Besnate — İtaliyanın şimalında, Lombardiya regionunda, Vareze əyalətində yerləşən şəhər və bələdiyyədir. Bələdiyyənin sahəsi 7,68 km², dəniz səviyyəsindən orta hündürlüyü isə 300 metrdir. Ərazinin ən yüksək nöqtəsi Ravellino təpələrində yerləşir və 330 metrə çatır. Bələdiyyəyə Besnate, Buzano, Çentenate və Veneto qəsəbəsi daxildir.

Besnate şimalda Sumiraqo, şimal-şərqdə Yerago-kon-Orago, cənub-şərqdə Kavariya-kon-Premezso, cənubda Qallarate, cənub-qərbdə Arsago Seprio və qərbdə Mornako bələdiyyələri ilə həmsərhəddir. Besnate Varezedən təxminən 17 km, Qallaratedən 7 km, Busto-Arsiziodan 13 km və Somma-Lombardodan 7 km məsafədə yerləşir.

Besnate 1869-cu ilədək müstəqil bələdiyyə olmuşdur. Həmin il 4919 nömrəli kral fərmanı ilə ləğv edilmiş və Kasorate-Sempione bələdiyyəsi ilə Arsago Seprio bələdiyyəsinə birləşdirilmişdir. Bir neçə il sonra, 1872-ci il avqustun 1-də Besnate Arsago Sepriudan ayrılaraq Yerago ilə birləşdirilmişdir. Beləliklə, Yerago-kon-Besnate adlı bələdiyyə yaranmış, 1892-ci il iyulun 1-də Orago da bu inzibati vahidə daxil edilmişdir.

Nəhayət, 1907-ci il fevralın 28-də qəbul edilən 48 nömrəli qanunla Yerago-kon-Besnate-kon-Orago bələdiyyəsi ləğv edilmişdir. Həmin il iyulun 1-dən Besnate yenidən müstəqil bələdiyyə olmuşdur. 2007-ci ildə bələdiyyənin yaranmasının yüzilliyi münasibətilə İtaliya Poçtu Besnateyə həsr olunmuş xatirə açıqcaları və poçt markaları buraxmışdır.

Coğrafiyası

Besnate Olona vadisi adlanan coğrafi ərazinin bir hissəsidir. Bələdiyyə Arno və Titsino çayları arasında yerləşən təpəlik ərazidədir.

Besnatenin cənub hissəsində fontanili adlanan təbii su çıxışlarına rast gəlinir. Bu hadisə yağış sularının daş, çınqıl, qırmadaş və qumdan ibarət sukeçirən torpaq qatlarına daxil olması, su keçirməyən gil təbəqəsinə çatdıqda isə yenidən səthə çıxması nəticəsində yaranır. Beləliklə, çoxsaylı bulaqlardan ibarət geniş su sahəsi əmələ gəlir. Bu ərazi Qallarate əyalət yolunun şərqində və Yerago-kon-Orago ilə Kavariya-kon-Premezso ərazilərinin bir hissəsinin yerləşdiyi moren təpələrinin ətəyindədir.

Bu bataqlıq ərazidə bir neçə su axarı birləşir. Pont-Peder kanalı, Köhnə Fontanile və Yeni Fontanile su axarları birləşərək Sordjorile çayını əmələ gətirir. Sordjorile isə Arno çayının əsas qollarından biridir.

Siyasət

Besnatenin meri Demokratik Partiyanın üzvü Covanni Korbodur. O, 2024-cü ildə keçirilən bələdiyyə seçkilərində 1.355 səs (47,9%) toplayaraq yenidən mer seçilmişdir.

Digər iki namizəd də seçkilərdə iştirak etmişdir. Forza İtaliya və Şimal Liqasının dəstəklədiyi Andrea Bori 1.169 səs (41,4%), İtaliya Qardaşlarının dəstəklədiyi Nadia Dal Sekko isə 303 səs (10,7%) toplamışdır.

Bələdiyyə şurasında 12 üzv fəaliyyət göstərir:

Hakim çoxluq (8 üzv): Besnate üçün bizimlə — mərkəz-sol yönümlü siyasi qrup.

Müxalifət (4 üzv): Besnate üçün vətəndaş siyahısı — 3 üzv; Şimal Liqası və Forza İtaliya tərəfindən dəstəklənir. Biz Besnateyik — 1 üzv; İtaliya Qardaşları tərəfindən dəstəklənir.

Tanınmış şəxslər Paolo Basso — somelye. Edvard Ravazi — velosipedçi.

İstinadlar

Xarici keçidlər Rəsmi sayt

Kateqoriya:İtaliya şəhərləri Kateqoriya:İtaliya kommunaları Kateqoriya:Vareze əyalətinin kommunaları