Neft Daşları — Azərbaycan Respublikasının daxilində, Bakının Pirallahı inzibati ərazi vahidində qəsəbə Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2012-ci il tarixli, 519-IVQ saylı Qərarı ilə Bakı şəhəri Xəzər rayonunun Neft Daşları qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Neft Daşları qəsəbəsi Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxil edilmişdir. Neft Daşları qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir.
Xəzərin dibində neftin olması qədim vaxtlardan məlum idi. Bir çox tarixçilərin, səyyahların əsərlərində dəniz səthi üzərində mazutlu daşların görünməsi, suda qaz qabarcıqlarının çıxması təsvir edilmişdi. Dənizin həmin hissəsinin "Qara daşlar" adlandırılması da məhz bununla əlaqədar idi.
Ümumi məlumatlar Neft Daşları dünyanın ilk neft platformasıdır. Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Pirallahı rayonunun ərazisinə daxildir. Xəzər dənizi səthindən azca görünən "Qara qayaların" ətrafında tikilmişdir. Abşeron yarımadasından 42 km cənub-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində dəniz səthindən bir neçə metr hündürlükdə tikilmişdir.
"Neft Daşları" paytaxt Bakıdan 90 km aralıda yerləşir. "Neft Daşları"nın bu ərazidə yaranmasına səbəb isə quyu olub. 1949-cu ilin iyul ayında qazılan quyudan 1100 metr dərinlikdə ilk dəfə neft fontan vurub. Elə ondan sonra da burada "Neft Daşları" yaranıb.
Neft Daşları Ginnesin Rekordlar Kitabına adı ən birinci dəniz neft platforması kimi düşmüşdür.
Tarixi Hələ XIX əsrin əvvəllərində (1798-ci ildə) Xəzər dənizindən (Bibi-Heybət) ilk neft alınmışdır. Ancaq sənaye istehsalı yalnız 1925-ci ildə başlamışdır. Bakı buxtasında dənizin bir neçə metr dərinliyində və ağac dirəklərin üstündə yerləşən cəmi bir quyu qazılmışdı. Sonralar Abşeron yarımadasının sahil zonasında neft və qaz ehtiyatları olan Pirallahı-Dəniz, Gürgən-Dəniz, Banka-Darvin yataqları işlənməyə başlamışdır. Bu yataqlar şərti olaraq, dəniz yataqları adlandırıla bilər, çünki onlar öz başlanğıcını qurudan götürürlər. Neft Daşlarının (Bakının 110 km-də) isə quru ilə heç bir əlaqəsi yoxdur. Əsrin əvvəllərində Xəzər dənizinin dərinliklərindən neftçıxarma ideyası geniş yayıldı. Bu dövrdə 20-ə qədər layihə işlənib rəsmi təqdim olunmuşdu. 1909-cu ildə Bibiheybət buxtasının torpaqlanması başlandı və 350 ha sahə yalnız 20 ilə torpaqla örtüldü. XX əsrin 30-cu illərində Xəzər müxtəlif sahələrində axtarışlar, bununla yanaşı, müxtəlif texniki problemlərin həlli üzrə işlər aparılırdı. Dəniz geofizikasında yaradılan yeni texniki vasitələr, xüsusi gəmilərdən istifadə ilə çəkilmiş xəritələr, geoloji tədqiqatlar Xəzər akvatoriyasının çox hissəsində neftçıxarmanın perspektivli olmasım bir daha təsdiqlədi. Müəyyən edilmiş sahələrdə aparılan ilkin axtarışlardan sonra layihə işlərinə başlandı. Belə sahələrdən biri Pirallahı adasının şimalında, dənizin dərinliyi 7 m olan hissəsində idi. Burada neft layları 60 m dərinliyində yerləşirdi. Bu da xüsusi özüllər yaradılması zərurətini göstərirdi. 1932–1933-cü illərdə Bibiheybət buxtasında dərin quyular qazmaq üçün iki taxta özül tikildi. Sonralar, 1935–1936-cı illərdə Pirallahı adasının şimal-qərb hissəsində də özüllər tikilir. Bunlardan qazılan quyular gündə 150–300 neft verirmiş. Lakin bu özüllər qısa bir müddətdən sonra sıradan çıxdığı üçün yeni texniki vasitələrin yaradılması tələb olunurdu. N. S. Timofeyevin layihəsi üzrə 1938-ci ildə yenə Pirallahı adasımn şimalında fordi metal özül tikildi və kəşfiyyat işləri başlandı. Lakin II Dünya müharibəsinin başlanması dənizdə geoloji-kəşfiyyat işlərini 1944-cü ilə qədər dayandırdı. Buna baxmayaraq, elmi-tədqiqat işləri davam etdirilirdi. 1944-cü ilin 24 sentyabrında Ümumittifaq müsabiqə elan edildi. Müsabiqənin şərtlərinə görə, təklif olunan dəniz özülü uzun müddət çətin dəniz şəraitində, dərin sularda fasiləsiz qazma işlərinə imkan yaratmalı idi. Müsabiqədə qalib gəlmiş iri qabaritli LAM sistemli konstruksiya Oktyabr inqilabı Maşınqayırma zavodunda hazırlandı və Gürgan-dəniz yatağında quraşdırıldı.
Neft Daşlarının yerində olan daşlı, qayalı sahəni ram etmək cəhdi ilk dəfə 1948-ci il noyabrın 14-də hava şəraiti pis olan bir gündə olmuşdur. Bortunda görkəmli neftçi-geoloq, bacarıqlı istehsalat təşkilatçısı, respublikanın Əməkdar mühəndisi, SSRİ-nin Fəxri Neftçisi, SSRİ Dövlət Mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor Ağa Qurban oğlu Əliyev, geoloq Ə. Əliyev və buruq üzrə mütəxəssis, 1947-ci ildə yaranmış Azneftkəşfiyyat təşkilatının rəhbəri S. Orucov olan kiçik bir gəmi (Pobeda) adacıqlara yaxınlaşdı və mütəxəssislər kiçik bir adaya düşdülər. Onlar burada ilk qazma qurğusunu və qazma briqadası üçün cəmi 14 m kv. olan evcik tikdilər. Xərclərə qənaət məqsədilə 7 istifadəsiz iri gəmi gətirilərək "Qara daşlar"ın yanında lilə batırıldı. Bu səbəbdən həmin ərazi əvvəllər "yeddi gəmi adası" kimi də adlanırdı. 7 noyabr 1949-cu ildə Neft Daşlarında 942 m dərinlikli 1№-li quyu (Qala lay dəstəsindən) gündəlik 100 t hasilatla istismara daxil oldu və dənizdə neftçıxarmanın əsası qoyuldu. Yatağı kəşf edən geoloq Ağa Qurban Əliyev olmuşdur. Sosialist Əməyi Qəhrəmanı, Mixail Kaveroçkin 1949-cu il noyabrın 7-də neft verən ilk quyunu həmin bu sahədə qazmışdır. Quyunun gündəlik neft hasilatı 100 ton idi. Neft Daşlarını fəth edənlərin bir çoxu 1951-ci ildə birinci dərəcəli SSRİ Dövlət mükafatına layiq görüldülər.
1951-ci il fevralın 18-də Neft Daşlarınin nefti ilə doldurulmuş ilk tanker boşaldılmaq üçün Dübəndi limanına yan verdi. Bir neçə aydan sonra isə dənizin 20–25 m. dərinliyində estakadalar və burğu, texnoloji sahələr tikilməyə başlandı. Elektrostansiyaların, nasos-kompressor kompleksinin, köməkçi sexlərin, neftçilər üçün yaşayış 5–9 mərtəbəli evlərin ümumi sahəsi 1960-cı ilin əvvəllərində 70 min m kv idi. Beləliklə Neft Daşları dəniz möcüzə-şəhərinə çevrildi. 60-cı illərin axırında özünəməxsus "küçə" vəzifəsini yerinə yetirən estakadaların ümumi uzunluğu 200 km-dən çox idi. Neft Daşları ilə Bakını radiotelefon rabitəsi birləşdirir. İnsanları, qida məhsullarını və başqa əşyaların daşınmasında Mİ-8 vertolyotundan istifadə olunur. 70-ci illərdə Neft Daşlarına içməli su xətti çəkildi. 1991-ci ildə SSRİ dağıldıqdan sonra Neft Daşlarında tənəzzül başladı. Əhali sayı 5 min nəfərdən 2 min nəfərə endi. Yolların bir çoxu dağılaraq dənizə qərq oldu, əvvəlki 300 km yoldan ancaq 45 km yol istifadəyə yararlı qalıb. Körpülərin bəzisi dağılıb. 2009-cu ildə Neft Daşları özünün 60 illiyini qeyd edərkən burada 170 milyon ton neft hasil olunmuşdu.
2015-ci ildə "Neft Daşları"nda 438 neft quyusundan gündəlik 2600 ton neft hasil edilib. Son illərdə neft hasilatının aşağı düşməsi və dəniz suyunun təsiri ilə estakadaların sürətlə paslanaraq sıradan çıxması Neft Daşlarının bağlanması və sökülməsi barədə müzakirələrə səbəb olub. Lakin onun sökülməsinin çox bahalı olacağı gözlənilir. Əvəzində Neft Daşlarının turizm ərazisinə çevrilməsi təklif olunur. Ekspertlər Neft Daşlarında 2030-cu illərə kimi neft hasilatının davam etdirilməsinin mümkün olduğunu deyirlər. 2022-ci ildə Neft Daşlarında hasil olunan neft Azərbaycanda hasil olunan neftin 1 faizini təşkil edirdi. Ümumilikdə isə 2019-cu ilə kimi 70 il ərzində "Neft daşları" yatağından 176 milyon ton neft və 13 milyard kubmetrdən çox təbii qaz hasil olunub. 2019-cu ildə həmçinin dəniz suyunun şirinləşdirilməsi qurğusu da istifadəyə verilib. Burada ümumilikdə 2 min civarında quyu qazılıb, 200 kilometrə yaxın estakada, 333 istehsalat meydançası tikilib. 100 kilometrlərlə neft, qaz, su kəmərləri çəkilib.
Neft Daşlarında qəzalar Yarım əsrdən çox yaşı olan Neft Daşları öz tarixi boyu faciəli hadisələr, fırtınalar, qəzalar görüb.
1953-cü ilin qışında Xəzər dənizində qeyri-adi təbiət hadisəsi baş verdi. Dənizin şimal hissəsində havanın gözlənilmədən istiləşməsi nəticəsində nəhəng buz sahələri əsas hissədən qoparaq küləyin təsiri ilə cənuba tərəf yönəldi. Əvvəlcə buzların Abşeron yataqlarına çatacağına heç kəs inanmırdı. Çünki arada 100 km məsafə vardı. Lakin alınan məlumatlar göstərdi ki, buzlar Artyoma (Pirallahıya), "Gürgan- dəniz"ə yaxınlaşır. Çox keçmədi ki, bu rayonlarda əsl "buz müharibəsi" başladı və iki həftəyə qədər davam etdi. Estakadalar uçulmağa başladı. Dəvət olunmuş hərbçilər tol şaşkalarıyla iri sahələri partladır, kiçik hissələri dayaqlar arasından keçirirdilər. Lakin buzun hücumu ara vermirdi. 300–400 metrlik estakadalar, üzərində boru kəmərləri və kabel güc xətləri, işıqlandırma dayaqlan və fəaliyyətdəki quyuları olan meydançalar dəniz dibinə qərq olundu. Lakin neftçilər qabaqcadan quyuları bağlayıb, dənizə neft axmasının qarşısını alırdı. Buz dağları "Artyom-dənizi" və "Gürgan-dənizi" məhv edəndən sonra Neft Daşlarına tərəf hərəkət edəndə bu, neftçilər üçün əsl sınağa çevrildi. Bu zaman mədəndə 50 km-ə qədər estakada, onlarla meydança, iki əmtəə rezervuarı, tankerlər üçün iki yanalma körpüsü, bir neçə neft toplama məntəqəsi, iki yaşayış qəsəbəsi vardı. Bütün bu nəhəng və vacib təsərrüfat qorxu altında idi. Xoşbəxtlikdən bəzi tədbirlər görülmüşdü, o cümlədən bütün quyular bağlanmış, bütün personal sahilə çıxarılmışdı. Növbədə rəhbər tərkibdən 50 nəfər, yanğınsöndürənlər briqadası və fəhlələr, radistlər, meteoroloqlar və "Azdenizneft"in iki mütəxəssisi qalmışdı. Onların qarşısında məsuliyyətli bir məsələ dururdu: yanğının qarşısını almaq və konstruksiyalar dağıldıqca mədənin cənub tərəfinə çəkilmək, çünki burada buzdan azad sularda onları Xəzər donanmasının üç torpedo kateri gözləyirdi. Nəhayət, ən dramatik an gəlib çatdı — buz sahəsi birinci obyektlər birində min ton neft olan əmtəə rezervuarlan parkı ilə toqquşdu. Xoşbəxtlikdən onlar boş idi, bir az əvvəl onlardakı neft tankerlərlə quruya göndərilmişdi, Buzun təzyiqi ilə ilk payalar titrəməyə başladı, ancaq rezervuarların meydançası bu təkana dözdü. Elə burada möcüzə baş verdi. Artıq neçə gün olardı ki, şərqdən əsən külək ani olaraq kəsdi və sonra istiqaməti dəyişdi, güclənərək qərbdən əsməyə başladı. Buzun hərəkəti dayandı və qısa müddətdən sonra əks tərəfə yönəldi. Sonra hava tez bir zamanda istiləşib buzu əritdi. Bu zaman hadisələrin belə dönüşünü gözləməyən insanların sevincinin sonu yox idi, çünki Neft Daşlarının faciəsi baş vermədi.
1957-ci ilin noyabr ayının 20-dən 21-nə keçən gecə Neft Daşları tarixində ən faciəli gün kimi yaddaşlara həkk olubdur. Həmin fırtınalı gündə küləyin sürəti 44 m/san, dalğamn hündürlüyü 13 m olmuşdur. Bir sıra qurğular, kommunikasiya xətləri, estakada və estakadayanı meydançalar dağılmışdır. Fırtınalı gecədə güclü dalğalara tab gətirməyərək dağılan dəniz özülü özünün nəhəng metal hissələri altında növbədə olan Mixail Kaveroçkini və onun briqadasını — Süleyman Bağırovu, Nikolay Duplixini, İbrahim Sadıqovu, Məmməd Muradovu, Bala Mirzəyevivə başqalanm əbədi sükuta qərq etdi. Neft Daşlannda hər il noyabr ayının 21-də həlak olmuş 21 nəfər neftçinin xatirəsini yad etmək məqsədilə 21 ədəd gül dəstəsi denizə buraxılır.
1992-ci ilin 24–26 noyabrında da Neft Daşlannda təbii fəlakət baş vermişdi. Qəflətən baş vermiş qasırğa nəticəsində küləyin sürəti 41 m/san, dalğamn hündürlüyü 9 m olmuşdu. Qasırğa bir çox sahələrdə hidrotexniki qurğuları, kommunikasiya sistemlərini sıradan çıxarmış, neft-qaz və su xətləri dağılmış, quyular dayanmış, elektrik enerjisi kəsilmiş, qaz kompressor stansiyaları dayanmış, bir sıra estakada- yanı sahələrlə əlaqələr tamamilə kəsilmişdi. Həmin sahələrdən bir neçəsində 33 nəfər neftçi açıq dənizdə təhlükəli şəraitdə qalmışdır.