Rza Bədəlov () — texnika elmləri doktoru (1965), professor, AMEA-nın müxbir üzvü (1968). Həyatı Rza Bədəlov Bakı şəhərində 25 sentyabr 1915-ci ildə anadan olub. Ali təhsilini 1941-ci ildə Azərbaycan Dövlət Neft və Sənayə Universitetində alıb. Universitetin Neft-mexanika fakültəsində Mühəndis-mexanik ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyəti Rza Bədəlov 1941–1944-cü illərdə "Əzizbəyovneft" trestinin Me­xa­niki təmir zavodunda mühəndis-konstruktordan sex rəisinə qədər müxtəlif vəzifələrdə işləyib. 1944–1947-ci illərdə AzSİ-nun aspirantı olub. 1947–1968-ci illərdə AzNKİ-də baş müəllim, dosent, professor, dekan müa­vini, Neft-mexanika fakültəsinin dekanı, Nəzəri mexanika kafedrasının müdiri vəzifələrini icra edib.

Rza Bədəlov 1968-1976-cı illərdə Azərbaycan Politexnik İnstitutunun rektoru və Nəzəri mexanika kafedrasının müdiri olub. Habelə 1976–1987-ci illərdə AzNKİ-nun Neft-mədən mexanikası və Maşın və mexanizmləri kafedrasının müdiri vəzifələrini icra edib.

Elmi fəaliyyəti Rza Bədəlov dağ süxurlarının dağıdılmasının mexanikası sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: mədən-maşın mexanizmlərinin nəzəriyyə və praktikasının tədqiqi; süxurdağıdıcı alətin işçi elementlərinin formasının, optimal parametrlərinin, yerləşdirilməsinin müəyyənləşdirilməsi.

Rza Bədəlov 1953-cü ildə namizədlik, 1965-ci ildə isə "Üçşaroşkalı baltaların işinin səmərəliliyinin tədqiqi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 1968-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilib. Rza Bədəlov 100-dən artıq elmi məqalənin və bir sıra monoqrafiyaların müəllifdir.

Mükafatları Rza Bədəlov "Qırmızı Əmək Bayrağı" ordeni və "Rəşadətli əməyə görə" medalı ilə təltif olunub.

Ölümü Rza Bədəlov 1987-ci ildə Bakıda vəfat edib.

İstinadlar

Xarici keçidlər

Rza Əbdül oğlu Bədəlov

Kateqoriya:Azərbaycan Texniki Universitetinin rektorları Kateqoriya:AMEA-nın müxbir üzvləri