Qafqazşünaslıq (və ya Qafqazologiya) — Qafqaz xalqlarının tarixini, iqtisadiyyatını, ədəbiyyatını, dilini, dinini, fəlsəfəsini, etnoqrafiyasını, maddi və mənəvi mədəniyyətini öyrənən elmi biliklər məcmusuПолиевктов М. А. Из истории русского академического кавказоведения XVIII века. // Известия Академии наук СССР. Сер. 7: Отд. общественных наук., 1935. — № 8. — С. 759—774.Орбели Р. Р. Кавказоведение . — Институт востоковедения АН СССР, 1972..

Qafqazşünaslıq Kursunun Əsas Vəzifələri Xəzər dənizi ilə Qara dəniz arasında, Böyük və Kiçik Qafqaz dağlarının hər iki tərəfində yaşayan xalqların, onların yaratdıqları cəmiyyət və dövlətlərin ən qədim çağlardan bizim günlərə qədərki inkişaf mərhələlərini öyrənir. Kursun başlıca məqsədlərinə qədim zamanlardan üzü bəri Qafqazda baş vermiş ictimai-siyasi, sosial-iqtisadi, etnik dəyişikliklərin təhlil edilməsi, Qafqaz xalqlarının bir-biri ilə, yaxın və uzaq qonşuları ilə qarşılıqlı münasibətlərinin araşdırılması aiddir. Qafqaza yadelli hücümları və onlara qarşı regionun yerli tayfa və xalqlarının uzun əsrlər boyu apardıqları qəhrəmanlıq mübarizəsi, həmçinin bölgə xalqlarının qədim, özünəməxsus və çox zəngin mədəni irsi haqqında məlumat verilməsi də mühüm vəzifə kimi qarşıya qoyulmuşdur.

Qafqaz Terminin Etimologiyası Qafqaz terminin etimologiyası haqqında müxtəlif fikir və fərziyyələr mövcuddur. Geniş yayılmış bir mülahizəyə görə, Qafqaz ifadəsi Qara dənizdən cənubda yaşamış het tayfalarından birinin – kas (qaz) tayfasının adı ilə bağlıdır. Görkəmli Azərbaycan tarixçisi A.Bakıxanova görə, Qafqaz adı Qaf dağı və Qaspi adlı tayfanın adından alınmışdır. Bizim fikrimizcə, Qafqaz termininin bu cür şərhi daha ağlabatandır. Çünki, “qaf” və “qaz” kompenentləri daha öncədən, uzun müddət ərzində ayrı-ayrılıqda işlənmiş və bu regionun bir hissəsini ifadə etmişdir. Qaf (kap, kav) türk dillərində baş, dağ, hündür yer mənasını bildirir. Günümüzdə Türkiyə türkləri “kafa” – baş, Azərbaycan türkləri “qafa tası” – kəllə sümüyü ifadələri işlətməkdədirlər. “Qaf ” ayrılıqda dağ mənasında orta əsr qaynaqlarında işlədilibdir. III əsrə aid Suriya qaynağı Sasani şahənşahı I Şapura tabe olan ölkələri sadalayarkən Aturpat Ermənistanı, İberiya, Albaniya və Balasakanın adlarını çəkir və ərazisinin Kap (Qafqaz – Q.Ə) dağına və Alban qapılarına qədər uzandığını göstərir. Son orta əsrlərə aid “Koroğlu”” dastanında Aşıq Cunun Koroğlunun “Haradan gəlmisən?” sualına “Qafın (dağın – Q.Ə.) o biri tərəfindən” – cavabını vermişdir. Qaz (kaz, kas) adı ilə e.ə II minilliyin əvvəlində Xəzər dənizinin cənub - qərb sahili boyunda yaşamış kassi tayfalarının adı ilə bağlıdır. Mixi kitabələrdə bu tayfaların İkiçayarasına köçmələri və 500 ilə qədər orada hökmranlıq etmələri haqqında xeyli sayda məlumat vardır. Kassilərin bir hissəsi isə Qafqazın cənub-şərq bölgələrində yaşamını davam etdirmişё sonrakı yüzilliklərdə şimala və qərbə doğru daha geniş əraziyə yayılmışlar. E.ə. I minilliyin ortalarından Şərqi Qafqazda kaspilərin yaşaması, Kaspiana ölkəsi, Kaspi dənizi haqqında yazılı mənbələrdə çeşidli məlumat qalmışdır. Müasir Gürcüstanda Kaspi şəhərinin. Cənubi Azərbaycanda Qəzvin (Kaz – vin) şəhərinin adları bu tayfaların yayıldığı nəhəng areal haqqında təsəvvür yaradır. Qədim yunan dramarturqu Esxil “Zəncirlənmiş Proemetey” əsərində ilk dəfə Kavkaz (Qafqaz) dağları ifadəsini işlətmişdir. O, Qafqazı “bütün dağların hökmdarı”adlandırmış və onun “dünyanın qurtaracağında, vəhşi skiflərin çölü” yaxınlığında yerləşdiyini, uca dağlar silsiləsindən ibarət olduğunu, orada “amazonkalar qoşunu”nun varlığını, həmin yerlərdən solda “dəmirçi xaliblər”in yaşadığını qeyd etmişdir. Esxilin ardınca digər antik müəlliflər də Qara dənizdən şərqdəki dağları və bütün regionu Qafqaz adlandırmışlar. Orta əsr ərəb coğrafiyaşünasları da daha çox Qafqaz ifadəsini işlətməyə üstünlük vermiş və beləcə Qafqaz bu regionun adı kimi qəti möhkəmlənmişdir. Qafqaz Coğrafiyası Qafqaz tarixi-coğrafi baxımdan şərqdə Xəzər dənizi, qərbdə Qara və Azov dənizləri ilə, şimalda Kuma-Manıç çökəkliyi ilə hüdudlanır, cənubda isə Urmiya və Van göllərinə qədərki ərazini əhatə edir. Ümumi sahəsi 600 min km2-dən artıqdır. Taman yarımadasından Dərbəndə kimi uzanan Böyük Qafqaz dağları silsiləsi Qafqaz regionunu iki yerə – Şimali Qafqaza və Cənubi Qafqaza ayırır. Rusiya, Sovet tarixşünaslığında qəsdən bu bölgü qabardılmış, Şimali Qafqaz və Cənubi Qafqaz ayrıca, tamamilə fərqli bölgələr kimi təqdim edilmiş, onlar arasındakı tarixi, etnik, siyasi, iqtisadi və mədəni əlaqələrin əhəmiyyəti isə əksinə, kiçildilmişdir. Bundan güdülən məqsəd Rusiyanın Şimali Qafqazda yeritdiyi müstəmləkəçilik siyasətinə, yerli xalqlara qarşı zorakılıq aktlarına qarşı Cənubi Qafqaz xalqarının etiraz etmələrini önləməkdir. Sovet tarixşünaslığında həmçinin Qafqazın cənub hüdudları təhrif edilmiş və Sovet İttifaqının Türkiyə və İranla dövlət sərhəddi həm də Qafqazın cənub qurtaracağı kimi təqdim edilmişdir. Əslində isə tarixi və coğrafi baxımdan Qafqaz regionunun cənub hüdudlarının cənubda Urmiya gölündən cənuba, cənub-qərbdə Van gölünə qədər uzandığını qəbul etmək lazımdır. Məhz belə yanaşma Qafqaz regionunda minilliklər boyu cərəyan etmiş siyasi prosesləri, xüsusən də qədim və orta yüzilliklərdə mövcud olmuş siyasi qurumları, baş vermiş tarixi hadisələri bütöv bir tam kimi anlamağa kömək edir. Qafqazda Mövcud olan dillər Hazırda Qafqaz regionunda böyüklü-kiçikli 50-dən çox xalq və etnik qrup yaşayır ki, onlar da 3 böyük dil ailəsinə mənsubdurlar: Altay dil ailəsi – buraya azərbaycanlılar, qumuqlar, qaraçaylılar,balkarlar, noqaylar, tatarlar, türkmənlər aiddirlər. Bu dil ailəsinə mənsub xalqların çoxu, o cümlədən azərbaycanlılar çox qədim çağlardan Qafqazda davamlı yaşamaqdadırlar. Qafqaz dil ailəsi – buraya Kartvel (gürcü, acar, meqrel, svan, laz, xevsur, tuşin, pşav, gürcü dağlıları), Abxaz-adıgey (kabardin, adıgey, abxaz, çərkəz, abazin), Nax (çeçen, inquş), Dagıstan qrupları aiddirlər. Dağıstan qrupuna 30-a qədər xalq: avarlar, darginlər, laklar, qaytaqlar, ləzgilər və azsaylı etnoslar, o cümlədən rutullular, tabasaranlılılar, andilər, arçilər, aqullar, axvaxtsilər, beytinlər, qünziblər, didoylar, saxurlar, xınalıqlılar, buduqlar və digərləri daxildirlər. Qafqaz dil ailəsinə aid xalqlar da regionun avtoxton əhalisi hesab edilirlər. Hind-Avropa dil ailəsinə mənsub xalqlar Qafqaza sonrakı tarixi dövrlərdə köçmüşlər. Bunlara rus, Ukrayna, erməni, osetin, kürd xalqları, tat, talış, dag yəhudiləri və s. etnik qruplar aiddirlər. Qafqaz Tarixi Müasir dövrdə Qafqazda 3 müstəqil dövlət mövcuddur. Bunlara Cənubi Qafqazda yerləşən Azərbaycan Respublikası (sahəsi 86,6 min kv. km., əhalisi 8730 min (2009-cu ilin başlanğıcı)), Gürcüstan Respublikası (sahəsi 69,7 min kv. km., əhalisi 4630 min (2008-ci ilin başlanğıcı)) və Ermənistan Respublikası (sahəsi 29,8 min kv. km., əhalisi 3238 min (2009-cu ilin başlanğıcı)) aiddir. Şimali Qafqazda isə Rusiya Federasiyasına daxil olan muxtar respublikalar: Dağıstan (sahəsi 50,3 min kv. km., əhalisi 2687 min (2008-ci ilin başlanğıcı)), Çeçenistan (sahəsi 15,3 min kv. km., əhalisi 865,1 min (2008-ci ilin başlanğıcı)), İnquşetiya (sahəsi 4,0 min kv. km., əhalisi 499,5 min (2008-ci ilin başlanğıcı)), Şimali Osetiya - Alaniya (sahəsi 8,0 min kv.km., əhalisi 704,4 min (2005-ci ilin başlanğıcı)), Kabarda-Balkar (sahəsi 12,5 min kv. km., əhalisi 896,9 min (2005-ci ilin başlanğıcı)), Qaraçay-Çərkəz (sahəsi 14,1 min kv. km., əhalisi 434,5 min (2005-ci ilin başlanğıcı)), Adıgey (sahəsi 7,6 min kv. km., əhalisi 444,1 min (2005-ci ilin başlanğıcı)), həmçinin Krasnodar diyarı (sahəsi 75,5 min kv. km., əhalisi 5121 min (2008-ci ilin başlanğıcı)) və Stavropol diyarı (sahəsi 66,1 min kv. km., əhalisi 2705 min (2008-ci ilin başlanğıcı)) mövcuddur. Qafqaz Şərqlə Qərb, Şimal ilə Cənub arasında yerləşən nəhəng körpü, yolların qovuşduğu mühüm geostrateji, geopolitik əhəmiyyətə malik bölgə kimi ən qədim zamanlardan dünyada baş verən sosial-iqtisadi, ictimai-siyasi və etnik proseslərdə fəal rol oynamışdır. Ona görə də, Qafqaz tarixinin həm ayrı-ayrı problemlərinin araşdırılması, həm də kursun özünün bütövlükdə və tam şəkildə öyrənilməsi və tədris edilməsi Ümumdünya tarixinin tərkib hissəsi kimi böyük əhəmiyyətə malikdir. Bu, ilk növbədə onunla əlaqədardır ki, Dünya tarixinin qədim dövrə və orta yüzilliklərə aid əsas hadisələrinin əhəmiyyətli bir hissəsi Qafqaz bölgəsində baş vermiş və ya onunla bağlı olmuşdur. Məsələn, Qədim dünya tarixinin: kuti, lullubi, kassi və hurri tayfalarının İkiçayarası (Mesopotamiya) ilə əlaqələri, Assuriya və Urartu dövlətlərinin işğalçı yürüşləri, kimmer, iskit və sak axınları, Midiya və Əhəməni imperiyalarının yaranması, Yunan-İran müharibələri, Makedoniyalı İsgəndərin Şərqə yürüşü, Selevki-Parfiya və Roma-Parfiya müharibələri, Böyük ipək yolu üzərindəki ölkələrin iqtisadi və mədəni əlaqələri və s. bu kimi problemləri yalnız Qafqaz tarixi ilə sıx bağlı şəkildə araşdırıldıqda bitkin mənzərə yaradıla bilər. Həmçinin Orta əsrlər tarixinin Sasani, Bizans, Ərəb xilafəti, Xəzər xaqanlığı, Elxani, Qızıl Ordu, Osmanlı və Səfəvi dövlətlərinin yaranması və genişlənməsi, Sasani-Bizans, Ərəb-Xəzər, Elxani-Qızıl Ordu, Səfəvi-Osmanlı müharibələri bilavasitə Qafqazla bağlıdır. Həmçinin feodal münasibətlərinin yaranması və xüsusiyyətləri, Xristianlığın və İslamın yayılması, dinin mənəvi dəyərlərin formalaşmasına, mədəni inkişafa təsiri, Müsəlman İntibahı kimi problemlərinin şərhi zamanı Qafqaz tarixinə müraciət edilmədən keçinmək mümkün deyildir. Qafqazda baş verən proseslərin araşdırılmasının əhəmiyyətini artıran digər önəmli cəhət Azərbaycanın bu bölgədə yerləşməsindən qaynaqlanır. Çünki qonşu ölkələrdə və bilavasitə Qafqaz diyarında baş verən ictimai-siyasi və etnik prosesləri aydınlaşdırmadan, Vətən tarixinin bir çox problemlərini tam obyektiv şərh etmək çətindir. Xüsusən də, qədim və orta əsrlərdə Qafqaz xalqlarının həyatında ciddi dəyişikliklərə səbəb olmuş hadisələri bütöv bir tam halında, kompleks şəkildə araşdırmadan, gerçək tarixi bərpa etmək, sadəcə olaraq, mümkün deyildir. Qafqaz tarixinin öyrənilməsini aktual edən problelmlərindən biri də bölgənin köklü sakinlərinin, buradakı qədim mədəniyyətin yaradıcılarının etnik mənsubiyyətinin müəyyən edilməsidir. Bu baxımdan, Qafqazda məskunlaşmış ən qədim tayfalar və tayfa birlikləri, bölgədə yüzilliklər boyunca baş vermiş etnik proseslər haqqında araşdırmaların böyük elmi əhəmiyyəti vardır. Məhz bu araşdırmalar müasir qafqazşünaslıqda haqqında çox bəhs edilən, siyasi ambisiyalar xatirinə qəsdən dolaşdırılan və təhrif edilən Qafqazın köklü və gəlmə sakinləri haqqında mülahizələrə aydınlıq gətirməyə imkan verir. Müasir dövrdə Qafqazın dünyanın ən qaynar bölgələrindən biri olması, çoxlu sayda münaqişə ocaqlarının mövcudluğu da regionun tarixi keçmişinə marağı artırmaqdadır. Çünki son onilliklərdə Qafqaz regionunda etnik, milli zəmində baş verən qarşıdurmaların, ərazi iddialarının doğru-düzgün aydınlaşdırılması üçün yüz illər öncə baş verənlərin obyektiv araşdırılması olduqca zəruridir. Məhz belə yanaşma həm də bu promlemlərin ədalətli həll yollarını tapmağa imkan verər. Nəzərə almaq lazımdır ki, Sovet dövründə mövcud olmuş ideoloji konsepsiyaya görə Sovet İttifaqında yaşayan xalqlar arasında dostluq əlaqələrinin bilərəkdən süni şəkildə şişidilməsi, proletar beynəlmiləlçiliyinin təbliğ edilməsi, Rusiyanın müstəmləkəçilk siyasətinin ört-basdır edilməsi, qonşular arasında zaman-zaman yaranmış problemlərin üzərindən sükutla keçilməsini şərtləndirmiş, bununla da həmin problemlərin həllinə yardım etmək əvəzinə, onların daha ağrılı davam etməsinə səbəb olmuşdur.