Con Milton (; ) — İngiltərə şairi.
Həyatı XVII əsr ingilis ədəbiyyatının ən parlaq siması Miltondur. Mütəfəkkir və inqilabçı şair olan Milton döyüşən, irəliyə doğru hərəkət edən, iztirablar və səhvlər arasından keçərək həqiqət axtaran insana himn yaradır. Onun əsərlərində XVII əsrin ən mühüm hadisələri əks olunmuş, baş verən hadisələr təhlil edilərək ümumbəşəri nəticələr çıxarılmışdır. Onun poeziyasında müşahidə olunan barokko romantizmi də, vətəndaşlıq ideyaları ilə aşılanmış klassisizm də cəmiyyətin həyatında cərəyan edən nəhəng hadisələrin təzahürü, onların dərk olunması cəhdinin ifadəsi idi. Con Milton Londonda notarius ailəsində anadan olmuşdur. Şairin atası sadiq, möhkəm əqidəli bir puritan idi, oğlunu da puritanlıq ənənələri ruhunda tərbiyə edir. Milton ilk təhsilini Müqəddəs Pavel kilsəsinin nəzdindəki məktəbdə alır. Bu məktəb ən qatı puritanlar olan Cillərin əlində idi. Miltonun dünyagörüşü və ədəbi zövqünün formalaşmasında bu məktəbin mühüm rolu olmuşdur. Varlı puritan ailələrindən çıxan əksər gənclər kimi Milton da Kembricdə oxuyur. Burada o, parlament tərəfdarları ilə feodal-zadəgan irticası tərəfdarları arasında gedən mübarizələrə qoşulur. Mütləqiyyət hakimiyyəti tərəfdarları burada nə qədər az olsalar da, çox inamla və qətiyyətlə hərəkət edirdilər. Milton müəllimlə nəsə bir siyasi məsələ ilə əlaqədar toqquşur və onu müvəqqəti olaraq universitetdən çıxarırlar. Buna baxmayaraq o, universiteti əla qiymətlərlə qurtarır. Universiteti bitirdikdən sonra Milton həyatının bir neçə ilini atasının yenicə aldığı Qorton malikanəsində yaşayır, vaxtının çoxunu kitablar arasında keçirir. Əvvəllər keşiş olmağa hazırlaşan şair sonra bu fikirdən vaz keçir. 1638-ci ildə Milton Avropa ölkələrinə səfər edir, Fransa, İtaliyada olur. O, İtaliyada daha çox ləngiyir, italyan ədəbiyyatı və klassik filologiya sahəsindəki biliyini xeyli təkmilləşdirir. İngiltərədə inqilabi hadisələrin yaxınlaşması xəbərini eşidən Milton vətənə qayıdır, siyasi mübarizələrə qoşularaq bir publisist kimi yepiskop əleyhinə çıxış edir. 40-cı illərin ortalarında o, independentlərə yaxınlaşır, onların tapşırıqlarını yerinə yetirən bir adama çevrilir. 50-ci illərdə isə independentlər respublikasının "latın katibi", yəni beynəlxalq siyasət üzrə məsləhətçi olan Milton həddindən artıq çox işlədiyindən görmək qabiliyyətini itirir. Sağlamlığının pisləşməsinə, düşmənlərinin hədələrinə baxmayaraq işdən ayrılmır. Mütləqiyyətin bərpa edilməsi onu çətin vəziyyətdə qoyur, onu edam təhlükəsi hədələyir, təzminat isə onu müflisləşdirir. Royalistlərin istehza və təhqirlərinə baxmayaraq yoxsulluq içində yaşayan şair feodal-zadəgan irticasına qarşı mübarizə aparır, respublika quruluşunun qələbəsinə inamını itirmir.
Yaradıcılığı Miltonun yaradıcılığını, bir qayda olaraq, dörd dövrə bölürlər: 1. 1620–1630; 2. 1630–1640; 3. 1640–1660; 4. 1660–1670.
Miltonun 60–70-ci illə poeziyası və publisistikası ilə müqayisədə yaradıcılığının Kembric və Qorton dövründə yazdığı əsərlər nisbətən az əhəmiyyətlidir, bunlarda şairin sonrakı əsərlərində görəcəyimiz ümumiləşdirmələr, poetik orijinallıq çatmır, onlardakı böyük tematika görünmür. Bununla yanaşı artıq bu əsərlərdə şairin siyasi hadisələrə ciddi maraq göstərdiyi sezilir. Bu dövrdə onun latınca və ingiliscə yazdığı şeirlər, poemalar və səhnə əsərlərində metafizik şairlərlə düşmən mövqedə dayandığı görünür. "5 noyabr gününə" adlı poemasında şair feodal katolik irticasının və Roma papasının düşməni kimi çıxış edirsə, "Yunqun ölümünə mərsiyə" şeirində kral Yakovun alman protestantlarına kömək etmədiyinə görə narahatlığını bildirir.
Qortonda yazdığı "Həyatsevər", "Kədərli" poema-larında yeni insan problemi ön plana çəkilir. Şair feodal zadəgan ədəbiyyatının pozğun və xəyalpərvər qəhrəmanlarının əksinə olaraq həyatsevər, ciddi, savadlı humanist alim surəti yaradır. Onun qəhrəmanı həyatın qoyduğu suallardan qaçmır, onları həll etməyə çalışır. Miltonun qəhrəmanları Con Donnun əsərlərində olduğu kimi taleyin əlində oyuncağa çevrilmir, ağlın üstünlüyü ilə ağılla hissin vəhdətini qəbul edir.
"Komus" pyesində bu ideya ardıcıl bir şəkildə təsdiq edilir. Komus meşə və cəngəlliklər hakimidir, sərhəd bilməz ehtiraslar və şənliklər əcinnəsidir. O, meşədə azmış təmiz, günahsız bir qızı yoldan çıxarmaq istəyir. Qızın qardaşları Xeyir Mələyinin köməyi ilə qızı Komusun pəncəsindən qurtarırlar. Lakin ən mühüm cəhət budur ki, qardaşlarının gəlişinə qədər də Komus və onun yarı insan, yarı heyvan mahiyyəti qızın iradəsini sındıra bilmir. Onların hədələri, vədləri heç bir nəticə vermir. Qız ikrahla onların bütün təklif və vədlərini rədd edir. "Komus" pyesi Miltonun bir şair kimi xeyli inkişaf etdiyini göstərir. O, təbiətin heyranedici mənzərələrini yaradır, ingilis dilinin incəliklərinə həssaslıqla yanaşdığını, şeir texnikasına dərindən yiyələndiyini nümayiş etdirir. Qızın mətin surəti iblis Komusun pozğunluğuna qarşı qoyulur. "Komus" əsərindəki bir çox siyasi parçalar açıq-açığına zadəganlığa qarşı yönəlmişdir. Lakin onu da qeyd edək ki, "Komus"dakı güclü nəsihətçilik meyili Miltonun dünyagörüşündə puritanlıq ünsürlərinin güclənməsindən xəbər verir. Miltonun tərənnüm etdiyi ağıl, İntibah dövrünün göstərdiyi üsyankar ağıldan fərqlidir. Miltonun tərənnüm etdiyi ağıl təbiət qanunlarına tabe olan ağıldır. Bu dövrdə Milton təbiətə panteistcəsinə yanaşır və onu allahın təzahürü kimi qəbul edir.
Yaradıcılığının üçüncü dövründə, 1640–1660-cı illərdə Miltonun həyatı gərgin siyasi mübarizələrdə keçir. O, feodal mütləqiyyət irticası ilə döyüşlərdə iştirak edərək zəngin həyat təcrübəsi qazanır, alovlu, humanist yazıçı publisist kimi formalaşır. Miltonun bu dövrdə yaratdığı traktatlar, məqalələr və tədqiqatlar bədii materiallarla zəngin olmaqla bərabər obrazlı bir dillə yazılmışdır. Məhz bu cəhətlərinə görə onlar XVII əsr ingilis ədəbiyyatının ən mühüm abidələri kimi diqqəti cəlb edir. Bir şair, alim, siyasətçi və publisist kimi Miltonun nəsri İngiltərə burjua inqilabının tarixi-mədəni xüsusiyyətlərini öyrənmək və başa düşmək üçün əvəzedilməz bir xəzinədir. O, ilkin xristianlığın və Avropa dini hərəkatlarının tarixinə əsaslanaraq anqlikan kilsəsini ifşa edir, yepiskopatlığı məhv etməyə çağırır. Miltonun yepiskopal kilsəyə qarşı yazılmış traktatları insan vicdanını əsarətdə saxlamaq əleyhinə coşqun etiraz ruhu ilə aşılanmışdır. Boşanma haqqında yazdığı bir sıra traktatlarda da /"Boşanma haqqında təlim", "Martin Bukerin boşanma barədə mülahizəsi", "Tetraxordon" və b./ eyni etiraz ruhu hakimidir. Milton insanın özünə həyat yoldaşı, köməkçi seçmək hüququnu coşqunluqla müdafiə edirdi. Şair kişini "iki bərabər içində birinci" saysa da, onun sevgi haqqındakı baxışları XVI əsr humanistlərinin görüşləri ilə həmahəngdir.
Miltonun erkən traktatları arasında 1644-cü ildə yazılan "Aeropaqitika" xüsusi yer tutur. Burada o, mətbuat azadlığını müdafiə edir. Qabaqcıl fikrin yayılması üçün azadlıq tələb edən şair, katolikliyə belə bir azadlıq verilməsi fikri ilə razılaşmır. Miltonun fikrincə yezuitlərin fəaliyyəti, bu dini təlimin qeyri-insani mahiyyəti bir daha bütün aydınlığı ilə aşkar edildiyindən o, katolikliyə mətbuat və təbliğat azadlığı verilməsini ağla, insanlığa zidd bir hərəkət sayır. "Tərbiyə haqqında" adlı pedaqoji traktatında Milton yenidən özünün antifeodal meyillərini əks etdirir, insanı şəxsi və ictimai həyatda təbiətin qanunlarına tabe olmağa çağırır. 40-cı illərin ortalarından başlayaraq Milton presvi-terianlardan uzaqlaşır, onun rəhbərlərinin müstəbidlik meyillərini görərək independentlərlə yaxınlaşır. Bu dövrlərdə o, "Hökmdarların və dövlətlərin vəzifələri" /1649/, "İkona düşməni" /1649/ traktatlarını yaradır və bunlarda tarixi və hüquqi baxımdan kralı edam etməyə bəraət qazandırır. "İkona düşməni" traktatı birbaşa independentlərin sifarişi ilə yazılmışdır. Presviterianların və royalistlərin I Karlı şəhid kimi göstərmək cəhdlərinə qarşı yazılan bu əsər bütün Avropada böyük əks-səda oyadır. Milton müstəbidlərə qarşı xalqı mübarizəyə çağırırdı. Miltonun əsərinin müvəffəqiyyəti nəinki təkcə mühacirətdə olan ingilis kralpərəstlərini, həm də Fransa, İspaniya və İtaliyanın hökmdarlarını narahat etməyə başladı. Beynəlxalq irticanın təkidi ilə Leyden Universitetinin professoru Salmazi Somez və onun həmkarları Miltonu nüfuzdan salmaq, onun fikirlərini alt-üst etmək məqsədilə bir sıra kitablar yazırlar. S. Somezin "Kral I Karlı müdafiə" /1649/ kitabı bu əsərlərdən birincisi idi. Milton bu kitaba "İngilis xalqının müdafiə traktatı" ilə cavab verdi. Bu vaxt royalistlər tərəfindən muzdla satın alınan bir dəstə Miltona hücuma keçir. Milton onlara cavab verərək "İngilis xalqını ikinci müdafiə" /1654/, "Özünü müdafiə" /1655/ traktatlarını yazır. Məhz bu müdafiələr Miltonu 50-ci illərin Avropa publisistikasının korifeyi kimi tanıtdırdı. Təkcə 1650–51-ci illərdə "İngilis xalqını müdafiə" traktatı beş dəfə nəşr edildi. "İngilis xalqını ikinci müdafiə"də Milton vətəndaş müharibəsi hadisələrinin qəhrəmanlıq mənzərələrini yaradır, həmvətənlərini aza qane olmaqda qazanc arxasınca getməkdə təqsirləndirir. Şair inanırdı ki, ingilis xalqı vaxtında doğru yol tutmasa, onu heç bir Kromvel xilas edə bilməyəcək.
Bu dövrdə Miltonun Kromvelə münasibəti də dəyişir. "Müdafiələr"də, "Lord general Kromvelə" sonetində Kromveli ilhamla tərifləyən şair həm də onu açıq-açığına xəbərdar edir, inqilab işi üçün qorxulu olan hərəkətlərdən çəkinməyə çağırır. 50-ci illərin ikinci yarısında Milton siyasi müba-rizədən uzaqlaşır, "Xristian təlimi haqqında" adlı irihəcmli traktat üzərində işləyir. Bu əsərdə filosof Miltonun ziddiyyətləri daha qabarıq görünün, o, elmi fikirlə dini barışdırmağa cəhd edir, allahı maddi aləmə səpələnən, onda təcəssüm edən bir varlıq kimi götürür. Alın yazısına qarşı çıxıb Adəmin günah iş tutmasının əvvəlcədən allah tərəfindən müəyyənləşdirilmiş bir hadisə olmadığını sübuta çalışır.
Kromvelin ölümündən sonra Milton yenidən qələmə sarılır və can üstündə olan respublikanı xilas məqsədilə axırıncı traktatlarını yazır. 1660-cı ildə o, "Azad respublika qurmağın həqiqi və asan yolu" traqetatında yeni dövlət quruluşu barədə öz planını şərh edir. Kral hakimiyyətinin bərpa edilməsini şair ən böyük şər, ingilis xalqı üçün fəlakət sayır, xalqı buna yol verməməyə çağırır. Bu traktatın bir çox sətirləri azadlıq üçün rekviyem kimi səslənir. Geniş xalq kütlələrinin respublikanın məhvinə laqeyd yanaşmasının səbəblərini anlaya bilməsə də, bu laqeydliyin nəticələri ilə əlaqədar xalqa xəbərdarlıq edirdi. İrticanın təntənəsi ərəfəsində yazdığı bu traktatda Milton bir daha uğrunda vuruşduğu prinsiplərin qələbə çalacağına inandığını bildirirdi.
1660-cı ildə mütləqiyyətin bərpasından sonra Miltonun həyatının ən ağır, yaradıcılığının ən parlaq dövrü başlanır. Şairin presviterian düşmənləri sevinirlər ki, kor Milton və onun həmkarları həmişəlik gözdən düşürlər. Milton ancaq böyük məbləğdə cərimə hesabına edamdan canını qurtarır və azadlıq əldə edir. 1660-cı il avqustun 13-də icmalar palatasının qərarı ilə və Kralın fərmanı ilə "İkonodüşməni" və "İngilis xalqını müdafiə" kitabları cəlladın əli ilə yandırılır.
Bu zamanlar bir çoxlarına elə gəlirdi ki, irtica uzun müddətə qələbə çalmışdır. 60-cı illərin ingilis cəmiyyətində müxtəlif dini cəmiyyətlər, təriqətlər, mistik cərəyanlar geniş yayılmışdı. Baş verən hadisələr dini şəkildə izah olunurdu. İrticanın qələbəsi özü də ingilis xalqının günahlarının və səhvlərinin nəticəsi, cəzası kimi qiymətləndirilirdi. Bərpaya qarşı vuruşmaq dini qəhrəmanlıq sayılırdı. Kromvelin levellerlər və diggerlərə divan tutaraq xalq kütlələrini məğlub etməsi, qalib gəlmiş burjua respublikasına xalqın inamını itirməsi və onun siyasi cəhətdən yetkin olmaması bərpa hökumətinə qarşı müxalifətin dini hərəkatlar şəklində təzahürünə gətirib çıxarmışdı. Bütün bunlar hamısı Miltonun yaradıcılığı üzərində dərin izlər buraxmışdır.
"İtirilmiş cənnət" poeması