Qazax ədəbiyyatı — qazaxıstanlı şair və yazıçıların Qazaxıstan mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri.

Qədim qazax ədəbiyyatı Digər xalqlarda olduğu kimi qazaxlarda da uzun əsrlər boyu poetik yaradıcılığın folklor əsasında inkişaf etmişdir. Bu növ yaradıcılıq üçün, məlum olduğu kimi, kollektivlik, xəlqilik, variativlik, sinkretiklik xarakterikdir. M.Qorki yazırdı: "Qədim zamanlarda zəhmətkeşlərin bədii xalq yaradıcılığı onların təcrübəsinin, kollektivin əmək enerjisinin qidalandırıcısı, ideyalarının obrazlarda təcəssümünün yeganə təşkilatçısı kimi xidmət edirdi".

Söz sənəti köçəri-maldar qazaxlarda daha böyük hörmətə, nüfu-za malik idi. Şifahi sənət xalqın böyük istedadının ifadəçisi olmaqla, həm də onun həyata və məişətə münasibətini əks etdirirdi.

Qazax folkloru bədii söz yaradıcılığının müxtəlif kütləvi növ və formalarının məcmuyu olub və qazax ədəbiyyatının inkişafını təmin etməklə, qazax xalqının mili mədəniyyətinin mühüm tərkib hissəsidir.

Qazaxıstanda xalq yaradıcılığı nümunələrinin toplanılması və öyrənilməsi XIX əsrin ortalarından-maarifiçiliyin inkişafı ilə bağlıdır. Maarifçi-demokratlar Ç.Valixanov və L.Altınsarin qazax folklorunun bəzi nümunələrinin öyrənilməsi ilə məşğul olub, onun demokratik və sinkretik xarakterini müəyyənləşdirməklə, onu milli tarixlə əlaqəli şəkildə təhlil etməyə çalışırdılar. Qazax folkloru doğma ziyalılarla yanaşı, həm də rus şair və yazıçılarının diqqətini cəlb etmişdi. Onlar bu nümunələrin toplanması, elmi prinsiplər əsasında yazıya alınması və nəşrində əvəzsiz rol oynamışlar. Nümunə kimi biz hələ 1812-ci ildə rus tərcüməsində işıq üzügörmüş «Kozı Körpəş və Bayan Slu» poemasının adını çəkə bilərik . Əgər buraya hələ XIX əsrin 30-cu illərində A.S.Puşkində bu poemanın əlyazması olduğunu və həmin əsrin 60-cı illərində türk xalqlarının şifahi örnəklərinin dahi bilicisi akad. V.V.Radlovun qazax xalq poeziyası haqqında dediklərini də əlavə etsək («qazaxlarda xalq poeziyası öz inkişafının ən yüksək səviyyəsinə çatmışdır. Mənə elə gəlir ki, bütün qazax səhrası oxuyur») – bu zaman söylədiklərimiz heç kimdə şübhə oyatmaz.

Qazax şifahi xalq yaradıcılığı nəğmələr (mərasim, məişət, lirik, tarixi və s.), atalar sözü, zərbi məsəllər, tapmacalar, nağıllar, dastanları, aytıslar/ poetik yarışmalar, deyişmələr, müşairələr və s.) rəngarəng janrlarla zəngindir.

Qədim zamanlarda qazaxlarda mifoloji hekayələr, tayfalar haqqında əfsanələr, mərasim və əmək nəğmələri, sehrli və məişət na-ğılları üstünlük təşkil etmişdi. Sonrakı dövrlərdə feodal dövlətçiliyi, yadellilərlə mübarizə mərhələsində qəhrəmanlıq dastanı, az sonra isə tarixi xarakterli epik nəğmələr, tarixi rəvayətlər yaranmışdır. Qazax folklorunda xalq poetik yaradıcılığının növü kimi dram elementləri, hərəkətləri olsa da, o zaman xalq dramı janrı olduqca zəif inkişaf etmişdir.

Qazax xalq yaradıcılığında da digər xalqların şifahi ədəbiyyatında rastlaşdığımız janrlar mövcuddur. Bunların sırasında lirik nəğmə, atalar sözü, zərb məsəllər, tapmacalar, nağıllar, dastanlar və s. göstərmək olar. Digər xalqlarda yarışma nəğmələri ilə biz rastlaşsaq da, qazax xalq poeziyasında onlar daha zəngin müstəqil janr olan aytıslardan /poetik yarışmalardan/ ibarətdir. Məsələn, türk xalqları ilə müqayisədə mərasim-məişət poeziyasının xüsusi forması olan «jar-jar» /»yar-yar»/, «bet-aşar» / «bədaşar»/, «koştasu», «jok-tau» kimi qazax xalq mərasimləri və xalq həyat tərzi ilə əlaqədə olan janr son dərəcə geniş yayılmışdır. Qazaxlarda xalq akınlarının yaradıcılığı ədəbi yaradıcılığın bəzi xüsusiyyətlərini özündə əks etdirmişdir. Buna görə də qazax ədəbiyyatının mühüm xüsusiyyətlərindən söhbət getdikdə onun şifahi-poetik ənənələrə daha yaxın olduğundan söhbət açılır. Buna görə də bu ədəbiyyatın təşəkkülündə və inkişafında mühüm rolu məhz xalq nəğməkarları – akınlar, jirşilər və yiraular oynamışlar. Qazax folklo-runda məhz buna görə də sözün əsil mənasında xalqın qızıl irsi əksini tapmışdır. Buna görə də qazaxların mənəvi irsi sırasında batır qəhrəmanlığını və s. edən «Alpamış», «Koblandı-batır», «Yer-Tarqın», «Qəmbər» kimi epik poemalarla yanaşı, həm də dostluğu, sevgi və məhəbbəti, sadiqliyi tərənnüm edən «Kozi-Körpəş və Bayan-Slu», «Qız-Yibek», «Ayman -Şolpan» və s. lirik- epik dastanları, real tarixi hadisələri əks etdirən «Beket haqqında dastan», «İsatay və Məhəmbət», «Utegen» və s. kimi tarixi poemalar vardır. Şifahi-poetik ənənə qədim zamanlarda yaşamış məşhur nəğmə-karların adını əks etdirmişdir. Onların adının mövcudluğu paralel yazılı abidələrlə də sübut olunur. Məsələn, türk xalqlarının əvəzsiz «Kutabi-Dədə Qorqud» yaradıcılığında Qorqud atanın nəğməkar və musiqiçi, ilk mifologiya və nəğmələrin yaradıcısı kimi adı çəkilir. Şifahi-poetik yaradıcılıq həm də digər nəğməkarlar – Atalıq Sıpıra – jırau, Həsən-Qayğı və b. kimi (yeri gəlmişkən qeyd edək ki, onlar klassik noğay ədəbiyyatının da nümayəndələri hesab edilmiş və edilməkdədir) nəğməkarların adını yaddaşlara həkk etmişdir. Xalq akınları, jirsi və juraularının Cambul Cabayev, Nurpeis Bayqanin, Ömər Şipin, Kənan Azərbayevin və b. adını xalq bu gün də böyük hörmətlə yad etməkdədir. Nəğmələr, qazax xalqının həyatında dərindən iz salmaqla, onun bütün tarixi ilə əlaqədə olmuşdur. Nəğmə əsrlər boyu insanların sevinc və kədərinin, ümid və qayğılarının ifadəçisi olmuşdur. Qazaxlarda yazılı ədəbiyyat zəif inkişaf etdiyi dövrdə xalq lirik poeziyasının təsiri son dərəcə güclü olmuşdur. Nəğmə qazaxların ictimai, ailə və şəxsi həyatının bütün tərəflərini çevrələyirdi.

Mərasim nəğmələri

Xalq mərasimləri ilə bağlı olan nəğmələr daha qədim keçmişə malikdir. Bu nəğmələr hələ sinifsiz cəmiyyət dövründə yaranmışdır. Qədim insanlar ətraf aləmin sirlərini öyrənməyə çalışmaqla, həm də təbiətin fövqəl qüvvəsinə, magiyaya inanır, sehrli sözlərlə, nəğmələrlə onlara təsir göstərməyə can atırdı. İlin fəsilləri ilə, bayramlarla, məsələn «novruz»la, yazda gecə-gündüzün bərabərləşməsi, heyvanların yaz dölü ilə bağlı çoxsaylı nəğmələr mövcud olmuşdur. İnsanların gözəgörünməz qüvvələrə, heyvanlara inamı onların havadarlarına Şopan-qoyunların, Zenge-inəklərin, ilxıçı – atların, Oysıl-dəvələrin hümayəçisinə müraciəti ortaya qoyurdu.

Qazax folklorunda ailə-məişət mərasimləri ilə bağlı çoxsaylı nəğmələr vardır ki, onlar insan həyatının ən yaddaqalan məqamlarını özündə əks etdirirdi. Məsələn, əvvəllər uşağın dünyaya gəlməşi Şildəxan bayramı ilə müşayiət olunardu. Burada uşağın xoşbəxt gələ-cəyi, uzunömürlülüyü, səadəti, onun nəinki valideynlərinə fərəh gətirəcəyi, həm də bütün cəmiyyət üçün dəyərli övlad olacağı arzu olunurdu. Qazax mərasim folklorunda /yeri gəlmişkən bu,həm də qaraqalpaq, qırğız və noğay mərasim folklorunda da geniş yayıl-mışdır/ toy mərasim folkloru mürəkkəb olduğu qədər də maraqlıdır. Qazax toy mərasimləri «toy bastar», «jar-jar», «sınsu», «betaşar» kimi ritual nəğmələri ilə əlamətdardır. «Toy-bastar» yeni yaranan ailənin sənətinə oxunan təbrik-nəğmədir, «jar-jar» (bəy-gəlin) – qazaxlarda ikitərəfli xorla ifa olunur ki, burada igid oğlanlar tərəfindən oxunan şən və oynaq nəğməyə qızlar xoru tərəfindən qəmli, kədərli, qüssəli cavab verilir. Kişi xorunda məzhəkəli, əyləndirici və zarafatyana formada gəlinə qəm eləməmək, valideynlərindən ayrılma özünə problemə çevirməmək, doğma ata evindən ayrılığı kədərlə qarşılamamaq məsləhət görülürsə, xoşbəxt, yeni həyatın öndə olduğu vurğulanır və qızın xoşbəxtliyinin məhz uşaq doğulduqdan sonra beşik başında dayandığı maraqlı şəkildə təqdim olunursa, gəlin tərəfindən çıxış edən qızlar oğlanlarla nəğmə-mübahisəyə girişir, qızın bununla da gənclik həyatına son qoyduğu, ata, anası və yaxınları ilə ayrılığı kədərli-qəmli notlarla əks etdirilir. «Jar-jar» nəğməsi obrazlı sintaktik paralelizmlər üzərində qurulur və hər sətrin, bəndin sonunda «jar-jar» nəqərat kimi təkrar olunur: Oğlan: Bazarlıq edib qayıtdılar yar-yar! Gəlinə məxmər aldılar yar-yar! Başına yaylıq saldılar yar-yar! Gəlini darıxdırdılar yar-yar! Gəl sən atançün ağlama yar-yar! Qayınata sənə atadır yar-yar! Qız: Ev qabağı sanki güzgü yar-yar! Sifətimdə kədər hissi yar-yar! Günəş suyu əks etdirir yar-yar! Qız xoşbəxtliyi başa çatır yar-yar! Deyin necə ağlamayım yar-yar! Atamı kim əvəz edər yar-yar! Qeyd edək ki, «yar-yar» mərasim nəğməsində həm də bərli-bəzəkli teatrallaşmış tamaşalar öz əksini tapırdı. Qazax toy mərasim poeziyasının digər növü «sınsu» gəlinin doğmaları ilə vidalaşma nəğməsi elə gəlinin özü tərəfindən də ifa olunur. Bu nəğmədə gəlin tanımadığı yerə-insanlar içinə getməsi ilə əlaqədar kədərli nəğmələr oxuyardı. Toy mərasimləri «betaşar» / «bədaşar»/, yəni gəlinin üzündən duvağın götürülməsi ilə bağlı ifa olunurdu. Burada gəlini təzə qohumlara təqdim etmə, ona öyüd-nəsihət verilən anda oxunardı. Burada əvvəl gəlinin gözəlliyi, gəncliyi, sonra onun qohumları öyünülər, gəlin bütün qohumlar qarşısında baş əyər, onlara diqqətlə qulaq asardı. Bədaşar qazaxlarda həm də əxlaq və yaşam qaydalarını əks etdirirdi. Bədaşarda gəlinin ərinə, onun valideynlərinə, aulun ahıl və cahıllarına, qonum qonşulara, mürəkkəb insan münasibətlərinə dəyər ifadə olunurdu. Qazax məişət-mərasim poeziyasına, həm də «koştasu» - vida nəğməsi, «yestirtu» - kədərli xəbər, «joktau – ölüyə ağı, bədbəxtliklə bağlı nəğmə-ağı ifa olunurdu. Lirik nəğmələr Qazax lirik nəğmələri məzmun və forma baxımdan son dərəcə rəngarəng və zəngindir. Bu nəğmələrdə ən müxtəlif hiss və duyğularla dolu şən əhvali-ruhiyyə, arzu, istək, ümid, sevgi, məhəbbət, gözəllik, təbiət, vətən, azadlıq, insan ləyaqətinin mübarizəsini əks etdirən çağırışlar, haqq, ədalət uğrunda mücadilə motivləri ilə yanaşı, həm də satira, yumor, gümrahlıqla bağlı zarafatyana nəğmələr mühüm yer tutur. Vətən obrazını xüsusi şəkildə əks etdirən doğma elin ənginliklərini «Sarı-Arka gözəl», «Göyçə dağ obrazı», «Bayan-Aul» kimi bulaqlar başındakı zəngin və səfalı yerlər, çevik qulanlar, görümlü marallar, kişnərtili köhlənlər, səhralar üzərində cövlan edən leyləklər, oxuyan sığırçınlar, nəva çəkən bülbüllər lirik nəğmələrin başlıca obrazına çevrilir. «Bayan-Aul», «Göycə dağ», «Sarı-Arka», «Jereymentay», «Şolpan» və digərləri insanların doğma vətənə və torpağa bağlılıq hissini son dərəcə bəzəkli şəkildə əks etdirir.

Qazax lirik nəğmələrinin xeyli qismi dövrün bir sıra mühüm tarixi hadisələri ilə bağlı söylənilmişdir. Bu, ilk növbədə XVIII əsrin əvvəllərində cunqarların (kalmıkların) qazax torpaqlarına basqını, XIX əsrdə İsatay Taymunovun xalq-azadlıq hərəkatında fəal iştirakı, 1905-1917-ci illər hadisələri və s. bağlıdır. Bu baxımdan «Qaradağ zirvəsindən köç gəlir»/ «Kara taudın basınan koş keledi»/, «Şərqdən soyuq külək əsir»/ «Kun sıqıstan izqarlı jel soqadı»/ və s. daha maraqlıdır.

Ənənəvi qazax lirik nəğmələri özünəməxsus maraqlı quruluşa, zəngin ifadəli bədii vasitələrdən istifadə etmə ilə fərqlənir. Xalq lirikası özünəxas bədii vasitələr – epitetlər, metaforlar, simvollar, paralellərə malik olmaqla, sabit ənənələr yaratmışdır. Qazax lirik nəğmələrin poetik dili daha zəngindir. Dağ zirvəsində şahin, ildırım sürətli at əksər hallarda cəsurluq simvolu, igid şücaəti; qız gözəlliyi, incəliyi və paklığı simvolu kimi köşək, qulun, qu quşu, açılmış çiçək kimi təsvir olunur. Sevimli, sevgili qız dan yerinə, Zöhrə ulduzuna bənzədilir. Qazax lirik nəğmələri lirik melodiyaların zəngin çalarları ilə seçilir. Bu nəğmələr incə avazlı olmaqla kədərliliyi, aramlılığı, geniş, möhtəşəm, şən və zarafatyanalığı ilə fərqlənir.