Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu () və ya qısaca KAIST () — Koreya Respublikasının Dəjeon şəhərinin Yuseonq rayonunda Daedeok elmi şəhərciyində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir.
Tarixi 1971-ci il fevralın 16-da Koreyada qəbul edilmiş xüsusi qanuna əsasən, elm və texnika üzrə mütəxəssislər hazırlayan Koreya Qabaqcıl Elmlər İnstitutu yaradılır. Tələbələr bu ali məktəbə xüsusi müsabiqə yolu ilə qəbul edilirlər. Buraya qəbul olunan tələbələr hərbi xidmətdən azad olunur, lakin məzunların qarşısında institutu bitirdikdən sonra 5 il Koreya Respublikasını tərk etməmək qadağası qoyulur. Bu qadağa ölkədən "beyin axını"nın qarşısını almaq məqsədi ilə edilir.
1973-cü ildən institutda ilk dəfə olaraq magistr səviyyəsi üzrə tələbələr qəbul edilir, iki il sonra avqustun 20-də isə ilk magistr diplomu verilir. Həmin il sentyabrın 12-də doktorantura pilləsinə ilk qəbul aparılır, 1978-ci il avqustun 19-da isə ilk doktorluq diplomları təqdim olunur.
1980-ci illərdə Koreya Qabaqcıl Elmlər İnstitutunun fəaliyyətində bir sıra böyük dəyişikliklər baş verir. Əsas hadisələrdən biri 1989-cu ildə institutun Seuldan 140 km cənubda Dəjeon şəhərində yerləşən kampusuna köçməsi olur. 1980-ci illərin sonunda institutda xüsusi istedadlar üçün bakalavr, magistr və doktorluq proqramları üzrə təhsil-tədqiqat sistemi yaradılır. İnstitutun məzunları tərəfindən təşkil olunan "Qnix", "Madison", "Turbotech" və s. şirkətləri fəaliyyətə başlayır.
2002-ci ildə institutun Milli Nano Laboratoriyası yaradılır. 2008-ci ildən bu ali məktəb Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu adlandırılır.
Müasir vəziyyəti Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun kampusları Seul və Dəjeon şəhərlərində yerləşir. Ali məktəbin əsas kampusu Dəjeon şəhərindəki Daedeok elmi-tədqiqat kompleksində - Daedeok Elmi Parkındadır. Burada 50-dən çox dövlət və özəl elmi-tədqiqat institutu, universitet və yüksək texnologiyalı şirkətlər mövcuddur. İnstitutun yerləşdiyi Daedeok Elmi Parkı (və ya Daedeok İnnopolis) Daedeok vadisində yerləşən dəqiq elmlər və texnologiyalar üzrə ixtisaslaşmış institut və elmi-tədqiqat mərkəzlərindən ibarət klasterdir. Klaster Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu, Çunqnam Universiteti, Koreyanın digər aparıcı texniki universitetləri və 900-dən çox müxtəlif şirkətlərin birgə əməkdaşlığı çərçivəsində yaradılıb və ölkənin ən böyük elmi parklarından biridir. Dəjeon şəhərindəki Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun kampusu 1432882 m² ərazini əhatə edir.
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun Seul şəhərindəki kampusunda ali məktəbin Biznes Kolleci, İnformasiyaların və medianın idarə olunması bölmələri yerləşir. Seulda institutun şəhərciyi 413346 m² ərazini əhatə edir. Bu kampusda texniki və biznes tədqiqatlarının əlaqələndirilməsi nəticəsində daha səmərəli nailiyyətlər əldə olunur.
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu 7 kollec, 2 məktəb, 21 departament, 3 bölmə, 6 peşə məktəbi və 10 diplomdansonrakı fənlərarası proqramını təklif edən mərkəzdən ibarətdir.
Təbiət Elmləri Kollecinə 3 departament - Fizika, Kimya, Riyaziyyat elmləri departamentləri, Nanoelmlər və Texnologiyalar Ali Peşə Məktəbi daxildir. Kollec verdiyi təhsilin keyfiyyətində, sənayenin inkişafında, elmi-tədqiqatlarda əldə etdiyi yeniliklərə görə bir çox yerli və beynəlxalq mütəxəssislər tərəfindən etibar qazanıb. Təbiət Elmləri Kolleci ölkənin bir çox elmi-tədqiqat institutu və şirkətləri ilə əməkdaşlıq edir, yeni-yeni layihələrə imza atır.
Həyat Elmləri və Biomühəndislik Kolleci 2008-ci ildə yaradılıb və biologiya elmləri, biotexnologiya, biomühəndislik və digər həyat elmləri üzrə tədqiqatlar həyata keçirir. Kollec Bio və beyin mühəndisliyi, Biologiya elmləri departamentlərindən, eləcə də Tibbi Elmlər və Texnika Ali Məktəbindən ibarətdir. Kollecdə biologiya elmləri, biotexnologiya sahələri üzrə orqanik birləşmələr və digər tədqiqatlar aparılır.
Mühəndislik Kollecinə Aerokosmik Mexanika və Mühəndislik Sistemləri Məktəbi, Vətəndaş və ekologiya mühəndisliyi, Kimya və biomolekulyar mühəndislik, Material elmləri və texnika, Nüvə və Quanturn mühəndisliyi departamentləri, Maşınqayırma, Aerokosmik texnika, Okean sistemi texnikası bölmələri və EEWS, Ço Çun Şik ali məktəbləri aiddir. Bu müəssisələr bir-biri ilə sıx əməkdaşlıq edərək yüksək səviyyəli təhsil və geniş sistemli tədqiqatlar həyata keçirir.
İnformasiya Elmləri və Texnologiya Kolleci Elektrotexnika, Kompüter elmləri, Sənaye və sistem layihələşməsi, İnformasiya və kommunikasiya mühəndisliyi, Bilik mühəndisliyi xidməti, Sənaye dizaynı departamentlərindən ibarətdir. Kollec yeni texnologiyaların işlənməsi və informasiyaların birləşdirilməsi, fənlərarası tədqiqatlar üzrə yeni layihələr həyata keçirir, müasir intellektual xidmət vasitələri yaradır.
Kulturologiya Kollecinə Mədəniyyət və Texnologiya, Dəqiq Elmlər və Texnologiya Siyasəti ali məktəbləri, Humanitar və sosial elmlər departamenti aiddir. Həmin departament bu sahələr üzrə tələbələrə bir sıra kurslar təklif edir. Mədəniyyət və Texnologiya Ali Məktəbi Koreyanın Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq edir, habelə ölkədə mədəniyyət işçilərinin yetişdirilməsində əhəmiyyətli rol oynayır.
Biznes Kolleci İdarəetmə mühəndisliyi departamenti, Menecment, Maliyyə, İnformasiya və Media İdarəolunması ali məktəblərindən ibarətdir. Kollec 2006-cı ildə adları sadalanan üç ali məktəbin birləşməsi nəticəsində yaradılıb. Bu məktəblər muxtariyyat əldə etsələr də, onların birgə əməkdaşlıq çərçivəsində həyata keçirdikləri tədqiqatlar daha böyük uğurlara səbəb olub.
İnnovasiyalar Kollecinə İdarəolunma elmləri departamenti, İnnovasiya və Texnologiya Menecmenti Ali Məktəbi daxildir. Kollec yeni təhsil üsulları və tədqiqat istiqamətləri təklif edir, elmi və texnoloji innovasiyalara imza atır, beynəlxalq idarəetmə kompetensiyalarına malik dünya liderləri, qlobal idarəetmə bacarıqlarına malik sahibkarlar və s. yetişdirir.
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunda 7 elmi-tədqiqat institutu fəaliyyət göstərir: BioCentury; İnformasiya Texnologiyaları Konvergensiyası İnstitutu; Mürəkkəb Sistemlərin Dizaynı İnstitutu; Sənət Mühəndisliyi İnstitutu; NanoCentury; Eko-Enerji İnstitutu; Şəhər Məkanı və Sistemlər İnstitutu.
Hər bir institut Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun və kolleclərin nəzdində müstəqil tədqiqat mərkəzi kimi fəaliyyət göstərir. Hazırda institutlarda dövlət və özəl şirkətlərlə birgə planlaşdırılmış 100 milyard Koreya vonu dəyərində tədqiqatlar həyata keçirilir. İntellektual mülkiyyət hüquqlarına sahiblik baxımından bu günədək institutlar 1591 daxili, 500 beynəlxalq şirkətlə əməkdaşlıq edib.
Kitabxanası thumbnail|Əsas kitabxanası Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun kitabxanası 1971-ci ildə yaradılıb. Müasir üslubda inşa edilmiş kitabxananın 5 mərtəbəli binasında istifadəçilərin rahatlığını təmin etmək məqsədi ilə ən müasir şərait mövcuddur. İnstitutun rəqəmsal kitabxanası 2001-ci ilin mayından istifadəyə verilib və hazırda burada 50000-dən çox tədqiqatçı çalışır. Universal xidmət təklif edən kitabxananın resurslarına 40000 elmi elektron jurnal, 3 milyona yaxın dissertasiya, verilənlər bazası və digər materiallar daxildir. Həmin materiallardan dünyanın istənilən nöqtəsində istifadə etmək mümkündür.
Prezidenti Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun prezidenti hazırda professor Nam Pio Suhdur. O, aksiomatik layihə texnologiyasının işlənməsi üzrə beynəlxalq nüfuza malik şəxsdir. İnstitutun rektoru nüvə sahəsi üzrə alim Sun-Heunq Çanq, xarici əlaqələr üzrə vitse-prezidenti isə kimyaçı-mühəndis Ci-von Yanqdır.
Akademik sistem Xüsusi qanunla idarə olunan institutda muxtar və uyğunlaşan akademik sistem mövcuddur. Bu ali məktəbdə ümumilikdə 701 nəfər professor-müəllim heyəti çalışır. İnstitutda fəaliyyət göstərən müəllimlərin əksəriyyəti xaricdən, xüsusilə ABŞ-dən olan şəxslərdir. Belə ki, institutun prezidenti Nam Pio Suh Massaçusets Texnologiya İnstitutunun məzunu olub. Ondan əvvəlki prezident Robert Laflin Stenford Universitetinin professoru, eləcə də fizika üzrə Nobel mükafatı laureatı, Koreya universitetlərinə rəhbərlik edən ilk əcnəbi şəxs olub. Hazırda ali məktəbin müəllimləri arasında 100-dən çox əcnəbi şəxs var.
Tələbələr Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunda təhsil alan tələbələrin ümumi sayı təxminən 8217 nəfərdir. Tələbələrin 3586 nəfərini bakalavr, qalanlarını isə doktorant və magistrantlar təşkil edir. İnstitutda 274 nəfər əcnəbi tələbə oxuyur. Əcnəbi tələbələrin çoxu Asiya ölkələrindən (228 nəfər), Avropadan (15 nəfər), Şimali Amerikadan (14 nəfər), qalanları isə digər qitələrdəndir.
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun tələbələri oxuduqları müddətdə GPA proqramı üzrə 3 və daha çox bal toplayarlarsa, təhsil haqqı ödəməkdən azad olunur və təqaüd almaq şansı qazanırlar. Bakalavr, magistratura və doktorantura pillələrində təhsil alan tələbələrin təqaüdləri ayda 300000 von təşkil edir. 2-3 bal toplayan tələbələr təhsil haqqının yarısından azad edilirlər. 2-dən az bal toplayanlardan təhsil haqqının hamısını ödəmək tələb olunur. Təhsil haqqının məbləği tələbənin seçdiyi ixtisas, oxuduğu kollecdən asılı olaraq dəyişir.
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunda semestrin əvvəlində hər bir tələbə mütləq tibbi müayinədən keçməli və sığortalanmalıdır. Müayinə ödənişsiz aparılır. Əgər tələbə vaxtında müayinədən keçməyibsə, şəxsi vəsaiti hesabına Sun xəstəxanasına getməli, orada 30000 von ödəyərək yoxlanılmalıdır. Əcnəbi tələbələr yataqxanada qalmaq üçün öz ölkələrində aldıqları sağlamlıq kağızını təqdim etməlidirlər. Müayinələrə əsasən qan analizi və rentgen baxışı daxildir.
Qidalanma və s. İnstitutda tələbələrin sağlam qidalanmasına xüsusi diqqət yetirilir, onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün lazımi şərait yaradılır. Yeməkxanalarda tələbələrə o qədər də baha olmayan müxtəlif çeşidli xörəklər təqdim olunur. Həmçinin ali məktəbin kampusunda çoxlu sayda kafe və restoranlar fəaliyyət göstərir. Burada qiymətlər çox münasib, qidalar isə təzə və rəngarəngdir.
Kampusda müxtəlif böyük supermarketlər, banklar, bərbərxanalar, paltar mağazaları, əyləncə məkanları, bir sözlə, tələbə və müəllimlərin istifadə edə biləcəyi istənilən xidmət sahəsinə rast gəlmək olar. Kampusda yerləşən idman zallarında tələbələr idmanın istənilən növü ilə məşğul ola bilərlər. İdman komplekslərində məşq otaqları, basketbol, voleybol, badminton, futbol meydançaları, tennis kortları, hovuzlar, saunalar, fitnes zalları, açıq stadionlar və s. tələbələrin istifadəsindədir. Həftə sonları açıq havada və ya qapalı zallarda müxtəlif konsertlər, şoular, tədbirlər, canlı çıxışlar təşkil olunur. Gənclər təhsil aldıqları ali məktəbin onlara təqdim etdiyi belə tələbə həyatından xüsusi zövq alırlar.
Yataqxanaları