Hüseyn Argüder, Hüseyn Şıxızadə və ya Hüseyn Şıxıyev () — azərbaycanlı mühəndis, Cümhuriyyət tələbəsi, mühacir.

Bakı Real Məktəbində orta təhsil alıb. Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilib. Darmştadt Texniki Universitetində elektrotexnika fakültəsində təhsil alıb.

1927-ci ildə Azərbaycan SSR-yə qayıdıb. Bakıda metallurgiya sahəsində fəaliyyət göstərib. 1929-cu ildə digər Cümhuriyyət tələbələri Məmmədəmin Əfəndiyev və Mirismayıl Seyidzadə ilə birlikdə Türkiyəyə mühacirət edib.

Türkiyədə elektrik mühəndisi kimi fəaliyyət göstərib. Soyad qanunundan sonra özünə "Argüder" soyadı götürüb.

Həyatı

İlk illəri Hüseyn Hacı Mustafa oğlu Şıxıyev 1898-ci il iyunun 25-də Qazax qəzasının Salahlı kəndində anadan olub. 1911-ci ildə Bakı Real Məktəbinə daxil olub. Bakı Şəhər İdarəsinin təqaüdü ilə təhsil alıb və oranı 1918-ci ildə bitirib.200px|thumb|left|Almaniyada təhsil alan Cümhuriyyət tələbələri. Sağdan ikinci Hüseyn Şıxıyev.

1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyəti elan olunub. Bu dövrdə Hüseyn bəy Bakı II Real Məktəbində dərs deyib.

1919-cu il sentyabrın 1-də Azərbaycan Cümhuriyyəti Parlamenti 1919–1920-ci tədris ilində ali təhsilli mütəxəssislərin hazırlanması məqsədilə 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul edib. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən olunub.

Hüseyn bəy də xaricdə ali təhsil almaq üçün seçilən tələbələrdən biri olub. Xaricə göndərilən tələbələrin bir hissəsi 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalından yola salınıb. Fevralın 11-də Parisə çatan tələbələri Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşının rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Əlimərdan bəy tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər verib və uğurlar arzulayıb.

Bir müddət Parisdə qaldıqdan sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə göndəriliblər. Hüseyn bəy Almaniyaya gedərək əvvəlcə Berlində, daha sonra isə Darmştadt Texniki Universitetinin elektrotexnika fakültəsində təhsil alıb. Azərbaycanda sovet işğalından sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün olan hesabatında Hüseyn bəyin təhsilinin bitməsinə bir il yarım qaldığı göstərilib. Almaniyada təhsil alarkən soyadını "Şeyxi" edib. Təhsilini yekunlaşdırdıqdan sonra 1927-ci ilə qədər Almaniyada işləyib.

Sonrakı illəri 1927-ci ildə Azərbaycan SSR-yə qayıdıb. Bakıda metallurgiya sahəsində işləyib. 1929-cu ildə Almaniyada birlikdə oxuduğu Məmmədəmin Əfəndiyev, Mirismayıl Seyidzadə və başqa bir neçə nəfərlə birlikdə SSRİ-dən qaçaraq Türkiyəyə mühacirət edib. Mirismayıl Seyidzadə bu hadisələri yazdığı "Bakı rüzgarı" xatirə kitabında qeyd edib.

Hüseyn bəy Türkiyəyə mühacirət etdikdən sonra elektrik mühəndisi kimi fəaliyyət göstərib. 1934-cü il iyunun 21-də Türkiyədə qəbul edilmiş Soyad qanunundan sonra özünə "Argüder" soyadı götürüb. Etibankın elektrik şöbəsinin baş mühəndisi olub.

1945-ci il martın 11-də vəfat edib və Ankarada Cəbəci Əsri qəbiristanlığında dəfn olunub.

Ailəsi Hüseyn Şıxıyev Hacı Mustafa Şıxı oğlu və Sayalı Daşdəmir qızının ailəsində anadan olub.

Bakıya qayıtdıqdan sonra bacısı Şərəfin həyat yoldaşı, coğrafiyaşünas alim Qafur Rəşad Mirzəzadənin bacısı ilə ailə qurub. Bu evlilikdən Nəzifə və Aydın adlı övladları olub. Hüseyn Şıxıyev mühacirət etdikdən sonra ailəsi Bakıda qalıb və onlara Qafur Rəşad Mirzəzadə himayədarlıq edib.

Hüseyn bəy Türkiyədə yaşayarkən ikinci dəfə Sultan xanımla ailə qurub. Bu evlilikdən Taşdemir və Özdemir adlı oğulları dünyaya gəlib.

Həmçinin bax Cümhuriyyət tələbələri

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Bakı real məktəbinin məzunları Kateqoriya:Darmştadt Texniki Universitetinin məzunları Kateqoriya:Cəbəci Əsri qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Azərbaycanlı siyasi mühacirlər