Fuad Xəlil oğlu Quliyev () — Azərbaycan dövlət və siyasi xadimi, Azərbaycanın 5-ci Baş naziri (1995–1996), Azərbaycan Baş nazirinin birinci müavini (1994–1995), Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.
Həyatı Fuad Quliyev 1941-ci il iyulun 6-da anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda ali təhsil alıb.
Fuad Quliyev ailəlidir, 2 övladı var və övladları ABŞ-da yaşayır.
Fəaliyyəti Fuad Quliyev Azərbaycan Prezidenti Heydər Əliyevin 5 mart 1994-cü il tarixli 114 nömrəli Fərmanı ilə Azərbaycan Baş nazirinin birinci müavini vəzifəsinə təyin edilib. Surət Hüseynovun 1994-cü il oktyabrın 7-də vəzifəsindən azad edilməsindən sonra Fuad Quliyev Azərbaycanın Baş naziri vəzifəsinin müvəqqəti icraçısı olmuşdur.
1995-ci il mayın 2-də Azərbaycan Respublikası Ali Sovetinin sədri Rəsul Quliyevin Qərarına əsasən Azərbaycanın Baş naziri vəzifəsinə Fuad Quliyevin namizədliyi təsdiq edilmişdir. Bununla da Fuad Quliyev Azərbaycanın 5-ci Baş naziri olmuşdur.
1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində Yeni Azərbaycan Partiyasının siyahısı üzrə 3-cü sırada olan Fuad Quliyev I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Fuad Quliyev Milli Məclisin Mədəniyyət məsələləri Daimi Komissiyasının və Azərbaycan—Estoniya, Azərbaycan—Latviya, Azərbaycan—Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
1996-cı il iyulun 20-də Fuad Quliyev Azərbaycanın Baş naziri vəzifəsindən azad edilmişdir.
Vəzifədən getdikdən sonra heç vaxt müsahibə verməyib, rəsmi və başqa formatlarda keçirilən tədbirlərə qatılmayıb. 30 il sonra ilk dəfə 2026-cı ildə müsahibə verib.
Təltifləri Fuad Quliyevə "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı verilmiş və 26 aprel 1986-cı ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuşdur.
İstinadlar
Xarici keçidlər
Milli Məclisin saytında — Quliyev Fuad Xəlil oğlu
Kateqoriya:Azərbaycan baş nazirləri Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycan baş nazirinin birinci müavinləri Kateqoriya:Sov.İKP-nin XXVII qurultayının nümayəndələri Kateqoriya:Azərbaycan müsəlmanları Kateqoriya:Mülki mühəndislər Kateqoriya:XXI əsr Azərbaycan şəxsləri