Çapel-Hill Şimali Karolina Universiteti () — ABŞ-nin Şimali Karolina ştatının Çapel-Hill şəhərində yerləşən ən böyük dövlət ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir.

Tarixi 1789-cu il dekabrın 11-də Şimali Karolina ştatının Baş Assambleyası yeni universitet yaradılması haqqında qanun qəbul edir. 1793-cü ildə şəhər kənarındakı qədim kilsə dağıntılarının yanında universitetin ilk təməli qoyulur və artıq 1795-ci ildə Şimali Karolina Universiteti tələbələrini qəbul edir.

ABŞ-də vətəndaş müharibəsi dövründə Şimali Karolina ştatının əhalisi çox itki verir. 1870-ci ilin dekabrından 1875-ci ilin sentyabrınadək Şimali Karolina Universiteti fəaliyyətini bərpa etmək məqsədi ilə bağlı qalır.

1963-cü ildə bu ali məktəbdə oğlanlarla qızların birgə təhsilinə keçid baş tutur. Nəticədə Qadın Kolleci Qrinsboro Şimali Karolina Universiteti, Şimali Karolina Universiteti isə Çapel-Hill Şimali Karolina Universiteti adlandırılır.

1960-cı ildə ali məktəbin kampusunda vətəndaşların bərabər hüquqlarının təmin olunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması məqsədilə etiraz aksiyaları keçirilir. 1964-cü ildə "Vətəndaş hüquqları" haqqında qanun qəbul olunanadək şəhərdə kütləvi aksiya və iğtişaşlar davam edir.

Müasir vəziyyəti thumbnail|Kenan Memorial stadionunda tədbir, 2007-ci il Çapel-Hill Şimali Karolina Universitetinin kampusu 729 akr (3 km2 ) sahəni - Polk və MakKorkl ərazilərini əhatə edir. Polk ərazisi universitetin məzunu olmuş ABŞ-nin 11-ci prezidenti Ceyms Polkun, MakKorkl ərazisi isə universitetin nizamnaməsi olan qanun layihəsini işləmiş Samuel Eusebius MakKorklun şərəfinə adlandırılıb. Qeyri-rəsmi olaraq ali məktəbin kampusu Şimali, Mərkəzi və Cənubi şəhərciklərə bölünüb. Şimali kampusda Pit, Frenk Porter Qrem Tələbə Təşkilatı binaları, Vilson kitabxanası yerləşir. Mərkəzi kampusda Fetzer Fild, Vullen Gimnaziyası, Kenan Memorial, Boşamer stadionları, Eddi Smit Fild, Karmaykl auditoriyası, Hökumət, Hüquq məktəbləri, Sonya Haynes Ston Qaraların Mədəniyyəti və Tarixi, Corc Uotts Hill Məzun mərkəzləri və s. binalar yerləşir. Cənubi kampusda kişilər üçün Din Smit basketbol mərkəzi, Tibb Məktəbi, universitet xəstəxanaları, Kenan-Fleqler Biznes Məktəbi, ən yeni yataqxanalar yerləşir. Ali məktəbin ərazisindəki ən məşhur tikililərdən biri 1916-cı ildə Vilyam Şekspirin 300 illiyi şərəfinə tikilmiş açıq Meşə teatrıdır. Daşdan olan amfiteatrın səhnəsi təpənin aşağısında sıx ağacların arasında, oturacaqları isə təpədə yerləşir.

Çapel-Hill Şimali Karolina Universitetinin Yeni Peyk kampusu 2007-ci ildə Horas Vilyams aeroportunun yerində tikilib. Burada yeni elmi-tədqiqat parkı, yataqxanaların tikintisi həyata keçirilir.

Çapel-Hill Şimali Karolina Universitetinin simvollarından biri qədim Fontanın yerində tikilmiş klassik rotonda (girdə və ya yarımgirdə qübbəli kiçik bina) - Qədim Bulaq tikilisidir. Bu bina Qədim Şərq və Qədim Qərb yataqxana komplekslərinin arasında, MakKorkl ərazisinin cənubundakı qazonun yaxınlığında yerləşir. Rotondada içməli su bulağı quraşdırılıb. Deyimə görə, bu bulaqdan su içən birinci kurs tələbəsini bütün təhsili boyu uğurlar gözləyir. Ali məktəbin digər simvolu isə Davie-Pappel - 300-375 yaşı olan qovaq ağacıdır. Digər deyimə görə isə bu ağac mövcud olduqca Çapel-Hill Şimali Karolina Universiteti də çiçəklənəcək və inkişaf edəcək. Bunun üçün ağac betonla möhkəmləndirilib və troslarla ətraf ağaclara birləşdirilib.

Çapel-Hill Şimali Karolina Universitetində 14 məktəb, eləcə də İncəsənət və Dəqiq Elmlər Kolleci fəaliyyət göstərir. Universitet 77 bakalavr, 107 magistr, 69 doktorluq və 6 peşə proqramı təklif edir.

İncəsənət və Dəqiq Elmlər Kolleci universitetin ən böyük akademik bölməsidir. Kollec Afrika və Afro-Amerika tədqiqatları, Amerika, Asiya tədqiqatları, İngilis və müqayisəli ədəbiyyat, German, Roman, Slavyan dilləri və ədəbiyyatları, Linqvistika, Antropologiya, İncəsənət, Dramatik incəsənət, Klassika, Musiqi, Fəlsəfə, Psixologiya, Sosiologiya, İlahiyyat, Kommunikativ tədqiqatlar, Tarix, Biologiya, Kimya, Dəniz elmləri, Şəhər və regional planlaşdırma, İqtisadiyyat, Coğrafiya, Geologiya elmləri, Aerokosmik tədqiqatlar, Kompüter elmləri, Riyaziyyat, Fizika və astronomiya, Fiziki tərbiyə və idman elmləri, Hərbi elmlər, Hərbi-dəniz elmləri, Siyasi elmlər, İctimai siyasət, Statistika və əməliyyatlar tədqiqatları, Qadın tədqiqatları fakültələri, Afrika, Qədim Dünya tədqiqatları, İncəsənət və Dəqiq Elmlər Fondu, Karolina Asiya, Yaxın Şərq və Müsəlman Mədəniyyəti, Yəhudi Tədqiqatları, Karolina Sahibkarlıq Təşəbbüsü, Cəmiyyət Birliyi, Avropa, Slavyan, Avrasiya və Şərqi Avropa tədqiqatları, Şəhər və Regional Tədqiqatlar, Vinston Haus Avropa Tədqiqatları, Ceyms Conston Bakalavr, Əlillərin Tədrisi, Luis Harris Verilənlər Arxivi, Parr Etika, Pleymeyker, Cinsi Tədqiqatlar mərkəzləri, İncəsənət və Humanitar Elmlər, Amerika Tədqiqatları, Açıq Dram institutlarından ibarətdir.

Stomatologiya Məktəbi Stomatoloji ekologiya, Diaqnostika elmləri və ümumi stomatologiya, Endodontiya, Cərrahiyyə stomatologiyası, Ağız və üz-çənə cərrahiyyəsi, Ortodontiya, Uşaq stomatologiyası, Parodontologiya, Protezləşdirmə fakültələrindən ibarətdir. Məktəbdə bakalavr səviyyəsi üzrə Diş gigiyenası, Stomatoloji gigiyena, Ümumi stomatologiya üzrə təhsilin davam etdirilməsi, Stomatoloji yardım, Ağız və üz-çənə cərrahiyyəsi, magistratura səviyyəsində Endodontiya, Stomatoloji gigiyena təhsili, Stomatoloji cərrahiyyə, Ağız və üz-çənə cərrahiyyəsi, Ortodontiya, Uşaq stomatologiyası, Paradontologiya, Protezləşdirmə, doktorluq səviyyəsi üzrə Ağız biologiyası, Ağız epidemiologiyası, doktorluqdansonra isə Ağız xəstəliklərinin kliniki tədqiqatları proqramları təklif edilir.

Eşelman Əczaçılıq Məktəbində Tibbi kimya və təbii məhsullar, Molekulyar əczaçılıq, Farmakoterapiya və eksperimental terapiya, Əczaçılıq nəticələri və siyasəti, Əczaçılıq təcrübəsi və eksperimental təhsil departamentləri, İnteqral Kimyəvi Biologiya və Dərman Kəşfləri, Dərman Çatdırılması Nanotexnologiya, Əczaçılıqda Pedaqoji Üstünlük mərkəzləri, Farmakogenomika və İndividual Terapiya İnstitutu fəaliyyət göstərir.

Tibb Məktəbində fundamental elmlər üzrə Qarışıq tibbi elmlər, Biokimya və biofizika, Biotibbi mühəndislik, Hüceyrə və inkişaf biologiyası, Hüceyrə və molekulyar fiziologiya, Genetika, Mikrobiologiya və immunologiya, Patalogiya və laborator tibb, Əczaçılıq, Sosial tibb departamentləri, kliniki elmlər üzrə isə Anesteziologiya, Dermatologiya, Təcili tibbi yardım, Ailə tibbi, Tibb, Nevrologiya, Neyrocərrahiyyə, Qidalanma, Mamalıq və ginekologiya, Oftalmologiya, Ortopediya, Otolarinqologiya, baş və boyun cərrahiyyəsi, Patalogiya və laborator tibb, Pediatriya, Fiziki tibb və reabilitasiya, Psixiatriya, Radiasiya onkologiyası, Radiologiya, Cərrahiyyə departamentləri, 50-dən çox elmi-tədqiqat mərkəzi, institut və xəstəxana mövcuddur.

Tibb Bacısı Məktəbinə Səhiyyə, Ailə sağlamlığı, Yaşlı və geriatrik sağlamlıq, Tədqiqat, Əməkdaşlıq və təcrübə bölmələri daxildir. Məktəbdə tədqiqatlar əsas beş sahə üzrə aparılır: Profilaktika, xroniki xəstəliyin və digər xəstəliklərin müalicəsi, Səhiyyə və xəstələrin müalicə nəticələrinin keyfiyyətinin yüksəldilməsi, Anlayış, biodavranış, xəstəlik və sağlamlığın genetik əsasları, Elmlərə innovativ yanaşma və onun təcrübədə istifadəsi.

Gillinqs Qlobal İctimai Səhiyyə Məktəbinin Biostatistika, Ekologiya və texnika, Epidemiologiya, Sağlamlıq üzrə davranış və tibbi məlumatlandırma, Səhiyyə siyasəti və idarəetməsi, Ana və uşaq sağlamlığı, Qidalanma, Səhiyyə üzrə liderlik proqramı departamentləri, 20-dən çox institut, laboratoriya və elmi-tədqiqat mərkəzi mövcuddur.

Pedaqogika Məktəbində ümumtəhsil məktəblərində müəllim çatışmazlığı, şagird nailiyyətlərinin qiymətləndirilməsi, kənd yerlərində təhsilin keyfiyyəti, kiçik yaşlı uşaqların inkişafı və digər məsələlər üzrə tədqiqatlar həyata keçirilir. Burada Kənd Təhsilinin İnkişafı üzrə Milli Elmi-Tədqiqat, Elmin İnkişafı mərkəzləri, Frank Porter Qrem Uşaq Tədqiqatları İnstitutu fəaliyyət göstərir.

Hüquq Məktəbi hüquq və qanunlar üzrə tədqiqatlar aparır, Bank İşi və Maliyyə; Vətəndaş Hüquqları; Mübarizə, İş və İmkanlar; Hüquq, Ətraf Mühitin Mühafizəsi, Uyğunlaşma və Resurslar; Hüquq və Hökumət; Fənlərarası; İntellektual Mülkiyyət Təşəbbüsü mərkəzlərindən ibarətdir.

İctimai Fəaliyyət Məktəbi Cordan Ailə İnstitutu ilə əməkdaşlıq edir. 1920-ci ildə yaradılan bu məktəb dünyada yoxsulluğun aradan qaldırılması, psixi sağlamlıq, zorakılıq, psixotrop maddələrin qəbulu, təbii fəlakət və digər qlobal məsələlər üzrə tədqiqatlar həyata keçirir.

Hökumət Məktəbində Vətəndaş təhsili, Ailə hüququ, Cəmiyyət və iqtisadi inkişaf, Səhiyyə və sosial xidmət, Problemlərin birgə həlli və əməkdaşlıq, İnsan resurslarının idarə olunması, Düzəlişlər, İnformasiya texnologiyaları, Məhkəmələr və məhkəmə administrasiyası, Həddi-buluğa çatmayanların hüququ, Kriminal hüquq, Torpaq istifadəsi planlaşdırması və inkişafı, Təhsil qanunu, Liderlik və idarəetmə, Əmək hüququ, Yerli maliyyə hökuməti, Ətraf mühit, Yerli qanunvericilik hökuməti, Qiymətləndirmə və ölçmə, Ştat hökuməti akademik proqramları təklif olunur.

Kenan-Fleqler Biznes Məktəbi biznes, maliyyə, menecment, iqtisadiyyat və s. üzrə akademik proqramlar təklif edir. Məktəbdə Hava Ticarəti, Biznes Proqnozlaşdırması, Korporativ Maliyyə, Qarşılıqlı Mədəni və Xarici Dil Təhsili, İqtisadi İnkişaf, Sahibkarlıq Tədqiqatları, Beynəlxalq Biznes Təhsili və Tədqiqatı, Logistika və Rəqəmsal Strategiya, Daşınmaz Əmlakın İnkişafı, Sabit Müəssisələr, Akademik Vergi Tədqiqatları, Şəhər İnvestisiya Strategiyaları mərkəzləri, Davranış Laboratoriyası, Kenan Asiya İnstitutu fəaliyyət göstərir.

Jurnalistika və Kütləvi Kommunikasiya Məktəbi jurnalistika, reklam, ictimaiyyətlə əlaqə, kommunikasiya, eləcə də qrafik dizayn, redaktə etmə, elektron kommunikasiya (televiziya və radioyayım), multimedia, fotojurnalistika, hesabat, strateji əlaqə sahələri üzrə müxtəlif akademik proqramlar təklif edir. Burada Biznes-jurnalistika, Tibb və jurnalistika elmləri, İdman kommunikasiyası, Fənlərarası səhiyyə kommunikasiyası, Latın Amerikası jurnalistikası və media tədqiqatları, eləcə də digər xüsusu proqramlar mövcuddur.

İnformasiya və Kitabxanaçılıq İşi Məktəbində tələbələrə informasiya axtarışı, davranış informasiyası, istehlakçı sağlamlığı, metadata, uşaq ədəbiyyatı, elektron kitabxanalar, arxiv və rəqəmsal qoruma, kiberinfrastruktur, elmi kitabxana işi, informasiya agentliklərinin idarə olunması, tarix və folklor, eləcə də digər bir çox sahələr üzrə təhsil verilir. Məktəb Muzey və Kitabxana Xidmətləri, Milli Səhiyyə institutları, Milli Elmi Fond, Arxiv və Sənədlərin İdarə olunması, Milli Tarixi Nəşrlər və Hesabat Komissiyası mərkəzləri ilə əməkdaşlıq edir.

Yuxarıda sadalanan məktəblərlə yanaşı, universitetdə Yay Məktəbi, magistr, doktorant və diplomdan sonra təhsil üzrə mütəxəssislər hazırlayan Ali Məktəb, eləcə də Vilyam və İd Cümə Əlavə Təhsil Mərkəzi fəaliyyət göstərir.

Çapel-Hill Şimali Karolina Universitetinin 6 milyona yaxın kitab və digər kolleksiyaya malik kitabxana sistemi ölkənin ən zəngin kitabxanalarından biridir. Kitabxanada ədəbiyyat, vizual və təsviri incəsənət, tarix, mədəniyyət sahələrinə aid misilsiz material toplanıb. Əsas Devis kitabxanasından başqa universitetin kitabxana sisteminə digər bölmə kitabxanaları-Vilson, Nadir kitablar və Cənubi Folkloristika, RB Haus Bakalavr kitabxanaları daxildir. Devis kitabxanası ali məktəbin nəhəng akademik fonduna malikdir və 1984-cü ildə açılıb. Bu kitabxana Şimali Karolina ştatının məşhur xeyriyyəçisi Volter Royal Devisin şərəfinə belə adlandırılıb. Robert Hausun şərəfinə adlandırılmış RB Haus Bakalavr kitabxanası 1968-ci ildə açılıb və Devis kitabxanası yaradılanadək ali məktəbin əsas kitabxanası kimi fəaliyyət göstərib. Hazırda bu kitabxana xüsusi tədbirlərin, sərgilərin keçirildiyi və nadir kitabların toplandığı əsas məkandır.