Lana Del Rey (əsl adı: Elizabet Vulric Qrant; ) — ABŞ müğənnisi, mahnı yazarı. Onun yaradıcılığında qlamur elementləri, kinematoqrafik təsvirlər və melanxolik notlar harmonik vəhdət təşkil edir. Lana iki "Brit", üç "MTV Europe Music Awards" və bir "Satellite" mükafatı laureatıdır. Diqqətəlayiq haldır ki, on bir dəfə "Qremmi" mükafatına namizəd göstərilməsinə baxmayaraq, bu mükafatı qazana bilməmişdir. "Variety" nəşri tərəfindən XXI əsrin ən təsirli müğənni-mahnı yazarlarından biri kimi dəyərləndirilən Lana Del Rey, müasir pop musiqisində özünəməxsus üslubu ilə seçilir.
Lana Del Rey peşəkar musiqi karyerasının təməlini 2005-ci ildə Nyu-York şəhərinə köçməsi ilə qoyub. İfaçı 2011-ci ildə "Video Games" sinqlı ilə qazandığı fenomenal uğurdan sonra nüfuzlu musiqi şirkətləri olan "Polydor" və "Interscope Records" ilə əməkdaşlıq müqaviləsi imzalayıb. 2012-ci ildə işıq üzü görən və "Summertime Sadness" hit mahnısının yer aldığı "Born to Die" adlı ikinci albomu kommersiya baxımından əhəmiyyətli nailiyyətlər əldə edib. 2014-cü ildə təqdim edilən və gitara ifaları ilə zəngin üçüncü albomu "Ultraviolence" ABŞ-nin ən nüfuzlu musiqi çartı olan "Billboard 200"də yüksək mövqe tutub. Müğənni sonrakı "Honeymoon" və "Lust for Life" albomlarında əvvəlki yaradıcılıq üslubuna qayıdış edib. 2019-cu ildə işıq üzü görən və tənqidçilər tərəfindən yüksək qiymətləndirilən altıncı albomu "Norman Fucking Rockwell!" soft rok janrının elementləri ilə diqqət mərkəzinə gəlib. 2021-ci il Lana Del Reyin karyerasında məhsuldar il kimi yadda qalıb - "Chemtrails over the Country Club" və "Blue Banisters" kimi iki studiya albomunun buraxılışı ilə əlamətdar olub. İfaçının doqquzuncu studiya albomu "Did You Know That There's a Tunnel Under Ocean Blvd" isə 2023-cü ildə dinləyicilərin ixtiyarına verilib.
Lana Del Rey sənət fəaliyyətində kinematoqrafiya sahəsində də əhəmiyyətli töhfələr vermişdir. 2013-cü ildə müəllifi və baş rol ifaçısı olduğu "Tropiko" qısa musiqili filmini təqdim etmişdir. Eyni ildə Baz Lurmanın "Böyük Qetsbi" ekranlaşdırmasına "Young and Beautiful" kompozisiyasını təqdim edərək "Qremmi" mükafatına nominasiyada yer almışdır. 2014-cü il onun kino musiqisi sahəsində xüsusilə məhsuldar dövrü olmuşdur. İfaçı "Malefisenta" filmi üçün "Once Upon a Dream" əsərini səsləndirmiş, həmçinin Tim Börtonun "Böyük gözlər" filminə yazdığı mahnı ilə "Qızıl Qlobus" mükafatına namizəd göstərilmişdir. Sənətçi 2019-cu ildə "Çarlinin mələkləri" filminin səsləndirmə tərtibatında "Don't Call Me Angel" mahnısı ilə iştirak etmişdir. 2020-ci ildə isə yaradıcılıq diapazonunu genişləndirərək "Violet Bent Backwards Over the Grass" adlı şeir və fotoqrafiya toplusunu ictimaiyyətə təqdim etmişdir.
Həyatı 1985–2004: İlk dövrləri Elizabet Vulric Qrant 1985-ci il iyunun 21-də; ; Amerika Birləşmiş Ştatlarının mədəniyyət mərkəzi sayılan Nyu-York şəhərinin Manhetten borosunda anadan olmuşdur. Onun valideynləri "Grey Group" şirkətində çalışan Robert İnqland Qrant Cr. və Patrisiya Enn "Pet" (Hill) Qrantdır. Robert şirkətdə kopirayter, Patrisiya isə hesab rəhbəri vəzifələrini tutmuşlar. Ailənin üç övladından biri olan Lananın Kerolayn "Çak" adlı bacısı və Çarli adlı qardaşı vardır. Qrant ailəsinin etnik mənsubiyyəti şotland xalqına gedib çıxır və nəslin ulu babaları Şotlandiyanın Lanarkşir bölgəsindən olan şəxslərdir. Lana və ailə üzvləri Roma-Katolik kilsəsinin üzvləri olaraq, bu dini konfessiyanın ənənələri və prinsipləri əsasında tərbiyə almışlar. Lana hələ bir yaşında ikən ailəsi Nyu-Yorkun Leyk-Plesid şəhərinə köçmüşdür. Bu köçdən sonra ailənin həyatında bir sıra dəyişikliklər baş vermişdir - atası əvvəlcə mebel şirkətində çalışmış, daha sonra sahibkarlıq sahəsində investor olmuş, anası isə pedaqoji fəaliyyətlə məşğul olaraq məktəb müəllimi kimi çalışmışdır. İbtidai təhsilini Müqəddəs Aqnes məktəbində alan gənc Lana, eyni zamanda kilsə xorunda kantor kimi fəaliyyət göstərmiş və musiqi sahəsindəki ilk addımlarını məhz burada atmışdır.
Təhsilinin müəyyən dövrünü anasının müəllim işlədiyi orta məktəbdə alan Lana, gənclik illərində ciddi dəyişikliklər yaşamışdır. Valideynləri, onun spirtli içkilərə olan meyilliyindən narahat olaraq, 14–15 yaşlarında onu Kent adlı internat məktəbinə göndərmək qərarına gəlmişlər. İnternat məktəbində təhsil alarkən əmisinin rəhbər vəzifədə çalışması ona maddi dəstək baxımından əhəmiyyətli üstünlük yaratmışdır. Buna baxmayaraq, Lananın sosial həyatı çətinliklərlə müşayiət olunmuşdur. O, həmyaşıdları ilə ünsiyyət qurmaqda və dost qazanmaqda xeyli çətinlik çəkmişdir. Lana özü də sonralar verdiyi müsahibələrinin birində açıq şəkildə etiraf etmişdir ki, 14 yaşında internat məktəbinə göndərilməsinin əsas səbəbi məhz onu spirtli içkilərdən uzaq tutmaq olmuşdur.
Lana 2004-cü ildə Kent məktəbindən məzun olduqdan sonra bir illik müddətdə xalası və əmisinin himayəsi altında Lonq-Aylenddə məskunlaşmışdır. Bu dövrdə iaşə sektorunda ofisiant qismində əmək fəaliyyətinə başlamışdır. Həmin müddət ərzində əmisindən gitara ifaçılığının əsaslarını mənimsəyən Lana, altı akkordun köməyi ilə çoxsaylı musiqi əsərləri yarada biləcəyini dərk etmişdir. Qısa zaman kəsiyində "Sparkle Jump Rope Queen" və "Lizzy Grant and the Phenomena" təxəllüsləri altında yaradıcılıq fəaliyyətinə başlamış, şəhərətrafı əyləncə məkanlarında öz bəstələrini təqdim etmişdir. Müsahibələrinin birində qeyd etdiyi kimi: "Daim mahnı ifa etsəm də, bu sahəyə peşəkar yanaşmağı nəzərdə tutmurdum. On səkkiz yaşında Nyu-Yorka köçdükdən sonra Bruklin klublarında çıxışlar etməyə başladım.
Karyerası
2005–2010: Karyera başlanğıcı və ilk səsyazmalar Lana Del Rey 2004-cü ilin payızında 19 yaşında ikən Bronksdakı Fordham Universitetinə daxil olub. O, metafizika sahəsinə verdiyi dəyəri nəzərə alaraq fəlsəfə ixtisasını seçmişdi. 2005-ci ilin yazında, hələ tələbə ikən Birləşmiş Ştatların Müəllif Hüquqları Ofisində yeddi trekdən ibarət minialbom qeydiyyata almışdı. Bunlardan bəziləri "Rock Me Stable" və "Young Like Me" idi. Digər minialbomu "From the End" Lananın o vaxtki səhnə adı olan May Jailer ilə qeydə alınmışdı. 2005–2006-cı illər arasında o, May Jailer adı altında "Sirens" adlı akustik albom yazıb. Həmin bu albom 2012-ci ilin ortalarında internetdə sızdırıldı.
Lana Del Rey 2006-cı ildə Williamsburg Live Songwriting Competition-da ictimaiyyət qarşısında ilk çıxışını etmişdir. Bu müddət zamanı o, musiqi şirkəti 5 Points Records-un A&R nümayəndəsi Van Uilson ilə tanış olub. 2007-ci ildə universitetdə sonuncu kursda təhsil alarkən "No Kung Fu" adı altında toplanmış akustik mahnılarının demo yazısını 5 Points Records-a təqdim etmişdir. Şirkət onunla 10.000 dollarlıq səsyazma müqaviləsi bağlayır. Lana pulu Nyu-Cersi ştatının Nort-Berqen şəhərində yerləşən treyler parkı Manhattan Mobile Home Park-a köçmək üçün istifadə edir və çox keçmir ki, prodüser David Kahne ilə mahnılar üzərində işləməyə başlayır. Nichtern bunları xatırlayır: "Bizim planımız hər şeyi təşkil etmək və bir səs yazısına sahib olmaq idi, o kolleci bitirdikdən dərhal sonra konsert turlarına gedəcəkdi. Bir çox sənətçi kimi, o da dəyişdi. Bizə ilk gələndə o, zərif kiçik akustik gitara çalırdı, sarı saçlı, çox gözəl gənc qadın idi. Bir az qaranlıq, lakin çox ağıllı idi. O, çox tez təkmilləşməyə doğru gedirdi."
thumb|left|upright=.9|Del Rey səhnə adını seçərkən kino aktrisası Lana Törnerdən ilhamlanıb
Lana Del Rey 2008-ci ildə Fordhamı fəlsəfə üzrə İncəsənət Bakalavr dərəcəsi ilə bitirdi. Daha sonra Lizzy Grant ləqəbi ilə Kahnenin prodüseri olduğu "Kill Kill" adlı üç trekdən ibarət minialbom buraxmışdır. İfadəsində deyib: "Devid göndərdiyim demonu dinlədikdən bir gün sonra mənimlə işləmək istədiyini bildirdi. O, çox dürüst bir prodüser kimi tanınır və sadəcə pop deyil, istənilən musiqi üzərində işləməyi bacarır." Həmin ərəfələrdə Lana evsiz şəxslər və narkomanlar üçün könüllü xeyriyyə işi görürdü. O, Yuta ştatında Hinduların məskunlaşdığı evlərin rənglənməsinə kömək edən zaman kollecdə könüllü işlərlə maraqlanmağa başlamışdı.
Lana səhnə adı barədə bunları deyib: "Mən musiqini formalaşdıra biləcəyim bir ad istəyirdim. O vaxtlar Mayamiyə çox gedirdim, Kubadan olan dostlarımla ispanca danışırdım–Lana Del Rey bizə dəniz sahilinin qlamurunu xatırlatdı. Dilin ucundan çıxan söz möhtəşəm səslənirdi. "Bu ad həm də aktrisa Lana Törnerdən həm də 1980-ci illərdə Braziliyada istehsal edilmiş Ford Del Rey sedanından gəlir. 2010-cu ilin yanvarında özünün adını daşıyan debüt albomunu buraxır. Atası albomun marketinqində kömək etmişdi. Albom 2010-cu ilin aprelində geri götürülməzdən əvvəl qısa müddət ərzində iTunes-dan satın alınması əlçatan idi.
Lana "Lana Del Ray" buraxıldıqdan üç ay sonra menecerləri Ben Mawson və Ed Millett ilə danışıqlar aparıb. Onlar Lananın 5 Points Records ilə müqaviləsindən çıxmasına kömək etmişdilər. Lana qısa müddətdən sonra Londona yaşamağa gedib. O, bir neçə il Ben Mawson ilə birlikdə olub. Lana 1 sentyabr 2010-cu ildə Mando Diao ilə birlikdə Berlindəki Union Film-Studios-da MTV Unplugged konsertində çıxış edib. Elə həmin il o, bir neçə dostu ilə birlikdə çəkdiyi "Poolside" adlı qısametrajlı filmdə rol alıb.
2011–2013: Born to Die və Paradise-ın uğuru Lana Del Rey 2011-ci ildə "Video Games" və "Blue Jeans" mahnıları üçün özünün hazırladığı musiqi videolarını YouTube-a yerləşdirir. "Video Games" mahnının klipi internetdə viral olur. Bu mahnı Stranger Records şirkətinin diqqətini cəlb edir. Lana bu şirkətlə müqavilə bağlayır və mahnısını debüt sinqlı olaraq buraxır. O, The Observer-ə danışıb: "Mən bu mahnını bir neçə ay əvvəl internetə yerləşdirdim, çünki bu, mənim sevimli mahnım idi. Düzünü desəm, bu sinql olmayacaqdı, amma insanlar həqiqətən buna reaksiya verdilər." 2011-ci ilin oktyabrdında mahnı ona "Q" mükafatı, 2012-ci ildə isə "Ən yaxşı müasir mahnı" kateqoriyası üzrə "Ayvor Novello" mükafatı qazandırdı. Lana həmin il 2012-ci ildə Born to Die adlı ikinci studiya albomunu buraxmağa hazırlaşırdı. Bu albom yeni müqavilə bağladığı Interscope Records və Polydor tərəfindın buraxılacaqdı. Lana o dövrlərdə müğənni Barrie-James O'Neill ilə münasibətdə idi. İkisi hardasa üç ilə yaxın birlikdə olduqdan sonra 2014-cü ildə ayrılıblar. Lana Del Rey 14 yanvar 2012-ci ildə Saturday Night Live verilişində yeni çıxacaq albomundan iki mahnısını canlı olaraq ifa etmişdir. Onun performansı ictimaiyyət tərəfindən mənfi rəylərlə qarşılanmışdır.
thumb|left|upright=.9|Del Rey 2012-ci ildə Kann kinofestivalında
"Born to Die" 31 yanvar 2012-ci ildə dünya miqyasında satışa çıxarılır. Çox keçmədən kommersiya uğuru qazanır, 11 ölkədə bir nömrə olur və ABŞ Billboard 200 albom çartında ikinci mövqeni tutur. Lana buraxılış həftəsi bildirmişdi ki, 2010-cu ildə yayımlanan "Lana Del Ray" adlı debüt albomunun hüquqlarını əvvəlki şirkətdən geri alıb və bu albomu 2012-ci ilin yayında Interscope Records və Polydor vasitəsilə yenidən buraxacaq. "Born to Die" 2012-ci ildə 3,4 milyon nüsxə sataraq 2012-ci ilin ən çox satılan beş albomundan biri oldu. Eləcə də 2012-ci ildə ABŞ Billboard 200-də 76-cı sırada qaldı.
Lana Del Rey 2012-ci ilin sentyabrında Paris Motor Show-da Jaguar üçün F-ype avtomobil modelini təqdim edib. Onun "Burning Desire" mahnısı avtomobilin tanıtım videosunda istifadə edilmişdi. Jaguar-ın qlobal brend direktoru Adrian Hallmark şirkətin seçimini izah edərək, Lananın "orijinallıq və müasirliyin unikal qarışığı" olduğunu bildirirdi. Lana sentyabrın 25-də qarşıdan gələn minialbomu "Paradise"ın tanıtımı üçün "Ride" adlı sinqlını çıxarır. 10 oktyabr 2012-ci ildə Santa Monikadakı Aero Teatrında "Ride" musiqi videosunun premyerası baş tutur. Bəzi tənqidçilər Lananın canlandırdığı bayker dəstəsindəki fahişə obrazına görə onu qınadılar.