Əli Cavad oğlu Əhmədov () — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini (2024-cü ildən), Milli Məclisin II, III və VII çağırış deputatı (2000–2010, 2024–), Azərbaycan Respublikası Baş nazirinin müavini (2013–2024), Yeni Azərbaycan Partiyası sədrinin müavini və idarə heyətinin üzvü, fəlsəfə doktoru, professor.

Həyatı Əli Cavad oğlu Əhmədov 1953-cü il yanvarın 27-də Ermənistan SSR Basarkeçər rayonunun Dərə kəndində anadan olmuşdur. Moskva Dövlət Tarix–Arxiv İnstitutunun tarix fakültəsini bitirmişdir. 1 dərsliyin, 50-dən çox elmi əsərin və məqalənin müəllifidir.

1975-ci ildən Baş Arxivlər İdarəsinin baş elmi işçisi, Azərbaycan EA-nın Mərkəzi Elmi Baş Arxivinin müdiri olmuşdur. 1980-ci ildən Azərbaycan Dövlət Universitetində laborant, müəllim, baş müəllim, dosent, kafedra müdiri işləmişdir.

Siyasi fəaliyyəti 1997-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini vəzifəsində çalışmışdır. 1999–2000-ci illərdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur. 22 oktyabr 2013-cü ildən Azərbaycan Respublikası Baş nazirinin müavinidir.

Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədridir.

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədridir.

Parlamentdə 2000-ci ildə ikinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur. 2005-ci il noyabrın 6-da 19 saylı Nərimanov birinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvü olmuşdur. 2010-cu ildə dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Azərbaycan–Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan–Belarus, Azərbaycan–İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.

O, 2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazanaraq Milli Məclisin VII çağırış deputatı seçilib. O, yeni çağırış parlamentin ilk iclasında Milli Məclis sədrinin birinci müavini seçilib. 23 sentyabr 2024-cü ildə Prezidentin sərəncamı ilə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilib.

2024-cü ilin oktyabrında Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının Azərbaycan tərəfdən həmsədri təyin olunub. O, bu vəzifədə Əli Hüseynlini əvəz edib.

Partiya fəaliyyəti 1999-cu ildə Yeni Azərbaycan Partiyasının I qurultayında partiyanın İcra katibi seçilmişdir. Partiyanın 2005-ci ildə keçirilən III qurultayında, 2013-cü ildə keçirilən V qurultayında və 2018-ci ildə keçirilən VI qurultayında YAP Sədrinin müavini və İcra katibi seçilmişdir. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP Sədrinin müavini və İdarə Heyətinin üzvü seçilib.

16 oktyabr 1992-ci ildə Ulu Öndər Heydər Əliyevə müraciət edən 91 ziyalıdan biridir.

Ailə həyatı Evlidir, 2 övladı var.

Təltifləri 2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Kavaler" ordeni ilə təltif olunmuşdur.

2013-cü yanvarın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

2023-cü yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Əli Cavad oğlu Əhmədov "Şərəf" ordeni ilə təltif edilib.

İstinadlar

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları Kateqoriya:91-lər Kateqoriya:Yeni Azərbaycan Partiyasının sədr müavinləri Kateqoriya:Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri Kateqoriya:Bakı Dövlət Universitetinin müəllimləri Kateqoriya:Azərbaycan professorları