Drezden şəhərindəki Frauenkirxa (, IPA-deˈ[fʁaʊənˌkɪʁçə], bina başlanğıcda Bizim Sevimli Ledi kilsəsi () adı ilə tanınırdı) — Almaniyanın Saksoniya vilayətinin paytaxtı hesab edilən Drezden şəhərinin Noymarkt adlı meydanının tam mərkəzində yerləşən məşhur yevangelik-lüteran kilsəsi və şəhərin başlıca dominant və monumental tikilisidir. O protestant dini mərasim tikintisinin əsrarəngiz şəhadətnaməsi hesab edilir və ölçülərinə görə, Alp dağlarının şimalında ucaldılmış ən böyük daş kilsə günbəzinə malikdir. Tikildiyi zaman roma-katolik olmasına baxmayaraq, XV–XVI əsrlərdə katolik kilsəsinə qarşı başlanan və Reformasiya adı ilə tanınan dini etirazlar nəticəsində kilsə protestantların istifadəsinə verilmişdir. Barokko memarlıq ənənələri ilə ərsəyə gəlmiş hazırkı kilsə binası isə bilərəkdən protestant möminlərin ehtiyaclarını təmin etmək məqsədilə inşa edilmişdir. Frauenkirxa protestantların ən görkəmli və sakral abidəsi hesab olunur; ümumi layihəsi memar Georq Ber tərəfindən hazırlanmış kilsə özünün təkrarolunmaz silueti ilə şəhərin mənzərəsinə imperiallıq və təmtəraqlıq ab-havasını bəxş edir. İkinci dünya müharibəsi zamanı Drezdenin şiddətli bombalaması nəticəsində kilsə tamamilə məhv edilmişdir (şəhərin intensiv şəkildə bombalanması, "od fırtınası" adlanan fəlakətli atmosfer cərəyanının baş verməsinə səbəb olmuş və bunun nəticəsində də kilsə tamamilə çökmüşdür). Müharibədən sonra Şərqi Almaniya liderləri kilsənin xarabalıqlarını bərpa etməməyə və hərbi memorial abidə qismində qoruyub saxlamağa dair qərar qəbul edirlər. Kilsə Almaniyanın yenidən birləşməsindən sonra bərpa edilmişdir. Onun xarici yenidənqurma işləri 2004-cü ildə, interyerləri isə 2005-ci ildə tamamlanmışdır. Kilsə təkrar olaraq 30 oktyabr 2005-ci ildə təntənəli şəkildə təqdis olunmuşdur. Faciəvi şəkildə məhv edilmiş kilsə yenidən dirçələrək, tolerantlıq, sülh və harmoniyanın Dünya rəmzi statusunu əldə etmişdir.

Frauenkirxanı tez-tez kafedral kilsə adlandırırlar, lakin burada yepiskopun qərargahı yerləşmədiyindən, bu mülahizə doğru sayıla bilməz. Yepiskop qərargahı yaxınlıqdakı Kroytskirxa (Müqəddəs Xaç) kilsəsində yerləşir. Həmçinin ayda bir dəfə Müqəddəs Georgi anqlikan vaizliyində çalışan ruhanilər kilsədə ingilis dilində axşam duaları oxuyurlar.

Tarix

Əvvəlki tikililər Tarixçilər hesab edirlər ki, başlanğıcda hər hansı bir konfessiyanın tabeliyində olmamış və missionerlik funksiyalarını özündə birləşdirmiş erkən Frauenkirxa kilsəsinin inşası 1000-ci ildən sonra başlamış və əsasən taxta materialların köməyi ilə hazırlanmışdır (həmin kilsə kompleksi qərb tərəfdən Briznitz qəsri və Briznitzdən cənubda yerləşən Vayserritz qəsrləri ilə sərhədlənirdi). Qədim kilsənin ətrafında qəbiristanlıq salındığı üçün ətraf qəsəbələr üçün bura tez-tez ziyarət olunan məkana və mərkəzi dini ocağa çevrilir. Lakin Drezden şəhərinin paytaxta çevrilməsi səbəbindən kilsə icması Briznitzdən köçməyi qərara alır. XII əsrdə hazırkı Frauenkirxa kilsəsinin ərazisində olduqca kiçik ölçülərə malik olan roman üslublu kilsə inşa edilir və Bakirə Məryəmin şərəfinə müqəddəsləşdirilir (Saksoniya vilayətində yaşayan alman sakinləri öz aralarında "Mittelhochdeutsch" adlanan yerli şivədə danışdıqları üçün, kilsəni Kirche zu unser liuben Vrouwen adlandırmağa başlayırlar). Arxeoloji qazıntılar zamanı həmin roman üslublu kilsənin divarlarının qalıqları aşkar edilmişdir.

XIV əsrdə şəhər divarlarının xaricində yeni qotik üslublu kilsənin tikintisinə başlanılır; məzar daşları ilə əhatə olunmuş və bir qədər görkəmsiz ərazidə yaradılmış bu kilsə, daha sonralar Georq Ber tərəfindən Drezden şəhərinin reprezentativ Ana kilsənin yaradılması üçün təməl məkan olmuşdur. 1539-cu ildə protestantlıq cərəyanının Saksoniya krallığı ərazisində başlıca din olaraq qəbul edilməsi, kilsə üçün dönüş nöqtəsinə çevrilir. Qotik kilsə daha öncə mövcud olmuş roman kilsəsinin ətrafında "zəng qülləsinə bənzər" tərzdə inşa edilmişdir. Qotik kilsə üçün önəmli olan 1388-ci il tarixi bəzi tarixçilər tərəfindən təqdis etmə olaraq qəbul edilir; arxeoloji qazıntılar bünövrədəki daş qalıqların XIV əsrin sonuna aid edildiyini tsdiqləyir. Yastı damlı və böyük zala malik işıqlı kilsəyə 2 künc və köndələn nef əlavə edilmişdir. Öncəki qədim kilsədə olduğu kimi, yeni kilsənin nefləri demək olar ki, dördbucaq formada yaradılmışdırlar. 1395-ci ildə kilsə altarının təntənəli şəkildə əsası qoyulur. Kilsənin cübbəxana ilə təchiz olunduğu tarix indiyə kimi naməlum olaraq qalmaqdadır. Lakin yazılı salnamələrdı, 1468-ci ildə həmin cübbəxana üçün Paul adlı bir daşyonan tərəfindən açardaşlarının, pəncərələrin və gözəl giriş qapısının yaradığı qeyd olunurdu (həmin yazılı əsərdə, odanın çox güman ki, 1469-cu ildə qübbə ilə örtüldüyü bildirilirdi).

1470–1483-cü illər arasında kilsə gecikmiş qotika üslubunda bitkin şəklə salınmışdır. 1470–1472-ci illər arasında isə kilsənin cübbəxanası və əsas binanın üzərində daha hündür dam inşa edilmişdir; artıq həmin dövrdə kilsə olduqca kiçik zəng qülləsinə malik idi. 1477-ci ildən 1483-cü ilə kimi uzun nefin əsas kilsə binasına birləşdirilməsi prosesi tamamlanır və beləliklə də kilsənin ümumi uzunluğu 38 metrə bərabər olur. Xalq arasında "hündür xor" adı ilə tanınan kilsə xoru çoxsaylı tağlarla bəzədilmiş və günbəzlənmişdir. Alman incəsənət tarixçisi Kornelius Qurlitt qotik üslublu xor otağının ehtimal ki, mövcud olmuş daha qədim roman xorlarının üzərində inşa edildiyini və öz tərtibatı ilə sələfini təqlid etdiyini güman edirdi; bu hipotezanı yerli ilahiyyatçı-alim Fridrix Magirius da dəstəkləyirdi. Bununla belə, daha qədim xorların mövcudluğu haqqında kifayət qədər etibarlı sübutlar mövcud deyil. Kilsə üçün olduqca vacib olan yan kapellalarının tikintisi məqsədilə, həmin xor otaqlarının dağıdılması və başqa əraziyə köçürülməsi qərara alınmışdır.Heinrich Magirius: Die Kirche "Unser Lieben Frauen" in Dresden – Der Vorgängerbau der Frauenkirche George Bährs. In: Die Dresdner Frauenkirche. Jahrbuch 2002. Hermann Böhlaus Nachfolger, Weimar 2002, S. 58. 6 noyabr 1483-cü ildə Frauenkirxa kilsəsinin yenicə tamamlanmış nefində əsas altarın açılış mərasimi icra olunmuşdur (altar Müqəddəs Bakirə Məryəmin şərəfinə təqdis edilmişdir).

Kilsənin XVI–XVII əsrlərdə inkişafı

Protestantlıq dininin yayılması məqsədilə yerli sakinlər arasında aparılmış Reformasiya hərəkatlarının açıq əleyhdarı olmuş Saqqallı Georqun 1539-cu ildə vəfatından sonra Saksoniyada ciddi dəyişikliklər baş verir. Onun rəsmi varisi hesab edilən qardaşı V Henrix protestanlığı qəbul etmiş və saray əhli tərəfindən onun taxt mirasından məhrum etmək cəhdləri uğursuzluqla nəticələnmişdir. Henrix qardaşının ölümündən bir il sonra Saksoniyada protestantlıq dinini yerli sakinlər arasında yeritməyə başlayır və qısa müddət ərzində bura katolisizmdən demək olar ki, azad olmuş əraziyə çevrilir. Uzun illər Mayssen yeparxiyasından asılı olmuş Frauenkirxa kilsəsi üçün bu qərar olduqca mühüm hadisə idi. Protestantlıq yerli əhali tərəfindən rəğbət hissi ilə qarşılanırdı; belə ki, hələ XII əsrdə Müqəddəs Nikolayın şərəfinə inşa edilmiş katolik kilsə, Müqəddəs Xaç adlı Drezdenin ən tutumlu protestant kilsəsinə çevrilir.

Məlum olduğu kimi, Drezden şəhəri həmin dövrdə ciddi şəkildə əsas protestant dini mərkəzinin yaradılması ehtiyacını duyurdu və bu səbəbdən də Kroytskirxa və Frauenkirxa kilsələri arasına kəskin rəqabət halı yaşanırdı (bu rəqabət 1491-ci ilə kimi davam edirdi). 1491-ci ildə baş vermiş güclü yanğın hadisəsi nəticəsində Kroytskirxa ciddi şəkildə dağıntıya məruz qalır və müvəqqəti olaraq öz funksiyalarını yerinə yetirə bilmir. Şəhər divarlarının kənarında inşa edilmiş Frauenkirxa kilsəsi isə, əksinə olaraq təxminən XVI əsrin sonlarına kimi öz statusunu qoruyub saxlamağa müvəffəq olur. Frauenkirxanın sahib olduğu "əsas şəhər kilsəsi" statusu 1539-cu ildə Reformasiyanın Drezdendə tətbiq olunması ilə başa çatır (Drezdendə hakimiyyəti ələ keçirmiş Albertin sülaləsinin nümayəndələri, ilk lüteran dini mərasiminin məhz Kroytskirxada yerinə yetirilməsi məqsədilə xüsusi fərman imzalayırlar).Matthias Donath, Jörg Blobelt. Altes&neues Dresden. 100 Bauwerke erzählen Geschichte einer Stadt. — 1-ое издание. — Dresden: edition Sächsische Zeitung SAXO’Phon GmbH, 2007. — С. 56 — ISBN 978-3-938325-41-4. Drezdenin ətrafındakı 26 kəndin sakinləri Frauenkirxada prixod mənsubları olmalarına baxmayaraq, Drezden Şurası bütün mühüm dini mərasimlərin ancaq şəhərin daxilində yerləşən kilsədə icra edilməsini daha məqsədəuyğun addım olaraq qiymətləndirir. Bu qərar Frauenkirxa üçün olduqca mənfi təsir göstərir və onun bütün qiymətli əşyaları daha sonralar "Drezden minzmaysterliyi" adlandırılan məşhur Annaberq Sikkəxanası () tərəfindən sonrakı dövrlərdə ələ keçirilir. Kilsənin ən müqəddəs relikviyası hesab edilən altar demontaj edilir, kiçik zəng qülləsindəki zınqırovlar isə əridilir. Dini ibadətlərin keçirilmədiyi boş kilsə binasına çevrildiyinə baxmayaraq, Frauenkirxa bununla belə yerli sakinlərin dəfn yeri olaraq fəaliyyət göstərməyə davam edirdi.

Hələ 1520-ci ildə Saqqallı Georqun göstərişi ilə Frauenkirxanın da yerləşdiyi yaşayış məntəqəsinin ətrafında yüksək bastionların və müdafiə qurğularının tikintisinə başlanılmışdır. Buna paralel olaraq, köhnə şəhər divarlarının da qorunub saxlanılması qərara alınmışdır. Drezden istehkamlarının inşası o dövrün istedadlı mühəndisi olmuş Kaspar Foyqt fon Virandtın layihəsi əsasında başlamış və 1556-cı ildə təntənəli şəkildə tamamlanmışdır. Aparılmış modifikasiya işləri nəticəsində, Frauenkirxa kilsəsi optiki olaraq Drezden şəhərinin tərkibinə daxil edilmişdir; kilsə ətrafındakı geniş boş sahə tezliklə zəngin bürger iqamətgahları ilə abadlaşdırılmış və burada gələcək Noymarkt meydanının sərhədləri formalaşmağa başlamışdır. Həmçinin Frauenkirxa və onu əhatə edən qəbiristanlığın yaxınlığında Saksoniya krallığının zərbxana binası (1556), kral metaltökmə həyətinin, eləcə də duzxananın yerləşdiyi böyük Seyxhaus (1559–1563) və formativ görkəmə malik hündür Barıt qülləsi inşa edilmişdir (onlar Elba çayına açılan şəhər pənoramasının başlıca tikililəri idilər).

Bu dövrdə Drezden dayanmadan genişlənən bir şəhər idi. Ən geci 1550-ci ildə bəlli oldu ki, Frauenkirxanın yanında yerləşən xaçvari formalı kilsə əsas ibadətlər zamanı şəhər əhalisi və ətraf kəndlərin sakinlərini qəbul etməyə qadir deyil. Bununla əlaqədar olaraq Drezden Şurası Frauenkirxanın şəhər sakinləri üçün təkrarən açılması qərarını qəbul edir. Lakin kilsə uzun müddət baxımsız vəziyyətdə qaldığı üçün sürətlə dağılmağa davam edirdi; 1556-cı ildə kilsə nefinin üzərindəki uçmaq təhlükəsində olan dam sökülərək, o zamanlar Avropada populyarlaşmış "kesson tavanları" ilə yenidən örtülmüş və bibley səhnələrini təsvir edən nəfis fresklərlə bəzədilmişdir. Uzun neflərin yenidən qurulması çərçivəsində qotik sütunların üzərinə qalereya və ya tribuna funksiyasını yerinə yetirən yeni ikimərtəbəli emporalar əlavə olunmuşdur (emporalar və kilsənin ümumi interyeri ağ-kül rəngli suvaqla örtülmüşdür). Əslən Mayssendən olmuş heykəltaraş II Hans Valter 1556–1557-ci illər arasında kilsə üçün "İntibah dövrünün ən yaxşı əsərləri" siyahısına daxil edilmiş möhtəşəm amvon yaratmışdır. Kurfürst avqust 1556-cı ildə Frauenkirxa üçün Altstella sistersian ordeninin monastırından sekulyarizasiya yolu ilə müsadirə olunmuş üç zəngi hədiyyə edir. 1559-cu ildə kilsə yeni orqan alətini əldə edir və kilsə təqviminin septuacesima günü (yəni Pasxadan əvvəl 9 bazar günü) o öz xidmətinə başlamışdır.

Reformasiyadan sonra Kroytskirxanın müstəsna imtiyazlarla səlahiyyətləndirilməsi ilə əlaqədar olaraq, xaç suyuna salma mərasimləri ancaq bu kilsədə həyata keçirilə bilərdi. Dəfnetmə mərasimləri isə ənənəvi olaraq Frauenkirxada (zəngin sülalə nümayəndələri üçün) və onu əhatə edən geniş qəbiristanlıqda (sadə sakinlər üçün) yerinə yetirilirdi.

Georq Berin barokko üslublu və günbəzli layihəsi