Məhəmməd Ələsgər oğlu Həsənov () — Azərbaycan hərbi xadimi, Azərbaycanın Milli Qəhrəmanı (1992). Birinci Qarabağ müharibəsi iştirakçısı.
Həyatı Məhəmməd Həsənov 9 avqust 1959-cu ildə Goranboy rayonunun Qarasüleymanlı kəndində doğulmuşdur. 1966–1976-cı illərdə buradakı 3 saylı məktəbdə təhsil almışdır. 1977–1979-cu illərdə hərbi xidmətdə olmuşdur. Sonra isə Kiyev şəhərinə gedir. 1980-ci ildə Kiyev Radioelektronika Texnikumuna daxil olur. 1984-cü ildə buradakı "Kommunist" zavoduna işə qəbul edilir. 1987-ci ildə Vətənə qayıdır və təhsil aldığı 3 saylı məktəbdə hərbidən dərs deyir. 9 noyabr 2020-ci ildə avtomobil qəzasına düşür və 18 noyabr 2020-ci ildə vəfat edir.
Döyüşlərdə iştirakı Ermənilər torpaqlarımıza hücum edəndə o, könüllülərdən ibarət dəstəyə komandir təyin olunur. Məhəmmədin döyüş yolu Mənəşli, Erkəç, Qaraçinar, Talış kəndlərindən keçir. Ermənilər ağır itkilər verərək geri çəkildilər. Məhəmməd xeyli erməni quldurunu şəxsən özü məhv etdi. 1992-ci il könüllü batalyonlar ləğv edildikdən sonra "N" saylı hərbi hissədə xidmətini davam etdirir. 1993-cü ildə Baki Ali Komandirlər Məktəbini bitirir. O, polkovnik-leytenant rütbəsinədək yüksəlmişdi. 2002-ci ildən Goranboy rayonunun Veyisli kənd orta məktəbində işləmiş və təhsil aldığı 3 saylı tam orta məktəbdə direktor vəzifəsində çalışmışdır.
Ailəli və dörd övladı olmuşdur.
Milli Qəhrəman Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Həsənov Məhəmməd Ələsgər oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
İstinadlar
Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 112–113.
Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Polkovnik-leytenantlar Kateqoriya:Yol-nəqliyyat hadisəsində ölənlər