Dünyanın xilaskarı və ya Salvator Mundi () — İtaliya Ali İntibah dövrü rəssamı Leonardo da Vinçiyə tam və ya qismən aid edilən, təxminən 1499–1510-cu illərə tarixləndirilən rəsm əsəri.

Uzun müddət üzəri sonradan çəkilmiş boya qatları ilə örtülmüş itirilmiş orijinalın surəti hesab edilən bu əsər yenidən aşkar edilmiş, bərpa olunmuş və 2011–2012-ci illərdə London Milli Qalereyasında keçirilən Leonardo sərgisinə daxil edilmişdir. 2017-ci ildə əsəri satışa çıxaran Christie's bildirmişdir ki, aparıcı mütəxəssislərin əksəriyyəti onu Leonardonun orijinal əsəri hesab edir, lakin bu atribusiya bəzi nüfuzlu mütəxəssislər tərəfindən mübahisələndirilmişdir; onların bəziləri rəssamın yalnız müəyyən hissələrə töhfə verdiyi fikrini irəli sürür, digərləri isə genişmiqyaslı bərpa işlərinin müəllifliyi qəti şəkildə müəyyən etməyə imkan vermədiyini düşünür.

Rəsm əsərində İsa Məsih anaxronik mavi İntibah geyimində təsvir olunmuşdur; o, sağ əli ilə xeyir-dua jesti edir, sol əlində isə şəffaf, işığı sındırmayan kristal kürə tutur ki, bu da onun Dünyanın xilaskarı rolunu ifadə edir və səma aləmini təmsil edir. Leonardonun şagirdləri və davamçıları tərəfindən hazırlanmış bu əsərin təxminən otuz surəti və variasiyası müəyyən edilmişdir; onlardan ikisinin Leonardonun həyatı dövründə yaradıldığı hesab olunur. Parçanın qatları ilə bağlı Leonardo tərəfindən hazırlanmış iki hazırlıq təbaşir və mürəkkəb rəsmi Böyük Britaniya Kral Kolleksiyasında saxlanılır.

Rəsm əsəri 15 noyabr 2017-ci ildə Christie's tərəfindən Nyu-York şəhərində keçirilən hərracda 450.3 milyon ABŞ dollarına satılmış və ictimai hərracda satılan ən bahalı rəsm əsəri üzrə yeni rekord müəyyən etmişdir. Əsər Bədr bin Abdullah Əl-Saud tərəfindən alınmışdır. Baxmayaraq ki, onun bu alışı Əbu-Dabi Mədəniyyət və Turizm Departamenti adından etdiyi iddia olunurdu, qısa müddət sonra onun yaxın müttəfiqi olan Məhəmməd bin Salman üçün nominal alıcı kimi çıxış etdiyi bildirildi.

Rəsm 2017-ci il Christie's hərracından sonra ictimai şəkildə nümayiş etdirilməmişdir və 2020-ci ilin sonlarından etibarən Səudiyyə Ərəbistanı ərazisində saxlanılır; məlumatlara görə, o, Əl-Ula bölgəsində tikintisi planlaşdırılan muzey və mədəniyyət mərkəzinin tamamlanmasını gözləyir.

Mövzu

Salvator Mundi təsvir tipi Leonardo da Vinçidən əvvəl meydana çıxmışdır. Buna görə də Martin Kemp hesab edir ki, bir tərəfdən Leonardo kompozisiyanı qurarkən Salvator Mundi üçün qəbul edilmiş ikonografik ənənələrlə məhdudlaşırdı, digər tərəfdən isə bu təsviri tamaşaçı ilə Məsihin surəti arasında mənəvi ünsiyyət vasitəsinə çevirməyi bacarmışdı.

Kompozisiyanın mənbələri Bizans incəsənətinə gedib çıxır; həmin ikonografik ənənə əvvəlcə Şimali Avropada inkişaf etmiş, daha sonra isə İtaliya dövlətlərində yayılmışdır. Snou-Smit, Salvator Mundi təsvirinin inkişafını Bizans ikonografiyası və "insan əli ilə yaradılmamış" Məsih təsvirləri haqqında rəvayətlərlə əlaqələndirir. Belə axeiropoeta nümunələrinə Edessa təsviri, Ançisxati ikonası və Veronikanın örtüyü daxildir. Snou-Smitin qeyd etdiyi kimi, Salvator Mundi təsviri axeiropoeta ənənəsindən qaynaqlansa da, XV əsrdə Pantokrator Məsih, Məsihin əzəməti və Son Məhkəmə kimi aralıq ikonoqrafik tiplər vasitəsilə formalaşmışdır. Bu təsvirlər də, axeiropoeta kimi, Məsihin frontal təqdimatı vasitəsilə Bizans mənşəyini nümayiş etdirir.

Məsihin frontal təqdimatı XV və XVI əsrlərdə Məsih və Ata Tanrının digər təsvirlərində də müşahidə olunur; bunlara yalnız yarımfiqur şəklində təqdim olunan, kürə və ya xeyir-dua jesti olmayan portret tipli Məsih təsvirləri, eləcə də Məsihin əlində kürə olmadan xeyir-dua verdiyi "Xeyir-dua verən Məsih" kompozisiyaları daxildir.

Məsihin əlində kürə tutduğu təsvirlər Böyük Karlın xaçlı qlobus və skeptronu qəbul etməsindən sonra geniş yayılmışdır. Ən erkən həqiqi Salvator Mundi təsvirləri isə Şimali Avropada meydana çıxmışdır. Həqiqətən də, Salvator Mundi ikonografiyası Robert Kampenin "Xeyir-dua verən Məsih və dua edən Məryəm" əsərində və Rogir van der Veydenin Brak triptixinin mərkəzi panelində tam formalaşmış, yalnız bundan sonra XV əsrin sonlarında İtaliyada geniş yayılmışdır. Antonello da Messina kimi rəssamların "Xeyir-dua verən Məsih" mövzusunda əsərləri İtaliya dövlətlərində Şimali Avropa rəssamlarının təsirini açıq şəkildə nümayiş etdirir.

Salvator Mundi təsvirinin ən erkən italyan nümunəsi böyük ehtimalla Simone Martininin Avinyondakı Papa sarayında yerləşən "Mələklərlə əhatə olunmuş Salvator Mundi" əsəridir. Bu təsvir sonrakı Salvator Mundi rəsmlərindəki yarımfiqur kompozisiyalarından fərqli olaraq Məsihi tam boy göstərir. Salvator Mundi təsviri sonradan İtaliyada, xüsusilə də Venesiyada, Covanni Bellininin dövrümüzə yalnız surətləri çatmış arxetipi sayəsində geniş şöhrət qazanmışdır. Bu sıraya Andrea Previtalinin 1519-cu ildə çəkilmiş və hazırda London Milli Qalereyasında saxlanılan əsəri də daxildir.

XV əsrə aid digər bir nümunə Urbino Hersoq sarayında Melozzo da Forli tərəfindən yaradılmış, lakin ciddi şəkildə zədələnmiş rəsmdə müşahidə olunur. Leonardo da Vinçinin öz kompozisiyasını məhz bu konkret nümunə əsasında qurduğu ehtimal edilmişdir.

Tarixi 200px|thumb|right|Təxminən 1908–1910-cu illərə aid fotoda, əsər üzərində yenidənişləmələr aydın şəkildə müşahidə edilir

XVI əsr İncəsənət tarixçiləri əsərin nə vaxt icra edildiyi və onun sifarişçisinin kim ola biləcəyi barədə bir neçə ehtimal irəli sürmüşlər. Christie's-ə görə, rəsm ehtimal ki, təxminən 1500-cü ildə, Fransa kralı XII Lüdovikin Milan hersoqluğunu fəth edib Genuya üzərində nəzarəti ələ keçirməsindən qısa müddət sonra, İkinci italyan müharibəsi dövründə sifariş edilmişdir; Leonardo da Vinçi özü də 1500-cü ildə Milandan Florensiyaya köçmüşdür.

İncəsənət tarixçisi Lyuk Sayson bu fikirlə razılaşaraq əsəri təxminən 1499-cu illə tarixləndirir. Lakin Martin Kemp və Frenk Zöllner əsəri müvafiq olaraq təxminən 1504–1510 və 1507 və ya daha sonrakı illərə aid edirlər. Üslub və material baxımından "Bakirə və Körpə İsa Müqəddəs Anna ilə" əsəri üçün hazırlanmış tədqiqatlarla oxşarlığına əsaslanaraq, Karlo Pedretti Kral Kolleksiyasında saxlanılan parça qatlarına dair eskizləri və bununla da rəsmi 1510–1515-ci illərə tarixləndirir.

Mövzunun spesifik xarakterinə görə, Leonardo da Vinçinin "Salvator Mundi" əsəri böyük ehtimalla əvvəlcədən müəyyən edilmiş konkret bir sifarişçi üçün hazırlanmış, təsadüfi şəkildə yaradılmamışdır. Mantuya markizası İzabella d'Este, mümkün sifarişçi kimi qeyd olunur; belə ki, o, 1504-cü ildə Leonardodan "təxminən on iki yaşlı, məbəddə mübahisə etdiyi dövrdəki kimi gənc Məsih" təsvirini sifariş etmək istəmişdi, halbuki "Salvator Mundi" daha yetkin yaşda Məsihi əks etdirir.

Karlo Pedretti qeyd edir ki, İzabella d'Este 1514-cü ildə Leonardonun himayədarı II Culyano de Mediçinin qonağı olmuşdur və bu səbəbdən həmin dövrdə rəssamı sifarişi tamamlamağa təşviq etmiş ola bilər. Frenk Zöllner isə mümkün sifarişçi kimi Roma Papası X Levi müzakirə edir; onun fikrincə, Salvatorun geyimi Romada Aimo tərəfindən hazırlanmış X Levin mərmər heykəli ilə nəzərəçarpacaq oxşarlıqlar göstərir. Martin Kemp konkret nəticəyə gəlməsə də, İzabella d'Estenin sifarişçi olması ehtimalını nəzərdən keçirir; eyni zamanda o, Macarıstan kralı Matyaş Korvin və Fransa kralı VIII Karl kimi digər ehtimalları da müzakirə edir. Coan Snou-Smit isə hesab edir ki, Leonardo da Vinçi "Salvator Mundi" əsərini Fransa kralı XII Lüdovik və onun həyat yoldaşı Bretanlı Anna üçün çəkmişdir. Bu yanaşma 2018-ci ildə Britaniya Kral Kolleksiyasının "Leonardo da Vinci: A Life in Drawing" sərgisində də dəstəklənmiş və Salvator Mundinin çoxsaylı erkən surətlərinin fransız mənşəli olması ilə əsaslandırılmışdır.

Rəsm əsəri XVI əsrdə bu ölçü və mövzuya malik digər panellər kimi fərdi ibadət kontekstində istifadə edilmiş ola bilər. Həqiqətən də, Snou-Smit öz yazılarında XII Lüdovik və Bretanlı Annanın Salvator Mundi mövzusu ilə bağlı dini-ibadət xarakterli münasibətini vurğulayır və Frenk Zöllner əsərin XVI əsrin əvvəllərində fərdi ibadət və dua praktikasında fransız miniatür əlyazmaları ilə əlaqəsini müzakirə edir.

Ola bilsin ki, rəsm 1525-ci ildə Salainin əmlak siyahısında "Christo in mondo de uno Dio padre" kimi qeydə alınmışdır, lakin bunun hansı Salvator Mundiyə aid olduğu aydın deyil. Əsərin proveniensiyası 1530-cu ildən sonra kəsilir.

XVII–XIX əsrlər thumb|left|200px|Vatslav Hollar — Salvator Mundi, 1650, qravür, latın dilində yazıda deyilir: "Bunu Leonardo da Vinçi çəkmişdir, … orijinal əsərdən.", Tomas Fişer Nadir Kitab Kitabxanasının kolleksiyası. Bu rəsm əsəri, görünür, 1638–1641-ci illərdə Ceyms Hemiltonun London şəhərindəki Çelsi malikanəsində saxlanılmışdır. İngiltərə burjua inqilabında iştirak etdikdən sonra Hemilton 9 mart 1649-cu ildə edam edilmiş və onun bəzi əşyaları satış məqsədilə Niderlanda aparılmışdır. Bohemiya rəssamı Vatslav Hollar üzərində 1650-ci il tarixi göstərilən qravür surətini ehtimal ki, həmin dövrdə Antverpen şəhərində hazırlamışdır.

Əsərin 1649-cu ildə Henretta Mariyanın kolleksiyasında olduğu da qeydə alınmışdır ; həmin il onun həyat yoldaşı I Karl 30 yanvar tarixində edam edilmişdi.

Rəsm daha sonra Kral Kolleksiyasının inventarına daxil edilmiş və 30 funt-sterlinq dəyərində qiymətləndirilmişdir. İngiltərə Respublikası dövründə Karlın əmlakı satışa çıxarılmış, əsər 1651-ci ildə kreditorlardan birinə satılmışdır.

1660-cı ildə Stüart restavrasiyası baş verdikdən sonra tablo II Karla qaytarılmış və 1666-cı ildə onun Uaytholl sarayındakı inventarında qeyd edilmişdir. Əsər sonradan II Ceymsə miras qalmış və ehtimal ki, onun məşuqəsi Ketrin Sedliyə keçənədək onda saxlanılmışdır. Sedlinin II Ceymsdən olan nikahdankənar qızı sonradan Con Şeffildin üçüncü həyat yoldaşı olmuşdur. Hersoqun nikahdankənar oğlu ser Çarlz Herbert Şeffild 1763-cü ildə əsəri, eləcə də Bukingem-Hausdakı digər sənət nümunələrini hərraca çıxarmışdır; həmin bina sonradan III Georq tərəfindən satın alınmışdır.

Əsər böyük ehtimalla XIX əsrdə qızıl suyuna çəkilmiş çərçivəyə yerləşdirilmiş və 2005-ci ilədək həmin çərçivədə qalmışdır. Ehtimal edilir ki, bu, britaniyalı kolleksiyaçı Frensis Kukun 1900-cü ildə rəssam Con Çarlz Robinsondan satın aldığı və London şəhərinin Riçmond bölgəsində yerləşən Douti-Haus kolleksiyasında saxladığı əsərdir.

Rəsm əvvəlki restavrasiya cəhdləri nəticəsində zədələnmişdi və Leonardo da Vinçinin davamçılarından olan Bernardino Luiniyə aid edilirdi. Kukun nəticəsi IV Baronet ser Frensis Kuk əsəri 1958-ci ildə hərracda 45 funt-sterlinqə satmışdır; tablo həmin vaxt Covanni Antonio Boltraffionun əsəri kimi təqdim edilmişdi və 2011-ci ilə qədər də bu atribusiya qüvvədə qalmışdır.

Yenidən kəşf edilməsi və bərpası thumb|left|200px|Əsərin 2005-ci il hərrac kataloqundakı görünüşü; burada o, "Leonardo da Vinçinin kopyası" adı ilə təqdim edilmiş və 1200–1800 ABŞ dolları dəyərində qiymətləndirilmişdiSt. Charles Gallery, 9–10 April 2005 auction catalog, New Orleans 2005-ci ildə ABŞ-nin Luiziana ştatının Baton-Ruj şəhərindən olan iş adamı Basil Klovis Hendrinin əmlakı "St. Charles Gallery" tərəfindən Nyu-Orlean şəhərində hərraca çıxarılmışdır. 664 nömrəli lot "Leonardo da Vinçinin kopyası: Salvator Mundi" adı ilə təqdim edilmişdi. Əsər köhnə ustadların sənət əsərləri üzrə mütəxəssis Robert Simon və sənət alverçisi Aleksandr Periş tərəfindən 1175 ABŞ dollarına satın alınmışdır.

Tərəfdaşlar hesab edirdilər ki, rəsm əsərinin provenansı "St. Charles Gallery" tərəfindən göstərildiyindən daha güclü ola bilər. Əsər qalın boya qatları ilə örtülmüşdü və ekspertlərdən biri onu "qaranlıq və bərbad vəziyyətdə" adlandırmışdı. 2005-ci ilin aprelində onlar, Nyu-York Universitetinin professoru Dayan Duayer Modestini restavrasiya işlərinə rəhbərlik etmək üçün işə cəlb edirlər.

İnfraqırmızı çəkilişlər zamanı xeyir-dua verən əlin baş barmağının əvvəlcə daha dik vəziyyətdə təsvir edildiyini göstərən pentimento aşkar edilmişdir. Rəssam tərəfindən aparılmış bu dəyişiklik əsərin sadəcə surət olması ehtimalını əhəmiyyətli dərəcədə zəiflətmişdir.