Miskin Abdal () — Səfəvilərin görkəmli dövlət xadimi, diplomat, Şah İsmayıl Xətainin mürşidi, "Ricalül-Qeyb" ("Qeyb Ərəni"), böyük Övliya, Sufi şeyxi, sərkərdə, sufi-şair, ozandan aşığa (Haqq aşiqliyinə), qopuzdan saza keçidin banisi, çoxsaylı aşıq havalarının müəllifi, Ocaq-Pir sahibi.Klassik irsimizdən seçmələr: Miskin Abdal //Azad Azərbaycan.- 2015.- 6 yanvar.- S.7.Miskin Abdal — Səfəvilərin böyük ideoloqu, sufi şeyxi (şeirləri və dastanları) . Toplayan, tərtib edən, ön sözün müəllifi: M. Q. Allahmanlı; Elmi redaktor: H. Ə. İsmayılov. Bakı: ADMİU-nun mətbəəsi, 2018, s. 5. ISBN 9789952476989
Həyatı Miskin Abdal adı ilə tarixə düşən Seyid Hüseyn Məhəmməd oğlu 1430-cu ildə Göyçə mahalının Sarıyaqub (Zərgərli) kəndində anadan olub.
Hüseynin mənsub olduğu "Zərgərli" tayfası o dövrün tanınmış tayfalarından biri idi. Hüseynin ulu babası Yaqubla Şeyx Səfi arasında qırılmaz dostluq əlaqələri olmuş, bu mənəvi yaxınlıq sonralar hər iki nəslin törəmələri arasında davam etmişdir. Hüseynin babası Cəfər, atası Məhəmməd Ərdəbil şeyxlərinin ən sınanmış müridləri kimi Göyçədə sufiliyin təriqət ideyalarının yaranmasına hamilik etmişdilər.
Belə bir mühitdə böyüyən Hüseyn müqəddəs nəslin tarixi və mənəvi-dini missiyasını ləyaqətlə daşıyır. Miskin Abdal adı ilə aşıq-sufi ədəbiyyatının binasını qoyur, Zərgərli şəcərəsinin Mövlana Miskin Abdalı — ruhun memarı kimi tanınıb şöhrət tapır. Təriqət ideologiyası ilə ədəbiyyata, aşıq sənətinə büllurluq, müqəddəslik gətirir.
Əksər Haqq Aşiqləri kimi Miskin Abdala da yuxusunda Təbriz şəhərindən olan Sənubər adlı qıza buta verilmiş, Təbrizə gedib, butasına qovuşmuş, onunla evlənmişdir. Bir müddət sonra bədbəxt hadisə nəticəsində Sənubər vəfat etmiş, bundan sonra o uzun müddət evlənməmiş, yalnız 50 yaşından sonra İrəvandan tacir qızı Həlimə ilə evlənmiş, bu nikahdan onların 4 övladı – Şadman, Əli və Həsən adlı oğulları, Məleykə adlı qızı olmuşdur. Əli və Həsən adlı oğulları Dağıstan dağlarında baş vermiş faciədə həlak olmuşlar.
Bir əsrlik ömrü saraylarda, səfərlərdə, həyatın ağrılı-acılı yollarında keçən Miskin Abdal əsrlərdən keçə-keçə rəvayətlərə, əsatirlərə büründü.
Miskin Abdalın həyat və fəaliyyəti ilə bağlı sağlığında və ya vəfatından sonra aşıqlar tərəfindən "Miskin Abdal və Sənubər" və "Miskin Abdal və Şah İsmayıl" dastanları yaradılmışdır. Həmçinin, Miskin Abdalın özü tərəfindən Şeyx Heydər övladlarının acı taleyinə həsr olunmuş "Aslan şah və İbrahim" dastanı və "Yetim Hüseyn" dastanı yaradılmışdır.
"Miskin Abdal və Sənubər" dastanı şairin ömür yolundan bəhs edən məhəbbət dastanıdır. Dastanın ruhundan aydın duyulur ki, Miskin Abdal dünyasını dəyişəndən sonra bu dastan onun xalq arasında dolaşan şeirləri əsasında yaranmışdır.
"Şah İsmayıl və Miskin Abdal" dastanı isə öz ideya-bədii xüsusiyyətlərinə görə məhəbbət və qəhrəmanlıq dastanlarından fərqlənir. Bu dastanın süjetində real tarixi hadisələr dayanır.
"Aslan şah və İbrahim", eləcə də "Yetim Hüseyn" dastanları isə Göyçənin saz-söz ustadlarının söylədiklərinə görə Miskin Abdal tərəfindən yaradılmışdır.
Miskin Abdal öz dövründə "Abdal" ilə yanaşı "Pir", "Ata", Şeyx" kimi sufi titullarını da daşımışdır.
1524-cü ilə qədər Təbrizdə sarayda müxtəlif yüksək dövlət vəzifələrində çalışmış Miskin Abdal Şah İsmayılın vaxtsız vəfatı ilə əlaqədar bərk sarsılır və saraydan birdəfəlik üz döndərib, doğma Göyçəsinə qayıdır, orada ilk məktəb açıb, maarifçilik işləri ilə məşğul olur. Onun Zərgərlidə (Sarıyaqubda) açdığı ilk məktəb Göyçənin elm, irfan, sənət dünyasında mühüm rol oynayır. 1535-ci ildə Göyçə mahalının Sarıyaqub kəndində 105 yaşında vəfat edir və doğma kəndində dəfn olunur. Onun yaşadığı ev, uyuduğu məzar müqəddəs ocaq kimi uzun əsrlər ziyarət edilir.
Onun şəcərəsini yeganə oğlu Şadmanın ("ŞADMANLI" tayfası) və qızı Məleykənin ("OCAQLI" tayfası) nəslinin nümayəndələri davam etdirir.
Miskin Abdalın yeganə oğlu Şadmanın nəslinin tanınmış nümayəndəsi, Göyçə mahalının Basarkeçər rayonunun Sarıyaqub kəndindən olan pedaqoq, jurnalist, şair, publisist, folklorşünas-tədqiqatçı alim Tofiq Hüseynzadədir (1946–2006). Tofiq Hüseynzadə ulu babası Miskin Abdal haqqında 2005-ci ildə "Səfəvilərin böyük övliyası — Miskin Abdal" kitabını nəşr etdirmişdir. 13.11.2006-cı ildə onun vəfatından sonra, 2017-ci ildə "Aşıq deyişmələrinin poetikası" dissertasiya işi monoqrafiya qismində nəşr olunmuşdur. 2018-ci ildə T. Hüseynzadənin "Xəyal cığırı" adlı 3 cildlik kitabı nəşr olunmuşdur. Bu kitaba onun 750-dən çox şeiri, hekayələri, hikmətli kəlamları, habelə, Sufizmin ən yüksək pillə və məqamlarını simvolizə edən "Miskin" və "Abdal" sufi-təsəvvüf anlayışlarının ədəbiyyatımızda ilk dəfə elmi əsaslandırılmış izahına həsr edilmiş, doktorluq dissertasiyası səviyyəsində yazdığı "Miskin Abdal — Qeyb Ərəni, Təsəvvüf Piri" elmi-tədqiqat əsəri daxil edilmişdir. Həmin əsər 2018-ci ildə ayrıca kitab şəklində yenidən nəşr olunmuşdur.
Tofiq Hüseynzadənin oğlu Avropa Uroloqlar Assosasiyasının üzvü, tanınmış uroloq, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müəllimi, dosent Rafiq Hüseynzadədir.
Gədəbəydə "Miskin Abdal" ədəbi məclisi yaradılmışdır.Fəxriyyə. Gədəbəydə "Miskin Abdal" ədəbi məclisi yaradılıb: ["Gədəbəy — Azərbaycanın Əfsanələr Paytaxtı – 2012" tədbirləri çərçivəsində Gədəbəy Rayon Mədəniyyət Evində yerli yazarlarla görüş keçirimişdir] //Mədəniyyət.- 2012.- 8 avqust.- S. 4.
Miskin və Abdal təxəllüsləri Tarixdə "Miskin Abdal" kimi məşhurlaşan, əsl adı Seyid Hüseyn Məhəmməd oğlu olan bu görkəmli şəxsiyyət təxminən 1430-cu ildə qədim Oğuz yurdu – Qərbi Azərbaycanın Göyçə mahalının Zərgərli (Sarıyaqub) kəndində doğulmuş, boya-başa çatmışdır. Uşaq yaşlarından ərəb və fars dillərinə mükəmməl yiyələnmiş, "Quran"ı, dini və dünyəvi elmləri mənimsəmiş, cəng qaydalarını öyrənməklə igid döyüşçü kimi yetişmişdir.
Atası Məhəmməd Cəfər oğlu onu uşaq yaşlarından Göyçəli Ozan Heydərin tələbəsi olmuş Ozan İbrahimin yanına şəyird kimi qoymuş, gənc Hüseyn ustadından qopuz çalmağı və ozan sənətinin sirrlərini öyrənmiş, gənc yaşlarından Göyçə və ətraf bölgələrdə böyük ad-san qazanmışdır.
Hüseynin ulu babası, XIII əsrdə yaşamış Yaqub ilə Şah İsmayılın ulu babası Səfiəddin arasında sarsılmaz dostluq, silahdaşlıq olmuş, Yaqub və onun nəsil davamçıları Səfiəddin tərəfindən əsası qoyulmuş sufi cərəyanı olan "Səfəviyyə" təriqətinin Göyçə və ətraf bölgələrdə yayılması ilə məşğul olmuş, bu cərəyanın tanınmış nümayəndələri olmuşlar.
Bu məqsədlə Göyçədə Hüseynin babaları tərəfindən fəlsəfi məktəb sayılan sufi (dərviş) camiəsi – icması olan "Təkyə" yaradılmış, burada çoxsaylı sufi müridləri, tələbələri yetişmiş və ətraf bölgələrə missioner olaraq göndərilmişlər.
Miskin Abdal bir neçə şeirində "Seyid", həmçinin "Ocaqzadə" (yəni, İmam Əlinin oğlu Hüseynin nəslindən) olduğunu vurğulayır: "Seyid Miskin Abdal mənəm, söz mənim, meydan mənim", yaxud "Ocaqzadə bir təb əhli nökərəm" və sair.
O, həmçinin şeirlərində "Qırxlar Piri özü verib dərsimi ümman mənim", yaxud "Qırxlar Piri özü düzüb ayağıma atəşi" deyə, məhz sufi mürşidlərinin ocağı, təsəvvüf iyerarxiyasının ali Divanı – 40 müqəddəs Abdalın olduğu "Qırxlar piri"ndən (Qırx Abdal Pirindən) dərs aldığını göstərir.
Şah İsmayıl Xətai də şeirlərində
«Qırxlar meydanına vardım,
Gəl bəri, ey can – dedilər;
Salam verdim izzət ilə,
Gir, iştə meydan, – dedilər!" –
deyə, "Qırxlar piri"ndən dərs aldığını bildirir.
Gənc Hüseyn – Miskin Abdal, məhz bu fəlsəfi mühitdə böyümüş, yetkinləşmiş Sufizmin sirrlərinə dərindən yiyələnmiş, Sufizmin şəriət, təriqət, mərifət mərhələlərini keçərək, ən yüksək mərhələsi olan – Həqiqət mərhələsinə çatmış və bu mərhələnin ən ali məqamları sayılan "Miskin" və "Abdal" ordenləri ilə təltif olunmuş, bu iki möhtəşəm adın hər ikisini eyni vaxtda öz adında bütövləşdirmişdi.
"Miskin" anlayışı sufizmdə bütün dünyəvi nemətlərdən imtina edərək, təsəvvüfün "vəhdəti-vücud" nəzəriyyəsinə əsasən, özünü Allah qarşısında "kiçildərək", öz "mən"ini Allahın varlığı qarşısında heçə endirərək, yox edərək, "fənafillah" mərhələsinə yetişməyi, "Allahda ərimə, yox olma" dərəcəsini fəth etməyi, ən yüksək təvazö sahibinə çevrilməni ehtiva edirdi, yəni Allah qarşısında "miskinləşməni" nəzərdə tuturdu.
Məhəmməd Peyğəmbər mötəbər hədislərinin birində "Allahım, məni miskin olaraq yaşat, miskin olaraq öldür və miskinlər zümrəsi ilə birgə dirilt" deyə bildirmişdir.
Məlumdur ki, böyük sufi mütəfəkkirləri və şairləri də eyni yolçuluğu keçərək bu adlarla mükafatlanmış, çoxsaylı şeirlərində bu adlardan təxəllüs qismində istifadə etmişlər.
Sufizmin nəhəngləri sayılan Xoca Əhməd Yasəvi özünü "Miskin Əhməd", Yunis Əmrə "Miskin Yunis", Şah İsmayıl Xətai "Miskin Xətai" adlandıraraq, bu adlardan onlarca şeirlərində təxəllüs kimi istifadə etmişlər. Həmçinin, Məhəmməd Füzuli özünü "Miskin Füzuli", İmadəddin Nəsimi isə özünü Allahın "Miskin aşiqi" ("Gərçi, bu miskin aşiqi sərpa soyarlar, ağrımaz!") adlandırmış, Mövlanə Cəmaləddin Rumi bu kateqoriyanı Allaha ibadət səviyyəsinin və Ona qovuşmağın ən yüksək məqamı kimi vəsf etmişdir.
"Abdal" anlayışı isə özünü tamamilə Allaha ibadətə həsr edən, Ona təmənnasız qul kimi xidmət edən, Allah tərəfindən hikmət, fəzilət və kəramət (möcüzələr göstərmək qabiliyyəti və sair) verilmiş, sufizmdə "Xızır" (əbədi diri qalmaq) məqamına yetişmiş, seçilmiş nadir şəxslərə, ən böyük sufi mürşidlərinə, övliyalara, müqəddəslərə verilmiş ad, başqa sözlə, Orden idi və bu ada layiq görülən sufi Pir, Şeyx məqamına yetişirdi.
Məhəmməd Peyğəmbərin mötəbər hədislərinin birində deyilir: "Suriya əhalisini lənətləməyin, onların arasında Abdallar vardır! Abdallar Cənnətə çox ibadət etməklə (oruc və namazla) deyil, Allahın rəhməti, nəfslərinin comərdliyi, səxavəti, qəlb təmizliyi, bütün insanlara rəhmət diləmələri səbəbindən girəcəklər!".
İsveçrə şərqşünası Adam Mets 1922-ci ildə nəşr olunmuş "İslam intibahı" əsərində yazır: "IV-X əsrlərin tarixçilərinə və salnaməçilərinə müqəddəslərin xüsusi qrupu kimi yalnız Abdallar məlum olmuşdur!".
Çox maraqlıdır ki, ən qədim Türk ilahi inanc sisteminin nüfuzlu "ruhaniləri" olan kişi Şamanlar da "Avdal, Abdal" adlanırlar.
Həmçinin Şimali Qafqaz, Dağıstan, Altay, Orta Asiya, Qazaxıstan və Sibir xalqlarında İslama qədərki "tanrılar panteonu"nda (çoxallahlılıq dövründə) Abdal "ov tanrısı", "ov heyvanlarının himayədarı", "mübarək, müqəddəs şəxs", mistik, metafizik qüvvəyə, möcüzələr göstərmək qabiliyyətinə (ölü heyvanların sümüklərindən onları diriltməyə, yağış yağdırmağa, xəstələri sağaltmağa, bəlaları aradan qaldırmağa və sair) malik "ilahi varlıq" kimi tanınmışdır, indi də bu mistik dünyagörüş həmin xalqların mifologiyasında yaşamaqdadır.
IV–V əsrlərdə mövcud olmuş böyük "Ağ Hun" dövləti də tarixi mənbələrdə "Abdal dövləti" adlanmışdır. Ən qədim Türk tayfalarından biri kimi Abdallar bu gün də Avrasiyanın, demək olar ki, bütün bölgələrində kompakt halda yaşamaqda davam edirlər. Həmin ölkələrin hamısında, hətta uzaq Norveçdə belə Abdal adı ilə çoxsaylı yer, dağ, yurd yerləri, yaşayış məntəqələri vardır.
Abdallar sufi-təsəvvüf ədəbiyyatında ilahi, mistik, metafizik qüvvəyə malik "Ricalül-Qeyb" ("Qeyb Ərənləri") adlanmaqla xüsusi iyerarxiya təşkil edirlər.
Şah İsmayıl Xətai çoxsaylı şeirlərində məslək yolunu «Sufiyəm təriqətdə, Həqiqətdə Abdalam», yaxud "Mənəm Abdal Xətai Heydər oğlu" deyə vəsf etmişdir.
Xoca Əhməd Yasəvi, Yunis Əmrə, İmadəddin Nəsimi və digər sufi mütəfəkkir şairləri də əsərlərində "Abdal" anlayışının yüksək sufi mahiyyətini layiqincə vəsf etmişlər.
Mövlanə Cəmaləddin Rumi:
"Abdallığın binasını sorarsan,
Allah bir Məhəmməd, Əli Abdaldır;
Həqiqət elminin əslin sorarsan,
Cümlə ululardan ulu Abdaldır"
deyə, Abdallığın Sufizmin ən yüksək Həqiqət mərhələsinin və Həqiqət elminin əsası və zirvəsi olduğunu bəyan etmişdir.
İmadəddin Nəsimi şeirlərində "Biz ki Rum içində Abdal olmuşuz; Bu cahandan fariqül-bal olmuşuz", yaxud "Kim ki bildi nəfsini – Abdal imiş!" deyə bildirmişdir. Yunis Əmrə "Abdal olub, "ya hu" deyə, çağırayım Mövlam səni" deyirdi.