Abbas Aydın oğlu Abbasov () — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini (1992– 1993, 1994–2006).

Həyatı Abbas Aydın oğlu Abbasov 1949-cu il avqustun 4-də Gəncə şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Həmin il respublika Baytarlıq Laboratoriyasında baytar həkim kimi əmək fəaliyyətinə başlamışdır. 1972–1973-cü illərdə hərbi xidmətdə olmuşdur.

1973-cü ildən Abşeron rayonunun quşçuluq sənayesi sahəsində baytar həkim, sex rəisi, 1979–1982-ci illərdə Bakı Broyler Fabrikinin direktoru işləmişdir. 1982-ci ildən əmək fəaliyyətini Özbəkistanda davam etdirmiş, buradakı quşçuluq təsərrüfatlarında direktor müavini, 1983–1989-cu illərdə Özbəkistan SSR Dövlət Quşçuluq Sənayesi Komitəsi sədrinin müavini işləmişdir.

Abbas Abbasov 1989-cu ildən Abşeron Quşçuluq Aqrar-İstehsalat firmasının baş direktoru, 1990–1991-ci illərdə Azərbaycan Kommunist Partiyası Abşeron Rayon Komitəsinin birinci katibi, Abşeron Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri işləmiş, 1991–1992-ci illərdə Azərbaycan Respublikasının aqrar siyasəti üzrə dövlət müşaviri olmuşdur.

1992–1993-cü illərdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, 1993–1994-cü illərdə Baş nazirin müavini vəzifələrində işləmiş, 1994-cü ildə yenidən Baş nazirin birinci müavini təyin edilmişdir. Bu dövr ərzində bir neçə dövlət komissiyasının sədri olmuşdur. 2006-cı ildə tutduğu vəzifədən azad edilmişdir.

Hazırda "AST Şirkətlər Qrupu" nun vitse-prezidenti və Müstəqil Dövlətlər Biriliyi (MDB) Dinlərarası Şurasının Qəyyumlar Komitəsinin həmsədridir. 1991–1995-ci ildən Azərbaycan Respublikası Ali Sovetinin 12-ci çağırış deputatı (xalq deputatı) olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 19 may 2006-cı il tarixli Sərəncamı ilə "İstiqlal" ordeni ilə təltif edilmişdir.

2025-ci il dekabr ayında Ramiz Mehdiyev və digərləri barəsində dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib.

Ailəlidir, 4 övladı var.

İstinadlar

Xarici keçidlər Abbas Abbasov üçün xüsusi əhəmiyyət daşıyan tarix

Kateqoriya:Azərbaycan Kommunist Partiyası Abşeron Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Abşeron Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Azərbaycanın dövlət müşavirləri Kateqoriya:Azərbaycan baş nazirinin müavinləri Kateqoriya:Azərbaycan Güləş Federasiyasının prezidentləri