Cəhri qəbiristanlığı — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində yerləşən arxeoloji abidədir.
Haqqında Qəbiristanlıq üç hissədən ibarətdir. Məlumatlara görə, XIX əsrin ortalarına qədər qəbiristanlıq kəndin ümumi dəfn yeri olmuşdur. Son 20 il ərzində burada, bəzi istisnalar nəzərə alınmaqla, dəfn mərasimləri keçirilməmişdir. Qəbiristanlığın qədim hissəsində orta əsrlərə aid qəbirüstü abidələrin, o cümlədən daş qoç fiqurlarının mövcudluğu ərazidən uzun müddət dəfn məqsədilə istifadə edildiyini göstərir.
Toplanmış məlumatlara əsasən, XX əsrin 30-cu illərinə qədər qəbiristanlıqda üzərində müxtəlif təsvirlər və yazılar olan çoxsaylı qəbirüstü daş abidələr mövcud olmuşdur. Sonrakı dövrlərdə bu abidələrin əksəriyyəti sındırılmış və məhv edilmişdir. Hazırda qəbiristanlıqda həmin daşlardan üçü sınıq vəziyyətdə qalmışdır.
Qəbiristanlığın qərb hissəsində yerli əhali arasında "Seyid qəbiri" adı ilə tanınan qəbirlər yerləşir. Bu qəbirlərin baş daşlarının yerində kərpicdən hörülmüş tikililər vardır. Baş daşlarından biri günbəzşəkilli formada hazırlanmış, ön hissəsində çıraq və ya şam yandırmaq üçün taxça düzəldilmişdir.
Cəhri qəbiristanlığı XV–XX əsrlərə aid edilir.
İstinadlar