Əbdürrəhman Qaziqumuxlu və ya Əbdürrəhman Camaləddin oğlu Qaziqumuxlu həmçinin Seyid Əbdürrəhman, Cəmaləddin əl-Hüseyni əl-Qaziqumuxlu əd-Dağıstaninin oğlu (; ) — Dağıstanlı dini (mənəvi) və ictimai xadim, alim, maarifçi, İmam Şamilin silahdaşı və kürəkəni. Qafqaz müharibəsinin iştirakçısı. Şimali Qafqaz İmaməti dövrünə aid XIX əsr Dağıstan salnamələrinin müəllifi. Şamilin bioqrafı; imamla birlikdə yeddi il ərzində Kaluqa şəhərində onun fəxri sürgünündə yanında olmuşdur.
Həyatı Seyid Əbdürrəhman Dağıstanda ehtiramla anılan şeyx, Çeçenistan və Dağıstan imamları Qazi Məhəmməd ilə Şeyx Şamilin mənəvi ustadı olan Camaləddin Qaziqumuqlunun oğludur. O, 1 fevral 1837-ci ildə Qumuqda anadan olub. "Əl-Hüseyni" nisbəsi Əbdürrəhmanın Məhəmməd peyğəmbərin nəvəsi Hüseynin nəslindən olduğunu bildirir. O, atasından yaxşı ev təhsili almış, daha sonra adi bir mütəəllim (şagird/tələbə) kimi Dağıstanın bir çox kəndlərində təhsilini davam etdirmişdir. Əbdürrəhmanın ailəsi kifayət qədər varlı olsa da, atası elm almaq üçün sınaq sayaraq "nəfsinin istəklərini cilovlamaq məqsədilə" təhsil aldığı müddətdə ona at çapmağa icazə verməmişdir. Bu səbəbdən Əbdürrəhman Dağlıq Dağıstanın demək olar ki, bütün ərazisini piyada gəzib dolaşmışdır. Əbdürrəhman ərəb dilini bilir, müsəlman hüququ (fiqh), qrammatika və poeziyaya yaxşı bələd idi.
Təhsilini başa vurduqdan sonra atası Əbdürrəhmanın Şeyx Şamilin şurasında təmsil olunduğu İmamətin paytaxtı Vedeno kəndində məskunlaşır. O, kifayət qədər gənc yaşlarında Şeyx Şamilin qızı Nəfısət ilə ailə qurur. Qeyd etmək lazımdır ki, Əbdürrəhmanın qardaşı Əbdürrəhim imamın digər qızı Fatimə ilə evli idi, imamın özü isə Əbdürrəhmanın bacısı Zəgidəti həyat yoldaşı olaraq seçmişdi. Toydan sonra Əbdürrəhman imamın yaxın ətrafına daxil olur, daima onun yanında yer alır, yürüş və döyüşlərdə imama müşayiət edir. Tez-tez imamın yanında mirzə (katib) kimi xidmət göstərir.
1859-cu ildə rus ordusu Vedenonu hücumla ələ keçirir. İmam ailəsi və Əbdürrəhman da daxil olmaqla ən yaxın silahdaşları ilə birgə Dağıstan dağlarına çəkilir. Şeyx Şamilin yolu ilk olaraq "dağlı qoşunları tərəfindən qazılmış səngərlər və daş divarlarla ikiqat möhkəmləndirilmiş" Kilyatl dağına yönəlmişdi. Lakin yaxın ətraf bölgələrin sakinləri imamın müdafiə çağırışına səs vermədikdə, o, müdafiəsi üçün kiçik bir qoşunun da kifayət etdiyi təbii qalaya — Qunib dağına keçməli olur. Əbdürrəhman imamın yanında yer alaraq Qunibin müdafiəsində fəal iştirak edir və general Aleksandr Baryatinski ilə danışıqlarda Şamili müşayiət edir.
Kaluqa. 1859–1866-cı illər 320px|thumb|right|Soldan sağa: Qazi Məhəmməd (Şamilin oğlu), Əbdürrəhman, İmam Şamil, Məhəmməd Şəfi (Şamilin oğlu), Əbdürrəhim (Əbdürrəhmanın qardaşı, Şamilin kürəkəni). Kaluqa, 1860-cı il. Şeyx Şamil əsir düşdükdən sonra Əbdürrəhman ailəsi ilə birlikdə Dağıstanı tərk edir və İmperator II Aleksandrın əmri ilə Şeyx Şamilin sürgündə olmalı olduğu Kaluqa şəhərinə yola düşür. Şeyx Şamilin evində pristav (nəzarətçi zabit) kimi xidmət edən kapitan Apollon Runovski Əbdürrəhmana böyük təsir göstərir. Məhz onun məsləhəti ilə Əbdürrəhman xatirələrini yazmağa başlayır. Bu xatirələr sonralar "Xülasət əl-təfsil" — "İmam Şamilin əməllərinin ətraflı təsvirinin xülasəsi" adı altında nəşr olunur.
Kitabda İmamətin mövcudluğunun son günləri, imamın Yeni Darqodan Dağıstana keçməsi, imam naiblərinin xəyanəti, Qunibin alınması, Şamilin Dağıstandan Kaluqaya səfəri və Şeyx Şamilin Qafqazdan kənardakı həyatına dair digər təfərrüatlar təsvir edilir. Kitabda müxtəlif rəvayətlərə, poeziyaya və Dağıstan sakinlərinə nəsihətlərə geniş yer verilmişdir. Kitab müəllifin orijinal ərəbdilli əlyazma mətni ilə birlikdə rus dilinə tərcümə olunaraq 2002-ci ildə nəşr edilmişdir.
Runovski həm də Əbdürrəhmanın qeydlərinin rus dilinə ilk tərcüməçisidir. O, 1862-ci ildə "Kavkaz" qəzetində "Cəmaləddin oğlu Əbdürrəhmanın Şamilin Vedenodakı həyatı və digər məsələlər haqqında qeydlərindən çıxarışlar" ümumi başlığı altında bu qeydlərdən parçalar dərc etdirir. Ön sözdə o, Əbdürrəhmanı ağıllı, qabiliyyətli gənc, dinin bütün hökmlərinə əməl edən əməlisaleh bir müsəlman, lakin buna baxmayaraq ədəbiyyatla məşğul olmağa da vaxt tapan bir şəxs kimi təsvir edir.
1861-ci ildə Tsarskoye Seloda imperator Şeyx Şamil ilə görüşür. Əbdürrəhman qardaşı ilə birlikdə imamı müşayiət edir və imperatorun qəbuluna layiq görülür.
Əbdürrəhman rus dilini tez bir zamanda öyrənir, bu dildə rahatlıqla yazır və fikrini ifadə edir. Runovski öz qeydlərində vurğulayır ki, gənc dağlılar rus dilini öyrənərkən praktiki biliklərlə kifayətlənməmiş, qrammatikanın dərinliklərinə yiyələnmişlər. Akademik İqnati Kraçkovskinin fikrincə, Əbdürrəhman "Kaluqada uzun illər qalması müddətində nəzərəçarpan dərəcədə ruslaşmışdı".
Tiflis. 1866–1871-ci illər Yaşayış yerinin dəyişməsi və öyrəşmədikləri iqlim dağlılara o qədər də yaxşı təsir göstərmir. 1866-cı ildə Əbdürrəhmanın həyat yoldaşı Nəfısət xəstələnir və qəfil vəfat edir. Həyat yoldaşını onun doğma vətəni Gimri dəfn etmək üçün hakimiyyət orqanlarından icazə alan Əbdürrəhman bir daha Kaluqaya qayıtmır və Tiflisə yola düşür. Burada o, Dağıstan daimi milisinə xidmətə qəbul edilir.
O, burada ikinci kitabı olan "Kitab təzkirə" — "Ustad, təriqət şeyxi Cəmaləddin əl-Hüseyninin oğlu Seyid Əbdürrəhmanın Dağıstan və Çeçenistan sakinlərinin əməlləri haqqında xatirələr kitabı. 1285-ci (1869) ildə Tiflisdə qələmə alınmış və yazılmışdır" əsəri üzərində işi tamamlayır. Bu əsər rusca tərcümədə "Xatirələr kitabı" ("Книга воспоминаний") kimi tanınır.
Əbdürrəhman öz əsərində Dağıstan və Çeçenistanın həyatını, məişətini və ənənələrini ətraflı təsvir edir. Üç imamın həyatı, Şamil İmamətinin quruluşu, onun naibləri və müdirləri haqqında unikal məlumatlar təqdim edir. Dağıstan kəndlərini, onların sakinlərini, mütəəllimlərin çətin təhsil həyatını təsvir edir. Əsir götürülmüş knyaginya Çavçavadze və Orbeliani ilə dəyişdirilən imamın oğlu Cəmaləddinin həyatı və faciəvi ölümü, İmamətin süqutu, Qunibin müdafiəsi, Şeyx Şamil və Baryatinski arasındakı danışıqlar haqqında ətraflı bəhs edir. Kitab rus dilinə tərcümə olunaraq Şamilin anadan olmasının 200 illiyi şərəfinə 1997-ci ildə nəşr edilmişdir.
Qafqaz müharibəsinin salnaməçisi Məhəmməd Tahir əl-Qaraxi özünün məşhur "Şamilin bəzi döyüşlərində Dağıstan qılınclarının parıltısı" ("Bariqət al-suyuf al-dagistaniyya...") əsərində Əbdürrəhmanın kitabındakı məlumatlardan istifadə edir ki, bu da Əbdürrəhmanın Dağıstanda tanındığını və oxunduğunu göstərir.
Yenidən Dağıstan. 1871–1901-ci illər 1871-ci ildə Əbdürrəhman ömürlük təqaüd təyin edilməklə Dağıstan vilayət rəisinin sərəncamına keçir və əvvəlcə Temirxan-Şuraya, oradan isə doğma Qazıqumuxa köçür. 1877–1878-ci illər Osmanlı-Rus müharibəsi fonunda Çeçenistan və Dağıstanda üsyan baş qaldırdıqda, Əbdürrəhman onu dəstəkləmir və hətta dağlıların sakitləşdirilməsində iştirak edir.
Sonralar — 1883-cü ildə o, özünün sonuncu əsəri olan "Sukut Dağıstan va Çaçan bi-yara ali Usman fi sanati 1877" — "1877-ci ildə osmanlıların təhriki nəticəsində Dağıstan və Çeçenistanın süqutu" əsərini yazır. Akademik Kraçkovski bu əsəri "birbaşa rus hakimiyyətinin sifarişi ilə" yazılmış əsərlər sırasına aid edir. Hərçənd Əbdürrəhman bu əsərdə Qafqazın çar idarəçilərinin səriştəsizliyinə diqqət çəksə də, üsyanın günahkarı kimi osmanlılar göstərilir, üsyançılar isə o qədər də xoş olmayan sözlərlə təsvir olunurlar.
Əbdürrəhmanın sonrakı həyatı haqqında məlumatlar kifayət qədər pərakəndədir. Yalnız dəqiq məlumdur ki, 1891-ci ildə o, Qazıqumuxda qazı kimi çalışmış və 1901-ci ildə elə orada vəfat etmişdir.
İrsi Əbdürrəhman Qaziqumuxlu tərəfindən qələmə alınmış salnamə Şimali Qafqazın ərəb əlifbalı yazılı irsinin (ərəb dilli yazısının) əsl abidəsidir. Görkəmli sovet ərəbşünası, akademik İqnati Kraçkovskinin fikrincə, Əbdürrəhmanın əsərləri Qafqazda gündəlik həyatın ayrılmaz hissəsinə çevrilmiş ərəb ədəbiyyatının qızıl fondunun inciləridir.
İstinadlar
Ədəbiyyat
.
Xarici keçidlər Abdurrahman al-Gazikumukhi. A summary of the detailed description of the affairs of Imam Shamil Abduкrahman of Gazikumukh: A Book of Memories Runovsky A. I. Shamil in Kaluga Абдурахман из Газикумуха «Книга воспоминаний» «Краткое изложение подробного описания дел имама Шамиля»
Kateqoriya:Dağıstan tarixi Kateqoriya:Qafqaz müharibəsinin iştirakçıları Kateqoriya:Rusiya imperiyası yazıçıları