İbrahim xan () — Nadir şah Əfşarın qardaşı. Adı Məhəmməd İbrahim olan bu qardaşı mənbələrdə və tarixi ədəbiyyatda daha çox sadəcə İbrahim xan kimi xatırlanır. “Aləm Ara-ye Naderi”də onun doğulması barədə kiçik bir qeyd vardır. Amma onun doğulduğu tarix göstərilməmişdir.Mehman Süleymanov, Nadir şah. səh.645

Həyatı Hər halda bu mənbəyə görə, İbrahim Nadirin kiçik qardaşı idi. O, uşaq yaşlarında Nadirdən fərqli keyfiyyətlərə malik idi. Nadir daha çevik, fiziki hərəkətlərə və vərdişlərə daha çox meylli idisə, İbrahimdə bu keyfiyyətlər özünü elə də büruzə vermirdi və buna görə də tez-tez atasının qınaqlarına məruz qalırdı.Aləm Ara-ye Naderi. C.I, ... s.10

İbrahimin uşaqlıq və gəncliyi mənbə müəlliflərinin diqqətini cəlb etməmişdir. Nəzərə alınsa ki, İbrahim də gəncliyində Nadirin dəstəsinin üzvü olmuşdur, onda belə bir qənaətə gəlmək olar ki, o da gəncliyində at minməyi və qılınc tutmağı öyrənmişdi.

İbrahimin adının “Aləm Ara-ye Naderi”də çəkilməsi tarix etibarilə XVIII əsrin 20-ci illərinə təsadüf edir. Mənbədə göstərilir ki, Nadir öz dəstəsinin bir hissəsini qardaşı İbrahimin rəhbərliyi altında Qorqan qalasında saxladı və özü isə Əlieli tərəkəmələrinin itaət altına gətirilməsinə yollandı. Elə oradaca Nadirə qarşı itaətsizlik və xəyanət yolu tutmuş Aşur xanın bağışlanması üçün İbrahimim qardaşından xahiş etdiyi göstərilir. Əvvəlcə Nadirlə yaxşı münasibətdə olub, sonra təkrar-təkrar ona xəyanət yolu tutan Aşur xanı növbəti dəfə bağışlamasından ehtimal etmək olar ki, Nadir hələ cavanlığında qardaşı İbrahimi çox istəyirdi.Aləm Ara-ye Naderi. C.I, ... s.54 Həqiqətdə də belə idi. Nadir şah bütün həyatı boyu qardaşı İbrahimi və onun övladlarını çox istəyirdi və onları özünə arxa-dayaq hesab edirdi. Onlar da Nadir şahın himayəsi və qayğısı altında böyümüşdülər. Mənbələrin məlumatlarından da görmək mümkündür ki, Nadir şah Əliqulu xanı öz övladları qədər sevirdi və ona çox etibar edirdi.Mehman Süleymanov, Nadir şah, səh.646

II Şah Təhmasib ilə birləşməsi ərəfəsində Nadir qardaşı İbrahimi evləndirdi. O, əfşar əyanlarından olan Tohid xan Soltanın qızını qardaşına istədi və tezliklə onların nikahını bağlatdırdı. İbrahimin böyük oğlu Əliqulu da məhz bu nikahdan dünyaya gəldi.

Hərbi fəaliyyəti 300px|thumb|left|Lüdviq Knit - İbrahim xan Əfşarın rəhbərlik etdiyi ordunun Car-Balakən camaatlığı tərəfindən məğlub edilməsi (1738). Azərbaycan Tarix Muzeyində saxlanılır. Əbdali əfqanlarını zərərsizləşdirəndən və 1727-ci ilin sonlarında Heratı nəzarət altına alandan sonra Nadir Məşhədə qayıdıb ölkənin qərbində döyüşlər aparılması üçün hazırlıq işlərinə başladı. Bu vaxt Nadir Xəbuşan ətrafında yaşayan kürdlərin qiyam qaldırmaları və itaətsizlik göstərmələri barədə məlumat aldı. Nadir və onun ətrafındakılar belə bir qənaətə gəldilər ki, kürdlərin qiyamının cavabsız buraxılması bölgədə yaşayan digər tayfaları da itaətsizliyə təhrik edə bilər. Nadir qərara gəldi ki, Xəbuşana qoşun dəstəsi göndərsin və həmin qoşun dəstəsinə rəhbərlik mənbədə artıq xan kimi təqdim olunan İbrahim xana həvalə olundu. Onun ixtiyarına verilən qoşun dəstəsinin tərkibi 10 min nəfərdən ibarət idi. Bu tapşırıq İbrahim xan tərəfindən müstəqil şəkildə və böyük qoşun dəstəsinin iştirakı ilə keçirilən ilk böyük və ciddi tapşırıq idi. Bu, eyni zamanda onu göstərirdi ki, həmin vaxt İbrahim xan artıq 10 min nəfərlik qoşun dəstəsinə rəhbərlik təcrübəsi əldə etmişdi. İbrahim xan tapşırığın icrasına yollanarkən Dərgəzdə mənzil saldı və qoşun dəstəsinə bir müddət istirahət verdi. Dərgəzin əyanları və sərkərdələri bir daha itaətlərini bəyan etdilər və yerli əhali arasında səfərbərlik aparıb kiçik bir dəstə təşkil etdilər və onu da İbrahim xanın dəstəsinə qatdılar.Aləm Ara-ye Naderi. C.I, ... s.103Mehman Süleymanov, Nadir şah. səh.646

İbrahim xan topladığı məlumatlar əsasında müəyyənləşdirdi ki, bölgədəki kürd qiyamına Nəcəf Soltan Qaracurlu adlı birisi rəhbərlik edir və bu qiyam bölgənin bir sıra məntəqələri tərəfindən dəstəklənir. İbrahim xanın qoşun dəstəsi ilə bu qiyamın yatırılmasına gəlməsi xəbərini eşidəndən sonra kürd əyanları və sərkərdələri ətrafdakı bütün məntəqələrə adamlar göndərdilər və İbrahim xana daha yaxşı müqavimət göstərilməsi üçün əlavə silahlı dəstələr istədilər. Ətraf məntəqələrdə dərhal belə hazırlıq işləri aparıldı və qısa müddətdən sonra İbrahim xanın dəstəsinə qarşı 20 min nəfərlik kürd dəstəsi formalaşdırıldı. Gərmxan adlanan məntəqədə İbrahim xanın dəstəsi Nəcəf Soltanın dəstəsi ilə üz-üzə gəldi.Aləm Ara-ye Naderi. C.I, ... s.105 Qızğın gedən döyüşlərin sonunda İbrahim xan geri çəkilməyə məcbur oldu və Kərimxan qalasına çəkildi. İbrahim xan dəstək üçün Nadirin yanına çapar göndərdi. İbrahim xanın vəziyyətindən xəbər tutan Nadir xan tezlikə İbrahimə dəstəyə gəldi. Qeyd etmək lazımdır ki, bu döyüş Nadir üçün də xeyli ağır keçdi. Kürdlərin əlverişli mövqelər tutması onların gücünü daha da artırırdı. Üç gün davam edən döyüş Nadirin dəstəsinin müqavimət gücünü zəiflətdi və yalnız başqa tapşırığın icrası üçün göndərilmiş Mərv dəstəsinin yetişməsi Nadirin dəstəsini ağır vəziyyətdən xilas etdi. Amma kürdlərin yeni-yeni dəstələrinin döyüşə qatılması döyüş təşəbbüsünün yenidən onlar tərəfə meyllənməsinə səbəb oldu. Belə olanda Nadir qardaşı İbrahim xana xəbər göndərdi ki, mühasirəni yarıb artilleriyası ilə onun köməyinə gəlsin. Yalnız İbrahim xanın gətirdiyi topların köməyi ilə Xəbuşan kürdlərinə qarşı başlanan döyüşü qələbə ilə başa çatdırmaq mümkün oldu.Aləm Ara-ye Naderi. C.I, ... s.105-106

Əsrin 30-cu illərinin əvvəllərində Nadir döyüşlər aparmaq üçün ölkənin qərbinə yollananda İbrahim xanı Xorasan hakimi təyin etdi. İbrahim xan Nadirin bu tapşırığının öhdəsindən gələ bilmədi. Vilayətin idarəçiliyinə onun diqqətinin zəifləməsi Herat əfqanlarını Xorasanın yenidən işğalına sövq etdi. Herat əfqanları Zülfüqar xanın rəhbərliyi altında qiyam qaldırıb Nadir tərəfdən ora hakim təyin edilmiş Allahyar xanı devirdilər. Onda Allahyar xan kömək üçün İbrahim xanın yanına gəldi. İbrahim xan da məsləhət üçün Nadirə məktub göndərdi. Nadir ona Herat üzərinə qoşun çəkməyə icazə vermədi. Onun nəzərincə bu, ağır nəticələrə gətirə bilərdi. Osmanlı qoşunları ilə döyüşləri başa çatdırdıqdan sonra Nadir özü yenidən Herata qoşun çəkmək niyyətində olduğunu bildirdi.Mehman Süleymanov, Nadir şah. səh.648

Amma Heratda qiyam qaldırmış qüvvələr yalnız Herat qalasını tutmaqla kifayətlənməyib Məşhəd üzərinə də hücum çəkdilər. İbrahim xan əfqanlara müqavimət göstərmək üçün tələsik hazırlıq gördü və 10 min nəfərlik bir dəstə hazırladı. O, artilleriyanın müşayiəti ilə dəstəsini Məşhəddən çıxardı və əfqanları qaladan kənarda qarşılamağı qərarlaşdırdı. 1730-cu ildə baş verən bu döyüş əfqanların üstünlüyü şəraitində keçdi. Belə olanda İbrahim xan qala daxilinə çəkildi və bir neçə gün qala daxilində müdafiə olundu. İbrahim xan qala xaricində əfqanlara yenidən müqavimət göstərmək istəsə də buna nail ola bilmədi və o, bütün qüvvələri ilə qala daxilində müdafiəyə çəkildi. Bir neçə günlük döyüşlər nəticəsində İbrahim xan çoxlu sayda itki verdi. Əfqanların mühasirəsi güclənəndə İbrahim xan yeganə çıxış yolunu yenidən Nadirdən kömək istəməkdə gördü. Bu məqsədlə Azərbaycanda olan Nadirin yanına çaparlar göndərdi. Çaparların göndərilməsindən təxminən 10 gün sonra əfqan sərkərdələri toplanıb vəziyyəti müzakirə etdilər. Qalanın mühasirəsinin uzanmasının və Nadirdən yardım gəlməsinin onların xeyrinə olmayacağı qənaətinə gəlib ələ keçirdikləri çoxlu qənimətlərlə geri çəkildilər.Aləm Ara-ye Naderi. C.I, ... s.157

35 gündən sonra Nadir dəstəsi ilə Nişapura yetişdi və oradan İbrahim xana məktub göndərdi. Nadir Məşhəddə baş verənlərdə onu da təqsirkar saydı və tələb etdi ki, onun gözünə görünməsin və onlar Məşhədə yetişənə kimi şəhəri tərk edib Əbivərdə yollansın. İbrahim xanın bu əmri yerinə yetirməkdən başqa çarəsi yox idi. Qəzəblənmiş qardaşının gözünə görünməmək üçün o, şəhəri tərk edib Əbivərdə yollandı.Aləm Ara-ye Naderi. C.I, s.160

Nadir Məşhəd ətrafında baş verənlərdə qardaşını ittihamlandırsa da, ona olan qardaşlıq məhəbbəti heç də azalmadı. Onunla görüşməyə bir fürsət axtardı və tezliklə belə bir fürsətin yaranmasına çox sevindi. Ona xəbər verildi ki, Ərsari, Təkə, Yəmut tayfaları 10 min nəfərlik bir dəstə təşkil edib Tecən və Sarıqamışa toplayıblar və oradan vaxtaşırı Əbivərdə hücum edirlər. Baxmayaraq ki, Nadir Məşhədə hücum etmiş və Heratda qiyam qaldırmış əfqanları tezliklə cəzalandırmaq istəyirdi, bununla belə ilkin olaraq Əbivərdə yolandı. Nadir orada həm qardaşı İbrahim xanla görüşmək istəyirdi, həm də doğulduğu yurda baş çəkmək. Buna görə də dərhal dəstəsi ilə Əbivərdə yola düşdü. Nadirin Əbivərdə gəlməsi xəbərini eşidəndə İbrahim xan onun görüşünə getdi. Bu qarşılaşma zamanı Nadir bir tərəfdən qardaş məhəbbətini nümayiş etdirmək istəyirdisə, bir tərəfdən də sərkərdə və rəhbər prinsipiallığını əldən vermək istəmirdi. Əyanları və sərkərdələri qarşısında İbrahim xanın yol verdiyi laqeydliyə və biganəliyə münasibət bildirməməsinin digərlərinə pis nümunə olacağından ehtiyatlanan Nadir, əlini qamçıya atdı. Şahidlərin ifadəsinə görə, Nadir onu əhatə edənlərin qarşısında İbrahim xana 22 qamçı vurdu və dedi: "Ey itdən pis olan namərd. Nə səbəb oldu ki, mənim dəyərli qazilərimin və bahadırlarımın çoxunu tələf etdin, əfqanların əli ilə öldürdün?” Mehman Süleymanov, Nadir şah. səh.649 Nadir hətta əlini qılıncına atdı ki, İbrahimin üstünə əl qaldırsın. Ona yaxınlaşanda isə qılıncının ağzını çevirdi və tiyəsinin arxası ilə atının yanından vurdu. Bundan sonra əlini dayandırıb öz istirahət yerinə yollandı. Belə bir görüşü gözləməyən əyanlar İbrahim xana yaxınlaşıb ona ürək-dirək verdilər, onu Nadirdən inciməməyə çağırdılar.Aləm Ara-ye Naderi. C.I, ... s.161

Gecədən keçəndən sonra Nadir qardaşının yanına gəldi. Əlini onu boynuna salıb üzündən öpdü və dedi: “ Can qardaşım, sən böyük qəflətə yol verdin.... Xorasanın yerli hakimlərinin hər biri bir eldən, qəbilədən və camaatdandır. Onların biri oğlunu, biri qardaşını itirib. Əgər onların qarşısında səndən tələb etməsəm, sonra təqsiri olan sərkərdələrdən də heç nə tələb edə bilmərəm” Aləm Ara-ye Naderi. C.I, ... s.162.

Nadir qardaşı ilə oturub xeyli söhbət etdi və aralarındakı inciklik yox olandan sonra Nadir yenə öz çadırına döndü. Nadir dəstəsi ilə əvvəlcə Tecən və Sarıqamışda toplaşan dəstələri əzdi, sonra isə İbrahim xanı və oğlu Rzaqulunu Məşhədə göndərdi.Mehman Süleymanov, Nadir şah. səh.650

II Şah Təhmasibin Osmanlı qüvvələri ilə uğursuz döyüşünün nəticələrini araşdırmaq üçün İsfahana yollananda Nadir yenidən İbrahim xanı Xorasan hakimi elan etdi və onu Məşhəddə saxladı. Məlumdur ki, Nadir, Şah Təhmasibi taxtdan salandan sonra yenidən ölkənin qərbində döyüşlərə başladı. Bu müddət ərzində İbrahim xan Xorasanın hakimi olaraq qalmaqda idi. İbrahim xan Nadirin taxta çıxdığı vaxta qədər bu vəzifəni icra etdi. Muğan düzündə keçirilən tacqoyma mərasimində İbrahim xan da iştirak etdi. Mərasimdən sonra Nadir şah İbrahim xanı Azərbaycan bəylərbəyi və Azərbaycan qorçubaşısı elan etdi. Bütün Cənubi Qafqaz və İran Azərbaycanı onun hakimiyyəti altına verildi. Azərbaycan bəylərbəyliyi həm Rusiya ilə, həm də Osmanlı dövləti ilə sərhəd olduğundan bu bölgə Nadir şah üçün strateji əhəmiyyət kəsb edirdi. Ona görə bu böyük bölgənin idarə edilməsini etibarlı bir şəxs kimi İbrahim xana həvalə etdi.