Oqtay Kazım oğlu Şirəliyev () — Azərbaycan həkimi və tibb təşkilatçısı, tibb elmləri doktoru (1992), professor (2003), Azərbaycan Respublikasının səhiyyə naziri (2005–2021).

Həyatı Oqtay Kazım oğlu Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra, 1967–1973-cü illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda Müalicə işi ixtisası üzrə təhsil almışdır. 1974-cü ildə Bakı şəhərində Azərbaycan SSR Daxili İşlər Nazirliyinin Hospitalında cərrah kimi əmək fəaliyyətinə başlamışdır. Peşə biliklərini artırmaq məqsədilə 1977-ci ildə Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahiyyə üzrə kliniki ordinaturasına, 1978-ci ildə isə Birinci Moskva Tibb İnstitutunun aspiranturasına daxil olmuşdur.

1981-ci ildə Rentgenologiya, Radiologiya və Onkologiya Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi kimi fəaliyyətə başlamış, 1982-ci ildə Respublika Endoskopiya Mərkəzinin rəhbəri, 1983–1988-ci illərdə isə Azərbaycan SSR Səhiyyə Nazirliyində Elmi şöbənin rəisi olmuşdur. 1988-ci ildə Respublika Diaqnostika Mərkəzinin direktoru vəzifəsinə təyin edilmiş, 1991–2005-ci illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda dosent, professor və kafedra müdiri kimi fəaliyyət göstərmişdir.

Oqtay Şirəliyev Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilmişdir. O, 2005–2008-ci illərdə Ümumdünya Səhiyyə Təşkilatının İcraiyyə Komitəsinin üzvü, 2007–2008-ci illərdə həmin komitənin vitse-prezidenti, 2009–2012-ci illər ərzində isə ÜST Avropa Regionu Daimi Komitəsinin üzvü olmuşdur. 23 aprel 2021-ci ildə səhiyyə naziri vəzifəsindən azad edilmişdir.

Oqtay Şirəliyev 1981-ci ildə elmlər namizədi dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi elmi adını almışdır. 1992-ci ildə Moskva Onkologiya Mərkəzində doktorluq dissertasiyasını müdafiə edərək SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor elmi adı verilmişdir. Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, 100-dən çox elmi məqalənin, 3 monoqrafiyanın, 13 ixtira və səmərələşdirici təklifin müəllifi olmuşdur.

Oqtay Şirəliyev 12 avqust 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur.

Oqtay Şirəliyev 3 oktyabr 2025-ci ildə Bakı şəhər Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə vəfat etmiş və Yasamal qəbiristanlığında dəfn olunmuşdur.

İstinadlar

Kateqoriya:Azərbaycanlı həkimlər Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Azərbaycan Respublikasının səhiyyə nazirləri Kateqoriya:Azərbaycanlı dövlət xadimləri Kateqoriya:Azərbaycan professorları Kateqoriya:Tibb elmləri doktorları