Azad Hətəm oğlu Şükürov () — ADMİU-nun Musiqili teatr aktyoru kafedrasının müdiri, Azərbaycanın məşhur aktyoru və bədii qiraətçisi, Azərbaycan Respublikasının əməkdar artisti, 3-cü dərəcəli "Əmək" ordenli professor, "Sənətkar" medalı laureatı.

Həyatı və fəaliyyəti Azad Şükürov 11 fevral 1959-cu ildə Ağdamın Muğanlı kəndində müəllim ailəsində dünyaya gəlmişdir. Hələ orta məktəbdə oxuduğu illərdə bədii özfəaliyyət dərnəyinin fəal üzvlərindən olub. Daha sonra Xətai adına mədəniyyət sarayının nəzdində fəaliyyət göstərən Azərbaycan xalq teatrına üzv yazılıb.

1977–1981-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində — Rza Təhmasibin kursunda təhsil alaraq, İnstitutu fərqlənmə diplomu ilə bitirib. 1981–1984-cü illərdə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında, 1984–1990-cı illərdə Tədris Teatrında, 1990–1992-ci illərdə isə Şuşa Dövlət Musiqili Dram Teatrında çalışmışdır.1992–2009-cu illərdə Bakı Bələdiyyə Teatrında öz fəaliyyətini davam etdirmişdir.

1990-cı ildən Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasında müəllim işləyən Azad Şükürov 1996–2002, 2015–2022-ci illərdə həmin kafedranın müdiri vəzifəsində çalışmış, hal-hazırda Musiqili teatr aktyoru kafedrasının müdiridir. Həmçinin, müxtəlif ədəbi-dram verilişlərində, dublyaj redaksiyasında fəaliyyət göstərir, görkəmli qiraət ustasıdır.

1993-cü ildən BBT-da aktyor kimi çalışıb, bir neçə xarici ölkədə mükafatlar alıb, 2003-cü il oktyabr ayında I Tehran Beynəlxalq Komediya Festivalında qızıl medala layiq görülüb. Dövri mətbuatda, qəzet və jurnallarda, monoqrafiya xarakterli kitablarda 20-yə qədər elmi məqalələri çap edilib. "Televiziyada danışıq" proqramı (1990), "Danışıq texnikası" və "Televiziyada danışıq" fənninə dair tədris proqramı və metodik göstərişlərin müəllifidir.

Mükafatları 2002-ci ilin noyabr ayında Respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2023-cü ilin dekabr ayında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilmişdir. 2024-cü ilin mart ayında Azərbaycan Teatr Xadimlər İttifaqının təsis etdiyi "Sənətkar" medalı ilə təltif olunub.

Filmoqrafiya Ah, ədalət! Şirin bülbül (film, 2000) Başmaq (film, 2001) Atillanın atlıları (film, 2002) Əsirin qayıtması (film, 2002) Qeybdən gələn səs (film, 2002) Bir anın həqiqəti (film, 2003) Oyun (film, 2003) Tənha durna uçuşu (film, 2003) Akademik Yusif Məmmədəliyev (film, 2005) Yeni həyat (2005) Yalan (film, 2005) Cavid ömrü (film, 2007) Prokuror (2008) Qovğalı kəndinin gecələri (film, 2008) Tərsinə çevrilən dünya (film, 2011) Mürafiə vəkillərinin hekayəti (film, 2011) Sübhün səfiri (film, 2012) Qağayı (2012) Yazıçı (2013) Fədakar (film, 2015) Vicdan haqqı (teleserial, 2016) Şərəfli ömür (film, 2016) Qurd yağı(teleserial)

İstinadlar

Xarici keçidlər

"Şəxsi əşyalar" verilişinin qonağı əməkdar artist Azad Şükürovdur — Vasif Ayanın müəllif layihəsi, YouTube "Şərəfli ömür" poeması Mən Azad Şükürov Bədii qiraət ustası, görkəmli pedaqoq Ənvər Vəliyev Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavinləri Kateqoriya:XXI əsr Azərbaycan aktyorları