Kapitan Amerika () və ya mülki kimliyi ilə Stiven "Stiv" Rocers () — Co Saymon və Cek Körbi tərəfindən yaradılmış və Marvel Comics tərəfindən nəşr olunan Amerika komikslərində görünən superqəhrəman. Personaj ilk dəfə 20 dekabr 1940-cı ildə Marvelin sələfi olan Timely Publications nəşriyyatının çap etdiyi "Captain America Comics" nəşrinin I nömrəsində meydana çıxmışdır. Kapitan Amerikanın mülki kimliyi Stiven "Stiv" Rocersdir. O, fiziki cəhətdən zəif olduğu üçün ABŞ Ordusuna qəbul edilməyən bir gəncdir. Lakin eksperimental "super əsgər serumu" sayəsində insan fiziki imkanlarının ən yüksək həddinə çatdırılır. ABŞ bayrağından ilhamlanaraq hazırlanmış kostyum və demək olar ki, məhv edilməsi mümkün olmayan qalxanla təchiz edilmiş Kapitan Amerika, öz köməkçisi Baki Barns ilə birlikdə İkinci Dünya müharibəsi dövründə nasist canisi Qırmızı Kəllə və Ox dövlətlərinin digər agentlərinə qarşı tez-tez mübarizə aparırdı. Müharibənin son günlərində baş vermiş qəza nəticəsində Kapitan Amerika dondurulmuş vəziyyətdə anabioz halında qalır və yalnız müasir dövrdə yenidən həyata qaytarılır. Bundan sonra o, maskalı qəhrəman kimi fəaliyyətini davam etdirir, Qisasçılar () superqəhrəman komandasının liderlərindən birinə çevrilir və eyni zamanda "öz zamanından qopmuş insan" kimi yeni dövrə uyğunlaşmaqda çətinlik çəkir.

Personaj qısa müddət ərzində "Timely Publications"un Komikslərin qızıl dövründə yaratdığı ən populyar və kommersiya baxımından ən uğurlu obrazına çevrilmişdir. Lakin müharibədən sonrakı dövrdə superqəhrəman komikslərinin populyarlığının azalması nəticəsində "Captain America Comics" jurnalının nəşri 1950-ci ildə dayandırılmışdır. Personaj 1953-cü ildə qısa müddətlik geri qaytarılmış, lakin yalnız 1964-cü ildə komikslərə daimi şəkildə qayıtmış və o vaxtdan etibarən fasiləsiz olaraq nəşr olunmaqdadır. Kapitan Amerikanın açıq şəkildə nasizmə qarşı yaradılmış personaj olması müəlliflərin şüurlu siyasi mövqeyinin nəticəsi idi. Bu, Saymon və Körbinin nasist Almaniyasına və ABŞ-dəki tərəfdarlarına bəslədikləri güclü müxalif münasibətdən irəli gəlirdi. Sonrakı dövrlərdə də siyasi məzmun Kapitan Amerika hekayələrinin əsas xüsusiyyətlərindən biri olaraq qalmış, müəlliflər bu personaj vasitəsilə müntəzəm şəkildə Amerika cəmiyyətinin və hökumətinin vəziyyəti haqqında fikirlərini ifadə etmişlər.

On mindən çox hekayədə yer almış Kapitan Amerika "Marvel Comics"in ən məşhur və ən çox tanınan personajlarından biridir və Amerika populyar mədəniyyətinin simvollarından biri hesab olunur. Kapitan Amerika ABŞ mövzulu ilk superqəhrəman olmasa da, İkinci Dünya müharibəsi illərində yaradılmış çoxsaylı vətənpərvər Amerika superqəhrəmanları arasında ən populyar və ən uzunömürlü personaja çevrilmişdir. O, həmçinin komikslərdən kənar mediada görünən ilk Marvel personajı olmuşdur: 1944-cü ildə çəkilmiş "Kapitan Amerika" kino-serialında təqdim edilmiş, sonralar isə çoxsaylı filmlərdə və digər media əsərlərində, o cümlədən Marvel Kinematoqrafik Kainatında yer almışdır. Bu ekran adaptasiyalarında personajı aktyor Kris Evans canlandırmışdır.

Nəşr tarixi

Yaradılması və inkişafı

Kapitan Amerikanın yaradılması ilə bağlı mövcud məlumatlar tamamilə eyni olmasa da, ümumilikdə qəbul edilir ki, 1940-cı ildə Timely Comics nəşriyyatının sahibi Martin Qudman rəqib nəşriyyat "National Comics Publications"un (sonradan DC Comics) yaratdığı Supermen personajının artan populyarlığına cavab olaraq redaktor Co Saymondan "Timely"nin mövcud superqəhrəmanlar sırasına əlavə ediləcək yeni, vətənpərvər müharibə dövrü superqəhrəmanı yaratmağı xahiş etmişdir.

Saymonun xatirələrinə görə, o, personaj üzərində işləməyə onun əsas düşməninin kim olacağını müəyyən etməklə başlamışdır. O müşahidə etmişdi ki, ən uğurlu superqəhrəmanlar güclü və yaddaqalan cani ilə qarşıdurmaları sayəsində fərqlənirlər. Nəticədə o, personajın baş düşməni kimi Adolf Hitleri seçmişdir. Saymon bunu belə əsaslandırırdı ki, Hitler "bütün azad dünyada nifrət edilən ən böyük cani" idi və superqəhrəmanın uydurma düşmən əvəzinə real tarixi şəxsiyyətlə mübarizə aparması həmin dövr üçün qeyri-adi və yenilikçi yanaşma olacaqdı. Saymonun xatirələrinə əsasən, o, seriyanın əsas rəssamının Cek Körbi olmasını istəyirdi. Onlar 1930-cu illərin sonlarında "Fox Feature Syndicate" nəşriyyatında birlikdə işləyərkən əməkdaşlıq və dostluq münasibətləri qurmuş, daha əvvəl də "Timely" üçün bir neçə personaj yaratmışdılar.

Kapitan Amerikanın açıq şəkildə nasizmə qarşı yönəlmiş personaj kimi hazırlanması məqsədli siyasi qərar idi. ABŞ hələ İkinci Dünya müharibəsinə qoşulmamış olsa da, Martin Qudmanın superqəhrəman komiksləri artıq nasizm əleyhinə aydın mövqe nümayiş etdirirdi. Co Saymon və Cek Körbi də Nasist Almaniyasının siyasətinə və onun ABŞ-dəki tərəfdarlarına qəti şəkildə qarşı çıxırdılar. Saymonun sözlərinə görə, o, Martin Qudmanla müzakirələr apardıqdan və ilkin eskizləri tamamladıqdan sonra sonradan "Kapitan Amerika" adını alacaq personajın bütün əsas xüsusiyyətlərini formalaşdırmışdır. O qeyd edirdi ki, əvvəlcə qəhrəmanın adını "Super Amerikan" qoymağı düşünmüş, lakin həmin dövrdə adında "super" sözü olan çoxsaylı komiks personajlarının mövcudluğunu nəzərə alaraq bu fikirdən imtina etmişdir. Qəhrəmanın mülki kimliyi olan "Stiv Rocers" adı isə teleqraf rabitəsində istifadə olunan və "məlumat qəbul edildi" mənasını verən "roger" terminindən götürülmüşdür.

Martin Qudman, Kapitan Amerikanı birbaşa onun adını daşıyan ayrıca komiks seriyası ilə təqdim etmək qərarına gəlmişdir. Bununla da Kapitan Amerika Timely tarixində əvvəlcə müxtəlif hekayələr toplusunda (antologiyada) deyil, birbaşa öz davamlı seriyası ilə debüt edən ilk personaj olmuşdur. Saymonun Cek Körbinin seriyanın yeganə rəssamı olması ilə bağlı istəyinə baxmayaraq, Qudman ilk nömrənin mümkün qədər tez nəşr olunmasını təmin etmək üçün bir neçə rəssamın eyni vaxtda işləməsini məqsədəuyğun hesab etmişdir. O, Hitlerin ilk nömrə qəzet köşklərinə çatmamış öldürülə biləcəyindən narahat idi. Nəticədə Cek Körbi əsas qrafik rəssam kimi fəaliyyət göstərmiş, Saymonun fiqurlar və fonlar üçün hazırladığı ilkin eskizlər əsasında işləmışdir. Körbinin karandaşla hazırladığı təsvirlərin tuşlanması adətən Al Avison və Al Qabrielə aid edilir, lakin Saymonun öz xatirələrinə görə, bu işi karikaturaçı Al Liderman yerinə yetirmişdir. Bundan əlavə, Saymon komiksdən əldə olunacaq gəlirin 25 faizinin yaradıcı heyətə ayrılması barədə razılıq əldə etmişdi: bunun 15 faizi özünə, 10 faizi isə rəssamlara veriləcəkdi.

Debüt və erkən uğur (1940-cı illərin əvvəlləri) 200px|thumb|right|1940-cı ilin dekabrında nəşr olunmuş (üz qabığında mart 1941 tarixi göstərilib) "Captain America Comics" nəşrinin I nömrəsinin üz qabığı. Müəllif: Co Saymon və Cek Körbi. "Captain America Comics" jurnalının ilk nömrəsi 20 dekabr 1940-cı ildə nəşr edilmiş, üz qabığında isə mart 1941 tarixi göstərilmişdir. Jurnalın üz qabığında Kapitan Amerikanın Adolf Hitlerə yumruq vurduğu təsvir olunsa da, hekayənin özündə onun əsas düşməni kimi Qırmızı Kəllə təqdim edilmiş, eyni zamanda Kapitan Amerikanın yeniyetmə köməkçisi Baki Barns da ilk dəfə oxuculara tanıdılmışdır. Co Saymon sonralar bildirmişdir ki, fiziki cəhətdən zəif olan Stiv Rocersin eksperimental serum qəbul etdikdən sonra superəsgərə çevrilməsindən bəhs edən mənşə hekayəsini şəxsən Kapitan Amerika obrazının "ən zəif tərəfi" hesab edirdi. Onun sözlərinə görə, o və Cek Körbi personajın mənşəyi üzərində çox düşünməmiş, əsas diqqəti hadisələrin inkişafına və döyüş səhnələrinə yönəltmişdilər.

Cek Körbi seriyanın döyüş səhnələrini panellər arasında fasiləsiz hərəkət hissi yaratmaq məqsədilə tərtib etmişdir. O, bu səhnələri balet tamaşası qururmuş kimi "xoreoqrafiya etdiyini", personajların şişirdilmiş hərəkətlərinə xüsusi önəm verdiyini bildirmişdir. "Captain America Comics" jurnalındakı səhifə tərtibatı təhrif olunmuş perspektivlər, qeyri-müntəzəm formalı panellər və hərəkət sürətini vurğulayan xətlərin geniş istifadəsi ilə seçilirdi.

İlk nömrə cəmi bir neçə gün ərzində satılıb qurtarmış, ikinci nömrənin tirajı isə bir milyondan artıq nüsxə olaraq müəyyən edilmişdir. Kapitan Amerika qısa müddətdə "Timely" nəşriyyatının ən populyar personajına çevrilmiş, nəşriyyat onun üçün "Azadlığın Keşikçiləri" () adlı rəsmi fan-klub yaratmışdır. İlk nömrədən sonra jurnalın aylıq tirajı təxminən bir milyon nüsxə səviyyəsində qalmağa davam etmiş, bu göstərici həmin dövrdə "Time" kimi nüfuzlu xəbər jurnallarının tirajını da üstələmişdir.

"Captain America Comics" həmçinin ABŞ Müharibə Departamentinin əvvəlcədən məzmun yoxlaması aparılmadan əsgərlərə paylanmasına icazə verdiyi 189 dövri nəşrdən biri olmuşdur. Bundan başqa, Kapitan Amerika "Timely" nəşriyyatının "All Winners Comics", "Marvel Mystery Comics", "U.S.A. Comics" və "All Select Comics" kimi digər komiks seriyalarında da müntəzəm olaraq görünməyə başlamışdır.

Kapitan Amerika ABŞ mövzusunda yaradılmış ilk superqəhrəman deyildi; bu status "MLJ Comics" nəşriyyatının Qalxan () personajına məxsusdur. Bununla belə, Kapitan Amerika İkinci Dünya müharibəsi dövründə yaradılmış vətənpərvər Amerika superqəhrəmanları arasında ən populyarı olmuşdur.

Kapitan Amerikanın məşhurluğu MLJ Comics tərəfindən etiraza səbəb olmuşdur. Nəşriyyat Kapitan Amerikanın üçbucaq formalı qalxanının Qalxan personajının sinəsindəki emblemi həddindən artıq xatırlatdığını iddia etmişdir. Bunun nəticəsində Martin Qudman Co Saymon və Cek Körbiyə Captain America Comics jurnalının 2-ci nömrəsindən etibarən qalxanın dizaynını dəyişməyi tapşırmışdır. Yeni dairəvi qalxan sonradan Kapitan Amerika obrazının ən tanınan simvollarından birinə çevrilmişdir. Onun disk atma idnam növünə bənzər şəkildə atılan silah kimi istifadəsi isə ilk dəfə Sten Linin yazıçı kimi peşəkar debütü olan "Captain America Comics" jurnalının 3-cü nömrəsində dərc edilmiş qısa nəsr hekayəsində təqdim edilmişdir.

"Captain America Comics" jurnalının nasizm əleyhinə mövqeyi German-Amerikan İttifaqı adlı ABŞ-də fəaliyyət göstərən nasist təşkilatının hədələrinə səbəb olmuşdur. "Timely" nəşriyyatı hədələyici məktublar və telefon zəngləri almağa başlamış, təşkilatın üzvləri şirkətin ofisi qarşısında toplaşdıqları üçün binaya polis mühafizəsi ayrılmışdır. Nyu-York şəhərinin meri Fiorello La Quardia da şəxsən Co Saymon və Cek Körbi ilə əlaqə saxlayaraq nəşriyyat əməkdaşlarının təhlükəsizliyinin təmin ediləcəyinə zəmanət vermişdir.

Co Saymon Captain America Comics jurnalının ilk iki nömrəsinin ssenarisini yazmış, daha sonra isə seriyanın redaktoru olmuşdur. Bunlar onun Kapitan Amerika haqqında birbaşa yazdığı yeganə hekayələr olmuşdur. Kapitan Amerika Saymon və Cek Körbiyə böyük şöhrət qazandırsa da, onlar Martin Qudmanın əvvəlcədən vəd etdiyi mənfəət payını ödəmədiyini düşünürdülər. Bu səbəbdən Saymon özü və Cek Körbi üçün "National Comics Publications" nəşriyyatında iş axtarmağa başlamışdır.

Martin Qudman onların niyyətindən xəbər tutduqdan sonra faktiki olaraq Saymon və Körbini "Timely Comics"dən uzaqlaşdırmış, "Captain America Comics" jurnalının 10-cu nömrəsi üzərində işi tamamladıqdan sonra şirkəti tərk etməli olduqlarını bildirmişdir. Bundan sonra seriyanın müəllifliyi müxtəlif yaradıcılar arasında bölüşdürülmüşdür. Ssenari müəllifləri sırasında Otto Baynder, Bill Finger və Menli Ueyd Uellman, əsas rəssamlar sırasında isə Al Eyvison, Vins Alaskia və Sid Şors yer almışdır.

Populyarlığın azalması (1940-cı illərin ortaları və 1950-ci illər)