Geosiyasət — coğrafi amillərin (fiziki coğrafiya, iqlim, təbii ehtiyatlar, demoqrafiya) siyasi gücə, xarici siyasətə və dövlətlərarası münasibətlərə necə təsir etdiyini öyrənən elm. Geosiyasət adətən, dövlətlərə və onlar arasındakı münasibətlərə aid edilir. Bununla yanaşı, o, digər iki növ dövlətə də diqqət yetirə bilər: de-fakto müstəqil olan, lakin beynəlxalq səviyyədə məhdud tanınan dövlətlərə və federasiya, konfederasiya və ya kvazifederal sistemi təşkil edən federativ subyektlər kimi dövlətdaxili geosiyasi qurumlar arasındakı münasibətlərə.

Beynəlxalq münasibətlər səviyyəsində geosiyasət coğrafi amillər vasitəsilə beynəlxalq siyasi davranışları anlamaq, izah etmək və proqnozlaşdırmaq məqsədilə xarici siyasətin öyrənilməsi metodu kimi çıxış edir. Bu amillərə tədqiq olunan regionun regional xüsusiyyətləri, iqlimi, relyefi, demoqrafik göstəriciləri, təbii ehtiyatları və tətbiqi elmi imkanları daxildir.

Geosiyasət coğrafi məkanla əlaqəli siyasi gücə diqqət yetirir. Bu, xüsusilə ərazi sularını, quru ərazilərini və təbii ehtiyatların yaratdığı sərvəti əhatə edir. Geosiyasət diplomatik tarixlə, xüsusən də böyük dövlətin özündən daha zəif və ya təxminən eyni gücə malik qonşu dövlətlərlə münasibətləri kontekstində qarşılıqlı əlaqədə öyrənilir. Bəzi alimlər hesab edirlər ki, geopolitika dövlət idarəçiliyinə və siyasi qərarların qəbuluna kömək edən vasitə rolunu oynamalıdır.

Geosiyasətin əsas tədqiqat mövzularına beynəlxalq siyasi aktorların müəyyən ərazi, məkan və ya coğrafi element daxilində formalaşan maraqları arasındakı münasibətlər daxildir. Bu münasibətlər bütövlükdə geosiyasi sistemi yaradır. Tənqidi geosiyasət klassik geosiyasi nəzəriyyələri təhlil edərək onların böyük dövlətlər üçün yerinə yetirdiyi siyasi və ideoloji funksiyaları üzə çıxarır. Bəzi elmi əsərlərdə bərpa olunan enerji mənbələrinin geosiyasəti də araşdırılır.Geosiyasət ilə geoiqtisadiyyat arasındakı əlaqə, əsasən, iki əsas elmi yanaşma çərçivəsində təhlil olunur: strateji yanaşma və siyasi-iqtisadi yanaşma. Kristofer Qoqvilt və digər tədqiqatçıların fikrincə, müasir dövrdə geopolitika termini geniş anlayışlar spektrini ifadə etmək üçün istifadə olunur. Ümumi mənada bu termin beynəlxalq siyasi münasibətlərin sinonimi kimi işlədilir, daha konkret mənada isə həmin münasibətlərin qlobal strukturunu ifadə edir. Bu istifadə XX əsrin əvvəllərində meydana çıxmış, siyasi coğrafiyanı, tarixi determinizmi və coğrafi determinizmi psevdoelmi yanaşmalar çərçivəsində izah edən nəzəriyyələrlə də əlaqələndirilir.

Geosiyasət anlayışı Elmi ədəbiyyatda "geosiyasət" anlayışı dəqiq və tam formalaşdırılmamışdır. Bu, bütün formalaşan elm sahələrinin xarakterik cəhətidir. Geosiyasət elminin obyekti və subyekti haqqında mübahisələr 100 ilə yaxındır ki, davam edir. Bir çox tədqiqatçılar geosiyasət elmini bir-biri ilə qarşılıqlı əlaqədə olan və dövlətin strateji potensialına böyük təsir göstərən coğrafi, tarixi, siyasi və digər faktorların kompleksi kimi görürlər. SSRİ-də uzun müddət geosiyasət elmi imperialist dövlətlərin ərazi ekspansiyasına bəraət qazandıran burjuaziyanın yalançı elm sahəsi kimi nəzərdən keçirilirdi. XX əsrin 80-ci illərində elmə dair baxışlarda böyük dəyişikliklər yarandı. Belə ki, 1989-cu ildə nəşr olunmuş sovet fəlsəfi ensiklopediyasında geosiyasət elminə negativ münasibət bəslənilmirdi. Bununla belə, geosiyasət qərbi politoloji konsepsiya kimi göstərilərək bildirilirdi ki, "dövlətlərin siyasəti, xüsusən də xarici siyasət müxtəlif coğrafi faktorlar vasitəsilə müəyyən olunur: məkan faktoru, təbii resursların mövcudluğu və ya çatışmazlığı iqlim faktoru və s."

İsveç alimi Rudolf Çellen elmə "geosiyasət" anlayışını gətirmişdir. Bu ad altında çıxış edən elmi o, "dövləti coğrafi orqanizm və ya məkan fenomeni kimi nəzərdən keçirən doktrina" kimi qiymətləndirir. Geosiyasət dövləti daimi, dəyişməz təşkil forması deyil, canlı varlıq kimi nəzərdən keçirir. Bu cür yanaşmanı alman nəzəriyyəçisi Fridrix Ratsel irəli sürmüşdür. Geosiyasət dövləti xarici aləmlə münasibətdə öyrənmək və bu münasibətlərdən doğan problemləri həll etmək məqsədini daşıyır. Ratselin fikrincə, siyasi coğrafiyadan fərqli olaraq, geosiyasət elmini dövlətin vəziyyəti, forması, sərhədləri və ya ölçüləri, iqtisadiyyatı, ticarəti və mədəniyyəti maraqlandırmır. Bütün bu məsələlər əsas etibarilə, dövlətin strateji vəziyyətinin təsviri ilə məhdudlaşan siyasi coğrafiya elminə aiddir. Politoloq E. A. Pozdnyakov təsdiqləyir ki, geosiyasət əsas diqqətini fiziki əhatə, dövlətin hərbi-siyasi, iqtisadi və ekoloji təhlükəsizliyi faktorlarına və bu faktorların siyasətdə istifadə edilməsinin real imkanlarının açılmasına və öyrənilməsinə diqqətini yönəldir. Praktik geosiyasət dövlətin ərazi problemlərinin, sərhədlərinin, insan resursları da daxil olmaqla, resursların müəyyən edilməsi və səmərəli istifadə olunmasını öyrənir.

Geosiyasət elmi 3 elmi yanaşmanın əsasında meydana gəlmişdir:

Sivilizasiya nəzəriyyələri Hərbi strateji nəzəriyyələr Coğrafi determinizm nəzəriyyələri

Mədəni yanaşmanın banisi rus alimi N. Y. Danilevski hesab edilir. Onun fikrincə, tarixin teatr səhnəsində əsas fəaliyyət göstərən subyektlər kimi dövlətlər və ya ayrı-ayrı millətlər deyil, böyük mədəni-dini birliklər çıxış edir. Danilevski onları "mədəni-tarixi tiplər" adlandırır. Rus tədqiqatçılarından ilk olaraq, Danilevski "Avropanın Rusiyaya qarşı soyuqluğu" tezisini ifadə etmiş və bunu elmi surətdə əsaslandırmışdır. Onun fikrincə, bu soyuqluğun səbəbi 2 dünya gücü arasında olan prinsipial mədəni fərqlərdir: "Avropa bizi ozününkü kimi qəbul etmir. Avropalılar Rusiya və slavyanları yalnız yad deyil, eyni zamanda düşmən kimi görür. XIX əsrin sonu-XX əsrin əvvəllərində Danilevskinin konsepsiyasını rus filosofu K. N. Leontyev, alman filosofu Osvald Şpenqler, ingilis alimi Arnold Toynbi də inkişaf etdirmişdir. Öz əsərlərində o, "pravoslav –rus" sivilizasiya tipini ayırmışdır. Sivilizasiya nəzəriyyəsi XX əsrin sonlarında da alim-geosiyasətçilərin diqqətini cəlb etmişdir. Harvard Universitetinin professoru Samuel Hantinqtonun "Sivilizasiyaların toqquşması" adlı kitabı çox mübahisələrə səbəb oldu. Müəllif təsdiqləyir ki, XXI əsrdə konfliktlərin əsas mənbəyi kimi iqtisadiyyat və ya ideologiya deyil, mədəni fərqlər çıxış edəcək. O hesab edir ki, "sivilizasiyaların toqquşması dünya siyasətinin əsas faktoruna çevriləcək. Sivilizasiyalar arasında olan ayırma xətləri isə gələcəkdə cəbhə xətləri olacaq". XXI əsrin mənzərəsi müəllifə 7–8 böyük sivilizasiyanın qarşılıqlı fəaliyyət və rəqabətinin nəticəsi kimi görünür. O, bu sivilizasiyalar arasında qərbləşməyə qarşı çıxan "pravoslav-slavyan" sivilizasiyasının da olacağını göstərir.

Aristotel "Siyasət" əsərində Krit adasının geosiyasi vəziyyətinin xüsusilikləri barədə qeyd edir: "Krit adası sanki Yunanıstan üzərində ağalıq etmək üçün nəzərdə tutulub. Onun coğrafi vəziyyəti isə çox əlverişlidir: o, demək olar ki, bütün yunanların ətrafında məskunlaşdığı dənizlə əhatələnir. O, bir tərəfdən Peloponnes, digər tərəfdən isə, Asiya ilə yaxın məsafədə yerləşir".

Geosiyasətin obyekti və predmeti "Geosiyasət" termini artıq 100 ildən artıqdır ki, mövcuddur. Uzun müddət elm sahəsi kimi geosiyasətin mahiyyəti, sərhədləri və obyekti haqqında suallar cavabını tapmamışdır. Geosiyasətin obyekti barədə belə söyləmək olar ki, geosiyasət- dəniz və qurunun, hava və yer qabığının milyon illər boyu qarşıdurması baş verdiyi planetar məkan- quru səthi, su səthi, hava qatı, yer kürəsidir. Geosiyasətin predmeti qlobal və regional problemlərin həlli zamanı geosiyasi subyektlər arasındakı qarşılıqlı əlaqədir. İlk növbədə, geosiyasətin predmeti planetar məkan üzərində nəzarətdir. Lakin buradan suallar doğur: bu nəzarət hansı yollarla həyata keçirilir?, onun mexanizmi necədir?, hansı faktorlar bu mexanizmdə daha önəmlidir?, bu mexanizmi hərəkətə gətirən subyektlərin rolu nədən ibarətdir? və s. Qeyd etmək lazımdır ki, bu və ya digər faktorların rolu tarixən dəyişmişdir. Məsələn, hələ iki yüz il bundan əvvəl ön sırada coğrafi, təbii-iqlim, məkan və iqtisadi faktorlar, istehsalçı qüvvələrin inkişaf dərəcəsi və s. olmuşdur. XXI əsrin əvvəllərində biz dünya düzəninin bir modelindən digərinə-qlobal modelə keçidinin şahidi oluruq. Bu dövrdən etibarən geosiyasi vəziyyət daha az davamlılıq kəsb etməyə başladı ki, bunun da əsas səbəbi 150–200 il əvvəl olduğundan sayca daha çox faktorun əhəmiyyətli təsirə malik olmasıdır.

İqtisadi proseslər, elmi-texniki inqilab coğrafi mühitə, ekoloji vəziyyətə və insanlara daha çox təsir etməyə başlayıb. Bütün növ beynəlxalq əlaqələrin qurulmasında iqtisadi maraqlar ön plana çıxır. Nəzərə alsaq ki, planetimizdə baş verən iqtisadi proseslər yüksək dinamikliyi ilə seçilir, onda deyə bilərik ki, bu faktorlar müasir geosiyasi vəziyyətin qeyri-stabilliyini şərtləndirir.

Elmi-texniki inqilab nəticəsində ən müasir texniki vasitələr meydana gəldi: kütləvi qırğın silahları və onların çatdırılma vasitələri, düşmən silahının aşkar edilməsi və onun məhvi, ordular və onların manevrlərinin idarə edilməsi və s. Hərbi sferadakı müasir vəziyyət geosiyasət atalarının Şimali Atlantika("xarici aypara" və ya "Heartland") ölkələrinin möhkəmliyi və davamlılığı haqda fikirlərini şübhə altına alır. Elmi texniki inqilab elektron rabitə vasitələrinin inkişafında da böyük rol oynadı. Bunun nəticəsində "kommunikativ" dünya birliyi- İnternet şəbəkəsi yaradıldı. Elektorn ünsiyyət vasitəsilə əvvəllər böyük məsafələrlə bir-birində ayrılmış dövlətlər və xalqlar yaxın qonşulara çevriliblər. Yeni texnika və texnologiyaların işlənib hazırlanması ilə məşğul olan elm sahələri, eləcə də beynəlxalq münasibətlərdə ümumi strategiyanın və geosiyasi vəziyyətin müəyyən edilməsi ilə məşğul olan ictimai-siyasi elmlər yüksək inkişaf tempi almışlar. Yuxarıdakı faktora uyğun olaraq əhalinin təhsil və mədəniyyət səviyyəsinin yüksəlməsi. Zərif texnologiyaların praktikada tətbiqi, iqtisadi sferanın və elmin, hərbi işin inkişafı bu keyfiyyətlərdən daha çox asılıdır. Mədəniyyət səviyyəsi XX əsrin son onilliklərində geosiyasi qüvvələr tarazlığına təsir edən dünya dinlərinə təsir göstərir. Dövlətin siyasi rejiminin fəaliyyətinin effektivliyi, hakim elitanın təfəkkür və səriştə səviyyəsi, ölkə əhalisinə, cəmiyyətin qanun və qaydalarına hörmətlə yanaşılması da əhəmiyyətli rol oynayır.

Elmi-texniki tərəqqi nəticəsində ayrı-ayrı cöğrafi elementlərin: böyük ərazilərin, okeanların, dənizlərin, dağlar, çaylar, meşələr və çöllərin rolu azalmışdır. Bununla yanaşı, bir çox rabitə növlərinin də əhəmiyyəti azalmışdır: dəmir yolları, dəniz yolları. Lakin boru kəmərləri, avtonəqliyyat və hava daşımalarının rolu daha da artmışdır; elmi potensiala, texnologiya və maliyyəyə malik nisbətən kiçik dövlətlər daha çox əhəmiyyət kəsb etməyə başlamışdır.

Geosiyasi epoxalar