmi ezamiyyətdə olmuş, Havana şəhərində Kənd Təsərrüfatı Nazirliyinin Suvarma və drenaj İnstitutunda baş mühəndis vəzifəsində çalışmışdır. Elmlər doktoru alimlik dərəcəsi aldıqdan sonra 1996 - cı ilin oktyabr ayında İran İslam Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi konfransda iştirak etmişdir. O, AzETH və Mİ – də fəaliyyəti ilə yanaşı, həm də müxtəlif dövrlərdə Dövlət Xəritəçəkmə Komitəsində, Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda, Eroziya və Suvarma İnstitutunda baş və aparıcı elmi işçi vəzifəsində çalışmışdır. Texnika elmləri doktoru, professor Xansuvar Cəfərovun xüsusi xidmətlərindən biri də onun meliorasiya sahəsində ali dərəcəli elmi kadrların hazırlanması olmuşdur. Xansuvar Cəfərovun rəhbərliyi altında bir nəfər elmlər doktoru və 12 aspirant elmlər namizədi dissertasiyasını müdafiə etmiş, sonra bu sahədə 5 dissertantın rəhbəri olmuşdur. Xansuvar Cəfərov 150 - dən çox elmi əsərin və bir neçə kitabın müəllifidir. Azərbaycan Milli Ensiklopdiyasında adı olan texnika elmləri doktoru, professor Xansuvar Cəfərov 3 medal və “Xalqlar dostluğu” ordeni ilə təltif olunmuşdur. Dəfələrlə ümumittifaq kənd təsərrüfatı nailiyyətləri sərgisinin iştirakçısı olmuş və sərginin gümüş medalı ilə mükafatlandırılmışdır. Xansuvar Cəfərovun Nərgiz adlı qızı və Teymur adlı (kənd təsərrüfatı elmlər namizədi) olan oğlu olsa da hər iki övladı cavan ikən vəfat ediblər. Xansuvar Cəfərov uzun sürən xəstəlikdən 2011-ci il sentyabr ayının 28 –də vəfat etmişdir. Bakı şəhərində Biləcəri qəbristanlığında dəfn olunub.
https://www.facebook.com/photo.php?fbid=122199934862363770&set=pb.61560913122254.-2207520000&type=3
http://ensiklopediya.gov.az/az/terms/9289/cild/17
Mənbə: Respublika qəzeti 26 – yanvar 2011- ci il Azərbaycan Milli Ensiklopediyası