Əbu Məhəmməd Əhməd ibn Əsəm əl-Kufi (; ) – "Kitab əl-fütuh" əsəri ilə tanınan şiə tarixçi və şair.

Həyatı Doğum və ölüm tarixləri dəqiq məlum olmadığı kimi, adı barədə də müxtəlif fikirlər vardır. Əsərinin ərəb dilindəki əsl nüsxəsində adı Əhməd ibn Məhəmməd ibn Əsəm, farsca tərcüməsində isə Əhməd ibn Əli Əsəm şəklində keçir. Onun haqqında məlumat verən iki mənbədən "Mucəmül-üdəba" əsərində Yaqut tərəfindən Əhməd ibn Əsəm, "Kəşfüz-Zünun" əsərində isə Katib Çələbi tərəfindən bir dəfə Məhəmməd ibn Əli, bir dəfə də Əhməd ibn Əli şəklində qeyd edilmişdir. Mənbələr onun mənsub olduğu qəbiləni də göstərməmişlər. Hərçənd əsərinin katiblərindən Məhəmməd ibn Əli ət-Tənbəzi (v. 1469) İbn Əsəmin nisbəsini Kindi kimi vermişdirsə də, onun həyatını müstəqil şəkildə araşdıran Məhəmməd Cəbr Əbu Sədə əsərdəki tərəfkeş ifadələrə əsaslanaraq müəllifin Kində deyil, Əzd qəbiləsinə mənsub olduğunu və katib qeydinin əslində "Kufi" olduğu halda səhvən "Kindi" yazıldığını iddia edir. Bununla belə, onun nisbəsinin Kufi olması barədə ortaq qənaət mövcuddur.

Yaqut əl-Həməvi demişdir:

Bu sözlərdən aydın olur ki, İbn Əsəm Abbasi xəlifəsi Müqtədir-Billahın vəfat ili olan hicri 320-ci (932) ilə qədər yaşamışdır. Buna görə də onun hicri 314-cü (926) ildə vəfat etdiyinə dair məlumat doğru deyildir.

Digər tərəfdən, M. A. Şabanın "Kitabül-Fütuh" əsərində əl-Mədainidən nəql edilən bəzi fəth rəvayətlərinə əsaslanaraq İbn Əsəmi əl-Mədainin müasiri hesab etməsi, həmçinin farsca tərcümənin müqəddiməsindəki bir ifadəyə əsasən əsəri hicri 204-cü (819) ildə yazdığını irəli sürməsi və onu Bəlazuridən əvvəl yaşamış müəllif kimi qəbul etməsi də doğru deyildir. Çünki İbn Əsəm öz əsərində isnad üsuluna riayət etməmiş, üstəlik bir çox ravi və səhabə adlarını da uydurmuşdur. Buna görə də yalnız kitabının əvvəlində işlədilən və guya əl-Mədainidən birbaşa hədis eşitdiyini bildirən "həddəsəni" ifadəsinə əsaslanaraq onun əl-Mədaini ilə müasir olduğunu iddia etmək səhv bir fikirdir.

Onun əsərini hicri 204-cü (819-cu) ildə yazmağa başladığı barədə iddia da yanlışdır. Çünki Yaqut əl-Həməvi açıq şəkildə onun hicri 320-ci (932) ildə sağ olduğunu bildirmişdir. Həqiqətən də farsca tərcümənin tənqidi nəşrində, tərcüməçinin əsəri hicri 204-cü (819) ildə yazmağa başladığını bildirən hissədəki "204-cü il" ifadəsi tədqiqatçı Qulam Rza tərəfindən əsas mətnə daxil edilməmiş, qeyddə bunun yalnız bir əlyazmada keçdiyi göstərilməklə bu yanlış düzəldilmişdir.

M. A. Şabanın bu yanlış qənaətə gəlməsinin əsas səbəbi, şübhəsiz ki, fikirlərini "Kitabül-Fütuh" əsərinin ərəb dilindəki orijinal mətni hələ nəşr olunmamış bir dövrdə irəli sürmüş olmasıdır.

İbn Əsəm haqqında məlumat verən Yaqut əl-Həməvi onun şiə meyilli tarixçi və şair olduğunu, hədis alimləri tərəfindən isə "zəif" sayıldığını bildirməklə kifayətlənmişdir. Hicri III (IX) və hicri IV (X) əsrlərdə yaşamış digər islam alimlərindən fərqli olaraq İbn Əsəm haqqında bundan əlavə heç bir məlumatın olmaması, hətta "zəif" və "mətruk" ravilərə həsr edilmiş bioqrafik əsərlərdə belə adına rast gəlinməməsinin səbəbi, ehtimal ki, ondan sonra gələn tarix və təbəqat müəlliflərinin onun əsərlərindən (adını çəkərək) istifadə etməmələri olmuşdur.

Həmçinin bax Təbəri

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:Şiələr Kateqoriya:IX əsr ərəbləri