İsaxan Qara oğlu Aşurov () — Azərbaycan hüquqşünası. 1996-cı ildən etibarən vəkil kimi fəaliyyət göstərmiş, çoxsaylı siyasi məhbusların və vicdan məhbusu hesab edilən şəxslərin hüquqlarını müdafiə etmişdir.

Həyatı

İsaxan Qara oğlu Aşurov 1 avqust 1955-ci ildə Gürcüstanın Bolnisi rayonunun Talaveri kəndində anadan olmuşdur. 1972-ci ildə Talaveri kənd orta məktəbini bitirmiş, həmin il S. Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş və 1977-ci ildə ali təhsilini başa vurmuşdur.

1977–1981-ci illərdə Qazax rayon polis şöbəsində müstəntiq, 1981–1984-cü illərdə Tovuz rayon polis şöbəsində müstəntiq, 1984–1989-cu illərdə isə SSRİ Daxili İşlər Nazirliyinin Baş İstintaq Qrupunun istintaq briqadasında müstəntiq vəzifəsində çalışmışdır. 1989–1991-ci illərdə Tovuz rayon polis şöbəsinin istintaq bölməsinin rəisi, 1991–1992-ci illərdə Göyçay rayon polis şöbəsinin baş müstəntiqi, 1992–1993-cü illərdə isə Qazax rayon polis şöbəsinin rəisi vəzifəsində fəaliyyət göstərmişdir. 1996-cı ildən etibarən vəkil kimi çalışmış, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olmuşdur.

Aşurov 2003-cü il prezident seçkilərindən sonra 15–16 oktyabr hadisələri zamanı həbs olunmuş müxalifət fəallarının hüquqlarını müdafiə etmişdir. O həmçinin, bir sıra siyasi məhbusların müdafiəsini həyata keçirmişdir. Bunlar sırasında 2007-ci ildə həbs olunmuş jurnalist Eynulla Fətullayev,) 2007-ci ildə həbs edilmiş yazıçı Rafiq Tağı, 2010-cu ildə həbs olunmuş bloger Adnan Hacızadə və 2005-ci ildə həbs edilmiş sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev də olmuşdur.

O, Müsavat Partiyasının Məclisinin üzvü olmuş və partiyanın Hüquq və Ədalət Komitəsinə rəhbərlik etmişdir. Eyni zamanda, Müstəqil Hüquqşünaslar Liqasının sədri vəzifəsini icra etmişdir. 7 oktyabr 2003-cü il tarixində, prezident seçkiləri ərəfəsində, Müsavat Partiyasının sədri İsa Qəmbərin seçicilərlə görüşü üçün Masallıya gedərkən, Biləsuvar yaxınlığında polis əməkdaşları tərəfindən avtomobildən zorla çıxarılmış və ağır şəkildə döyülmüşdür.

O, uzun sürən xəstəlikdən sonra 22 iyun 2012-ci ildə Amerika Birləşmiş Ştatlarında vəfat etmişdir. 28 iyun tarixində doğulduğu Talaveri kəndində dəfn olunmuşdur.

Ailəli olmuş, dörd övladı qalmışdır.

Xatirəsi

23 iyun 2012-ci ildə Sülh və Demokratiya İnstitutu tərəfindən insan hüquqları və demokratiya uğrunda mübarizə aparan şəxslərə təqdim edilən "İsaxan Aşurov Mükafatı" təsis edilmişdir. 2013-cü ildə bu mükafat həbsdə olan "Tolışi Sədo" qəzetinin baş redaktoru Hilal Məmmədova, 2014-cü ildə isə Müsavat Partiyası sədrinin həbsdə olan müşaviri Yadigar Sadıqova təqdim olunmuşdur.

İstinadlar

Xarici keçidlər Tanınmış vəkil İsaxan Aşurov vəfat edib

Kateqoriya:Azərbaycan aktivistləri Kateqoriya:Azərbaycan demokratiya aktivistləri