Məhəmməd bəy Hacıyev və ya Mehmet Karatekin () — azərbaycanlı mühəndis, Cümhuriyyət tələbəsi, siyasi mühacir.
Şuşa real məktəbini bitirib. Azərbaycan Cümhuriyyəti hökumətinin qərarı ilə dövlət hesabına xaricə göndərilərək Berlində maşınqayırma ixtisası üzrə ali təhsil alıb. Təhsilini başa vurduqdan sonra Azərbaycana qayıtmayıb, Türkiyəyə mühacirət edib və "Karatekin" soyadını götürüb.
Həyatı Məhəmməd bəy Kərim bəy oğlu Hacıyev 1896-cı il fevralın 6-da Şuşada anadan olub. 1906-cı il sentyabrın 1-də Şuşa real məktəbinə daxil olub və 1915-ci il aprelin 29-da məktəbin əsas bölməsinin tam kursunu bitirib. Ali məktəbə qəbul üçün tələb olunan əlavə sinifdə 1915-ci il avqustun 17-dən 1916-cı il mayın 16-dək oxuyub, mayın 17-də təhsilini başa vurub.194x194px|thumb|left|Öndə (?), Məhəmməd bəy Hacıyev, arxada Hacıağa Nuruzadə, Hilal Münşi, Əliəkbər Əliyev, Məhəmmədzəki Dursunzadə 1923–1925-ci illər.1918-ci ildə təhsil almaq məqsədilə Türkiyəyə gedərkən sənədlərinin əslini yolda itirib. Həmin il mayın 28-də Azərbaycan Cümhuriyyəti elan olunub. 1919-cu il avqustun 12-də Bakıda xalq maarif nazirinə ərizə ilə müraciət edərək İsveçrədəki Elektrotexnika İnstitutuna və ya Politexnik İnstitutunun elektrotexnika bölməsinə göndərilməsini istəyib. Maddi vəziyyətinin öz hesabına təhsil almağa imkan vermədiyini və bunu ədliyyə naziri Aslan bəy Səfikürdski ilə Əbdürrəhim bəy Haqverdiyevin təsdiqləyə biləcəyini bildirib. 1919-cu il sentyabrın 1-də Azərbaycan Cümhuriyyəti Parlamenti 1919–1920-ci tədris ilində ali təhsilli mütəxəssislər hazırlamaq məqsədilə 100 azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi haqqında qərar qəbul edib. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb. Avropaya göndərilən hər tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank yol xərci müəyyən olunub.
Sentyabrın 5-də Şuşa real məktəbindən xalq maarif nazirinə göndərilən məktubda Məhəmməd bəyin məktəbi bitirərək attestat aldığı təsdiqlənib və sənədin surəti təqdim edilib. Əvvəlcə dövlət təqaüdçülərinin əsas siyahısına daxil edilməyən Hacıyev ehtiyat namizədlər arasında altıncı yerdə göstərilib. Noyabrın 13-də nazirə yenidən müraciət edərək Sürixdəki Politexnik İnstitutunun elektrotexnika bölməsində oxumaq istədiyini bildirib.
Sonradan dövlət hesabına xaricdə təhsil alacaq tələbələr sırasına qəbul edilib. 1919-cu il dekabrın 31-də təhsilini bitirdikdən sonra hökumətin təyin etdiyi yerdə dörd il işləyəcəyinə və oxuduğu ölkədə siyasi və ya partiya fəaliyyətinə qoşulmayacağına dair iltizamnamələr təqdim edib. 1920-ci il yanvarın 15-də ona xaricə dövlət hesabına ali təhsil almağa göndərilməsi haqqında 576 saylı vəsiqə verilib. Ertəsi gün digər tələbələrlə birlikdə qatarla Tiflis üzərindən Avropaya yola düşüb və Berlində maşınqayırma ixtisası üzrə təhsil alıb.
Aprel işğalından sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini araşdıran Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illərə aid məlumatında onun təhsilini bitirməsinə il yarım qaldığı qeyd olunub.
Təhsilini başa vurduqdan sonra SSRİ-yə qayıtmayaraq Türkiyəyə mühacirət edib. Türkiyə vətəndaşlığını qəbul edərkən "Karatekin" soyadını götürüb və Mehmet Karatekin adı ilə tanınıb. 1960-cı il iyunun 1-də Ankarada vəfat edib.
Ailəsi Məhəmməd bəy Şuşanın Hacıyevlər nəslinə mənsub olub. Nəslin banisi 1765-ci ildə Şuşada doğulan Kərbəlayı Məhəmmədəli Hacı oğlu olub. O və sonrakı nəsillərin nümayəndələri əsasən ticarətlə məşğul olublar.
Atası Kərim bəy Məşədi Həsən oğlu Hacıyev 1845-ci ildə Şuşanın Dəmirçilər məhəlləsində anadan olub. Mədrəsədə və Şuşa qəza məktəbində təhsil alıb, dövlət tərəfindən bəy titulu ilə təltif olunub. Qazax, Şuşa və Cavanşir qəzalarında mirzə və tərcüməçi kimi çalışıb. 1888-ci ildə kollej qeydiyyatçısı, 1892-ci ildə quberniya katibi, 1898-ci ildə titulyar müşavir, 1901-ci ildə isə kollej asessoru mülki rütbələrini alıb.
Kərim bəy Gövhər xanım Əhməd bəy qızı ilə ailə qurub. Bu nikahdan Məmmədhəsən və Məhəmməd adlı oğulları, Sara, Rəxşəndə, Məhbubə, Həcər, Əziz, Qönçə, Sultan və Kübra adlı qızları dünyaya gəlib.
Məhəmməd bəy Almaniyada təhsil aldığı dövrdə alman əsilli Hesna xanımla evlənib. Onların Güllü və Aysel adlı iki qızı olub. Hesna xanım 1968-ci il avqustun 13-də vəfat edib.
Həmçinin bax Hacıyevlər Cümhuriyyət tələbələri
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Hacıyevlər Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Azərbaycanlı mühəndislər Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Şuşa real məktəbinin məzunları