Şəfiqə Qasprinskaya, Şəfiqə Qaspıralı (, () — XX əsrin əvvəllərində Krımda fəaliyyət göstərən krım tatarlarının "Krım müsəlman qadınlarının icraiyyə komitəsi"nin lideri ("Kadınlar günü"). Məşhur Krım tatar ictimai xadimi İsmayıl Qaspıralının qızı, Azərbaycan ictimai siyasi xadimi Nəsib bəy Yusifbəylinin həyat yoldaşıdır.
Həyatı Şəfiqə Qaspıralı 1886-cı il 21 noyabr tarixində Krımın Bağçasaray şəhərində anadan olmuşdur. O, türk dünyasında “Dildə, fikirdə, işdə birlik” şüarı ilə tanınan maarifçi və ictimai xadim İsmayıl Qaspıralı ilə Kazan mənşəli Akçuralar ailəsindən olan İsfəndiyar bəyin qızı Zöhrə xanımın ailəsində doğulmuşdur. Şəfiqə Qaspıralı, türçülük hərəkatının tanınmış nümayəndələrindən biri olan Yusuf Akçuranın xalası qızıdır.
İsmayıl və Zöhrə Qaspıralıların ailəsində səkkiz övlad – Rıfat, Şəfiqə, Behiyə, Leyla, Dənyal, Nigar, Mansur və Heydər dünyaya gəlmişdir. Onlardan Leyla erkən yaşlarında vəfat etmişdir. Ailədaxili yazışmalardan məlum olur ki, Zöhrə xanım övladları ilə mütəmadi məktublaşmış, Şəfiqə Qaspıralıya ünvanladığı məktublardan 19-u bu günədək qorunub saxlanılmışdır.
Təhsili Şəfiqə Qaspıralı ibtidai təhsilə başlamazdan əvvəl oxuma-yazma bacarığını mənimsəmişdir. Atası İsmayıl Qaspıralı onun təhsilini xüsusi nəzarətdə saxlamış və yeni pedaqoji üsullar əsasında hazırladığı “Hocâ-i Sıbyan” adlı dərsliyini ona təqdim etmişdir. Qısa müddətdən sonra Şəfiqə Qaspıralı həmin yeni tədris metodunun tətbiq olunduğu məktəbə qəbul edilmişdir. Bu məktəb, atası İsmayıl Qaspıralının 1884-cü ildə Bağçasarayda maarif islahatının ilk mərhələsini həyata keçirmək məqsədilə təsis etdiyi ilk “Üsuli-Cədid” məktəbi idi. Bu məktəbdə Şəfiqə Qaspıralının bibisi, İsmayıl Qaspıralının bacısı Səlimə-Pəmbə xanım müəllimə kimi fəaliyyət göstərmişdir.
Həmin dövrdə qadınların məktəbə getməsi, hətta oxuma-yazma öyrənməsi cəmiyyət tərəfindən qəbul edilmirdi. Buna baxmayaraq, İsmayıl Qaspıralı özünün müdafiə etdiyi Üsulü-Cədid metodunu ailəsində də tətbiq etmiş və qızı Şəfiqəni bu yeni tədris üsulu ilə fəaliyyət göstərən məktəbdə oxutmaqla yanaşı, onun üçün xüsusi rus dili müəllimi də tutmuşdur. Qaspıralının tanışlarının məsləhəti ilə ailəyə gələn polyak mənşəli müəllimə Olqa Celakovska təxminən bir il müddətində Şəfiqəyə rus dili üzrə tədris vermişdir. Daha sonra Olqa xanımın səhhətində yaranan problemlər səbəbilə dərsləri Katerina adlı ukraynalı müəllim davam etdirmiş və dörd il ərzində Şəfiqəyə rus dili tədris etmişdir. Bu təhsil nəticəsində Şəfiqə Qaspıralı yüksək səviyyədə rus dili biliyinə yiyələnmişdir. İsmayıl Qaspıralı rus dilinin öyrənilməsini zəruri hesab etmiş, rus dilini bilmədən rus idarə sistemi daxilində yaşayan müsəlman-türk icmalarının öz hüquqlarını müdafiə edə bilməyəcəyini vurğulamışdır. Bu məqsədlə o, ailəsində olduğu kimi, ictimai mühitdə də rus dilinin öyrədilməsini təşviq etmişdir.
Daha sonra Şəfiqə Qaspıralı gənc yaşlarından etibarən “Tərcüman” qəzetinin nəşri, redaktəsi və paylanması işlərində atasına kömək etmişdir. 1903-cü ildə Zöhrə xanım 41 yaşında vəfat etmişdir. Bundan sonra Şəfiqə Qaspıralı ailə işləri ilə yanaşı, “Tərcüman” qəzetindəki vəzifələrini də davam etdirmişdir. Həmin dövrdə Odessa (Novorossiysk) Universitetində təhsil alan azərbaycanlı tələbələr tez-tez İsmayıl Qaspıralını ziyarət edirdilər. Bu ziyarətlərdən biri zamanı Şəfiqə Qaspıralı gələcək həyat yoldaşı Nəsib bəy Yusifbəylini tanımışdır. Tanışlıq zamanı Şəfiqə 16, Nəsib bəy isə 21 yaşında idi. Onların yazışmaları əvvəlcə milli və siyasi mövzular üzərində qurulsa da, sonradan şəxsi xarakter almışdır.
İctimai fəaliyyəti Şəfiqə Qaspıralının ilk mətbu yazısı 1903-cü ildə “Tərcüman” qəzetində dərc olunmuşdur. Bu yazı münasibətilə Nəsib bəy Yusifbəyli ona təbrik məktubu göndərmişdir. Anası Zöhrə xanımın vəfatı səbəbilə “Tərcüman” qəzetinin 20 illik yubiley tədbiri 4 may 1903-cü ilə təxirə salınmışdır. Tədbirin təşkili ilə bağlı bütün işlərə – bəzəklərdən tutmuş qonaqların qəbuluna qədər – Şəfiqə Qaspıralı rəhbərlik etmişdir. Bu tədbir qeyri-rəsmi şəkildə qadınların iştirakı ilə keçirilən ilk ictimai müzakirələrdən biri hesab olunur. Burada qadınların cəmiyyətdəki rolu və problemləri müzakirə edilmiş, bunun nəticəsində İsmayıl Qaspıralı qadınlar üçün ayrıca bir nəşr hazırlamaq təşəbbüsü ilə çıxış etmişdir.
“Aləmi-nisvan” jurnalının nəşri və Şəfiqə Qaspıralının qadın maarifçiliyində rolu thumb|Aləmi-nisvan jurnalının üz qabığı 1905-ci ilin 13 yanvar tarixli “Tərcüman” qəzetində “Aləmi-nisvan” (“Qadınlar Dünyası”) adlı qadın jurnalının proqramı və nəşr planı dərc olunmuşdur. Məqalədə qeyd edilirdi ki, bu nəşr “xanımlara məxsus ədəbi və elmi həftəlik məcmuə” olacaq və aşağıdakı bölmələrdən ibarət olacaqdı:
Qadınlara aid dövlət nizamnamələri, hüquqi və dini hüquqlar; Ev idarəçiliyi, uşaq tərbiyəsi və ailə sağlamlığına dair məlumatlar; Ev işləri, tikiş, naxış və s. üzrə faydalı məsləhətlər, təsvir və şəkillərlə birlikdə; Müxtəlif xalqlarda qadınların vəziyyəti, ictimai həyatda və ədəbiyyatda tanınmış qadınların bioqrafiyaları və portretləri; Elm, əxlaq, hekayə, şeir, tarix və səyahətə dair yazılar və illüstrasiyalar.
1905-ci ilin 21 oktyabr tarixli “Tərcüman” qəzetində “Jenskiy Mir” başlığı altında jurnalın rus dilində nəşri barədə məlumat verilmişdir. Elə həmin il “Tərcüman”da yayımlanan elan məqaləsində jurnalın imtiyaz sahibinin İsmayıl Qaspıralı, məsul redaktorunun isə onun qızı Şəfiqə Qaspıralı olacağı göstərilmişdir. Mövcud məlumatlara əsasən, Türk və İslam dünyasında qadınlara həsr olunmuş ilk mətbu orqan olan “Aləmi-nisvan”, 1905-ci ilin sonlarında “Tərcüman” qəzetinə əlavə kimi nəşrə başlamışdır. İsmayıl Qaspıralı qızını bu vəzifəyə təyin edərkən onu özünün “Arslan Qız” hekayəsindəki Gülcəməl obrazına bənzətmişdir. Gülcəməl müstəqil düşüncəyə malik, ictimai cəhətdən fəal bir qadın idi və Qaspıralının ideallarındakı müasir müsəlman qadın modelini təcəssüm etdirirdi. Bu baxımdan Şəfiqə Qaspıralı Türk qadın aydınlanmasının simvoluna çevrilmişdir.
Jurnalın 1905-ci ilə aid nüsxəsində “Müsəlman xanımlara məxsus ədəbi və tədrisi həftəlik məcmuə” ifadəsi yer almış, eləcə də “Sahibi-İmtiyaz İsmayıl Q., İdarə Müdiri Şəfiqə Q., şəhər: Bağçasaray, il: 1905” kimi qeydlərlə nəşrin kimlər tərəfindən, harada və nə vaxt çap olunduğu göstərilmişdir. Eyni zamanda, rus dilində “Tərcüman qəzetinin pulsuz əlavəsi” qeydi də üz qabığında qeyd olunmuşdur.
1910-cu ildə Aləmi-nisvan qəzet/jurnalının 10 nömrəsinin, 1911-ci ildə isə yalnız 3 nömrəsinin nəşr edildiyi bildirilmişdir. Şəfiqə Qaspıralı jurnalı 1917-ci ildə yenidən nəşr etdirməyi planlaşdırsa da, Oktyabr inqilabı buna imkan verməmişdir. Son araşdırmalar nəticəsində 1910-cu ilə aid müxtəlif nüsxələrin aşkara çıxması ilə həmin ildə 10 nömrə nəşr edildiyi barədə əvvəlki məlumatların etibarlılığı mübahisəli hala gəlmişdir. left|thumb|272x272px|Şəfiqə Qaspıralı oğlu və qızı ilə birlikdə
Bağçasaraya dönüş (1906–1914) Şəfiqə Qaspıralı 1906-cı ildə Nəsib bəy Yusifbəyli ilə evlənmişdir. Bu nikahdan 1908-ci ildə Zöhrə, 1909-cu ildə isə Niyazi adlı övladları dünyaya gəlmişdir. Həmin dövrdə həyat yoldaşı və qardaşı Rüfət Qaspıralı da Tərcüman qəzetində çalışırdı.
1912-ci ildə əri Nəsib bəyin Gəncə bələdiyyə başqanı seçilməsi səbəbilə ailə Gəncəyə köçmüşdür. Şəfiqə Qaspıralı burada da türk qadınlarının təhsili üçün fəaliyyət göstərmişdir.
Eyni il Şəfiqə Qaspıralı “Tərcüman” qəzetinə rəhbərlik edəcək kimsə olmadığını bildirərək Bağçasaraya qayıtmışdır. 1914-cü ilin sentyabrında İsmayıl Qaspıralı vəfat etmiş, “Tərcüman” isə vəfatdan sonra daha beş il nəşr olunmağa davam etmişdir.
Bolşevik inqilabı dövründə siyasi fəaliyyəti (1917–1918) left|thumb|253x253px|Şəfiqə Qaspıralı oğlu Niyazi və qızı Zöhrə ilə 1917-ci ildə Rusiyada Çarlığın yıxılması ilə bolşevik dövrü başlamışdır. Bu proseslər fonunda Şəfiqə Qaspıralı Rusiyada Türk Qadın Hərəkatının öncüsü kimi tanınmağa başlamışdır. Onun təşəbbüsü ilə “Bağçasaray Qadınlar İnqilal Komitəsi” yaradılmış və keçirilən toplantıda o, komitənin sədri seçilmişdir.
Həmin il Şəfiqə Qaspıralı Ümumrusiya Müsəlmanları Qurultayına dəvət edilmiş və idarə heyətinə üzv seçilmişdir. Bu hadisə onu dünya müsəlman türk qadınları arasında siyasi fəaliyyətə qoşulan ilk qadınlardan birinə çevirmişdir.
1917-ci ilin aprelində keçirilən Ağməscid Mərkəzi Müsəlman Qadınları Komitəsinin toplantısında o, nümayəndə seçilmiş; avqustda Ağməscid Qadınlar Qurultayında fəal iştirak etmişdir. 24 oktyabr 1917-dən etibarən komitənin adı “Krım Mərkəzi Müsəlman Qadınları Komitəsi” olaraq dəyişdirilmişdir.
17 noyabr 1917-ci ildə Krım Qurultayında Şəfiqə Qaspıralı dörd nümayəndə ilə birlikdə deputat seçilmişdir. Atası İsmayıl Qaspıralının həyata keçirə bilmədiyi Darülmüəllimat (Qız Müəllimlər Məktəbi) layihəsi bu dövrdə reallaşdırılmış və Şəfiqə Qaspıralı məktəbin müdiri təyin edilmişdir. O, zəkalı və istedadlı qızların təhsil müəssisəsinə qəbul olunması üçün Krım boyunca maarifləndirici görüşlər keçirmişdir.
Bolşeviklərin Krımı işğalından sonra 23 fevral 1918-ci ildə həm “Tərcüman” qəzetinin bağlanması, həm də Numan Çələbi Cihanın edamı ilə əlaqədar Şəfiqə Qaspıralı bu vəziyyəti “öldürülməkdənsə, ölməyi üstün tutduq” sözləri ilə şərh etmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövrü (1919–1920) Şəfiqə Qaspıralı 15 avqust 1919-cu ildə həyat yoldaşı Nəsib bəy Yusifbəylinin dəvəti ilə övladları ilə birlikdə Bakıya köçmüşdür. Burada Xalq Maarif Nazirliyinə bağlı təhsil müəssisələrində uşaq bağçası müəllimləri hazırlayan kurslar təşkil etmişdir.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra Nəsib bəy vəfat edir. Bundan sonra Şəfiqə Qaspıralı Xalq Maarif Komissarlığında uşaq bağçası idarəçisi vəzifəsində çalışmışdır.
Türkiyəyə köç Şəfiqə Qaspıralı, Türkiyənin Bakıda səfirliyin konsulu olan Məmduh Şövkət Esendalın dəstəyi ilə övladları ilə birlikdə Türkiyəyə köçmüşdür. Hazırlanan saxta Osmanlı şəxsiyyət sənədləri və pasport vasitəsilə, Məmduh Şövket tərəfindən təmin edilən, Türkiyəyə əsir türk əsgərlərini və yardım sursatını daşıyan qatarla iki övladı ilə birlikdə ölkəni tərk edir.
O, özü ilə Rusiyada 1883–1920-ci illər arasında nəşr edilmiş Tərcüman, Vaxt, Kazan Müxbiri, Bürhani Tərəqqi, Ülfət kimi türkcə, Kaspi və Golos Tatar kimi rusca çap olunan qəzet və jurnalları, siyasi mahiyyətli yazışmaları əhatə edən orijinal məktubları, qurultay və toplantı protokollarını, qərarları, konfrans mətnlərini, mühüm qəzet kəsimlərini, nizamnamələri, təlimatları, yol icazə vərəqlərini, otel qəbzlərini, bəyanamələri, fotoşəkilləri, kitabları, dövlət orqanlarına təqdim edilən siyasi məzmunlu ərizələri, Duma sənədlərini, seçki namizəd siyahılarını, nümayəndə kartlarını, deputat mandatlarını, qanun layihələrini, broşürləri, dəvətnamələri, nümayəndə nişan kartlarını, Müsəlman İttifaqı, Cəmiyyəti Xeyriyələr, Qadın Komitələri, Milli Şura kimi təşkilatlara aid rəsmi yazışmaları ehtiva edən geniş arxiv də gətirmişdir. thumb|303x303px|Şəfiqə Qaspıralı İstanbulda 1927-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin quruluşunun 9-cu il dönümü ilə bağlı keçirilən tədbirdə 35 yaşında gəldiyi Türkiyədə 54 il yaşamış və özü ilə gətirdiyi bu sənədləri daha da zənginləşdirərək arxivini genişləndirmişdir. Şəfiqə Qaspıralı Türkiyədə dolanışığını təmin etmək üçün əvvəlcə anasından yadigar qalan bir neçə zinət əşyasını satmışdır. Daha sonra qısa müddət bir xəstəxanada işləmiş, buradan ayrıldıqdan sonra bir müddət tikiş tikmiş, makina dərsləri almışdır. Qısa müddət Darüleytamda müdirəlik etsə də, müəssisənin bağlanmasından sonra yenidən işsiz qalmışdır. Maddi çətinlik səbəbindən qol saatını belə satmağa məcbur olmuşdur. Nəhayət, 40 lirə maaşla müvəqqəti iş tapmışdır.