Gülxar İbrahim qızı Həsənova () — Azərbaycan opera müğənnisi (soprano), Azərbaycan SSR xalq artisti (1982).
Həyatı Gülxar Həsənova 10 dekabr 1918-ci ildə hazırkı Gəncə quberniyasının Bayramlı kəndində (hazırkı Şəmkir rayonu) anadan olmuşdur.
Bakı Teatr Texnikumunda oxumuş (1935–1937), Azərbaycan Dövlət Universitetini bitirmişdir (1959).
G.Həsənova səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlamışdır (1936–1942). O, Üzeyir Hacıbəyovun məsləhəti və köməkliyi ilə 1942-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrına işə qəbul olunmuşdur. Melodik səsə malik istedadlı aktrisanın sonrakı taleyi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsi ilə bağlı olmuşdur. O, burada parlaq, koloritli qadın obrazları yaratmışdır. 1980-ci ildən teatrın məşqçi pedaqoqu olmuşdur.
Onun ifasında Əsli, Xanəndə qız ("Əsli və Kərəm", "Koroğlu", Ü.Hacıbəyov), Şahsənəm ("Aşıq Qərib" Z.Hacıbəyov), Təravət xanım ("Bahadır və Sona", S.Ələsgərov), Anna ("Gəlin qayası", Ş.Axundova) və digər partiyalar böyük professionallığı, özünəməxsusluğu ilə seçilir. Onun yaradıcılığının zirvəsi Müslüm Maqomayevin "Şah İsmayıl" operasında yaratdığı güclü, cəsarətli Ərəbzəngi və Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli, Leylinin anası partiyalarıdır. Səhnə fəaliyyətini bitirən G.Həsənova milli muğam operasında gənc xanəndələrə ifaçılıq sənətinin sirlərini öyrədirdi.
Gülxar Həsənova 30 mart 2005-ci ildə Bakıda vəfat etmişdir.
Aktyorlar Ağadadaş Qurbanovun həyat yoldaşı, Hamlet Qurbanovun anasıdır. Aktrisa Gülşən Qurbanovanın ögey anasıdır
Təltif və mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1 dekabr 1982 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 30 aprel 1955 "Şöhrət" ordeni — 9 dekabr 1998 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002 "Şərəf nişanı" ordeni — 9 iyun 1959
Xatirəsi 15 avqust 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti Gülxar Həsənovanın 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır. 2018-ci ilin dekabrında Şəmkirdə Gülxar Həsənovanın 100 illik yubileyi qeyd edilmişdir.
Filmoqrafiya Böyük ömrün anları (film, 2006) Gecə qatarında qətl (film, 1990) Xoşbəxtlik qayğıları (film, 1976) Məkanın melodiyası (film, 2004) Min birinci söz (film, 1997) Son tamaşa (film, 1989) Yollar görüşəndə... (film, 1979) Zirzəmi (film, 1990)
İstinadlar
Mənbə Görkəmli musiqi xadimləri — Gülxar Həsənova
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan SSR xalq artistləri Kateqoriya:Azərbaycanın qadın müğənniləri Kateqoriya:Azərbaycanlı opera müğənniləri Kateqoriya:"Şöhrət" ordeni ilə təltif edilənlər Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:SSRİ-nin opera müğənniləri Kateqoriya:Azərbaycanın opera müğənniləri Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri