Səxavət Əmirxan oğlu Məmmədov () — Azərbaycan xanəndəsi.

Həyatı Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal kəndində anadan olmuşdu. Ağdam rayonunun Abdal və Gülablı kəndlərinə bəzən Abdal-Gülablı deyilir və bir çox mənbələrdə Səxavət Məmmədovun doğum yeri Abdal-Gülablı göstərilir.

Səxavət Məmmədov bənzərsiz səsə malik olmuş sənətkar idi. Səsi "Segah"a yatımlı idi, ruhu "Segah"a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti də məhz "Segah" ladında idi. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül", "Sona Bülbüllər" və sair.

1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olmuş Səxavət Məmmədov ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənirdi. Səxavət Məmmədov 1976-cı ildə "Hümayun" xalq ansamblının solisti oldu. 1983–88-ci illərdə Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edibdir. Onun yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.

“Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yaranmışdı. Səxavət Məmmədov "Qarabağ"la təkcə Qarabağı deyil, SSRİ-ni, Avropa ölkələrini də gəzib dolanır, muğamla yanaşı, Azərbaycan həqiqətlərini də dünyaya çatdırırdı.

Səxavət Məmmədov 1991-ci il sentyabrın 30-da indiki Şirvan şəhəri tərəfindən qayıdarkən Qaradağ rayonu ərazisində avtomobil qəzasına uğramışdı. Lökbatan xəstəxanasına çatdırsalar da, köməyi olmadı, dünyasını dəyişdi. O ərəfədə, xanəndənin adı əməkdar artistliyə təqdim edilmişdi. Səxavət Məmmədov Abdal kəndində torpağa tapşırıldı. Müharibə vəziyyətinə görə Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi. Daha sonra isə kənd işğal olundu. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qaldı. 2020-ci ilin sonunda, 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərdə olan hərbçilər xanəndənin məzarını tapıbmışdılar. Az sonra isə yaxınları məzarı ziyarət etdilər.

Ailəsi Bəxtiyar Məmmədov — oğludur.

Səxavət Məmmədov xanəndə Firuz Səxavətin böyük qardaşıdır.

Filmoqrafiya Bəxt üzüyü (film, 1991) — Mahnı ifa edən

İstinadlar

Xarici keçidlər XANƏNDƏ SƏXAVƏT MƏMMƏDOVUN RƏSMİ SAYTI http://news.day.az/radioarchive/234462.html Səxavət Məmmədov, Qubanin ag almasi Səxavət Məmmədov, Bəxtiyar Vahabzadənin qəzli Səxavət Məmmədov — Azad Bir Quşdum (Azad Bir Qusdum) Səxavət Məmmədov — Mirzə Hüseyn segahı (Möhlət Müslümov — Tar, Fəxrəddin Dadaşov — Kamança) Səxavət Məmmədov — Dəşti təsnifi (Möhlət Müslümov — Tar, Fəxrəddin Dadaşov — Kamança)

Kateqoriya:Azərbaycan xanəndələri Kateqoriya:Azərbaycanda yol-nəqliyyat hadisələrində ölənlər Kateqoriya:Xanəndələr