Şimali Kipr (türk. Kuzey Kıbrıs) və ya rəsmi adı ilə Şimali Kipr Türk Respublikası (türk. Kuzey Kıbrıs Türk Cumhuriyeti) — Kipr adasının şimalında yerləşən de-fakto dövlət. Şimali Kipr Türk Respublikası beynəlxalq aləmdə yalnız Türkiyə tərəfindən tanınır. Digər dövlətlər isə onu Kipr Respublikasının bir hissəsi olaraq qəbul edir. Şimali Kipr şimal-şərqdə Karpaz yarımadasından Gözəlyurd körfəzinə, qərbdə Qoruçam burnundan Ərənköyə (anklav) qədər uzanır. Cənubda isə Birləşmiş Millətlər Təşkilatının nəzarəti altındakı təhlükəsizlik xətti Şimali Kiprlə adanın digər hissəsi arasında uzanır. Paytaxtı və ən böyük şəhəri Şimali Nikosiya, ümumi sahəsi 3,355 kvadrat kilometr, əhalisinin sayı 300 min nəfərdən çoxdur. ŞKTR Kipr adasının 36,4%-ni tutur.
Kipr adasında ilk insan məskunlaşmasının e.ə 10.000-ci illərdə başladığı təxmin edilir. Adanın cənub sahilində Aetokremnos, qərb sahilində isə Akamas bölgələrində aparılan arxeoloji qazıntılar zamanı burada yaşayan ovçu icmalarından ibarət ilk insanların neolit dövründə məskunlaşdığı məlum olmuşdur. Mədəni inkişaf və ticarət səbəbilə çiçəklənən iqtisadiyyat bir tərəfdən Kipr üçün sərfəli olsa da, adanın kifayət qədər müdafiəsiz olması, sərvətindən istifadə etmək istəyən güclü qonşuları cəlb etmişdir. Ada Roma, Bizans və Osmanlı İmperiyasının tabeliyi altında qalmış, dəniz quldurlarının hücumlarına məruz qalmışdır. 1970-ci illərin əvvəllərində türklərə qarşı irqçiliyin genişlənməsi və Yunanıstanın işğalçılıq planları Türkiyənin ordusunu bu ərazilərə yeritməyə və müstəqil bir respublika elan etməsinə səbəb olmuşdur, lakin Şimali Kipr Türk Respublikasının qurulması, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası da daxil olmaqla Kipr Respublikası, Yunanıstan və bir çox başqa dövlətlərin mənfi reaksiyalarına səbəb olmuşdur. Kipr münaqişəsinə həll yolu tapmaq cəhdlərinin bir çoxu uğursuzluqla nəticələnmişdir. Hal-hazırda Şimali Kiprdə Türkiyə Silahlı Qüvvələrinə məxsus əsgərlərinin yerləşdirilməsi bu münaqişə həlli yolunu daha da ləngidir. Mövcudluğu Şimali Kipr hökuməti tərəfindən dəstəklənsə də, Kipr Respublikası da daxil olmaqla bütövlükdə Avropa Birliyi və beynəlxalq ictimaiyyət tərəfindən işğal olaraq qiymətləndirilir və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bir neçə qətnaməsində bu işğalçılıq pislənilir. Şimali Kipr beynəlxalq cəmiyyət tərəfindən rəsmən tanınmadığı üçün iqtisadiyyat, nəqliyyat və idman kimi bir çox aparıcı sahələrdə embarqolar tətbiq olunur.
Şimali Kipr, müxtəlif sivilizasiyaları özündə cəmləşdirən mədəni irsə məxsus, xidmət sektorunun üstünlük təşkil etdiyi iqtisadiyyata malik yarı prezident demokratik respublikasıdır. İqtisadiyyat 2000 və 2010-cu illərdə sürətlə böyüməyə başlamış, adambaşına düşən ÜDM gəliri üç dəfədən çox artmışdır. Tətbiq olunan embarqolarla əlaqədər olaraq iqtisadiyyat baxımından Türkiyədən asılı hala gəlmişdir. Rəsmi dil türk dilidir, lakin müxtəlif bölgələrdə fərqli yerli ləhcələrdən də istifadə olunur. Əhalinin böyük əksəriyyəti sünni müsəlmanlardan ibarətdir. Şimali Kipr dünyəvi dövlətdir və bütün din nümayəndəçilərinə azadlıq təqdim olunur. Şimali Kipr İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatının müşahidəçi üzvü, Avropa Şurası Parlament Assambleyasının isə tam hüquqlu üzvlərindən biridir.
Tarix
Eramızdan əvvəl Kipr adasında ilk insan məskunlaşmasının e.ə 10.000-ci illərdə başladığı təxmin edilir. Adanın cənub sahilində Aetokremnos, qərb sahilində isə Akamas bölgələrində aparılan arxeoloji qazıntılar zamanı burada yaşayan ovçu icmalarından ibarət ilk insanların neolit dövründə məskunlaşdığı məlum olmuşdur. Bəşər tarixində qida mənbələrinin yanında ilk dəfə məskunlaşan icmaların yarandığı bu dövrdə, adanın ilk sakinləri Anadolunun cənubundan gəlmiş, e.ə. 7000–6500-cü illərdə Suriya və Fələstinə köç etmişdir. Adanın ilk sakinlərinin Anadoludan gəlməsi fikrini daha da qüvvətləndirən digər bir faktor, adanın şimalında, Karpaz yarımadasında aparılan qazıntılar nəticəsində əldə edilən saxsı qablarının, Hacılar və Çatalhöyük yaşayış məskənlərində aparılan qazıntılar zamanı əldə edilmiş saxsı qablara olduqca bənzəməsidir. Keçmişdə sülhün hakim olduğu Kipr adası, e.ə. 3000-ci illərdə mis yataqlarının kəşfi və o dövrdə hazırlanan bir çox alətlər üçün misin istifadə edilməsi ilə adaya yaxın bölgələrdən Misir, Suriya və Fələstindən insanlar köçərək məskunlaşmışdır. Mislə birlikdə adanın təbii sərvəti Aralıq dənizi bölgəsində yaşayan insanların da marağını artırmış və bu vəziyyət, ada aborigenlərinin min illər boyunca fərqli dövlətlərin suverenliyi altında həyatlarının davam etməsinə səbəb olmuşdur. Tunc dövründə Krit adalarından olan minoslu tacirlər Kiprə gəlməyə başlamış və bu ticarət əlaqələri adada Minoy sivilizasiyasının yaranmasına səbəb olmuşdur. Minoslu tacirlər ada ilə ticarətdə istifadə etmək üçün bir əlifba da hazırlamışdır. Lakin, bu əlifba bir çox araşdırmalara baxmayaraq açıqlana bilməmişdir.
Qədim dövr 266x266px|thumb|Tuzlada aparılan arxeoloji qazıntılar zamanı tapılan və hal-hazırda Luvr muzeyində saxlanan e.ə. 1000-ci illərə aid Kipr minoa mixi yazılı kitabə Mədəni inkişaf və sürətlə artan ticarət səbəbilə çiçəklənən iqtisadiyyat Kipr üçün sərfəli olsa da, adanın kifayət qədər qorunmaması, sərvətindən istifadə etmək istəyən güclü qonşuları özünə cəlb etmişdir. Son tunc dövründə Misir fironu III Tutmos Kipr adasını ələ keçirdi. Lakin ada ilə uzun müddətdir maraqlanan xetlər, Misirlə vuruşaraq, bu torpaqları ələ keçirməyi bacarmışdır. III Tufaliyanın dövründə Kipr Xet Krallığının hakimiyyəti altına girmiş və 120 il onun hakimiyyəti altında qalmışdır. Xet mənbələrində Kipr Alaşiya adı ilə verilmişdir. Xüsusilə Karpaz yarımadasındakı Nitoviklada məskunlaşan xetlər, hakimiyyətləri dövründə mis ehtiyaclarını buradan qarşılamış, həmçinin buranı sürgün adası olaraq istifadə etmişlər. Əmisi III Hattuşili tərəfindən taxtdan endirilən III Murşili Uhri-Teşup da daha sonradan bu adaya sürgün olunmuşdur. Kiprdə xetlərin hakimiyyəti, e.ə. 1200-cü ildə Xet Krallığının süqutu ilə başa çatdı və ada yenidən Misir fironlarının hakimiyyəti altına keçdi. Həm Misir, həm də xet hakimiyyəti dövründə Kiprin əhəmiyyətli bir ticarət məskəninə çevrilməsi səbəbilə, əsasən də Dori istilasından sonra Egey və Anadoludan bir çox millətlər Kiprə köçərək müstəmləkələr qurmuşdur.
Beləliklə, ada sivilizasiya mərkəzlərindən birinə çevrilmişdir. Yeni gələnlər öz dillərini yaymış və ticarəti genişləndirmək üçün bir çox əlifbalar hazırlamışlar. Bu müddətdə adada həm də dulusçuluq çarxı vasitəsilə bir çox qablar hazırlanaraq xarici ölkələrə satılmışdır. E.ə. 1200–1500-cü illərdə adaya gələn yunanlar, Dori istilası nəticəsində zəifləyən mikeniyalıların yerini almışlar, lakin e.ə. 1150–1050-ci illər arasında baş verən zəlzələlər adanın bir çox məskunlaşma mərkəzlərinin dağılmasına səbəb olmuş və adanın tarixi müəyyən dərəcədə qaranlıq bir dövrə qədəm qoymuşdur. Anadoludan gələn semit mənşəli finikiyalılar, adanın cənub-şərq sahillərində məskunlaşaraq burada koloniyalar qurmuş və bütün adaya hakim olmuşlar. Finikiyalılar tərəfindən kitim adlandırılan Kipr türkləri, adadakı şərq mədəniyyətinin yunan mədəniyyətindən daha qədim olduğunu sübut etmək üçün finikiyalıların gəlişindən istifadə edirlər. Bu iddialara əsasən hal-hazırkı Kipr türklərinin əcdadlarının finikiyalılara qədər gedib çıxması məlum olur. Finikiyalıların hakimiyyəti dövründə adada məskunlaşan digər koloniyalar şəhər krallıqlarına çevrilmiş və adada 7 şəhər krallığı qurulmuşdur. Bu krallıqlar daha çox Egey və Aralıq dənizi mənşəli koloniyalardan ibarət olmuşdur. Bu səbəbdən Kipr yunanları, adada ellinizm göstəricilərinin bu dövrdə formalaşdığını və daha sonralar enozis hərəkatı altında adanın bir hissəsinin Yunanıstan ilə birləşməli olduğunu bildirmişlər.
Kiprdə Misir hakimiyyəti, II Amasisin ölümü və fars kralı I Kambizin buranı ələ keçirməsi ilə bitmişdir. E.ə. 525-ci ildə Kipr Fars İmperiyasının bəyliklərindən birinə çevrilmişdir. E.ə. 333-cü ildə Makedoniyalı İsgəndərin İss vuruşmasında farsları məğlub etməsi ilə bu bölgədə farsların hegemonluğuna son qoyulmuşdur. E.ə 323-cü ildə Makedoniyalı İsgəndərin ölümündən sonra isə varisləri ada üzərində müharibə başlatmış və Kipr krallıqlarının qısa müddətli muxtar idarəçiliyi bu dövrdə başa çatmışdır. Makedoniyalı İsgəndərin ölümü ilə Makedoniya İmperiyası parçalanmış və bu miras uğrunda böyük döyüşlər olmuşdur. İsgəndərin satraplarından biri olan I Ptolemey Misirdə Ptolomey xanədanlığını qurmuş və Kipri də öz sərhədinə qatmışdır. Bu dövrdə də mədəni tədbirlər davam etdi və Kiprdə qarışıq bir mədəniyyətin əsası qoyuldu. Ptolemeylər dövründə, e.ə. 320-ci ildə Qüdsün alınmasından sonra yəhudilər Kiprə göndərilmişdir. Yəhudilər isə uzun müddət bu adada misgərlik ilə məşğul olmuşdur.
Roma İmperiyası dövrü
Kipr Roma İmperiyası tərəfindən fəth edildikdən sonra, ada Anadoludakı Kilikiya əyalətinin bir hissəsi olaraq idarə edilmiş və böyük natiq olaraq qəbul edilən Mark Tulli Siseron bir müddət Kipr başçısı olaraq vəzifə etmişdir. Adanın rəhbərliyi daha sonra Roma senatına təhvil verilmiş və bir general qubernator tərəfindən idarə edilmişdir. Bu dövrdə ada dörd bölgəyə – Amatus, Lapafus, Pafos və Salaminə bölünmüşdür. İdarəetmə mərkəzi Pafos, ticarət mərkəzi isə Salamin olmuşdur. E.ə. 15-ci ildə Pafos şəhəri dağıldıqdan sonra sahilə təxminən 17 km məsafədə Avqusta adı altında yeni şəhər salınmışdır. İmperator Avqust, Pafosda yer alan Afrodisias məbədi əsasında Roma tanrısı Veneranın şərəfinə yeni məbəd inşa etdirmişdir. Marium, Qolqoy, Amafus, Tamassos və Soli şəhərlərində böyük mədən mərkəzləri qurulmuşdur. Roma dövründə adada sülh təmin edilmiş, mədənçilik, sənaye və ticarət inkişaf etdirilmiş, əldə edilən gəlirin bir hissəsi Kiprlilərə firavanlıq təmin edərkən digər hissəsi də eyni zamanda Roma xəzinəsinə köçürülmüşdür. Bundan əlavə, bu dövrdə yeni yollar, limanlar və ictimai binalar da tikilmişdir. Roma dövründə Kipr xristianlıqla tanış olmuş və bu din tədricən bütpərəstliyi əvəz etmişdir. Xristianlıq, İmperator Klavdinin dövründə Həvari Paul və Salamindən ellinistləşmiş bir yəhudi ailəsindən gələn Levit Levi tərəfindən 45-ci ildə sürətlə yayılmışdır. İki missioner, imperatorun tolerantlığı ilə xristianlığı bütün Kiprə yaymaq üçün çalışmış və yalnız xalqı deyil, həm də bir çox Roma hökmdarlarını bu dinə inandırmağı bacarmışlar. Paulus, Roma İmperiyasında xristianlığı qəbul edən ilk roma əsilli qubernator olmuşdur. Buna görə də Kipr, Roma İmperiyasında xristian tərəfindən idarə olunan ilk bölgə adını qazanmışdır. Roma imperatorları arasında Diokletiandan sonra Konstantin də xristianlığı qəbul etmişdir. 324-cü ildə Roma İmperiyası iki hissəyə bölünmüş, I Konstantin, Bosfor sahilindəki Konstantinopol adlandırılan müasir İstanbul şəhərini paytaxt etməklə Bizans İmperiyasının əsasını qoymuşdur. Belə olduqda Kipr də Bizans İmperiyasının payına düşmüşdür. Roma dövründə inkişaf edən digər maraqlı bir hadisə isə 70-ci ildə Qüds dağıdıldıqdan sonra çox sayda yəhudinin Kiprə gəlməsi olmuşdur. 115-ci ildə Kirenada başlayan Yəhudi üsyanı tezliklə Misir və bütün Kiprə yayılmışdır. Artemionun rəhbərlik etdiyi yəhudilər Salamisdəki bütün insanları qətlə yetirmişdir. İmperator Adrian və Liviya şurası bu qiyamı yatırmış, lakin yəhudilərin böyük əksəriyyəti öldürülmüş və yəhudilərin Kiprə gəlməsi qadağan edilmişdir, lakin sonradan yəhudilər az sayda da olsa adaya gələrək, ticarətlə məşğul olmuşlar.
Bizans İmperiyası dövrü thumb|214x214px|647–649-cu illərdə Larnaka şəhərinin yaxınlığındaki duz gölünün sahilində inşa olunan Hala Sultan Xanəgahı Kipr adasında yerləşən ən məşhur müsəlman din mərkəzlərindən biri hesab olunur.