Əsl adı Fatimə Bərağani Qəzvini () — ləqəbləri Zərintac, Zəkiyyə, Ümmü Səlmə olan, lakin daha çox Tahirə Qürrətüleyn adı ilə tanının şairə, ictihad sahibi, mühəddis, Seyid Əli Məhəmməd Şirazi və ya digər adı ilə Babın ilk müridlərindən və Babilik hərəkatının rəhbərlərindən biri.

Həm anası, həm də atası dindar və ictihad sahibi olmuşdurlar. O, əvvəllər əmilərindən biri kimi Şeyxiyyəliyə meyilli olmuş, onların bəzilərinə İraq və Kərbəlada rəhbərlik etmişdir. O, Babın öz düşüncələrini elan etməsi ilə tərəfdarına çevrilmiş. həyatının sonuna qədər heç vaxt onu yaxından görmək mümkün olmasa da, onun ön önəmli tərəfdarından biri olaraq qalmışdır. O, Babi hərəkatının meydana çıxması və Babın Bəyaniyyəsini elan etməsi ilə İslami qaydaların ortadan qalxdığını elan edərək öz niqabını çıxaran ilk qadındır.

Tahirənin böyük əmisi və Qəzvinin seçilən din adamlarından biri olan Məhəmmədtaqi Bərağaninin öldürülməsində başqa 2 nəfər Babi ilə birlikdə öldürülməsində ittiham edilərək həbs edilmişdi. Bərağaniyə bu hadisədən sonra "üçüncü şəhid" mənasına gələn "Şəhid-e Səlis" adı verilmişdi. Tahirənin həbs edilməsindən 3 il sonra Nəsrəddin şah Qacara qarşı uğursuz sui-qəsd həyata keçirilir. Bundan sonra Tahirən bir çox başqa babi ilə billikdə "yer üzündə şər yaymaq" ittihamı ilə edam edilmişdir. O, bu maddə ilə edam edilən ilk qadındır.

Tahirədən bəzi şeirlər qalmışdır, lakin bu şeirlərin bəzilərinin ona aid olub-olmaması barədə fikir ayrılığı mövcuddur. Bir tərəfdən Tahirənin, Babi təriqətinə inqilabi bir şərh təqdim etmiş, bu da İran və İraqdakı babi cəmiyyətində parçalanmaya səbəb olmuşdursa da, digər tərəfdən isə, bu şərh mədəniyyətdə mövcud gözlənilən xilaskar anlayışını (messianizm) Babın şəxsiyyətinə bağlamağa səbəb olmuşdur. Tahirənin, Bəyaniyyə ayininin qadınlar baxımından ən ali fiquru və Bəhai ayini baxımından isə üçüncü və ən tanınmış qadın fiqurudur. Onun ən məşhur fəaliyyətlərindən biri Şahrudda, Bədəşt toplantısı zamanı niqabını çıxarması olmuşdur. Müasir dövrün bəzi müəllifləri bu hərəkəti qadın azadlığı istiqamətində atılmış addım və feminist xarakterli bir hərəkət kimi qiymətləndirmişlər. Lakin alternativ bir baxış bu görüşü qəbul etməyərək, Tahirənin feminist bir aktivist deyil, əksinə niqab çıxarmaq kimi davranışlarının İslam şəriətinin ləğvinin simvolu və Seyid Əli Məhəmməd Babın yeni şəriətinin elan olunması anlamına gəldiyini irəli sürür. Bununla belə, bu iki yanaşma arasında ciddi bir ziddiyyətin mövcud olmadığı da vurğulanır. Müasir araşdırmaların əksəriyyəti, Bəhailiyin başlanğıcı sayılan Babi təriqətinin cəmiyyətə olan əsas sosial təsirlərindən birinin qadınların statusunun yaxşılaşdırılması olduğunu göstərir. Bab da Tahirənin niqabın götürülməsi və digər inqilabi fəaliyyətlərini dəstəkləyərək, onu ilk on səkkiz həvarilərdən biri olaraq "Hurufi-Heyy" sırasına daxil etməklə qadın hüquqlarına verdiyi dəstəyi nümayiş etdirmişdir.

Tahirənin, cəmiyyətin qadınlar üçün müəyyənləşdirdiyi mövqeyi sorğulayır və bu məsələni açıq şəkildə gündəmə gətirirdi. Tahirənin qayğıları əsasən ilahiyyat yönümlü olmasına baxmayaraq, onun bir qadın kimi düşünmək, fikirlərini ifadə etmək və ictimai aləmdə səsinin eşidilməsi üçün özünə yer tələb etməsi, qadınlara verilmiş mövqenin legitimliyini ciddi şəkildə sual altına aldı. O, bir mütəfəkkir və şair-natiq kimi, dövrünün qadınlarına xas olan susqunluq və kənarda qalma vəziyyətini tənqid etdi və cinsi rolları aşaraq yeni rollar formalaşdırmağa cəhd göstərdi.

İranda həmin dövrdə feminist hərəkat hələ başlamamış, hətta qadınların təsəvvürünə belə gəlməmişdi, lakin Tahirən həyat hekayəsi etibarilə bu hərəkatın təcəssümü olaraq hesab edilir. Tahirənin, Babi dininə inanmasından əvvəl də, öz cəmiyyətinin ən məşhur və köklü normalarını təkrar-təkrar və açıq şəkildə sorğulayırdı. Onun həyat hekayəsinin bütövlükdə qadınlar üçün nəzərdə tutulmuş rollara qarşı narazılıq və müqavimət ifadəsi olduğu aydın görünür. Əslində, o, davranışları ilə yalnız mövcud dini deyil, eyni zamanda kişi mərkəzli cəmiyyət strukturunu da sarsıtmaqda idi. Tahirə qadına xas sayılan təslimçilik, evdarlıq, ictimai sahədən kənarda qalmaq və səssizlik kimi dəyərlərdən uzaq durdu. Onun fəaliyyəti müasir Bəhailər tərəfindən səssizlik yerinə bəlağətli nitq, itaətkarlıq əvəzinə strukturları dağıdan mövqe və təcrid olunmaq əvəzinə fəallıq nümayiş etdirərək mövcud nizamın hakim dəyərlərini kökündən sarsıtmaq kimi dəyərləndirilir.

Doğulması və adları Tam adı Fatimə Zərrintac Bərağani Qəzvini olmuşdur. Əfsanə Nəcmabadi və Richard Foltzun yazdıqlarına görə, onun adı Fatiməbəyim Bərağani kimi qeyd olunur. Əbdül-Bəha Abbas bildirir ki, Tahirəyə uşaqlığında "Ümmü Səlmə" adı verilmişdi. Onun digər adları arasında Qürrətüleyn, Zərrintac, Zəkiyyə və Hində də yer alır. Qəzvin əhalisi onu "Ağa qız" kimi tanıyırdı. "Fatimə" adı bəzi babilər üçün İslam peyğəmbərinin qızı Fatimə-Zəhranın qayıdışını və zühurunu xatırladırdı.Lawson O, Şeyxilik təriqətinin rəhbəri Seyid Kazım Rəşti ilə məktublaşmağa başladıqdan sonra, onun tərəfindən "Qürrətüleyn" (məcazi olaraq "göz nuru", "şadlıq mənbəyi", "göz bəbəyi") adlandırıldı.İraqlı tarixçi Əli əl-Vərdi "Ləmahət ictimaiyyə" adlı əsərində onun saçlarının sarı və qızılı rəngdə olduğunu qeyd etmişdir. Əl-Vərdi bu səbəbdən ona "qızıl taca sahib qadın" anlamını verən "Zərrintac" (qızıl tac) deyildiyini yazmaqdadır.

"Tahirə" ləqəbinin mənşəyi barədə tədqiqatçılar arasında yekdillik yoxdur. Şövqi Əfəndi, Əbdül-Bəha Abbas, Molla Məhəmməd Zərəndi və Martha Root kimi bəhai mənbələrinə görə bu ad ona Bəhai dininin banisi Hüseyn Əli Nuri tərəfindən verilmişdir. Bununla yanaşı, Blomfild və Suzan Staylzmenk "Tahirə" adının ona Seyid Əli Məhəmməd Bab tərəfindən yazılmış bir məktubda ilk dəfə istifadə olunduğunu irəli sürürlər.

Riçard Foltz Tahirənin doğum ilini 1814 olaraq göstərir. Denis MacEoin qeyd edir ki, əksər mənbələr onun doğum ilini 1817 olaraq göstərsə də, bu yanlışdır. O, Tahirənin ailəsi və varisləri arasında qorunan sənədlərə əsaslanaraq, onun doğum tarixini 1814 olduğunu bildirir. Suzan Staylzmenk də onun doğumunu 1817 olaraq göstərmişdir. Moojan Momen də bildirir ki, mövcud bəhai mənbələrin əksəriyyəti onun doğum ilini hicri 1817 olaraq qeyd edir. Əli əl-Vərdi isə ailəsinə məxsus sənədlərə əsaslanaraq doğum tarixini hicri 1814 kimi müəyyənləşdirmişdir.

Ailəsi və şəxsi həyatı Tahirə Qəzvində şiə ruhani ailəsində dünyaya gəlmişdir. Anası Əminəxanım Qəzvini və atası Molla Məhəmməd Saleh Bərağani hər ikisi müctəhid olmuşlar. Bundan əlavə, atası Quran təfsiri sahəsində fəaliyyət göstərdiyinə, üç yüzdən artıq dini əsərin müəllifi kimi tanındığı üçün Qəzvin əhalisi arasında nüfuza sahib idi. Anasının ailəsi Şeyxilik təriqətinə mənsub olsa da, atası və atasının ailəsi Üsuli inancına bağlı, dindar və varlı bir zümrəyə mənsub idilər. Tahirənin Əbdülvahhab, Məhəmmədhəsən və Məhəmməd adlı ən azı üç qardaşı və Mərziyyə adlı bir bacısı olmuşdur. Moojan Momenə görə, Tahirə Bərağani ailəsinin yeddi qız və səkkiz oğuldan ibarət övladlarının ən böyüyü olmuşdur.

O, həmçinin əmisi Məhəmmədtaqi Bərağaninin gəlini olmuşdur. Əmisioğlu Molla Məhəmməd Bərağani ilə evliliyi o, 13 və ya 14 yaşında olarkən baş tutmuşdur. Bu evlilikdən Şeyx İbrahim, Şeyx İsmayıl və bəzi mənbələrə görə Şeyx İshaq adlı oğulları, Zeynəb və ya Sara adlı bir qızı dünyaya gəlmişdir. Şeyx İshaq adlı övladın varlığı barədə mənbələr arasında yekun rəy mövcud deyil. Uşaqların heç biri analarının Şeyxiliyə və daha sonra Babiliyə meylini paylaşmamışdır.

Tahirənin qayınatasının Şeyxiliyi rədd etməsi və həyat yoldaşı ilə aralarındakı inanc fərqləri nəticəsində Tahirə və əri bir-birindən ayrılmışlar. Bu ayrılıqdan sonra Tahirə üç il müddətinə Kərbəlada olmuş, uşaqları isə atalarının yanında qalmışdır. Abbas Əmanətin fikrincə, onların evliliyi elə başlanğıcdan ev içi münaqişələrdən ziyan görmüşdür.

Təhsili və Şeyxiliyi Tahirə uşaq yaşlarından Quranı əzbərləmiş və fiqh məsələlərinin həllinə xüsusi maraq göstərmişdir. O, atası və anasından, həmçinin ailəsinin digər üzvlərindən ali dini təhsil almışdır. Ədəbiyyat və şeir sahəsində biliklərini anasından, fiqh, üsul, hədis və təfsir elmlərini isə atası, qardaşı Əbdülvahhab və əmisi Məhəmmədtaqıdan öyrənmişdir. Bundan əlavə, fəlsəfə, hikmət və irfan sahəsində biliklərini atasının iki əmisi oğlundan əldə etmişdir. Bəzi mənbələr onun natiqlik sahəsində xüsusi bacarığı olduğunu bildirirlər.

Denis MacEoinın yazdığına görə, Tahirə bir müddət sonra şiə din xadimləri ilə yazışaraq onlardan ictihad icazəsi almaq qərarına gəlmişdir. Onun yazılarından belə görünür ki, bəzi şiə müctəhidləri onu ictihad icazəsinə layiq görsələr də, bir qadına bu cür icazənin verilməsini ictimai adətə zidd hesab etmişlər.

Tahirə ya müstəqil şəkildə, ya da bəzilərinin iddiasına görə əmisi Molla Məhəmmədəli Bərağani və ya xalasının oğlu Molla Cavad Vəliyaninin təsiri ilə Şeyxilik təriqətinə meyl göstərmişdir. Evliliyindən sonra o, Şeyxilik təriqətinin banisi və özünün kiçik əmisi Molla Məhəmmədəlinin də bağlı olduğu Əhməd Əhsainin təlimlərini böyük həvəs və maraqla öyrənməyə başlamışdı. Lakin Tahirənin əri və qayınatası onun dini baxışları ilə ziddiyyət təşkil edirdi və bu səbəbdən onunla qarşıdurmaya girmişdilər.

Şeyxilik təriqəti dörd əsas prinsip üzərində qurulmuşdur: tövhid, nübüvvət, imamət və "dördüncü sütun". Bu təlimdə məad (axirət həyatı) və ədalət prinsipləri dinin əsaslardan sayılmırdı. Onların əvəzinə "dördüncü sütun" kimi tanınan "İmam Zamanın babı" (yəni ona çatmaq üçün vasitə) əsas inanc sütunlarından biri hesab olunurdu.

İraqda qalması Tahirə evləndikdən az müddət sonra həyat yoldaşı ilə birlikdə Kərbəla və Nəcəfə səfər edərək burada on üç il ərzində fiqh, kəlam və digər dini elmlər sahəsində təhsil aldı. O, Kərbəlada Şeyxilik təriqətinin nüfuzlu lideri Seyid Kazım Rəşti ilə elmi ünsiyyətdə olmaq imkanı qazandı və 1841-ci ildə həyat yoldaşı və ailəsi ilə birlikdə Qəzvinə geri döndü. Bu dövr ərzində əri Üsuli ruhani olan Molla Məhəmmədbaqir Qəzvinidən dərs alırdı, Tahirə isə Şeyxilik düşüncəsinə meyil edirdi. Onlar Qəzvinə qayıtdıqdan sonra ayrıldılar və təqribən üç illik fasilədən sonra, 1844-cü ildə Tahirə bacısı və bacısının əri ilə birgə yenidən Kərbəlaya qayıtdı.

Bu üç il ərzində Tahirə Şeyxilik təlimlərini açıq şəkildə təbliğ etməyə başlamışdı. Bu səbəbdən həyat yoldaşı, əmisi və atası onu Şeyxiliyə meyil etdiyinə görə tənqid etmiş, bu fikir axımını daha dərindən öyrənməkdən çəkindirməyə çalışmışdılar. Görünür ki, əvvəlcə kiçik əmisi Molla Məhəmməd Əlinin, daha sonra isə bacısının əri Molla Məhəmmədəli Qəzvininin (sonralar "Hurufi-Həyy" adlanan on səkkiz şəxsiyyət arasında yer almışdı) dəstəyini qazanmışdı. Tahirə Şeyx Əhməd Əhsainin vəfatından sonra onun varisi olan Seyid Kazım Rəşti ilə məktublaşma şəklində əlaqə saxlamış və məhz bu yazışmalar zamanı o, Rəşti tərəfindən "Qürrətül-Eyn" (göz nuru) ləqəbi ilə adlandırılmışdır. Seyid Kazım Rəşti bu gənc qadının istedadından dərin təsirlənmişdi. O, həmçinin Şeyxiliyi təkfir, yəni rədd etmiş nüfuzlu ruhani ailən olan Bərağani ailəsinin içindən Molla Əlidən savayı ikinci bir tərəfdarın çıxmasından məmnun qalmışdı.

Bu dövrdə Tahirə bacısı və bacısının əri ilə yenidən Kərbəlaya qayıtmaq qərarına gəlmişdi. Onun atası Molla Məhəmməd Saleh bu qərardan onu çəkindirmək istəmişsə də, buna müvəffəq olmamışdı. Məhəmməd Salehin özü də qardaşı Molla Məhəmmədtaqının Şeyxiliyin təkfiri ilə bağlı verdiyi fətvanı təsdiq etməmişdi. Tahirənin bu ikinci Kərbəla səfəri təxminən 1843-cü ildə baş tutmuşdur. Lakin Seyid Kazım Rəşti Tahirənin Kərbəlaya çatmasından təqribən on gün əvvəl vəfat etmişdi. Buna baxmayaraq, Seyid Kazımın dul qadınının dəstəyi ilə Tahirəyə icazə verildi ki, hicab arxasında onun tələbələrinə dərs keçsin.

Babiliyə keçidi