Düşmən memarlıq — ictimai məkanlara çıxışı məhdudlaşdırmaq və insanların davranışlarını məqsədyönlü şəkildə istiqamətləndirmək üçün tikili mühitin elementlərindən istifadə edən şəhərsalma strategiyası. Düşmən memarlıq "düşmən" adlandırılır, çünki insanları gizli (bəzən isə açıq) şəkildə müəyyən məkanlardan uzaqlaşdırır. Bu yanaşma cəmiyyətdə problemli hesab edilən davranışlarla mübarizə aparmağa yönəlmiş şəhərsalma qərarlarından irəli gəlir. O, fiziki davranış imkanlarını məhdudlaşdırmaqla ictimai məkanlardan başqalarına nisbətən daha çox istifadə edən və ya onlardan asılı olan qrupları, məsələn, gəncləri, aztəminatlı şəxsləri və evsizləri hədəf alır.
Düşmən memarlıq termini çox vaxt "evsizlərə qarşı tikanlar" kimi tanınan elementlərlə əlaqələndirilir. Bunlar insanların həmin səthlərdə yatmasını narahat və əlverişsiz etmək üçün hamar səthlərə yerləşdirilən çıxıntılardır. Bu cür memarlıq elementlərinə ən çox əhalinin sıx məskunlaşdığı şəhər ərazilərində rast gəlinir. Digər tədbirlərə insanların oturmasının və ya dincəlməsinin qarşısını almaq üçün maili pəncərəaltı səthlər, binaların üzərindəki çıxıntılar, səkilərdə çadır qurulmasına mane olmaq məqsədilə yerləşdirilən dibçəklər və iri daşlar, insanların uzanmasına imkan verməyən, qoltuq dayaqlarıyla bölmələrə ayrılmış skamyalar, fasilələrlə su püskürdən çiləyicilər və iri həcmli tullantıların atılmasının qarşısını almaq üçün ağız hissəsi narahat dərəcədə kiçik olan ictimai zibil qutuları daxildir. Düşmən memarlıq həmçinin skeytbordinq, BMX velosipedi sürmə, rolikli konki sürmə, zibil atma, ictimai yerlərdə məqsədsiz vaxt keçirmə, ictimai yerlərdə tualetini etmə və icazəsiz əraziyə daxil olma hallarının qarşısını almaq, eləcə də zərərvericilərə qarşı mübarizə vasitəsi kimi tətbiq olunur.
Zəmin Düşmən memarlıq termini yeni yaransa da, sosial mühəndislik məqsədlərinə nail olmaq üçün mülki mühəndislikdən istifadə edilməsi yeni deyil. Bunun əvvəlki nümunələrinə XIX əsrdə sidiyin sıçramasını önləyən qurğular və ABŞ-da irqi ayrı-seçkiliyi təmin etmək məqsədilə həyata keçirilən şəhərsalma layihələri daxildir. Bunun bir nümunəsi 1941-ci ildə tikilmiş və ağdərililərin yaşadığı məhəllələri qaradərililərin yaşadığı məhəllələrdən ayırmaq məqsədi daşıyan Detroytdakı Eight Mile divarıdır. Amerikalı şəhərsalma mütəxəssisi Robert Mozes Lonq-Aylenddəki Southern State Parkway avtomobil yolunun bir hissəsini alçaq daş körpülərlə layihələndirmişdi. Bu körpülərin hündürlüyü avtobusların onların altından keçməsinə imkan vermirdi. Nəticədə, əsasən afroamerikalılar olmaqla, ictimai nəqliyyatdan istifadə edən insanların daha varlı avtomobil sahiblərinin gedə bildiyi çimərliyə getməsi çətinləşirdi. ABŞ-dan kənarda da sosial nəzarət məqsədilə ictimai məkanların dizaynının dəyişdirilməsinin tarixi nümunələri mövcuddur. Belə ki, XIX əsrdə Fransanın Paris şəhərindəki dar küçələrin hərbçilərin etirazları yatırmasını asanlaşdırmaq məqsədilə genişləndirildiyi bildirilir.
Onun müasir forması ətraf mühitin dizaynı vasitəsilə cinayətlərin qarşısının alınması (CPTED) adlı layihələndirmə fəlsəfəsinə əsaslanır. Bu fəlsəfə üç strategiya vasitəsilə cinayətlərin qarşısını almağı və ya əmlakı qorumağı hədəfləyir: təbii müşahidə, təbii girişə nəzarət və əraziyə nəzarətin təmin edilməsi. Ekspertlərin fikrincə, kənarlaşdırıcı dizayn getdikcə daha geniş yayılır. Bu tendensiya xüsusilə Stokholm kimi böyük şəhərlərdə müşahidə olunur.
1970-ci illərdə müdafiəolunan məkan qaydalarının geniş tətbiqinə uyğun olaraq, 2004-cü ilədək CPTED yanaşmasının əksər tətbiqləri yalnız o nəzəriyyəyə əsaslanırdı ki, tikilmiş mühitin düzgün layihələndirilməsi və səmərəli istifadəsi cinayətkarlığı azalda, cinayət qorxusunu zəiflədə və həyat keyfiyyətini yaxşılaşdıra bilər. Tikilmiş mühitdə CPTED prinsiplərinin tətbiqi cinayətlərin baş verdiyi mühitə müdaxilə etməklə onların qarşısını almağa yönəlir. Bu yanaşmanın altı əsas konsepsiyası var: əraziyə sahiblik hissi, müşahidə, girişə nəzarət, görünüşün qorunması və texniki xidmət, fəaliyyətin dəstəklənməsi və hədəfin möhkəmləndirilməsi. Cinayətkarlığın yüksək olduğu və ya olmadığı bütün məhəllələrdə cinayətlərin qarşısını almaq üçün bu strategiyaların hamısının tətbiqi vacibdir.
CPTED yanaşmasından əlavə, elmi araşdırmalar göstərir ki, müasir kapitalist şəhərlər daha varlı şəxslərin investisiya qoymaq istəyini azalda biləcəyindən ehtiyat edərək, ictimai məkanlarında evsizliyin əlamətlərini aradan qaldırmaqda maraqlıdırlar. İngiltərədə düşmən memarlıq elementlərinin böyük hissəsinin hökumətin dilənçilik və küçələrdə spirtli içki qəbul etmək kimi davranışlarla müşayiət olunan antisosial küçə mühiti ilə mübarizə aparmaq istəyindən qaynaqlandığı bildirilir.
Qalereya
İstinadlar
Kateqoriya:Evsizlik Kateqoriya:Memarlıq dizaynı Kateqoriya:Şəhərsalma dizaynı Kateqoriya:Skeytbordinq Kateqoriya:Sosial mühəndislik