Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev () — Azərbaycan ədibi, yazıçı, dramaturq, ictimai-siyasi və teatr xadimi, pedaqoq, ədəbiyyatşünas, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1929). Azərbaycan ədəbiyyatının klassiki hesab olunan Əbdürrəhim bəy Haqverdiyev Birinci Rus Dumasının Azərbaycandan deputatı, müsəlman fraksiyasının üzvü, Gürcüstan Parlamentinin deputatı, "Leyli və Məcnun" operasının premyerasında ilk dirijoru, Teatr Şurasının təsisçisi və birinci rəhbəri, "Molla Nəsrəddin" jurnalının yazarlarından biri olmuşdur.
Əbdürrəhim bəy Haqverdiyev XIX əsrin sonu – XX əsrin əvvəllərində ədəbi-mədəni mühitin aparıcı simalarından biri olmuşdur. Mirzə Fətəli Axundzadə və Nəcəf bəy Vəzirovun yaradıcılıq ənənələrini davam etdirən Haqverdiyev eyni zamanda satirik və psixoloji dram janrlarında yazdığı əsərlərlə milli ədəbiyyatın inkişafına töhfə vermişdir.
Haqverdiyev öz yaradıcılığında dövrün sosial və mənəvi problemlərini əks etdirmiş, maarifçilik ideyalarının yayılmasına xidmət etmişdir. "Dağılan tifaq", "Ac həriflər", "Bəxtsiz cavan", "Pəri cadu" kimi pyeslərində milli məişət həyatının tənqidi təsviri, insan xarakterlərinin açılması və satirik dil xüsusilə ön plana çıxır. O, həmçinin klassik Şərq və Qərb ədəbiyyatından tərcümələr etmiş, dramaturgiyanın inkişafı üçün pedaqoji və publisistik fəaliyyət göstərmişdir.
O, I və II Dövlət Dumasının üzvü olmuş, Rusiya imperiyası və Cənubi Qafqazda müsəlmanların hüquqlarının müdafiəsində iştirak etmişdir. Tiflisdə və Bakıda teatr tamaşalarının təşkili ilə bağlı fəaliyyəti, mətbuatda çıxışları və maarifçilik təşəbbüsləri onu dövrünün qabaqcıl ziyalıları sırasında qərarlaşdırmışdır. Haqverdiyev həmçinin Azərbaycan SSR Elmlər Akademiyasının təşkili ərəfəsində elmi-ədəbi mühitdə fəal iştirak etmiş, bir sıra ədəbi cəmiyyətlərin və nəşrlərin işində yer almışdır.
Həyatı Əbdürrəhim bəy Haqverdiyev 17 may 1870-ci ildə Şuşa şəhərindən 20 km məsafədə yerləşən Ağbulaq kəndində anadan olmuşdur. Atası Əsəd bəy, qəza idarəsində katib kimi çalışırdı. O rus və fars dillərini bilən, savadlı bir adam idi. Əbdürrəhim bəy üç yaşında olarkən atası vəfat edir. Onu əmisi Əbdülkərim bəy öz himayəsinə götürür. Anası Hüsnü Cahan xanım isə üç il sonra kənd məmuru Həsənəli bəy Sadıqbəyovla evlənir. Əbdülkərim bəy bu evliliyə qarşı çıxmış, bu səbəbdən Əbdürrəhimi uzun müddət anasından uzaq tutmuşdur. Əsəd bəyin böyük qardaşı olan Əbdülkərim bəy də varlı və savadlı bir şəxs idi. 1875-ci ilin payızında Əbdülkərim bəy də dünyasını dəyişir. Əmisinin faciəli ölümü Əbdürrəhimi çox təsirləndirmişdir. Əmisinin evində olarkən artıq yengəsi və onun qardaşının əziyyətinə məruz qalan Haqverdiyev, bir gün evdən qaçaraq anasının yanına getmiş və ögey atası Həsənəli bəy onu öz doğma oğlu kimi qəbul etmişdir. Haqverdiyev bu barədə xatirələrində belə deyir:
Neçə sənə əmimin evində qalmaq mənim üçün əzab idi. Əmimin arvadı bir yandan və qardaşı oğlu bir yandan əmimdən bixəbər mənə olmazın əzablar verirdilər. Əmimə şikayətlənməkdən qorxurdum. Çünki şikayətdən sonra ikiqat əzabını alacaq idim. Axır bir gün davam etməyib ayaqyalın, başıaçıq birbaşa anamın yanına qaçdım. Anamın ikinci əri məni öz oğlu kimi qəbul edib, həqiqətdə öz oğlundan ayırmayıb, mənim tərbiyəmlə məşğul oldu.
Həsənəli bəy Əbdürrəhimin təhsili ilə şəxsən özü məşğul olmuşdur. Rus dilini bildiyi üçün Əbdürrəhimə Rus əlifbasını da ilk dəfə özü öyrətmişdir. Əbdürrəhimin ailədə özündən başqa Nabat adlı bir bacısı da var idi. Nabat hələ uşaq ikən çayda boğularaq ölmüşdür.
Yazıçının ilk bioqraflarından olan Kamran Məmmədov yazır:
Əbdürrəhimin səkkiz yaşı vardı… İsti yay günlərindən biri idi. Həsənəli bəy Sadıqbəyovun ailəsi qonşu ailələrlə bir neçə gün idi ki, Şuşadan yaxın yaylağa, çay kənarına köçmüşdülər. Günortaya az qalmışdı. Kişilər böyürtkən yığmağa getmişdilər. Kişilərin getməsindən istifadə edən qadınlar və uşaqlar çayda çimirdilər. Əbdürrəhimlə Nabat da bunların arasında idi… Birdən-birə hava qaraldı, göyün üzünü qara buludlar bürüdü, şıdırğı yağış yağmağa başladı. Az keçmədi ki, nərilti ilə gələn güclü sel hər tərəfi bürüdü… Bir əli ilə kiçik Nabatın, o biri əli ilə Əbdürrəhimin əlindən yapışan Hüsnücahanı süpürləyib çaya saldı. Qadın özü də bilmədən uşaqların əlini buraxıb qışqırmağa başladı… Kişilər özlərini yetirib hər üçünü güc-bəla ilə cilovsuz selin-suyun ağzından qurtardılar. Nabat boğulmuşdu…Bacısının faciəli ölümündən sonra Əbdürrəhim heç bir uşaqla oynamır, həmişə tək gəzirdi. Bəzən də atalığı Həsənəli bəy hara getdi, onu özü ilə aparırdı.
Təhsili 1880-ci ilin may ayında Həsənəli bəy müflis olduğu üçün ailəsi ilə birgə Şuşa şəhərinə köçür. Əbdürrəhim burada Yusif bəy Məlikhaqnəzərovun müvəqqəti yay məktəbində təhsil almağa başlayır. Buradaki təhsil məktəbə hazırlıq məqsədi daşıyırdı. Yusif bəy ögəy atası Həsənəli bəydən sonra Haqverdiyevin təhsilində əsas rol oynayan ikinci şəxsdir. Əbdürrəhim həmin ilin sentyabr ayında imtahan verərək şəhər məktəbinə daxil olur və bir il müddətinə burada oxuyur. 1881-ci ilin oktyabr ayında Şuşada yeni açılan rus dilli realni məktəbə daxil olur və burada rus dilində təhsil almağa başlayır. Bu zaman Yusif bəy də burada müəllim işləyirdi. Onun teatra böyük marağı varidi və hər yay Şuşaya dincəlməyə gələn müəllim və tələbələrin köməyi ilə teatr tamaşaları təşkil edirdi. Haqverdiyevin teatrla ilk tanışlığı da məhz bu tamaşaların birində olmuşdur. O öz xatirələrində bu barədə yazır: 1884-cü ildə, 14 yaşında ikən bir dəfə teatra getdim. Mirzə Fətəlinin ‘Xırs quldur basan’ piyesini oynayırdılar. Teatrda pərdə açılmayınca, mən bu əqidədə idim ki, fokus göstərəcəklər. Pərdə açıldı. Bir də baxdım ki, müəllimlik Yusif Bəy əynində çuxa, başında Buxara papağı, belində xəncər, əlində tüfəng səhnədə dayanb igidlikdən dəm vurur. Get-gedə tanıdığım müəllimlərin birini arvad libasında, birinin polis libasında görüb, teatrın və komediyanın nə olduğunu anladım.
Tamaşadan təsirlənən Haqverdiyev Mirzə Fətəli Axundovun "Hacı Qara" əsərinə bənzər kiçik həcmli "Hacı Daşdəmir" hekayəsini yazıb müəllliminə təqdim edir. Yusif bəy əsəri oxuyub öz məsləhətlərini vermişdir.
1890-cı ilin avqust ayında Əbdürrəhim bəy Haqverdiyev Tiflisə getmiş, burada "Realni Məktəb"in son sinfində təhsilə başlamışdır. Həmin dövrdə Qafqazın mədəniyyət mərkəzi olan Tiflis, Rusiya İmperiyasının məşhur teatr şəhərlərindən birinə çevrilmişdir. Haqverdiyev Tiflis teatr səhnəsində rus və Avropa dramaturqlarının əsərlərini izləmiş və peşəkar teatrla tanış olmuşdur. Haqverdiyevin ədəbi fəaliyyətə başlamasında Tiflis mühitinin böyük təsiri olmuşdur. 1891-ci ildə Tiflisdə "Realnı Məktəb"i bitirən Haqverdiyev ali təhsil almaq üçün Peterburqa getmişdir. O, sənədlərini Dövlət Əmlakı və Torpaqşünaslıq Nazirliyinin Dağ – mədən İnstitutuna vermiş, lakin 1891-ci ildə ali məktəbə qəbul ola bilməmişdir. Əbdürrəhim bəy Peterburqda qalaraq şəhərin mədəni həyatı ilə yaxından tanış olmağa başlamış və 1894-cü ildə sənədlərini yenidən Dağ-mədən İnstitutuna vermişdir. Bu dəfə Dağ-mədən İnstitutunun direktoru Ə. Haqverdiyevin sənədlərini 1894-cü il avqust ayının 27-də 1675№-li təliqə ilə Yol Mühəndisləri İnstitutunun direktorunun adına göndərmiş və Əbdürrəhim bəy II Aleksandrın Yol Mühəndisləri İnstitutuna qəbul edilmişdir. Beləliklə, Peterburqda II Aleksandr Yol Mühəndisləri İnstitutunda təhsilə başlasa da, onun ədəbiyyata olan marağı təhsilini yarımçıq qoymasına səbəb olur. Bundan sonra Haqverdiyev Peterburq Universitetinin Şərqşünaslıq fakültəsinin dinləyicisi kimi dərslərdə iştirak etmişdir. O, Peterburqda olduğu səkkiz il ərzində dil və ədəbiyyatla bağlı mövzularda ciddi tədqiqatlar aparır. Peterburq ədəbi mühiti Haqverdiyevin özünü inkişaf etdirməsi baxımından çox mühüm rol oynamışdır. Burada "Aleksandrinski" teatrında izlədi yi tamaşalar onun teatra olan marağını daha da artırmışdır. Ədib tərcümeyi-halında yazırdı: "1891-ci sənədə Peterburqa gedib orada birinci dəfə mükəmməl teatro gördüm. O vaxt Aleksandrinski teatrosunun ən parlaq vaxtı idi. Davıdov, Varlamov, Komissarjevskaya, Dalski kimi dahilər işləyirdilər. Aleksandrinski teatrosu bilmərrə məni öz kamına çəkdi. Bir həftə olmazdı ki, mən teatroya getməyəydim. Bəzən həftədə iki dəfə gedirdim. Teatro ucuz idi. Otuz iki qəpiyə mükəmməl tamaşa edib həzz almaq olurdu".
Gənc yazar burada özünün ilk teatr əsərlərini "Yeyərsən Qaz Ətini, Görərsən Ləzzətini" (1892) və "Dağılan Tifaq" (1896) yazmışdır.
Əbdürrəhim Haqverdiyev Peterburqda təhsil aldığı illərdə yay tətillərini adətən Şuşada keçirirdi. O, yerli həvəskar aktyorlarla birlikdə tamaşalar təşkil edərək yerli sakinlərə göstərirdi. 1892-ci ildə onun iştirakı ilə Haşım bəy Vəzirovun "Evlənmək su içmək deyil" adlı komediyası səhnəyə qoyuldu. 1897-ci ildə isə Haqverdiyev "Məcnun Leylinin qəbri üstündə" adlı səhnəcik üçün rejissorluq etdi. Üzeyir Hacıbəyovun qardaşı Zülfüqar Hacıbəyov xatirələrində Haqverdiyev haqqında yazır: "Əbdürrəhim bəyə Şuşada Şəbehgərdan adı qoymuşdular. Bu, görkəmli dramaturqun teatra olan böyük məhəbbəti ilə bağlı idi."
İctimai və siyasi fəaliyyəti 1899-cu ildə Əbdürrəhim bəy Haqverdiyev Peterburqdan Şuşaya qayıdır və burada iki il yaşayır. Bu müddətd ərzində yazılı ədəbiyyat nümunələrini toplayır. Bununla yanaşı, 1900-cü ildə "Bəxtsiz Cavan" pyesini yazır və elə həmin il səhnəyə qoyur. 1901-ci ildə isə Bakıya gəlir və burada "Pəri Cadu" əsərini tamamlayır. Digər əsərləri kimi, bu əsəri də tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanır. 1904-cü ilin may ayına qədər Bakıda üçüncü rus-tatar ibtidai məktəbində müəllimliklə məşğul olur. Bakının mühiti gənc Haqverdiyevin özünü inkişaf etdirməsində mühüm rol oynayır. Burada o, dövrün tanınmış ziyalıları Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Nəriman Nərimanov, Cahangir Zeynalov və Hüseyn Ərəblinski ilə tanış olur. Onlarla birlikdə teatr üçün repertuar hazırlayır və rejissorluq edir. 1901-ci ildə onun təşəbbüsü ilə "Bakı müsəlman truppası" yaradılır. O baş rejissor funksiyasını öz üzərinə götürür və Azərbaycanın milli teatr tarixində bu vəzifəni icra edən ilk ziyalı olur. Bu dövrdə Haqverdiyev rejissoru olduğu tamaşalara şəxsən rəhbərlik edir. Onun rejissorluğu ilə səhnələşdirilən ilk əsərlər arasında "Hacı Qara", "Vəziri-Xani-Lənkəran", "Müfəttiş", "Otello", "Qaçaqlar", "Yağışdan Çıxdıq, Yağmura Düşdük", "Adı Var, Özü Yox", "Dağılan Tifaq", "Bəxtsiz Cavan" və digər əsərlər var. Haqverdiyevin bu dövrdəki digər bir uğuru isə teatr qrupuna yeni sənətçilər qazandırması olur. O dövrdə peşəkar teatrçı olmayan, lakin həvəskar şəkildə teatrla maraqlanan bir çox sənətçi Əbdürrəhim bəy Haqverdiyevin səyləri nəticəsində fəaliyyətini teatr sahəsinə yönəldir.
Əbdürrəhim bəyin teatr sahəsində xidmətləri barədə Yusif Vəzir Çəmənzəminli 1977-ci ildə nəşr edilmiş "Əsərləri"nin 3-cü cildində (Bakı, "Elm" nəşriyyatı) yer alan "Teatr pərəstişkarı" adlı xatirəsində yazır:
Buradakı tələbələrdən başqa, Bakı məktəblərində, paytaxt ali məktəblərində (Qafqazda ali məktəb yox idi), Qori və Yerevan seminariyalarında da şuşalılar var idi. Yay aylarında başqa yerlərdəki tələbə və kənd müəllimləri (o vaxt türklər orta məktəblərdə müəllimlik etmək haqqına malik deyildilər) Şuşada toplanır, şəhərə mədəni bir həyat gətirirdilər: teatr tamaşası verilir, müsamirə düzəldilir, leksiyalar oxunurdu. Bunların hamısında da Əbdürrəhim bəy Haqverdiyev başçılıq etmədə idi. "Müsyo Jordan", "Dağılan tifaq", "Tamah" adlı əsərlərin oynanmasını güclə xatırlayıram. 1904-cü ildə oynanılan "Otello" yadımdadır. "Otello" Haşım bəy Vəzirovun tərcüməsi idi. Otello rolunu Haşım bəy özü oynadı. Bundan əvvəl uzun hazırlıq getdi. Əbdürrəhim bəyin də böyük iştirakı vardı. Xandəmirovun teatrı dolu idi. Oyun fəna keçmədi.