Almaniyanın vergi sistemi
Xarici ölkələrin vergi sistemlərinin öyrənilməsi bu ölkələrin vergitutma təcrübəsini, vergitutma mexanizmlərinin inkişafının ümumi qanunauyğunluqlarını nəzərə almağa imkan verir. Bazar iqtisadiyyatına xas olan ölkələrin vergi sistemləri müxtəlif iqtisadi, siyasi və sosial amillərin təsiri nəticəsində təşəkkül tapmışdır. Vergilərin sayına, strukturuna, yığılma üsullarına, dərəcələrinə və digər əlamətlərinə görə ölkələrin vergi sistemləri bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Buna baxmayaraq bütün bu vergi sistemlərinə xas olan ümumi bir cəhət var. Bu da dövlətin vergi gəlirlərinin artırılması üçün yolların axtarılmasından və vergitutmanın əsas prinsiplərinin tələblərinə cavab verən optimal vergi sisteminin yaradılmasından ibarətdir.
İnkişaf etmiş dövlətlər üçün ən xarakterik cəhət iqtisadi həyatın müxtəlif sahələrinə dövlət müdaxiləsinin səviyyəsidir. Məsələn, ABŞ-da bu müdaxilənin səviyyəsi aşağı, İsveçdə yüksək, Yaponiya və Almaniyada isə bu ölkələrlə müqayisədə nisbətən orta səviyyədədir.
Dövlət müdaxiləsinin əsas məqsədi iqtisadiyyatın tənzimlənməsidir. Dövlət tənzimlənməsinin vasitələri isə vergi siyasəti və azad sahibkarlığa maliyyə dəstəyinin göstərilməsidir. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin əsas məqsədi sabit iqtisadi artıma nail olmaq, əsas əmtəə və xidmətlərin qiymətlərinin sabitliyinin, əmək qabiliyyətli əhalinin tam məşğulluğunun və əhalinin gəlirlərinin müəyyən minimal səviyyəsinin təmin edilməsi və vətəndaşların sosial müdafiə sisteminin yaradılmasıdır.
Bütün bu məqsədlərə eyni zamanda nail olunması praktiki olaraq mümkün deyildir. Məsələn, qiymətlərə məhdudiyyət qoyulması iqtisadi artımı zəiflədir, məşğulluq səviyyəsinin aşağı düşməsinə səbəb olur. Balanslaşdırılmış nisbətin tapılması dövlətlərin iqtisadi siyasətinin əsasını təşkil edir.
İnkişaf etmiş ölkələrdə vergi siyasəti iqtisadiyyatda baş verən böhran halları ilə vergi dərəcələrini radikal şəkildə aşağı salmaqla mübarizə aparmaq ideyasına əsaslanır. Dövlətin vergi siyasəti ölkədə əlverişli vergi mühitinin formalaşmasına, investisiyaların təşviqinə yönəlməlidir.
Vergitutma səviyyəsinin yüksək olmasının nəyə gətirib çıxardığına aşağıdakı misallar əyani sübutdur. Məsələn, 1994-cü ildə Fransadan kapital axını 50 milyard ABŞ dollarından çox olmuşdur. Bu kapitalın əsas hissəsi güzəştli vergitutma rejimi olan ölkələrdə yerləşdirilmişdir. 1985–1994-cü illərdə Böyük Yeddiliyə daxil olan ölkələrdən Karib dənizi hövzəsi və Sakit okeandakı "vergi sığınacağı" ölkələrinə birbaşa investisiyaların həcmi 5 dəfə artmışdır.
İqtisadi cəhətdən inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə korporasiyaların mənfəət vergisinin və fərdi gəlir vergisinin dərəcələri 30–60%, faizlər, dividendlər və royalti şəklində bölüşdürülən mənfəətdən tutulan verginin dərəcəsi isə 15–35% intervalındadır. Həmin ölkələrdə şirkətlərin yaradılması şərtləri və maliyyə hesabatlarına nəzarət kifayət qədər sərtdir, vergi qanunvericiliyinin pozulmasına görə ağır cərimə və cinayət sanksiyaları tətbiq olunur.
Bu baxımdan Almaniyanın vergi sistemində hansı mühüm əhəmiyyətli prinsiplərə əməl edilməsinə, büdcənin hansı mənbələr hesabına formalaşmasına, aparılan vergi islahatlarına və vergi sisteminin inkişafının əsas istiqamətlərinə diqqət yetirilməsi məqsədəuyğun olardı.
Almaniyanın vergi islahatları Almaniyada məqsədyönlü vergi islahatları həyata keçirilir. İqtisadi artımın stimullaşdırılması, bazar mexanizminin fəallaşdırılması aparılan islahatların məqsədini təşkil edir.
İslahatların vəzifələri: vergi yükünün yüngülləşdirilməsi, əlverişli investisiya mühitinin yaradılması, özünümaliyyələşdirmənin genişləndirilməsi, kiçik təsərrüfat formalarının təşviqi, istehlak həcminin stimullaşdırılması. Almaniyanın vergi sistemində fərqli ödəyicilərinə, vergitutma bazasına, vergi dərəcəsinə görə 50-yə yaxın vergi növü ödənilir. Almaniyada əlavə dəyər vergisinin 16%, mənfəət vergisinin 25% təşkil etməsinə baxmayaraq burada vergi sistemini cəlbedici adlandırmaq düzgün olmazdı. Almaniyada vergi sisteminin ən mühüm prinsipləri aşağıdakılardan ibarətdir: vergilərin mümkün qədər minimum səviyyəyədə olması; vergilərin yığılması zamanı səmərəlilik prinsipinin gözlənilməsi (vergilərin yığılması ilə əlaqədar xərclərin aşağı səviyyəyədə olması); vergilərin rəqabətə maneçilik törətməməsi, kiminsə şansını dəyişdirməməsi; vergilərin struktur siyasətinə uyğun olması; vergi siyasətinin gəlirlərin daha ədalətli bölgüsünə yönəldilməsi; vergi sisteminin insanların şəxsi həyatına hörmət əsasında qurulması; vergitutma ilə əlaqədar olaraq insanların özlərinin şəxsi həyatlarının minimal dərəcədə dövlətə açıqlaması; vergi işçisinin vergi ödəyicisi barədə hər hansı bir məlumatı heç kəsə verməmək hüququnun olması; kommersiya(vergi) sirrinin saxlanılmasına zəmanət verilməsi; vergi sisteminin ikiqat vergitutmanı istisna etməsi; tutulan vergilərin həcminin insanların müdafiəsi və vətəndaşın dövlətdən ala biləcəyi nələr varsa hamısı daxil olmaqla dövlət xidmətlərinin həcminə uyğun olması. Almaniyada vergilər dövlət gəlirlərinin əsas mənbəyi hesab olunur. Vergilər ölkənin dövlət büdcəsinin gəlirlərinin təqribən 80%-ni təşkil edir. Vergi sisteminin xüsusiyyətləri. Almaniyanın vergi sistemi digər sənayecə inkişaf etmiş ölkələrin vergi sistemindən əsaslı surətdə fərqlənir. Almaniyanın vergi sisteminin hüquqi təminatının başlıca xüsusiyyətləri əsas vergitutma obyektlərinin, vergilərin tutulmasının federasiyalar, ərazilər və icmalar arasında bölüşdürülməsi üzrə qarşılıqlı münasibətlərin və səlahiyyətlərin ölkənin Konstitusiyası vasitəsilə müəyyən ediklməsidir. Gəlirlərin tutulması və bölüşdürülməsi üzrə səlahiyyətlər baxımından Almaniyada vergilər aşağıdakı kimi qruplaşdırılır: federal, ərazi, birgə, yerli və kilsə vergiləri. Ən əhəmiyyətli vergilər (gəlir vergisi, əlavə dəyər vergisi, əmlak vergisi, aksizlər və başqaları) federal hakimiyyət orqanlarına məxsusdur. Ayrı-ayrı vergilərin, belə ki, mədən və torpaq vergilərinin tətbiqi və alınması qaydaları xüsusi qanunvericiliklə tənzimlənir. Bu qanunvericiliyə görə vergitutma bazasının müəyyən edilməsi, vergi güzəştəri və minimum azadolmalar federal hakimiyyətin səlahiyyətinə aiddir. Baza dərəcələrinə ərazi hakimiyyəti cavab verir, xüsusi əmsalları icma tətbiq edir. Əmsallar dövlətin maliyyə siyasətinin aləti kimi mühüm və səmərəli rol oynayır.
Almaniyada vergitutma obyektləri çox saylı və böyük əhatə dairəsinə malikdir və alınan vergilərin sayı 50-yə çatır. Büdcələrin strukturu və müxtəlif mənbəələr hesabına formalaşması istiqamətlərinə diqqət yetirək.
Federal və birgə vergilər Federal büdcə aşağıdakı daxilolmalar hesabına formalaşır: federal vergilər: gömrük rüsumları, əlavə dəyər vergisi, sığorta fəaliyyətindən əldə edilən gəlirə hesablanan vergilər, veksel vergiləri, həmrəylik vergiləri, Avropa birliyi xətti üzrə vergilər, aksizlər (pivəyə alınan vergidən başqa); birgə vergilərdən alınan paylar; mədən vergisinin bölgüsündən alınan paylar. Ərazi büdcəsi aşağıdakı mənbəələr hesabına formalaşır: torpaq vergisi: əmlak vergisi, vərəsəlik vergisi, torpaq sahəsi alarkən hesablanan vergilər, avtonəqliyyat vasitələri sahiblərindən alınan vergilər, pivənin istehsalı, idxalı və satışı ilə əlaqədar alınan vergilər, totalizatorlardan və lotereya uduçlrınin keçirilməsindən alınan vergilər, yangın əleyhinə mühafizədən vergilər, kazinoda dövriyyədən yığımlar. birgə vergilərdən alınan paylar; mədən vergisinin bölgüsündən alınan paylar.
Birgə vergilərə daxildir: əmək haqqından tutulan vergilər, gəlir vergisi, korporasiyalardan alınan vergilər, əlavə dəyər vergisi (daşınan malların dövriyyəsinə görə alınan vergilər daxil olmaqla) İcma büdcəsi aşağıdakı daxilolmalar hesabına formalaşır: yerli vergilər, mədən vergisi, torpaq vergisi, gəlirlərin istifadəsinin spesifik formalarına görə yerli aksiz və vergilər (it sahiblərindən alınan vergilər, əyləncə müəssisələrinin gəlirlərindən vergilər). əmək haqqından tutulan vergilər və gəlir vergisi hesabına daxilolmalardan ayrılan paylar; torpaq qanunvericiliyi çərçivəsində vergi ödənişləri.
Münasib dinlərə (kotolik, protestant, lyuteran) inananlardan kilsə vergilərinin alınması hüquqi baxımdan kilsənin səlahiyyətlərinə aiddir.
Federal və birgə vergilər Federal vergilərin əsasını aksizlər təşkil edir. Bura mineral yanacağa vergilər, spirt və alkoqollu məmulatlara vergilər, tütün məmulatlarına vergilər, sığorta fəaliyyətindən gəlirlərə vergilər, gömrük rüsumları və başqaları daxildir. Həmin vergilər tam həcmdə federal büdcəyə köçürülür. Federal vergilər daxilində spirt-alkoqollu içkilər, tütün və tütün məmulatlarına hesablanan və ödənilən vergilər böyük əhəmiyyətə malikdir.
Federal və ərazi büdcələrinə daxil olan paylara (hissələrə) görə Federasiya və Ərazilər birgə vergilərə malikdirlər. Bura gəlir vergisi, korporasiyalardan alınan vergilər, dövriyyədən vergilər (əlavə dəyər vergisi) daxildir. Bu vergilər ölkənin büdcə sistemi üçün mühüm əhəmiyyətə malikdir. Buna görə də həmin vergilərin tətbiqi federal hakimiyyətin hüquqlarına aid edilir. Yeganə müasir vergi hesab edilən gəlir vergisi üç hakimiyyət arasında müvafiq səviyyədə aşağıdakı qaydada bölünmüşdür. 42,5 % – mərkəzi büdcəyə; 42,5 % – ərazi büdcəsinə; 15,0 % – mülk büdcəsinə.
Birbaşa vergilərin arasında əsas yeri gəlır vergisi tutur. Gəlirin əsas mənbələri əmək haqqı, bank faizləri, qiymətli kağızlardan əldə olunan dividentlər, yaşayış sahələrinin icarəyə verilməsi, fərdi əmək fəaliyyəti və s. Gəlir vergisi mütərəqqi şkala üzrə tutulur.
Vergi ödəyicilərinin gəlirlərinin ümumi məbləğinin 5–10%-i həcmində xüsusi xərcləri (sığorta ödənişləri, ixtisas artırma, xeyriyyəçiliklə əlaqədar xərcləri) gəlirlərindən cıxılır. Müxtəlif kateqoriyaya malik vergi ödəyiciləri tərəfindən təqdim olunan gözlənilməyən (planlaşdırılmayan) xərclər və dijər bu kimi minimumlar gəlirdən çıxılır.
Proqresiv (mütərəqqi) vergi dərəcəsi 15–46% intervalında dəyişir. Gəlirin 204 min avrodan cox olan hissəsi 47% dərəcəsi ilə vergiyə cəlb olunur. Bu zaman 18 yaşadək uşaqlara görə 1800 avro, 18 yaşdan böyük olan uşaqlara görə isə 2400 avro cıxılır. Vergitutma şkalasının dərəcəsi 0–51% intervalında proqresiv hesab edilir. Gəlir vergisinin dərəcələri ilə aşağıdakı cədvəldən tanış olmaq olar.
Gəlir vergisinin dərəcələri Ümumi vergitutulan gəlir, avro Marqinal dərəcə, %-lə Verginin məbləği, avro
13 499-a qədər 0 0
13500 – 17495 22,90 – 25,00 12 – 957
17496 – 114696 25,00 – 51,00 970 – 37,892
114695-dən yuxarı 51 37 919
Əmək haqqına vergi bir sıra amillərdən asılı olaraq (ödəyicinin subay, ailəli olması, ailə üzrə hər ikisinin işləməsi) 6 mümkün qrupdan birinə aid edilməsi xüsusiyyəti ilə fərqlənir. İşəgötürən (sahibkar) hər bir işçi üçün vergi kartı aparır. İl üzrə vergi məbləğinin korrektirovkası keçirilir.
Korporasiyaların vergitutma obyekti onun mənfəətidir. 2001-ci ildən korporasiyaların mənfəət üzrə vergi dərəcəsi 25% müəyyən edilmişdir. Həmin vergi üzrə məhdudiyyətlər və qeyri-məhdud məsuliyyətlər mövcuddur. Qeyri-məhdud məsuliyyət o deməkdir ki, korporasiya Almaniyanın hüdudlarından kənarda yerləşir, lakin gəlirləri Almaniya ərazisində əldə edir. Qeyri-məhdudluq Almaniya ərazisinə aid edilir. Korporasiyaların gəlirlərindən vergilər müxtəlif hüquqi formada tədbitlərə görə tutulur. Həmin vergi üzrə bəyənnamə vergi orqanına (təşkilatına) 31 may tarixinədək təqdim edilir. Ödənişlər isə bərabər məbləğdə rüblər üzrə (10 mart, 10 iyun, 10 sentyabr, 10 dekabr tarixlərinədək) ödənilir. İşəgötürən aşağıdakı sosial fondlara ödənişləri həyata keçirir: pensiya sığortası (9,65% , vergitutma bazası – 8600 avro); tibbi sığorta (6,75%, vergitutma bazası – 6450 avro); məşğulluq fondu (3,25%, vergitutma bazası – 8600 avro).