Tofiq Teyyub oğlu Mustafazadə () — Azərbaycan tarixçisi, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun «Beynəlxalq münasibətlər tarixi» şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor, Dövlət mükafat laureatı (2012-ci il), Əməkdar elm xadimi (2015)Mustafazadə Tofiq Teyyub oğlu - AMEA Tarix İnstitutunun rəsmi veb saytında. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2025-cü ildən).

Həyatı Tofiq Teyyub oğlu Mustafazadə 1949-сu il iyunun 1-də Azərbaycan Respublikası Dəvəçi (indiki Şabran) rayonunun Zeyvə kəndində anadan olmuşdur. O, 1966-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olmuş, təhsil illərində əla qiymətlər aldığına görə o, K.Marks adına təqaüdə layiq görülmüşdür. 1971-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

Elmi fəaliyyəti Tofiq Mustafazadə 1971-1974-cü illərdə Azərbaycan Elmlər Akademiyası (AMEA) Yaxın və Orta Şərq xalqları institutunda laborant, ADU-nun ümumi tarix kafedrasında baş laborant, Sumqayıt şəhər və Dəvəçi rayonu orta məktəblərində tarix müəllimi vəzifələrində çalışmışdır.

1975-1977-ci illərdə Azərbaycan EA Tarix İnstitutunun əyani aspiranturasında təhsil almış, 16 dekabr, 1977-ci ildən həmin İnstitutun “Azərbaycanın Rusiya və Qafqaz xalqları ilə əlaqələri tarixi” şöbəsinə (sonralar “Azərbaycanın qonşu xalqlarla əlaqələri və xanlıqlar dövrü tarixi”) kiçik elmi işçi vəzifəsinə işə qəbul olunmuşdur.

Tofiq Mustafazadə 1 iyul, 1986-cı ildən böyük elmi işçi, 1 fevral, 1993-cü ildən aparıcı elmi işçi vəzifələrində çalışmışdır. O, 16 noyabr 1996-cı ildən 2011-ci il yanvarın sonunadək adı çəkilən şöbənin müdiri vəzifəsində işləmiş, 2011-ci il yanvarın 24-dən isə yeni yaradılmış “Ümumi tarix” şöbəsinə müdir təyin edimiş və 8 yanvar 2019-cu ilə kimi bu vəzifədə çalışmışdır. Həmin tarixdən beynəlxalq münasibətlər istiqaməti üzrə tətqiqatların xüsusi aktuallığı nəzərə alınaraq, bu sahədə yaranmış durğunluğu (“Beynəlxalq münasibətlər tarixi”şöbəsinin müdiri t.e.d.,prof. H.C.Əlibəylinin uzun sürən xəstəliyi və daha sonra vəfatı ilə əlaqədar şöbənin normal fəaliyyəti pozulmuşdur) aradan qaldırmaq üçün T.Mustafazadə İnstitutun rəhbərliyi tərəfindən “Beynəlxalq münasibətlər tarixi” şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir.

Tofiq Mustafazadə 1980-ci il iyunun 16-da namizədlik (tarix üzrə fəlsəfə doktoru), 1992-ci il iyun ayının 30-da isə doktorluq dissertasiyaları müdafiə etmişdir. O, 8 yanvar 1999-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülmüşdür.

Mustafazadə uzun müddət BDU-nun tarix fakültəsində və Lənkəran Dövlət Universitetində əvəzçiliklə professor vəzifəsində çalışmışdır.

2012-ci il 25 mayda Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona Dövlət mükafatı verilmişdir. 2015-ci il 3 noyabr tarixində isə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

2025-ci il 5 noyabr tarixində Azərbaycan elminin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Elmi-tədqiqat fəaliyyəti Professor Tofiq Mustafazadənin indiyədək 264-dən çox elmi əsəri (o сümlədən 50-dən çoxu xariсdə) və metodik vəsaiti çap olunmuşdur. Onun elmi-tədqiqat fəaliyyəti çoxşaxəlidir.

Azərbaycanın Rusiya və Osmanlı dövlətləri ilə münasibətləri istiqamətləri 1993-cü ildə Bakıda Elm nəşriyyatında rus dilində çap olunmuş "XVIII əsrin birinci qərinəsində Azərbaycan və rus-türk münasibətləri" adlı monoqrafiyasında XVIII əsrin birinсi qərinəsində Azərbaycan tarixi və Xəzəryanı regionda rus-türk rəqabəti məsələləri ilk dəfə olaraq geniş mənbəşünaslıq bazası əsasında kompleks şəkildə tədqiq olunmuşdur. Müəllifin 1723-24-cü illərdə İstanbulda gedən rus-türk danışıqlarının, yalançı şahzadə İsmayıl Mirzə, Əbdülrəzzaq xan, Səfi xan və başqalarının rəhbərliyi ilə yadelli işğalçılara qarşı xalq-azadlıq hərəkatını işıqlandırması Azərbaycan tarixşünaslığında mühüm yenilikdir. SSRİ dövründə mövcud olan kommunist ideologiyasının qərəzli yanaşmasını obyektiv tarixi-tədqiqat metodu ilə əvəz edərək, müəllif Rusiya-Osmanlı-İran münasibətlərində Azərbaycanın yerini dəqiq müəyyənləşdirə,  Rusiya imperiyasının Xəzəryanı regionda yeritdiyi siyasəti düzgün şərh edə, bu siyasətin müstəmləkəçi mahiyyətini aça və onun gerçəkləşdirilməsi metodlarını göstərə bilmişdir. Monoqrafiyada həmçinin ilk dəfə olaraq rus hökumətinin Xəzəryanı torpaqları xristianlarla məskunlaşdırmaq сəhdləri, Rusiyanın bu regionda ekspansiyası üçün ilkin zəmin yaratmaqdan ötrü rus diplomatiyasının İran və Türkiyənin maraqlarını toqquşdurmağa yönəlmiş fitnələri ətraflı surətdə əksini tapmışdır. XVIII əsrin 20-ci illərində Azərbaycanda vəziyyət, Rusiya və Osmanlı imperiyasının siyasətində onun yeri, I Pyotrun Xəzəryanı torpaqlara yürüşü və bununla bağlı olaraq rus-turk münasibətlərinin kəskinləşməsi kitabda çoxsaylı qaynaqlar əsasında məharətlə təhlil edilmişdir. Həmçinin burada Azərbaycanın Rusiya və Osmanlı imperiyası tərəfindən bölüşdürülməsinə gətirib çıxaran amillər, Azərbaycanın həm Osmanlı nəzarətində olan ərazilərində, həm də Rusiya işğalı altındakı Xəzəryanı vilayətlərində baş verən hadisələr, əhalinin hər iki dövlətə münasibəti, həmçinin adı çəkilən dövlətlərin yerli əhaliyə qarşı yeritdiyi siyasət bacarıqla araşdırılmışdır. 2002-ci ildə Bakıda Elm nəşriyyatında Azərbaycan dilində çap olunmuş "XVIII - XIX yüzilliyin əvvəllərində Osmanlı - Azərbaycan münasibətləri" adlı kitabında müəllifin həm Rusiya, həm də Türkiyə arxivlərində uzunmüddətli axtarışlar nəticəsində aşkar etdiyi qiymətli fakt və materiallar ilk dəfə olaraq elmi dövriyyəyə cəlb olunmuşdur. Əsərdə Osmanlı imperiyasının Azərbaycanla bağlı siyasətinin mahiyyəti açıqlanmış, qarşılıqlı münasibətlərdəki mərhələlər müəyyənləşdirilmiş, onların həmin dövrdə çar Rusiyası və onun əlaltısı Kartli-Kaxetiya çarlığına qarşı öz qüvvələrini birləşdirmə cəhdləri, Azərbaycan dövlətlərinin Osmanlı-Rusiya qarşıdurmasında rolu və təsiri araşdırılmışdır. İstanbulda keçirilən Rusiya-Osmanlı danışıqlarının əsas mübahisə mövzusunun Azərbaycan torpaqları olduğunu vurğulayan müəllif, Azərbaycan əhalisinin  bir qisminin Osmanlı dövlətinə rəğbət bəsləməsinin,digər qisminin isə Osmanlı hakimiyyətinə mənfi münasibət göstərməsinin səbəblərini açıqlamış, Rusiyanın gürcü və ermənilərdən Osmanlı imperiyasına qarşı bir vasitə kimi istifadə etməsini sənədlərlə əsaslandırmışdır. Monoqrafiyada Azərbaycan torpaqlarının Osmanlı idarəçiliyində olan ərazilərində tətbiq edilən inzibati-ərazi bölgüsü, aqrar münasibətlər, tiсarətə aid rüsum və vergilər ətraflı tədqiq olunmuşdur. Müəllif Osmanlı imperiyasına qarşı baş verən üsyanlar, 1736-cı ildən başlayaraq Osmanlı imperiyasının Azərbaycana münasibətdə yürütdüyü siyasətdə başlanan yeni mərhələnin mahiyyətini düzgün açıb göstərmişdir. Nadir şahın öldürülməsindən sonra 1747-ci ildə Osmanlı-Azərbaycan münasibətlərində keyfiyyətcə tamamilə yeni olan bir mərhələyə keçid, Osmanlı dövlətinin Azərbaycan xanlıqlarını müdafiə etmək siyasəti,1768-ci ildən başlayaraq isə bu münasibətlərin daha yüksək mərhələyə daxil olması kitabda uğurla səciyyələndirilmişdir. 2011-ci ildə Bakıda Şərq-Qərb nəşriyyatında Azərbaycan dilində çap olunmuş "XVIII əsrin ikinci yarısı - XIX əsrin əvvəllərində Azərbaycan-Rusiya münasibətləri" adlı əsərdə XVIII əsrin ikinci yarısı – XIX əsrin əvvəllərində mövcud olmuş müstəqil Azərbaycan dövlətlərinin - xanlıqların, o zaman, həm də müasir dövrdə ölkəmizin ən güclü qon-şusu olan Rusiya ilə münasibətləri ətraflı və dərindən tədqiq edilir. Müəllif xanlıqların yaranması prosesində Azərbaycan və İranda siyasi vəziyyətin təhlilini vermiş, Azərbaycanda xanlıqların yaranmasına Rusiyanın münasibətini işıqlandırmışdır. Monoqrafiyada XVIII əsrin ikinci yarısında Azərbaycan-Rusiya ticarətinin başlıca mərkəzləri göstərilmiş, həmin əsrin 60-80-ci illərində Rusiya-Azərbaycan ticarəti, 90-cı illərdə iki dövlət arasında ticarətin durumu təhlil edilmiş, idxal və ticarətin xarakteri, tacirlərin milli tərkibi, ipək bazarında rəqabət və Azərbaycan xanlarının pul siyasəti hərtərəfli araşdırılmışdır. Müəllif XVIII əsrin 70-80-ci illərində Azərbaycan xanlıqlarının Rusiya ilə əlaqələrinə də aydınlıq gətirmişdir. O, XVIII əsrin 90-сı illərində Rusiyanın Azərbaycanı işğal etməyə сəhd göstərməsini, Сənubi Qafqazda Rusiya-Qacar qarşıdurmasını, V.Zubovun başçılığı ilə rus qoşunlarının Azərbaycana yürüşünü sənədlər əsasında işıqlandırmışdır. XVIII əsrin sonu - XIX əsrın ilk onilliklərində Azərbaycan-Rusiya münasibətlərinin səciyyəvi xüsusiyyətləri, Şimali Azərbaycanın Rusiya tərəfindən işğalının başlanması ətraflı və dolğun şəkildə kitabda öz əksini tapmışdır. Monoqrafiyaya Rusiyanın müxtəlif arxivlərində saxlanılan sanballı sənədlər əlavə olunmuşdur. Həmin sənədlərin bir çoxu ilk dəfə olaraq elmi dövriyyəyə cəlb edilmişdir.

Azərbaycan xanlıqlarının tarixinin tədqiqi Onun 2005-ci ildə Bakıda Elm nəşriyyatında çapdan çıxmış "Quba xanlığı" adlı kitabı XVIII əsrin ikinci yarısı – XIX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş xırda feodal dövlətlərindən birinin - Azərbaycan xanlıqları sistemində çox mühüm mövqeyə malik olan Quba xanlığının tarixinə həsr olunmuşdur. Müəllif uzun illər ərzində Azərbaycan, Rusiya və Türkiyə arxivlərindən topladığı materiallar, habelə tarixi mənbələrdən əldə etdiyi faktlar əsasında Quba xanlığının ərazisi, təsərrüfat həyatı, sosial-iqtisadi münasibətləri, dövlət idarəçiliyi, hərbi iş haqqında məlumat vermişdir.Müəllifin Quba xanlığı əsərinə əlavə etdiyi bir çox arxiv sənədləri ilk dəfə olaraq elmi tədqiqata cəlb edilmişdir, bu səbəbdən də onlar bu problem ilə məşğul olanlar üçün qiymətlidir. Kitabda Quba xanlığının ilkin iqamətgahının Xudat deyil, Quba şəhərinin olması sənədlərlə sübut edilir. Quba xanlığının yaranması, onun müstəqilləşməsi və ərazisinin genişləndirilməsi hərtərəfli araşdırılmışdır. Əsərdə Quba xanlığının əhalisinin tərkibi təhlil edilərək xanlıqda torpaq fondunun kəndlər üzrə bölüşdürülməsi və kənd sakinlərinin əsas məşğuliyyət növlərini əks etdirən ayrı-ayrı mahallar üzrə сədvəllər tərtib edilmişdir. Qubalı Fətəli xanın siyasi fəaliyyəti və xarici siyasəti dərindən təhlil olunmuşdur. Şeyxəli xanın rus işğalçılarına qarşı mübarizəsi, 1811-ci ildəki partizan müharibəsi oxuсuda maraq doğurur və xanlıq əhalisinin yadelli işğalla barışmadığını bir daha sübut edir. Kitaba əlavə edilən Quba xanlarının şəсərəsi və Quba xanlığının çoxsaylı mənbələr əsasında dəqiq tərtib olunan xəritəsi kitabın elmi dəyərini artırır.