Əbu Həfs Siracəddin Ömər ibn Rəslan əl-Bulqini (; ) — Şafii məzhəbinə mənsub fiqh alimi və müctəhid.
O, şafii məzhəbinə mənsub olsa da, bəzən bu məzhəbin, bəzən də Nəvəvinin görüşlərinə zidd fətvalar vermişdir. Malın özünü deyil, pulunu zəkat olaraq verməyin mümkünlüyü barədəki fətvası bunlardan biridir.
Xüsusi ilə hədis sahəsində də fərqlənən əl-Bulqini ali isnad sahibi idi. Onun qırx şeyxdən ali isnadla dinlədiyi qırx hədis tələbəsi İbn Həcər əl-Əsqəlani tərəfindən "Ziya-ül-əyyam (ənam) bi-əvali-şeyxil-İslam əl-Bulqini" adı altında cəmlənmişdir.
Oğlu Ələməddin Saleh isə atasının, Xorasan və İraq kəlam məktəblərinin ənənələrini birləşdirdiyini qeyd edir. Bu məlumat əl-Bulqinin kəlam sahəsində də dərin biliyə malik olduğunu nümayiş etdirir.
Həyatı 1324-cü ildə Qahirənin şimalında yerləşən Bulqinə yaşayış məntəqəsində anadan oldu və 1403-cü ildə Qahirədə vəfat etdi.
İlk təhsilini Bulqinədəki müəllimlərdən aldı, Quranı əzbərlədi. Təqiyyəddin əs-Subki, Əbu Həyyan əl-Əndəlüsi, Zəhəbi, İbn Aqil və başqa alimlərdən fiqh, fiqh üsulu, qiraət, dil və ədəbiyyat sahələri üzrə təhsil aldı. Əbüs-Səna Şəmsəddin əl-İsfahanidən isə məntiq öyrənmişdir.
Şam qazısı, Dəməşq baş qazısının naibi, müfti, qazəsgər və müdərris vəzifələrində çalışdı. 30 il Əmr ibn Əs məscidində müəllimlik etdi. O, həmçinin İbn Tulun məscidində, Bərquqiyyə, Hicaziyyə və başqa mədrəsələrdə dini dərslər verdi, tələbə yetişdirdi. İbn Həcər əl-Əsqəlani, İbn əl-Cəzəri və Zərkəşi onun yetirmələrindən bəziləridir.
Əl-Bulqini "ət-Tədrib fil-füru", "Mənhəcül-əsleyn", "əl-Kəşşaf aləl-Kəşşaf" və başqa əsərlərin müəllifidir.
Əl-Bulqininin oğulları — Cəlaləddin Əbdürrəhman ibn Ömər əl-Bulqini ilə Ələməddin Saleh ibn Ömər ibn Rəslan əl-Bulqini də alim idilər.
İstinadlar Kateqoriya:Müctəhidlər Kateqoriya:XIV əsr Misir şəxsləri Kateqoriya:Sünni imamları Kateqoriya:Şeyxülislamlar Kateqoriya:Məşhurlar Kateqoriya:Ölkələrinə görə şəxslər Kateqoriya:Şafii məzhəbi