Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası — Azərbaycanda kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə Azərbaycan haqqında nəşr olunmuş çap materiallarını və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə çap olunmuş məlumat daşıyıcılarını toplayıb mühafizə edən kitabxana və dövlət kitabsaxlayıcısıdır.

Azərbaycanın ən böyük kitabxanası olmaqla yanaşı, Qafqazda və Avropada ən böyük milli kitabxanalardan biridir.

2025-ci ildə Milli Kitabxananın fonduna müxtəlif mənbələrdən 11 286 adda, 25 603  nüsxə  ədəbiyyat daxil olub. Daxil olan ədəbiyyatın 19 368 nüsxəsi kitab, 6 235 nüsxəsi isə digər sənədlərdir. Bunun 18 068 nüsxəsi Azərbaycan, 3 368 nüsxəsi rus, 4 167 nüsxəsi  digər xarici dillərdə olmuşdur. Milli Kitabxananın fondu 4 715 914 nüsxədən ibarətdir.

Ötən ilin yekunlarına əsasən, il ərzində kitabxanada ənənəvi oxucu davamiyyəti 192 605 nəfər olub. Kitabxananın ümumi oxucu sayı isə 296 365 nəfər, virtual istifadəçilərinin sayı isə 9 769 785 nəfərə çatmışdır.

Tarixi

Kitabxana Azərbaycan Respublikası Xalq Maarif Komissarlığının 13 noyabr 1920-ci il tarixli 53 nömrəli qərarına əsasən yaradılmış, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olmuşdur.

Kitabxana yaradılarkən onun fonduna İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyətinin kitabxanalarından 5000 nüsxə kitab təqdim olunmuşdur.

1923-cü ildən sürətlə inkişaf etməyə başlayan kitabxana əsas diqqəti fondun komplektləşdirilməsinə vermişdir. 1925-ci ildə o öz fondunda 51000, 1928-ci ildə isə 300 min adda kitab, jurnal, qəzet kart və digər çap məhsullarını toplaya bilmişdir. Təkcə 1928-ci ildə xaricdən 50 adda dövri mətbuat alınmışdır. Oxucuları 3183 nəfər: onlardan 2957-si kişi, 226-sı isə qadın olmuşdur. Kitab verilişi isə 2576 nüsxə təşkil etmişdir. İlk biblioqrafik göstəricilər 1927-ci ildə hazırlanmağa başlanmışdır. Ümumiyyətlə o dövrdə Şərqə artan maraqla bağlı olaraq "Şərq haqqında jurnal materialları (1917–1927)", "1927-ci ildə Şərq haqqında SSRİ ədəbiyyatı" adlı göstəricilər bu silsilədəndir. 13 nəfər işçi ilə fəaliyyətə başlayan kitabxananın ilk direktoru Müslüm Səlimov olmuşdur. Kitabxanada oxu zalı 1927-ci ildə açılmışdır. Kitabxana Azərbaycan Elmlər Akademiyasının binasında bir neçə otaqda yerləşirdi. Bu da onun iş fəaliyyətini genişləndirməyə imkan vermirdi. Buna baxmayaraq artıq 1928-ci ildə kitabxana 6 şöbədən: Şərq, Rus, Qərbi Avropa, Xüsusi şöbə, Xidmət və Biblioqrafiya bürosundan ibarət idi. İşçilərinin sayı isə 29-a çatmışdır.

1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundovun adı verilmişdir.

2004-cü ildə Nazirlər Kabinetinin qərarı ilə kitabxanaya "Milli Kitabxana" statusu verilmişdir.

Azərbaycan kitabxanalarının flaqmanı, milli-mənəvi dəyərlərimizin etibarlı saxlanc yeri və tarixi yaddaşımız hesab olunan Milli Kitabxananın müasir dövrün tələblərinə uyğun inkişafı və yenidən qurulması işlərinin bünövrəsi də 1990-cı illərin ikinci yarısında Ulu Öndərin rəhbərliyi altında, bilavasitə onun iştirakilə həyata keçirilmişdir. Milli Kitabxananın Əsasnaməsinin təsdiqi, ona bütün fondlarının və əmlakının toxunulmazlığını təmin edən yüksək milli statusun müəyyənləşdirilməsi, binasının istifadəyə verildiyi 50 il ərzində ilk dəfə tam şəkildə yenidən qurulması layihəsinin reallaşdırılması, fondunun zənginləşdirilməsi məsələləri də bilavasitə Heydər Əliyevin şəxsi göstərişi və rəhbərliyi ilə həyata keçirilmişdir.

10 illik prezidentliyi dövründə Heydər Əliyev 4 dəfə (3 iyun 1995; 4 mart 1996; 5, 20 noyabr 1997) Milli Kitabxanaya gəlmişdir. Ulu Öndər bu kitabxananı yüksək qiymətləndirərək demişdir: “Mədəniyyət mərkəzlərindən biri olan M.F.Axundov adına Kitabxanaya gəlmişik. Kitabxana xalq üçün, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, bilik, mənəviyyat və zəka mənbəyidir. Buna görə kitabxanaya daim hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən faktorlardan biridir. Mən vaxtilə də bu kitabxanaya dəfələrlə gəlmişəm. Ancaq bu gün bu kitabxananın astanasından keçərkən çox böyük hörmət və ehtiram hissi keçirirəm və kitabxanaya, burada çalışan insanlara, burada toplanan kitablara öz hörmətimi, ehtiramımı bildirmək istəyirəm”.

Heydər Əliyevin müstəqillik dövründə Azərbaycanda kitabxana quruculuğunun inkişafına, xüsusilə Azərbaycan Milli Kitabxanasının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun yenidən qurulmasına, xidmət proseslərinin avtomatlaşdırılmasına və modernləşdirilməsinə verdiyi töhfələri, bu kitabxananın fəaliyyətinə və əməkdaşlarının əməyinə verdiyi yüksək qiyməti layiqincə dəyərləndirən Milli Kitabxananın foyesində xalqımızın böyük oğlunun adına layiq guşə yaradılmışdır. Həmin guşədə Ulu Öndərin bir vaxtlar Milli Kitabxanaya gələrkən bu elm məbədinə öz şəxsi kitabxanasından bağışladığı 300 nüsxədən artıq kitab nümayiş olunur.

Kitabxananın binası Kitabxananın memarlıq baxımından tarixi abidə kimi qiymətləndirilən binası 1959-cu ildə tikilmiş, açılışı isə 1961-ci ildə olmuşdur. Kitabxananın yeni binasında yaradılan əlverişli şərait, təcrübəli və savadlı mütəxəssislərin çalışması xalqımızın sosial‐iqtisadi və intellektual potensialının güclənməsi naminə daha səmərəli fəaliyyət göstərməsi üçün əsaslı zəmin yaratdı.

Binanın layihəsi tanınmış memar Mikayıl Hüseynova məxsusdur. Binanın yerinin seçilməsində və tikilməsində yazıçı Süleyman Rəhimovun böyük xidməti olmuşdur.

Kitabxananın fasadında Nizami Gəncəvi, Şota Rustaveli, A.S.Puşkin, Məhsəti Gəncəvi, D.İ.Mendeleyev, Həsən bəy Zərdabi, Maksim Qorki, Üzeyir Hacıbəyli, Səməd Vurğun, Bülbül, Niyazi, Rəsul Rza, Mirzə Ələkbər Sabir, Əcəmi Naxçıvani, Sultan Məhəmmədin heykəlləri qoyulmuşdur.

Kitabxananın strukturu Hazırda Milli Kitabxanada 21 şöbə, 20 bölmə fəaliyyət göstərir. Kitabxananın zalları: Beynəlxalq əməkdaşlıq zalı

Tələbə gənclərə xidmət zalı

Dəqiq və texniki elmlər zalı

Humanitar elmlər zalı

Lokal şəbəkədən istifadə üzrə oxu zalı

Dövri mətbuat zalı

Elektron informasiya xidməti zalı

Xarici ədəbiyyat oxu zalı

Açıq oxu zalı

Sərgi zalı

Not nəşrləri zalı

Uşaq bölməsi və uşaq istirahət guşəsi

İnformasiya xidməti şöbəsinin oxu zalı

Konfrans zalı

Akt zalı

Azərbaycan ədəbiyyatının arxivi zalı

Nadir kitablar və kitabxana muzeyi şöbəsinin zalı

Elektron dissertasiya xidməti zalı

Elmi-biblioqrafik və diyarşünaslıq biblioqrafik resursların yaradılması şöbəsinin zalı

Fəaliyyəti

Zəngin kitab fonduna malik olan Milli Kitabxanada Azərbaycan kitab mədəniyyətinin ilk nümunələri – daşbasma üsulu ilə çap olunmuş və ilk çap kitabları, XIX əsrin dövri mətbuat nümunələri toplanmışdır. Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsində dünyanın 20‐ə yaxın dilində ən qədim kitablar, müxtəlif elm sahələrinə aid fundamental tədqiqat əsərləri, qiymətli sorğu ədəbiyyatları qorunub saxlanılır. Kitabxananın arxiv fondunda mətbuat tariximizin misilsiz bir hissəsini təşkil edən 91 adda qəzetin 1875-1930-cu illəri əhatə edən böyük bir dövrünün əsli və fotosurətləri, eləcə də Azərbaycan mətbuatının inkişafında mühüm rol oynayan jurnallar qorunub saxlanılır. Azərbaycan Milli Kitabxanasında informasiya texnologiyalarından istifadəyə 1999-cu ildən başlanılmış, 2000-ci ildə İnternet zalı istifadəyə verilmişdir. 2001-ci ildə isə Treninq Mərkəzi yaradılmışdır. 2003-cü ildən kitabxanada avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqinə başlanılmışdır. Buraya elektron kataloqun tərtibi, elektron kitabxananın təşkili, oxucuların qeydiyyatı, kitab verilişi, kitab fondunun komplektləşdirilməsi daxildir. Bu proseslərin hamısı ORACLE əsaslı VİRTUA proqramı vasitəsilə həyata keçirilir. Gələcəkdə Sierra platformasına keçid nəzərdə tutulur və bu Virtua-nın davamı, daha təkmil versiyası kimi dəyərləndirilir.

Elektron kataloqla yanaşı, AMK-da kitab fondlarının elektron versiyası, yəni kitabların rəqəmsallaşdırılması prosesi də həyata keçirilir. Kitabxanaya daxil olan bütün ədəbiyyat (seçmə üsulu ilə) dərhal rəqəmsallaşdırılaraq kitabxananın lokal şəbəkəsində yerləşdirilir. AMK-da Rusiya Dövlət Kitabxanasının Elektron Dissertasiya fondunun Virtual oxu zalı və Azərbaycanda müstəqillik dövründə müdafiə olunmuş dissertasiyaların tam elektron bazası yaradılmış, onlayn xidmət növləri olan virtual sifariş, biblioqrafik sorğu, metodik xidmət həyata keçirilir.

Hazırda AMK-da oxucuların kitabxanaya yazılması, qeydiyyata alınması, kitabların axtarışı və sifarişi, kitabların qaytarılması və qanunsuz olaraq kitabxanadan çıxarılmasının qarşısının alınmasınadək oxuculara kitabxana xidməti ilə bağlı bütün proseslər tam avtomatlaşdırılmışdır.

2016-cı ilin iyul ayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Milli Kitabxanasının birgə layihəsi əsasında paytaxt sakinləri və şəhərimizin qonaqları üçün fasiləsiz və sərbəst mütaliə imkanlarının yaradılması məqsədilə, Milli Kitabxananın nəzdində həftənin bütün günləri, 24 saat ərzində xidmət göstərən “Açıq Kitabxana” yaradılmışdır.

Burada ayrı-ayrı oxucular, yazıçılar, şairlər, görkəmli elm və mədəniyyət xadimləri tərəfindən kitabxanaya hədiyyə edilən kitablar nümayiş etdirilir və onların mütaliəsinə şərait yaradılır.

Açıq Kitabxanada həmçinin, açıq səma altında poeziya gecələri, mütaliə axşamları, ayrı-ayrı yazıçı və şairlərlə görüşlər keçirilir, yazıçı və şairlərin yeni kitablarının təqdimat mərasimləri, imzalı görüşlər təşkil olunur.

Layihələr Azərbaycan Milli Kitabxanası hər il həm müxtəlif mövzularda, həm də “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından onlarla biblioqrafiyalar, həmçinin metodik vəsaitlər, daycestlər, “Milli musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)” seriyası altında Azərbaycan bəstəkarlarının əsərlərinin not nəşrlərini, ardı davam edən nəşr kimi “Əlamətdar və tarixi günlər təqvimi”ni, “Yeni kitablar” adlı rüblük annotasiyalı biblioqrafik göstəricini, “Birillik Azərbaycan Kitabiyyatı”nı, fundamental “Azərbaycan kitabı”, “Mədəniyyət, incəsənət, bədii ədəbiyyat və ədəbiyyatşünaslıq haqqında yeni ədəbiyyat” adlı cari informasiya göstəricisini, “Elmi Əsərlər”ini və s. tərtib və çap edir. Milli Kitabxananın hazırladığı və çap etdirdiyi bütün fundamental biblioqrafiyalar, tövsiyələr, metodik vəsaitlərin elektron versiyası kitabxananın saytında yerləşdirilir, nəticədə bütün nəşrlər çap olunmamışdan və yerlərə göndərilməmişdən əvvəl onlayn şəkildə kitabxanaçıların, mütəxəssislərin ixtiyarına verilir.

Bundan başqa, kitabxana tərəfindən tammətnli elektron məlumat bazaları və virtual sərgilər hazırlanaraq sayt vasitəsilə dünya istifadəçilərinə təqdim edilir, həmçinin 81 ölkənin musiqi irsini özündə birləşdirən Beynəlxalq Petruççi Musiqi Kitabxanasının Azərbaycan bölməsində “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun icazə verdiyi və ya müəlliflərin özləri tərəfindən rəsmi icazə verilən Azərbaycan xalq mahnıları və bəstəkarlarının yüzlərlə musiqi əsərlərinin notları, habelə korifey ifaçılarımızın səs yazıları MP-3 formatında yerləşdirilir.

Azərbaycan Milli Kitabxanasının həyata keçirdiyi son layihələrdən biri də “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsidir. Layihəsinin əsasında dünya milli kitabxanalarında və muzeylərində mühafizə edilən Azərbaycana aid qiymətli əlyazmaların müəyyən olunaraq onların elektron və kağız nüsxələrinin Milli Kitabxanaya gətirilməsi ideyası durur. Bu layihə çərçivəsində 2019-cu ildə İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar dünya milli kitabxanalarında mühafizə olunan, Azərbaycan elminə və alimlərinə məlum olmayan nüsxələrin yer aldığı 32 Nəsimi əlyazmalarının rəqəmsal və kağız surətləri Azərbaycana gətirilmişdir.  Belə ki, Milli Kitabxana ilk dəfə olaraq bu layihə çərçivəsində Türkiyə, İran, Çexiya, Misir, Bosniya və Herseqovina, Amerika Birləşmiş Ştatlarından gətirilmiş, türk, ərəb və fars dillərində olan Nəsimi əlyazmalarının, eləcə də Nizami Gəncəvinin “Xəmsə”sinin əlyazmasının surətlərini və rəqəmsal nüsxələrini əldə etmişdir.