II Şah Təhmasib (farsca: طهماسب) və ya Şah II Təhmasib () — Səfəvilər xanədanlığından olan X şahı (1722–1732). Səfəvilər xanədanlığından olan IX şah Sultan Hüseynin 3-cü oğlu.
Taxta çıxması 1722-ci ildə Mir Mahmud Hotakinin başçılıq etdiyi əfqanlar Gülnabad döyüşündə Səfəvi dövlətinin hərbi qüvvələrini məğlub edərək paytaxt İsfahan şəhərini mühasirəyə alırlar. 8 ay davam edən mühasirə zamanı şəhərdə aclıq başlayır. Mühasirənin sonuna yaxın artıq şəhərdə küçə itləri belə qalmamışdı. Şah Hüseyn, bütün saray əyanları ilə Mir Mahmud Hotakinin qərargahına gedərək hakimiyyətdən əl çəkdiyini bildirir və şahlıq tacını Mir Mahmud Hotakinin başına qoyur. Qarşılığında isə ona sülalə üzvlərinin sağ qalacağına, özünə ehtiramla yanaşılacağına dair söz verilir. Lakin İsfahan hələ mühasirədə olarkən, şəhərdən kənarda olan Səfəvi qoşunlarından birinin başçısı Luristan valisi Əlimərdan xan Şah Hüseynə məktub yazaraq taxtdan imtina etməsini, qardaşı Abbas Mirzəni şah elan etməsini, Səfəvi qoşunun baş komandanı təyin etdiyi Ərəbistan valisi Seyid Abdullanın vəzifədən kənar edilməsini xahiş edir. Şah bütün tələbləri rədd edir. Əlimərdan xanın ikinci məktubunda şahdan şahzadələrdən birini ona qoşulması üçün göndərməsini xahiş edir. Şah bu təklifi qəbul edir. Şah Hüseynin ən çox sevdiyi oğlu böyük oğlu Səfi Mirzə idi. Buna görə onu hərəmdən çıxardaraq, öz yanına gətirdir və vəliəhd elan edir. Lakin Səfi Mirzənin saraydakı xacə və əyanlar arasında gedən mübarizəyə müdaxilə etməsi və buna son qoymaq cəhdlərinə görə xacələr onu şahın gözündən salırlar. Bilinməyən fransız müəllifin məlumatına görə şah oğlunun gözünü çıxartdırır və hərəmxanaya geri qaytarır. Bundan sonra müzakirələr qızışır və qərara alınır ki, 18 yaşlı Təhmasib Mirzə şəhərin müdafiəsini kənardan təşkil etmək və yeni ordu toplamaq üçün şəhərdən çıxarılsın. Təhmasib Mirzə bir qrup şəxslə əfqan patrulların hücumunu dəf edərək şəhərdən çıxa bilir və Kaşana çatır. Maraqlısı budur ki, əfqan patrulların rəisi Mir Mahmud Hotakinin əmisi oğlu və ondan sonrakı Hotaki şahı Əşrəf xan idi. Bu məsuliyyətsizliyinə görə Əşrəf xan həbs edilir.
1722-ci ilin oktyabr ayının 23-də Şah Hüseynin Mir Mahmud Hotakiyə təslim olmasından sonra noyabr ayında Təhmasib Mirzə özünü şah elan edir.
Səfəvi dövlətinin xilasi uğrunda mübarizə Təhmasib şah elan olunduqdan sonra onun qarşısında çətin vəzifə qoyulmuşdu. O, ölkəni işğal edən əfqanlarla, ruslarla, osmanlılarla və daxildəki separat qüvvələrlə mübarizə aparmalı idi. Lakin onda bu mübarizə əzmi yox idi. Buna görə də əvvəlcə Fətəli xan Qacarın, ondan sonra isə Təhmasibqulu xanın təsirinə düşdü.
İlk əvvəllər II Təhmasib Fətəli xanla yaxınlaşdı və əfqanlarla mübarizəyə başladı. Lakin sonra Fətəli xan ona qarşı çıxaraq, onun bəzi sərkərdələrini məğlub etdi. Əşrəf xan tərəfindən də məğlub edilən II Təhmasibin vəziyyəti çox çətin idi. Bu zaman Təhmasib, Səfəvi dövlətinin yaranış zamanında olduğu kimi, türk tayfalarının yardımına arxalanmaq, onlardan hərbi dəstək almaq üçün Qullarağası Məhəmməd Əli xanı və digər hərbi xadimlərini Astarabada ezam edir, onlara paylamaq üçün 40.000 rubl (mənbə rus mənbəsi olduğu üçün pulun miqdarı rus rublu ilə verilmişdir) məbləğində vəsait verir. Fətəli xan bu aksiyadan xəbər tutanda narahat olur və məhz bu vaxt öz taktikasında dəyişiklik etməyi qərarlaşdırır; əlində Quran, itaət əlaməti olaraq, qılıncı (sabre) boynundan asılı vəziyyətdə Təhmasibin hüzuruna Mazandaranın ozamankı paytaxtı Sarı şəhərinə gəlir, Fətəli xan öz əvvəlki davranışına görə üzr istəyərək, özünün və tayfadaşlarının xidmətini II Təhmasibə təklif edir, onunla sülh əldə edir. Tarixçilərin fikrincə Fətəli xanın bunda məqsədi Şah Təhmasibi öz təsirinə salacağını inamı olmuşdur. Beləki o, II Təhmasibi öz təsirinə salmaqla bütün Səfəvi torpaqlarını idarə etməyi planlaşdırırdı. Təhmasibin vəziyyətindəki müsbət dəyişikliklərin də Fətəli xanın seçiminə təsir göstərdiyini vurğulayan L. Lokhart göstərir ki, əfqanlarla Osmanlı arasında 1726-cı ilin martından başlanan müharibə səbəbindən nə osmanlılar, nə də əfqanlar Təhmasibə əhəmiyyətli diqqət yetirmirdilər; Əşrəf Mahmudu öldürdüyünə (hər halda Qəndəharlı Hüseyn belə hesab edirdi) görə, sonuncunun qardaşı — Qəndəharda hakimiyyəti ələ keçirmiş Hüseynlə münasibətləri gərgin olduğundan vətənindən heç bir yardıma ümid bəsləmirdi. I Pyotrun ölümündən sonra Rusiya daha az aqressivlik nümayiş etdirirdi; daxili düşmənlərdən ən önəmlisi Məlik Mahmuda gəlincə isə, Fətəli xanın fikrincə, o, "Səfəvi sülaləsinin hakimiyyətdə bərpa edilməsi lehinə qalxan böyük, kütləvi hərəkat qarşısında müqavimət göstərmək iqtidarında olmayacaqdı". Güclü şəxsiyyət olan Fətəli xanın zəif, iradəsiz şahzadə üzərində nəzarəti ələ keçirməsinə dair məlumatlara S. Avramovun qeydlərində rast gəlinir; belə ki, 1726-cı ilin 29 mayında Təhmasiblə görüşən S. Avramov onun çox təəssüfdoğuracaq halda, məhbus vəziyyətində olduğunu vurğulayır.
Xorasanın azad edilməsi Artıq şahzadənin nisbətən zəif düşməni Məlik Mahmud üzərinə yürüş zamanı (Astrabadda müəyyən qədər rekrut toplandıqdan sonra bu yürüş 1726-cı ilin iyununda başlanır) da Fətəli xan Təhmasib üzərində böyük səlahiyyətə, təsir gücünə malik olduğunu nümayiş etdirərək, 3 iyulda özünün şahzadə tərəfindən Vəkil əl-Dövlə, digər qacar liderlərinin isə nisbətən az əhəmiyyətli vəzifələrə təyin olunmasına nail olur. Şərq mənbələrindən məlum olduğu kimi, 1726-cı ilin əvvəlində Təhmasibin Nadirin (Təhmasibqulu xan) uğurları, bacarığı və zirəkliyi barədə, Müəyyürül-Məmlük Həsənəli bəyin raportlarına əsasən məlumatı var idi. Məhəmməd Möhsün göstərir ki, Nadir haqqında yüksək fikir və təəssürata malik Həsənəli bəy Təhmasibi Nadiri Abivard hakimi təyin etməyə razı salır. Mirzə Mehdi isə Nadirin Həsənəli bəydən Təhmasibi Xorasana gəlməyə razı salmağı xahiş etdiyini bildirir. Mərvdə yerli qacarlarla türkmənlər arasında baş vermiş həyəcanları yatırdıqdan sonra Nadir Məlik Mahmuda qarşı mübarizəsini davam etdirməyi qərarlaşdırır. "Zübdətül-Təvarix" dən məlumdur ki, Təhmasibin qarşısına çıxmaq üçün Məşhədi tərk etmiş Məlik Mahmud məhz Nadirin Məşhəd üzərinə yeriməyi planlaşdırdığından narahat olub, paytaxta geri çəkilir. Lakin Məşhəd yaxınlığında olarkən, Həsənəli bəy Təhmasibdən xəbər gətirir ki, şahzadə ona əməkdaşlıq təklif edir, "yoldadır və onu görmək arzusundadır". L. Lokhartın fikrincə, Təhmasib "Nadirin timsalında Fətəli xana qarşı müqavimət göstərə biləcək, onun qüvvəsini tarazlaşdıracaq bir şəxs qazanmaq istəyirdi". Təklifi alıb, Məşhədə irəliləmək ideyasından əl çəkən Nadir 8 sentyabr 1726-cı ildə Xabuşana yetişir. Bu zaman Nadirin əfşar və kürdlərdən ibarət yaxşı təlim görmüş 5000-lik seçmə qoşunu var idi ki, bu da Fətəli xanın qüvvələrindən sayca çox idi. Şahzadə tərəfindən hörmətlə qəbul edilən Nadirə Təhmasibqulu xan titulu verilir.
Xorasandakı ilk günlərdən etibarən Fətəli xan və Təhmasibqulu (Nadir şah) xan arasında açıq və gizli şəkildə mübarizə gedirdi. Məşhəd şəhərinə hücum zamanı hücuma kimin rəhbərlik edəcəyi, hücum uğursuzluqla bitdikdən sonra isə mühasirəyə kimin rəhbərlik edəcəyi məsələsində Təhmasibqulu xanla Fətəli xan arasında gərgin mübarizə gedirdi. II Təhmasib isə bütün mübahisələrdə Təhmasibqulu xana üstünlük verirdi. Güman edilir ki, II Təhmasib Təhmasibqulu xana Fətəli xanı neytrallaşdırmaq üçün qüvvə kimi baxırdı və onu dəstəkləyirdi. L. Lokhart, Fətəli xanın məhz bu səbəbdən "Nadirlə mübarizə aparmağın onun üçün (təklikdə) çətin olacağını nəzərə alaraq… Təhmasibi tərk edib, Məlik Mahmudla birləşməyi düşündüyünə" şübhə etmədiyini bildirir. Fətəli xanın sonu isə onun məktubunu Məlik Mahmuda aparan şəxsin Təhmasibqulu xan tərəfindən yaxalanması ilə gəlir. II Təhmasib onu dərhal edam etdirmək istəsə də, Təhmasibqulu xan onu bu fikrindən daşındırır (orduda olan Qacar əsgərlərinin üsyan edəcəyindən qorxduğuna görə), lakin o düşərgədə olmayan zaman II Təhmasib Fətəli xanla düşmənçiliyi olan 2 Qacar əsgəri vasitəsilə Fətəli xanı öldürtdürür.
Məlumdur ki, Fətəli xanın ölümü ilə bağlı Nadir və Qacar dövrünün tarixşünasları arasında mübahisə mövcuddur. Belə ki, Qacar dövrü tarixçiləri (Rzaqulu xan, Əbdül Rəzzaq və s.) Nadirin Fətəli xanı böhtanladığını və Fətəli xanın şəhid olduğu ideyasını irəli sürdükləri halda (Ser Bridjs də Nadirin bu işdə əli olduğu fikri ilə razıdır) Nadir dövrünün tarixçiləri sübuta yetirməyə çalışırlar ki, Fətəli xan Nadir səhnəyə çıxmamışdan xeyli əvvəl Təhmasibə qarşı intriqa yeridirdi; şahzadə onu öldürtmək istədikdə Nadir buna qarşı çıxıb. S. Avramovun gündəliyində və Məhəmməd Möhsünün narrativində Fətəli xanın öldürülməsi səbəbi kimi, onun Məlik Mahmuda göndərdiyi məktubun ələ keçməsi və onun xəyanətkar məqsədlərinin faş olması göstərilir. C. Hanveyə görə isə bu insident zamanı "Nadirin davranışı günaha bərabərdir". L. Lokhart isə Fətəli xanın şahzadə üzərində Nadirdən daha çox nüfuz və təsir qüvvəsinə malik olmuş olduğu təqdirdə "ölüm deyil, cəzalandırmaya" layiq görüləcəyini ehtimal edir (245, s. 26). Hər halda Fətəli xanın öldürülməsi xəbəri Qacarların düşərgəsinə müəyyən qarışıqlıq salır; Fətəli xanın oğlu Məhəmməd Həsən qaçaraq yamut türkmənlərinə qoşulur. Təhlükəsizlik tədbiri kimi, Fətəli xanın bir sıra qacar silahdaşları da həbs olunur, lakin bu güclü tayfa ilə qarşıdurma ehtimalının aradan qaldırılması məqsədilə onlar əfv olunurlar.
Təhmasibqulu xanın bütün cəhdlərinə baxmayaraq, Məşhəd şəhərini tuta bilmir. 1726-cı ilin noyabr ayında yalnız Məlik Mahmudun qoşunlarının komandanı ona xəyanət edəndən sonra şəhər Səfəvi qoşunları tərəfindən tutuldu. Təhmasibqulu xan Xorasanın canışını təyin edildi.
Təhmasibqulu xanla (Nadir şahla) münaqişə Təhmasib nazirlərinin əks təbliğatı öz işini görür: Təhmasiblə Nadir arasındakı münasibətlər çat verir. Məlum olduğu kimi, 1727-ci ilin fevralında şahzadə və onun ətrafı Məşhədi tərk edib, Xabuşana, oradakı kürdləri və digər radikal tayfaları Nadirə qarşı qızışdırmaq məqsədilə gedirlər; Təhmasib nazirlərinin təkidi ilə Astarabad, Mazandaran, Giraylı bölgələrinə xüsusi manifest göndərib, oradakıları "xəyanətkar" Nadirə qarşı mübarizəm üçün onun (Təhmasibin) köməyinə gəlməyə çağırır. Təhmasibqulu xan vaxt itirmədən Təhmasibin xəzinəsini və Məşhəddə qoyub getdiyi bütün əmlakı, şahzadənin at və dəvələrini ələ keçirir, şahzadənin Məşhəddəki tərəfdarları nəzarət altına alınır, hökumət idarələri, Etimadül-Dövlə və Qullarağasının iqamətgahları möhürlənir. Qardaşı İbrahim xanı Məşhədə komandan qoyub, yol boyunca üsyankar kürdləri geri oturdan Nadirin Təhmasibin olduğu Xabuşana yetişməsi, təbii ki, şahzadə üçün gözlənilməz olur. S. Avramovun qeydlərindən məlum olduğu kimi, Təhmasibin barışıq danışıqları üçün göndərdiyi Mollabaşı ilə mükaliməsində Nadirin Təhmasibə olan münasibəti öz əksini tapır; belə ki, Nadirin Təhmasibin onu öldürəcəyindən ehtiyat etdiyi barədə fikrinə etiraz edən Mollabaşı Məhəmməd Hüseyn şahzadənin ona heç bir xətər yetirməyəcəyinə Allaha and içdiyini bildirdikdə, Nadir istehza ilə deyir:
Nadirin şahzadəyə inanmadığı halda onunla barışığa gəlməsi faktını L. Lokhart belə səciyyələndirir ki, Nadirə "…öz planlarını gerçəkləşdirmək üçün ən azı şahzadənin nominal olaraq onun tərəfində olması vacib idi" Məşhəddə Təhmasibin Novruz bayramı ərəfəsində qəbulu üçün Nadirin böyük hazırlıqlar görməsi, təntənəli mərasimlər hazırlatması elə təsəvvür yaradırdı ki, sanki Nadirlə Təhmasib arasında münasibətlər bərpa olunub. L. Lokhart düzgün olaraq qeyd edir ki, Nadirin əfqanlara qarşı həlledici çıxışını yubadan əsas səbəb silsilə üsyan və həyəcanlar idi.