Dəsuqilik və ya dəsuqiyyə () — sufi təriqəti.

Yaranması Onları Bürhanilər də adlandırırlar. Təriqətin qurucusu Bürhanəddin İbrahim əl-Dəsuqidir (v. 1277). O, əslən misirlidir və uzun müddət Misirin Dəsuq kəndində yaşamışdır. Burada ibtidai təhsilini almış, Quranı və şafii hüququnu dərindən öyrənmişdir. Sonra isə təcrübəli müəllimlərin rəhbərliyi altında sufiliklə məşğul olmuşdur. Abid olub iyirmi il tərkidünya həyat-tərzi sürmüşdür. Daha sonra fəal şəkildə özünün təsəvvüf yolunun təbliğinə başlamışdır.

Dəsuqilər təriqəti Misir, Sudan və Şimali Afrikada daha geniş yayılmışdır. Misirdə bu təriqət mənsublarının sayına görə, şazili və bədəvi təriqətlərindən sonra üçüncü yerdə gəlir. Onların rifailər, sührəverdilər və şazililərlə çoxlu oxşar cəhətləri vardır. Bəzən Dəsuqiləri bədəvi təriqətinin tərkib hissəsi də hesab edirlər.

Xüsusiyyətləri Dəsuqilər də zikrləri ucadan (cəhri) edirlər. Mənsublarının ən başlıca vəzifəsi yüksək əxlaqa nail olmaq, təriqətə sadiq qalmaq, öz nəfsləri və ehtirasları ilə mübarizə aparıb onlara qalib gəlməkdir. İlk vaxtlar təriqət mənsubları xüsusi mənəvi hallara (trans hallarına) nail olmaq üçün yığıncaqlarında musiqidən və mahnılardan (səmalardan) istifadə etmirdilər. Lakin sonralar səmaların keçirilməsi təriqətin mərasimlərinin tərkib hissəsinə çevrilmişdir. Dəsuqi sufiləri yaşıl paltarlar geyinirmişlər.

Qolları Bu təriqətin şərnubitilər, aşurilər, süyutilər kimi bir neçə qolları vardır.

Həmçinin bax Dəsuq

Mənbə Müəllif: Aydın Əlizadə- "Cəmiyyət və Din" qəzeti

İstinadlar

Kateqoriya:Din Kateqoriya:İslam Kateqoriya:Təsəvvüf Kateqoriya:Dəsuq Kateqoriya:İslam terminləri