Əli Cabbar oğlu Əmirov () — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sənaye üzrə katibi (1962–1971), texnika elmləri doktoru (1971), professor.
Həyatı Əli Cabbar oğlu Əmirov Naxçıvan şəhərində anadan olmuşdur. "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra, 1940–1952-ci illərdə "Orconikidzeneft" trestində neft hasilatı ustasından trestin müdirinə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1952–1972-ci illərdə "Azərbaycan neft təsərrüfatı" jurnalının redaksiya kollegiyasının üzvü və redaktoru olmuşdur. 1955–1958-ci illərdə Azərbaycan SSR Neft Sənayesi Nazirliyində idarə rəisi, 1958–1959-cu illərdə Azərbaycan SSR neft sənayesi nazirinin müavini, 1959–1962-ci illərdə isə "Azneft" İstehsalat Birliyinin baş direktoru olmuşdur.
1962-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sənaye üzrə katibi seçilmişdir. 1971-ci ildən "Azneft" İB baş mühəndisi işləmiş və "Qum adası", "Makarov b.", "Səngəçal-dəniz", "Duvannı-dəniz", "Bulla-dəniz" neft-qaz yataqlarının mənimsənilməsində bilavasitə iştirak etmiş və rəhbərlik etmişdir. Əmirov Ə. C. Azərbaycanın Mədəni əlaqələr cəmiyyətinin vitse-prezidenti olmuşdur. 1977-ci ildə o, Azərbaycan Neft və Kimya İnstitutunun "Neft yataqlarının işlənilməsi və istismarı" kafedrasında dosent, professor vəzifələrində işləmişdir."Нефтяное хозяйство", 1979
Əli Əmirov 12 fevral 1979-cu ildə Bakı şəhərində vəfat etmiş, Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur. "Əli Əmirov" geoloji kəşfiyyat gəmisi onun adını daşıyır.
Elmi fəaliyyəti Əli Əmirov neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir. O, 1959-cu ildə "Çox dərin quyuların istismarının bəzi ünsürləri (məsələləri)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1971-ci ildə "Dərin və çox dərin quyuların mənimsənilməsi və istismarının texnika və texnologiyasının bəzi problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və texnika elmləri doktoru elmi adını almışdır.
Elmi tədqiqatların sahəsi: dərinlik nasosları ilə istismarın texnikası və texnologiyası, dərində yerləşən neft-qaz yataqlarının işlənilməsi problemi, neftin kompressor üsulu ilə hasilatının təkmilləşdirilməsi məsələləri, Azərbaycan neft mədənlərinin avtomatlaşdırılması üçün sistemlərin və vasitələr kompleksinin yaradılması və tətbiqi.
Əli Əmirov 140-dan artıq elmi məqalənin və bir sıra monoqrafiyaların müəllifidir.
O, "SSRİ fəxri neftçisi" adına layiq görülmüşdür. SSRİ Dövlət mükafatı laureatı (1969) olmuşdur. "Qırmızı əmək bayrağı" ordeni ilə mükafatlandırılmış və İ. M. Qubkin adına mükafata layiq görülmüşdür.
İstinadlar
Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibləri