Məmməd İsgəndər oğlu Məmmədov () — Azərbaycan-sovet ictimai-siyasi və partiya xadimi, Sosialist Əməyi Qəhrəmanı (1948).
Həyatı Məmməd İsgəndər oğlu Məmmədov 25 iyun 1904-cü ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuşdur. O, hələ gənc yaşlarından əmək fəaliyyətinə başlamış, ailəsinin maddi vəziyyətinə yaxından köməklik göstərmişdir.
1926-cı ildə Gəncə şəhərindəki Azərbaycan diviziyasının ikinci polkunda xidmətə başlamış, nümunəvi xidmətinə görə hərbi məktəbə göndərilmiş və 1928-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyünə qəbul olunmuşdur.
Əfətli Kənd Sovetinin sədri (1931), Üçoğlan Kənd Sovetinin sədri (1932) vəzifələrində işləmişdir. 1934–1937-ci illərdə Bakı Ali Partiya Məktəbində oxumuşdur. O, 1937–1942-ci illərdə Tərtər Rayon MTS-nin (maşın-traktor stansiyasının) direktor müavini vəzifəsində çalışmışdır.
Böyük Vətən Müharibəsində kapitan rütbəsində 223-cü diviziyasının tank əleyhinə divizionunda xidmət etmiş, 1946-cı Avstriyanın Ştakart şəhərindən ordu sıralarından tərxis olunmuşdur.
1946–1972-ci illərdə Tərtər (Mirbəşir), Beyləqan (Jdanov), Ağdam rayonlarında İcraiyyə Komitəsinin sədri, Azərbaycan Kommunist Partiyasının Jdanov (Beyləqan) Komitəsinin birinci katibi, Ağdam rayonunda Natəvan adına sovxozun direktoru, kolxoz sədri vəzifələrində işləmişdir. 1972-ci ildə Ağdam Rayon Yeyinti Sənaye İşçiləri Həmkar İttifaqının sədri seçilmişdir.
1947-ci ildə pambıqçılıq sahəsində yüksək göstəricilər əldə etmiş və ona 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir.
Azərbaycan Kommunist Partiyasının XV, XXII və XXIV qurultaylarının nümayəndəsi olmuşdur. 2 dəfə 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni, "Lenin" ordeni, "Əmək igidliyinə görə" medalı ilə təltif edilmişdir.
1981-ci ildə vəfat etmişdir. Aqronom, Sosialist Əməyi Qəhrəmanı Muxtar Məmmədovun qardaşıdır.
İstinadlar
Kateqoriya:Sosialist əməyi qəhrəmanları Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Beyləqan Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Mirbəşir Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Beyləqan Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Ağdam Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:SSRİ kənd sovetlərinin sədrləri Kateqoriya:Azərbaycan KP qurultaylarının nümayəndələri Kateqoriya:SSRİ mayorları