Heydər Əliyev adına İdman-Konsert Kompleksi (İKK) — Azərbaycan Respublikası paytaxtının memarlıq incilərindən və Azərbaycanda ən böyük qapalı idman mərkəzlərindən biri.
Haqqında İdman-Konsert Kompleksinin (İKK) inşasına 1976-cı ildə Bakının Tbilisi prospektində Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə başlanmışdı. Kompleks 1990-cı ilin noyabr ayında istismara verilmişdir.
Ümumi ərazisi 6,1 hektar olan kompleksin tikili sahəsi 3,5 hektardır. Kompleks 7,8 min tamaşaçı tutan baş meydandan, üç salonu, o cümlədən hokkey və buz üzərində fiqurlu konkisürmə, basketbol, bədii gimnastika və kulturizm məşğələləri üçün zalı olan məşq korpusundan ibarətdir. Bu nəhəng idman qurğusunun əsas zalının ölçüləri 70x40 metr, ümumi sahəsi 2800 kvadratmetr, tribunaların tamaşaçı tutumu 7800 nəfərdir.
Burada, həmçinin, hər birinin sahəsi 650 kvadratmetr (37x17) olan gimnastika və trenajor zalları, eləcə də, 1600 kvadratmetrlik basketbol (35x45 metr) zalı var. Baş meydandan idmanın 16 növü üzrə yarışlar üçün, həmçinin konsert, kino, sirk tamaşaları, buz üzərində balet, ticarət-sənaye sərgiləri, kütləvi forumlar və müxtəlif teatrlaşdırılmış bədii tədbirlər üçün istifadə edilə bilər. Kompleksin direktoru Hüseynov Fikrət Akif oğludur.
İKK-də bədii gimnastika üzrə dünya kubokunun üç mərhələsi, iki Avropa çempionatı və bir dünya çempionatı keçirilib. Kompleksdə həmçinin 200-dən çox beynəlxalq sərgi, yerli və xarici ifaçıların iştirakı ilə konsert keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2004-cü ilin mart ayında İdman-Konsert Kompleksinə Ümummilli lider Heydər Əliyevin adı verilib.
Gənclər və İdman Nazirliyinin qərarı ilə Heydər Əliyev adına İdman-Konsert Kompleksi 2009-cu ilin yekunlarına görə ilin ən yaxşı idman qurğusu elan edilib.
Kompleksin struktur mühəndisi G.İ.Belidir.
2009-cu ildə kompleks qeyri-müəyyən müddətə təxirə salınan Üçüncü Avroviziya Rəqs Müsabiqəsi üçün də seçilib.
Bakıda keçirilmiş I Avropa Oyunları ərəfəsində əvvəlcə 2014-15-ci illərdə yenidən qurulmuş, bu vaxt və 2017-ci ildə yenə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında bir müddət Heydər Əliyev adına İdman Arenası adlandırılıb.
Əlamətdar idman hadisələri Bədii gimnastika üzrə 23-cü və 25-ci Avropa çempionatları 2005-ci il Bədii Gimnastika üzrə Dünya çempionatı 2007-ci il Güləş üzrə Dünya Çempionatı 2007-ci il Taekvondo üzrə Avropa çempionatı 2011-ci il Boks üzrə dünya çempionatı 2015-ci il Avropa Oyunları (Cüdo, güləş, sambo) 2017-ci il İslam Həmrəyliyi Oyunları (Cüdo, güləş, sambo) Həmçinin bax
Bakı Olimpiya İdman Kompleksi Bakı İdman Sarayı
İstinadlar
Xarici keçidlər
Heydər Əliyev adına İdman və Konsert Kompleksinin rəsmi saytı
Kateqoriya:Bakı Kateqoriya:Bakı mədəniyyəti Kateqoriya:Bakıdakı idman qurğuları Kateqoriya:1977-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Mədəniyyət qaralamaları Kateqoriya:Bakıdakı binalar və tikililər Kateqoriya:1990-cı ildə Azərbaycanda yarananlar Kateqoriya:Heydər Əliyevin şərəfinə adlandırılmış obyektlər