Somnolens — güclü yuxu istəyi və ya qeyri-adi uzun müddət yatmaq vəziyyətidir. Bu zaman xəstədə ayıldıqdan sonra natamam amneziya qeyd olunur. Bu vəziyyət fərqli səbəblərdən yarana bilər. Bu, fərdin yuxuya getməzdən əvvəlki vəziyyəti və ya hər hansı bir sağlamlıq problemlərinin simptomu ilə əlaqədar ola bilər.
Yuxululuq nəqliyyat vasitəsini idarə etmək kimi daimi diqqət tələb edən işləri yerinə yetirərkən təhlükəli ola bilər. İnsan kifayət qədər yorğun olduqda, mikroyuxululuq yaşana bilər. Yuxusuzluq yaşayan insanlarda yuxululuq qısa müddətə kortəbii şəkildə yox ola bilər.
Somnolens sözü latınca "somnus" sözündən götürülmüşdür və mənası yuxu deməkdir.
Səbəblər Bioloji saat pozğunluqları bir sıra digər xəstəliklər kimi yuxululuğun ümumi səbəblərindən biridir. Bioloji saat pozğunluqları xarici səbəblərdən qaynaqlanan, lakin daxili səbəb olaraq təsnif edilir. Məsələn, gecə və ya növbəli işləyən insanlara təsir edən iş yuxululuq pozğunluğu ola bilər.
Yuxululuq infeksiyaya qarşı bir reaksiya da ola bilər. Bu cür yuxululuq, bəzi nəzəriyyələrə görə, bədənin qızdırma və digər vasitələrlə infeksiya ilə mübarizə apararkən enerjiyə qənaət etməklə sağalmanı təşviq etmək üçün inkişaf etdirilmiş bir neçə xəstəlik davranışından və ya infeksiyaya qarşı reaksiyalardan biridir.
Digər səbəblər isə narahatlıq, beyin şişi, xroniki ağrılar, beyin silkələnməsi, şəkərli diabet, fibromialgiya, baş zədəsi, hiperkalsemiya - qanda həddindən artıq kalsium yığılması və ya hipermaqnezemiya, hiponatremiya - qanda natriumun aşağı olması və ya hipotiroidizm – bədən hüceyrələrin enerjidən necə istifadə etdiyini idarə edən hormon istehsalının aşağı olması, meningit, əhval pozğunluqları - depressiya, narkolepsiya - sinir sisteminin pozulması, kəllə sınıqları, stres və eləcə də müxtəlif parazitar xəstəliklərə yoluxmalar ola bilər.
Qiymətləndirmə Yuxululuğu ölçmək üçün obyektiv ölçülərə diqqət yetirmək vacibdir. Yuxululuğu ölçmək üçün tibbdə müxtəlif ölçü şkalaları mövcuddur.
Çoxlu yuxu gecikmə testi (MSLT). Bu test, bir gün ərzində - çox vaxt saat 8:00-dan 16:00-dək olan müddətdə yuxuya getmənin başlanğıc dəqiqəsini qiymətləndirir. Orta hesabla 5 dəqiqədən daha tez bu saat aralığında yuxuya getmək patoloji yuxululuğun göstəricisidir. Əlbəttə ki, bu test gecəni yatıb yuxusunu alan insanlara şamil edilir. Karolinska Yuxululuq Şkalası (KSS). İnsanın hazırkı yuxululuq və ya ayıqlıq səviyyəsini qiymətləndirmək üçün istifadə edilən 9 ballıq subyektiv şkaladır. Bu şkala respondentlərdən 1-dən 9-a qədər şkala üzrə hazırda (məsələn, son 10 dəqiqə ərzində) nə qədər yuxulu və ya ayıq hiss etdiklərini qiymətləndirmələrini xahiş edir. Şkala situasiyaya əsaslanır ("vəziyyət" ölçüsü), yəni müəyyən bir zamanda yuxululuğu əks etdirir və saatbasaat dəyişə bilər. Bu şkala İsveçdəki Karolinska İnstitutunda hazırlanmışdır. KSS yuxu və yorğunluq tədqiqatlarında istifadə olunur. Epvorz Yuxululuq Şkalası (ESS). Çox qısa bir anketdən istifadə etməklə gündüz yuxululuğunu ölçmək üçün nəzərdə tutulmuş bir şkaladır. 1991-ci ildə Avstraliyanın Melburn şəhərindəki Epworth Xəstəxanasından Dr.Murray Johns tərəfindən təqdim edilmişdir.
Həmçinin bax Koma Diabetik koma Sopor Stupor Vigilans
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Simptomlar Kateqoriya:Patologiya Kateqoriya:Psixi pozğunluqların simptomları və əlamətləri Kateqoriya:Yuxu (fizioloji proses)