Məhluqə Ələsgər qızı Sadıqova () — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1978).
Həyatı Məhluqə Ələsgər qızı Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində doğulub. Beş il buradakı 1 saylı qız məktəbində oxuyub. 1930-cu ildə ailəsi Bakıya köçüb və Məhluqə xanım 6 saylı Sovet məktəbində yeddinci sinfi bitirib. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub. Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb. 1992-ci ildə yenicə yaradılan Bakı Bələdiyyə Teatrında aktrisalıq edib.
Üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib. Lakin əsas uğurlarını daha çox xarakterik səhnə surətlərinin ifasında qazanıb. Aydın və səlis diksiyası, ifadəli səhnə danışığı aktrisanın oynadığı rollara dolğunluq və bütövlük gətirib.
Qırx ildən çox radionun "Bulaq" folklor-etnoqrafik verilişinin əvəzsiz ifaçılarından biri olub. Öz oyununda xarakterik ifadə vasitələrinə üstünlük verən Məhluqə Sadıqova AMDT-də Nadya, Pəri, Yaxşı, Gülüş, Turac, Sona ("Oqtay Eloğlu", "Solğun çiçəklər", "Almaz", "Sevil", "Dönüş" və "1905-ci ildə", Cəfər Cabbarlı), Süd ("Göy quş", Moris Meterlink), Qiasinta ("Skapenin kələkləri", Jan Batist Molyer), Sayad, Səlimə, Şamama cadu və Zərnigar ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Hərəmxana qarısı, Fitnə, Mehriban ("Vaqif", "Fərhad və Şirin" və "Xanlar", Səməd Vurğun), Qalçixa və Anuşka ("Günahsız müqəssirlər", Aleksandr Ostrovski), Zəhra ("Şeyx Sənan", Hüseyn Cavid), Paulina ("Qış nağılı", Vilyam Şekspir), Sofiya ("Vanya dayı", Anton Çexov), Missis Daycen ("Şeytanın şagirdi", Bernard Şou), Nata xanım ("Nazirin xanımı", Branislav Nuşiç), Pəri xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Dolores ("Qadın faciəsi", Federiko Qarsiya Lorka), Güllü xala ("Yalan", Sabit Rəhman), Zabitə ("Atayevlər ailəsi", İlyas Əfəndiyev), Ana ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət), Sofiya ("Daş qartal", Pavel Malyarevski), Klavdiya Vasilyevna ("Şadlıq sorağında", Viktor Rozov) rollarını ifa edib.
Aktrisa 2003-cü il avqust ayının 15-də Bakıda vəfat edib.
Xatirəsi 19 iyul 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məhluqə Sadıqovanın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.
17 oktyabr 2017-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Məhluqə Sadıqovanın 100 illik yubileyi qeyd olunmuşdur.
Mükafatları "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 21 iyul 1949 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 10 yanvar 1978Respublikanın teatr xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Sove Rəyasət Heyətinin 10 yanvar 1978-ci il tarixli Fərmanı — anl.az saytı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002
Filmoqrafiya Afaqın məhəbbəti (film) Bakıda küləklər əsir (film, 1974) Əgər bir yerdəyiksə (film, 1975) İşarəni dənizdən gözləyin (film, 1986) Mücrü (film, 1973) Onun bəlalı sevgisi (film, 1980) Sehrlənmiş küpə (film, 1979) Yeddi oğul istərəm... (film, 1970) Yenilməz batalyon (film, 1965)
İstinadlar
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan SSR xalq artistləri Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:SSRİ aktrisaları